525.Az

"Demişdilər ki, "Mən azərbaycanlıyam" verilişi üçün "Oleq" adı təəccüblüdür..."


 

"... PREZİDENT ADMİNİSTRASİYASINDA İSƏ DEYİBLƏR Kİ, BU, MULTİKULTURAL SİYASƏTƏ UYĞUNDUR"

"Demişdilər ki, "Mən azərbaycanlıyam" verilişi üçün "Oleq" adı təəccüblüdür..."<b style="color:red"></b>

Müsahibimiz Rus Dram teatrının aktyoru, "Mən azərbaycanlıyam" milli bilik yarışının aparıcısı Oleq Əmirbəyovdur. 

"Anam aktyor olmağımı istəmirdi" 

- Oleq, söhbətimizə uşaqlığınızdan başlamaq istərdik. Necə xatırlayırsınız o illəri?

- Uşaqlığım 1980-ci illərin axırı, 90-cı illərin əvvəllərinə -çətin, dramatik dövrə təsadüf edir. O illərə aid əsas xatirələrim təbii ki, teatrla bağlıdır. Çünki anam Əməkdar artist Rita Əmirbəyova Rus Dram Teatrının aktrisasıdır. "Teatr uşaqları" deyə bir anlayış var. Sənətçilər iş çoxluğundan uşağını qoymağa yer tapmayanda teatra gətirirlər. Mənim də uşaqlığım demək olar ki, teatrda keçib. Başqa xatirəm isə rəhmətlik nənəm və babamla bağlıdır. Onların yeganə nəvəsi idim və məni hədsiz sevirdilər. Hamı üçün çətin dövr idi. İnsanların vəziyyəti ağır idi. Amma onlar çalışırdılar ki, mən bunu hiss etməyim. Kiçik kaprizlərimi sevə-sevə yerinə yetirirdilər. Bir əhvalat danışmaq istəyirəm. Yadınızdadırsa, o vaxtlarda milli bayramlarda, ya da hansısa ölkə başçısı Azərbaycana səfər edəndə iri prospektləri bayraqlarla bəzəyərdilər. Bir dəfə babamla trolleybusla gedirdik. Yenə şəhər o cür bəzənmişdi. Babama dedim ki, bu bayraqdan xoşum gəlir, istəyirəm ondan məndə də olsun. Onda bayraq mağazalarda satılmırdı, yox idi. Başqası olsa, "uşaqdır" deyib yola verərdi, amma babam, qoca kişi axşam durub gedib o dirəyin üstünə qalxmağa çalışıb ki, bayrağın birini götürüb mənə gətirsin. Polis tutub, təbii ki. O da nəvəsi üçün elədiyini izah edib, buraxıblar (gülürük). Yəni onların bu dərəcədə böyük sevgiləri vardı mənə. İkisi də ağır xəstə idilər. Babam onkoloji, nənəm isə insult keçirmişdi. Bir gündə -1997-ci ilin 27 sentyabrında ikisi də rəhmətə getdi. Atam 1987-ci ildə rəhmətə gedib, valideynlərini də itirəndən sonra anam bir uşaqla tək qaldı. Çətin dövrlər yaşadıq. Sanki onların gedişi ilə mən də böyüdüm. İndi təəssüflənirəm ki, onlar uğurlarımı görmədilər.   

- Sizcə, sizin aktyor taleyiniz hələ doğularkən yazılmışdı?

- İnsanın taleyinin əvvəldən yazıldığına inansaq, bəli, deyə bilərik. Amma bir neçə faktor da var. Uşaqlıqdan teatr mühiti ilə tanış olanın bu, ya xoşuna gəlmir, ya da gəlir. Teatrın sehri deyilən bir şey var. O, səni maraqlandırırsa, gələcəkdə də çox güman, bu sənətlə məşğul olacaqsan. Mənim başqa seçimim vardı, əslində. Aktyor olmaq fikrim yox idi. Çünki hər aktyor valideyn bu peşənin çətinliyini dərk edir və istəməz ki, onun uşağı da bu çətinliklərlə qarşılaşsın. Ona görə anam da istəmirdi. Mənim xarici dillər, beynəlxalq münasibətlər, hüquqa daha çox marağım vardı. İndi də dünyada gedən bu proseslərlə maraqlanıram. Amma sonra tale belə gətirdi ki, bu sahəyə gəldim. Peşman deyiləm. Bəlkə həqiqətən də, əvvəldən yazılıbmış taleyim.

- Səhnəyə ilk çıxışınız yadınızdadır?

- Bəli, çox yaxşı yadımdadır. Hərdən elə pyeslər səhnəyə qoyulur ki, orda uşaq obrazları olur. Kollektivdə uşaq olmadığından kənardan dəvət etməli olurlar. Teatrımızın baş rejissoru Aleksandr Şarovski belə bir zərurət yarandıqda həmişə anama müraciət edirdi, amma mən imtina edirdim, istəmirdim. 1997-ci ildə Rüstəm İbrahimbəyovun "Döngə" pyesi səhnələşdirilirdi. Orda II Nikolayın oğlu Aleksey obrazına uşaq lazım oldu. Mənə təklif edəndə nədənsə, razılaşdım. Çar ailəsinin taleyi, dramı maraqlı gəldi. Çünki əvvəldən kitablardan da oxuyurdum. İlk çıxışım da həmin tamaşa oldu. Sonra teatr işçilərinin uşaqlarından ibarət nağıl tamaşa qoyuldu, orda da çıxış elədim.

"Azərbaycan dilində danışmağa 12-13 yaşımdan sonra başlamışam"  

- Sizi tanımayan sıravi tamaşaçıları bəzən "Oleq" adı çaşdırır. Siz də bu cür reaksiyalarla qarşılaşmısınızmı?

- Çox görmüşəm. Düzdür, axır vaxtlar azalıb, amma vaxtilə çox olub. Bu, normaldır. Çünki "Oleq" milli mənşəlli ad deyil. Azərbaycan dilində danışmağa 12-13 yaşımdan sonra başlamışam. Məktəbdə rus bölməsi idi, yekaterinalar da vardı, German da. "Oleq" elə də orijinal ad deyildi. Ona görə bir fərq hiss etmirdim. Amma sonralar çox oldu. Məsələn, elə "Mən azərbaycanlıyam" bilik yarışmasına aparıcı kimi təklif olunanda bu cür reaksiya verilib. Mən verilişin 3-cü aparıcısıyam. Öncə Ramiz Novruz və Dilarə Səlim aparıblar. O vaxt AzTV-nin sədri mənim namizədliyimi verəndə çox təəccüblənmişdilər. Verilişin dəstəkçisi olan Gənclər və İdman Nazirliyində demişdilər ki, "Mən azərbaycanlıyam" verilişi üçün "Oleq" adı təəccüblüdür. Amma Prezident Administrasiyasına təqdim edəndə deyiblər ki, bu, multikultural siyasətə uyğundur. Tamaşaçılar da artıq bu verilişdən tanıdıqlarından, daha belə reaksiyalarla çox qarşılaşmıram.

- Bu verilişi özünüz istəyirdiz, ya təklif olundu?

- Təklif olundu. Mən əvvəllər idman verilişi aparırdım, sonra hava məlumatına keçdim. O layihə bağlanandan sonra bir dəfə AzTV-nin sədri məni teleşirkətin həyətində gördü. Zarafatla soruşdu ki,  havasız qalmısan? Dedim, bəli. Dedi, bir şey fikirləşərik. Sonra bura təklif aldım. Amma burda da zalda iştirakçılar, tamaşaçılar olacaqdı deyə, bir az çəkindim. Çünki həmişə xəbərlər formatına, yəni studiyada tək olmağa öyrəşmişdim, alınarmı deyə tərəddüd edirdim. Amma sonradan, məncə, alındı. Artıq 5-ci mövsümdür ki, burdayam. 

"Rejissor konstruksiyası olmayanda tamaşa ayrı-ayrı aktyorların etüdləri olur" 

- Teatrda fəaliyyətiniz necə gedir? Karantin zamanında nələr etdiniz?

- Bu, əslində, böyük problemdir. Çünki mart ayından teatrların fəaliyyəti tam dayandırılıb. Teatr da elə sənətdir ki, canlı ünsiyyət tələb edir. Onu heç bir virtual platformada reallaşdırmaq mümkün deyil. Bunu tək biz yox, dünya teatr xadimləri deyir. Fəaliyyətimizin nə vaxt bərpa olunacağı sual altındadır. Çünki bu, konkret epidemioloji vəziyyətdən asılıdır. Şəxsən mən aktyorların səhnədə sosial məsafə saxlamaqlarını, maskada oynamaqlarını təsəvvür edə bilmirəm. Tamaşaçılar da maskada otura bilməzlər. Həm onlar üçün 2-3 saat bu cür oturmaq çətindir, həm də aktyora tamaşaçının reaksiyasını görmədən oynamaq. Biz çalışdıq "Zoom" proqramında məşq edək, amma mənim şəxsi fikrim ondan ibarətdir ki, onun da bir həddi var. Ondan sonrakı mərhələ səhnəyə çıxıb mizanlar qoymaqdan ibarətdir. "Zoom" əsərlə tanış olmaq, obrazlar arasındakı münasibətləri anlamaq, təhlil etmək baxımından faydalı oldu. Ondan sonrası üçün isə məncə, virtual məşqlərin heç bir mənası yoxdur. Çünki səhnəyə çıxanda hər şey təzədən başlamalıdır.

- Heç ananızla bir səhnəni bölüşmüsünüz? Necə hissdir?

- Bəli, iki dəfə. Rita xanımla biz bir tamaşadayıqsa, mütləq ana-balanı oynayırıq. Biri "Azad kəpənəklər" tamaşası idi. Bu, mənim səhnədəki ilk böyük işim idi. İkinci dəfə isə anamın 60 illik yubileyinə həsr olunmuş "Blislər ailəsi" tamaşasında oynadıq. Onunla bir səhnəni bölüşmək gözəldir, amma böyük məsuliyyətdir. Çünki Rita xanım böyük aktrisadır. Psixoloji dram aktrisası kimi nadir sənətkarlardandır. Çox tələbkardır, qarşısındakı kim olur-olsun istisnaları yoxdur. Onunla səhnədəykən bir şeyə fikir vermişəm ki, bir vaxtdan sonra obrazdan çıxıb oğlu kimi onun üçün həyəcanlanıram, hansısa sözü unutmasın, nəsə səhv olmasın və sair. Amma istərdim ki, Rita xanımla səhnədə daha çox görüşək. 

- Seriallarda çəkilmisiniz? Bu sahə haqda nə düşünürsüz?

- Bu sahə haqda nəsə deyə bilmərəm, çünki izləmirəm. Ümumən deyə bilərəm ki, iş gedir, müəyyən addımlar var. Çatışmazlıqların aradan qalxması üçün zaman lazımdır. "Ağabəyovlar" və "Həyat çiçəyi" seriallarında çəkilmişəm. Sonra dəvət olsa da, razılaşmadım. Mənimçün ssenari, çəkiliş qrupu və qonorar məsələsi vacibdir.

- Kaprizli aktyorsunuz?

- Yox, deməzdim. Əksinə, mənə görə rejissorla iş çox vacibdir. Bir yerdə ki, rejissor "özünüz nəsə fikirləşin" deyirsə, bunu qəbul edə bilmirəm. Bu, belə olmamalıdır. Rejissor konstruksiyası olmayanda tamaşa ayrı-ayrı aktyorların etüdləri olur. Əslində isə rejissor istiqamətini, tapşırığını verməli, aktyor da öz daxilinə, xarakterinə görə bunu özəlləşdirməlidir. Bu, kollektiv bir sənətdir. Həmişə rejissorun dediyinə əməl etməyə çalışıram. Bəli, bəzən olur, hiss edirəm ki, rejissor doğru demir. Onda da bunu bildirirəm. Bəlkə bunu etməməliyəm, amma təbiətim belədir, hansısa məntiqsiz, səhv addım görəndə dilə gətirirəm.

- Bu sahədə inkişafı nədə görürsüz?

- Peşəkarlıq, güclü truppa lazımdır. Hər yoldan ötəni teatra buraxmaq olmaz. Teatrın məktəbini keçməlisən. Belə olmayanda tamaşaçı gəlir bir tamaşaya baxır, görür sənin aktyorunun nə plastikası var, nə səsi çıxır, nə də ümumiyyətlə aktyorluğu bacarır. Onda o da ikinci dəfə gəlməyəcək. Onu qınamalı deyil. Biz üzərimizdə daim işləməli, özümüzü inkişaf etdirməliyik. Bu, çox sistemli bir problemdir və məncə, hər tərəfdən bəzi dəyişikliklərə ehtiyac var.

"Təhsil və ailədaxili tərbiyə vacib faktordur" 

- Hazırda təəssüf ki, televiziyamızda intellektual verilişlər çox deyil. Bunun səbəbini nədə görürsünüz?

- Ümumiyyətlə, dünyada intellektual verilişlərin sayı şou verilişlərdən çox ola bilməz. Sadəcə, bizdə balans daha qabarıq pozulub. Təhsil və ailədaxili tərbiyə vacib faktordur. Əvvəl tamaşalarımıza tələbələr, məktəblilər çox gəlirdilər. İndi azlıq təşkil edir. Çünki teatr da repertuarında onları nəzərə almalıdır. "Mən azərbaycanlıyam" verilişinə maraq böyükdür. Bölgələrə gedəndə görürəm ki, məni o verilişin aparıcısı kimi daha çox tanıyırlar. Bu cür verilişlərdə şou olmur, reklam xarakterli deyil. Sırf öz layihəmizdən danışsaq, devizimiz "Azərbaycanı tanıyaq və tanıdaq"dır. Bizdə 5 mövzunun hamısı sırf Azərbaycanla bağlıdır. 2-ci belə bir layihə yoxdur. Halbuki olmalıdır. Hədiyyələrimiz də pis deyil. Bu mövsümdən müraciət elədik, Heydər Əliyev Fondu xanəndələr, xalçalar, mədəniyyətimizlə bağlı nəfis nəşrlərindən bizimçün göndərdilər.

Təbii ki, belə verilişlərin sayı çox olmalıdır. Bizim verilişin 10 il efirdə olması da onu göstərir ki, maraq var. Reklamımız olmasa da, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman Nazirlikləri bizi dəstəkləyirlər. Onlara təşəkkür edirəm.

- Verilişinizdə iştirakçılarınız yeniyetmələr, gənclərdir. Onların intellektual biliklərilə bağlı təəssüratlarınız necədir?

- Bu, oyun olduğuna görə, burda savadı, intellekti fərqli uşaqlar iştirak edirlər. Məsələn, bu gün 2 finalçımız vardı, ikisi də çox bilikli, dünyagörüşlü idilər. Mənimçün əsas faktor da məhz budur. Məktəb proqramındakı fənlərdə çox da problem olmur, amma təəssüf ki, Mədəniyyət və incəsənət mövzusunda bilikləri çox azdır. Bizim verilişdə ən nadir seçilən bölmə də məhz budur. Çünki uşaqlar xanəndələr, rəssamlar, aktyorlar - mədəniyyətimiz haqda çox da məlumata malik deyillər. Bu, böyük problemdir, çıxış yolunu tapmaq lazımdır. Biz öz növbəmizdə çalışırıq, nəsə edək. Amma fundamental həll olmalıdır. Bu mənada yeni təyin olunmuş Təhsil nazirinə, Mədəniyyət nazirinin vəzifələrini icra edən birinci müavinə böyük ümidlərim var. Ümummilli lider Heydər Əliyevin sözüdür ki, təhsil millətin gələcəyidir. Deməli, təhsilin səviyyəsi yüksək olmalıdır. Bu sahədə müəyyən işlər görülsə də, mədəniyyətimizin məktəb proqramında tədrisi baxımından da ciddi addımlar atılmalıdır, məncə.

"Azərbaycan gəncinin vətənə sevgisi çox güclüdür" 

- Bu gün Azərbaycan gəncinin vətənə, millətə və tarixə münasibətini necə dəyərləndirirsiz?

- Münasibəti çox yaxşı, sevgisi güclüdür. İyul ayında Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik zamanında biz bunun da şahidi olduq. Vətənpərvərlik hissləri yaxşıdır, amma tarixi bilgilərə yiyələnməkdə yenə də problemlər var. Məsələn, bizim hazırda ən böyük dərdimiz Qarabağdır. Hamı Qarabağ deyir. Amma sıravi vətəndaşlardan Qarabağ probleminin, ermənilərlə yaranmış bu qarşıdurmaların tarixini xəbər alsaq, çoxu bilməyəcək. Axı bu, 1988-ci ildən başlamayıb, tarixi kökləri var. Bunları bilmədiyimiz üçün bəzən informasiya müharibəsində uduzuruq. Bəli, biz bilirik ki, Qarabağ bizimdir. Amma 3-cü bir ölkə üçün bu, aydın deyil, onun üçün Qarabağ mübahisəli ərazidir. Vikipediyanın bu barədə rus-ingilis mənbələri biabırçılıqdır. Ermənilər özlərinə sərf edən yalançı tarixi yazıblar ora. Fikrimcə, bununla kimsə məşğul olmalıdır. Bəli, gənclərimiz məşğul olurlar, amma məncə, hansısa nazirliyin yanında informasiya təhlükəsizliyiylə bağlı mərkəzləşdirilmiş şöbə yaradılmalıdır ki, fərqli dilləri bilən mütəxəssislər bunlara mütəmadi nəzarət etsinlər.

Təəssüf, öz içimizdə düşmənə işləyən xainlər də var. Onlar da Qarabağ haqqında ermənilərin dediyini təsdiq edirlər. Onların psixoloji problemlərinin olduğunu düşünürəm. Çünki normal adamın öz vətəni haqqında bu cür əks danışmasının heç bir məntiqi yoxdur.

- Təbliğat necə aparılmalıdır?

- Təbliğat çox incə, düşünülmüş və peşəkarları cəlb edərək olmalıdır. Ondan çox şey asılıdır. Ermənilərdə bu, çoxdan başlayıb. Əsrlər boyu onların dövləti olmadığından, hər yerdə özlərini göstərməyə, sübut eləməyə çalışıblar. Ona görə bütün dünyada varlar. Biz niyə yoxuq? Çünki bizim əzəldən torpaqlarımız olub və hamımız oraya yığılmışıq, özümüzü sübut eləmək, torpağımız, mədəniyyətimiz haqqında "bizimdir" deyib qışqırmaq ehtiyacımız olmayıb. Axı bilirik ki, bizimdir. Təbliğat baxımından passivliyimizin bu cür təbii səbəbi var. Əlimizdə tarixi sənədlər var. Bizim üçün həmişə o sənədlər danışıb. Amma tarix belə gətirib ki, belə həyasız qonşularımız olub və maraqlıdır ki, bütün dünya onlara inanır. Səbəb isə odur ki, yalan nə qədər hündürdən deyilsə, o qədər inandırıcı olur. Onlar da balacasından böyüyünə kimi hamısı bu yalanları qışqırırlar. Bizim təbliğatımız isə aqressiv deyil, düşünülmüş aparılmalıdır.   

"Milli-mənəvi dəyəri çox vaxt səhv anlayırlar" 

- Sizcə, gənclərdə milli-mənəvi dəyərlərə sevginin artırılması üçün hansı addımlar atılmalıdır?

- Milli-mənəvi dəyəri çox vaxt səhv anlayırlar. Məncə, valideynə qayğı, böyüyə hörmət, öz torpağına, vətəninə bağlılıqdır milli-mənəvi dəyər. Geyim və bu kimi xırda məişət problemləri deyil. Bu, yenə də uşaqlıqdan, ailədən gəlir. Valideyn hansı tərbiyəni alıbsa, övladlarına da onu ötürəcək. Bu sahədə ictimai qınaq da mühüm rol oynayır. Məncə, hər şeyin öz yerini tutması üçün bir neçə nəsil dəyişilməlidir. Bizdən sonra gələn hər nəsil öncəkindən savadlı olmalıdır. Bu da məktəbin üstünə atmaqla olmaz. Hər valideyn kiçik yaşlarından öz övladı ilə məşğul olmalıdır. Bu karantin zamanı mənə də göstərdi ki, sən demə, nə qədər az diqqət ayırırammış uşaqlara. Valideynin onlara diqqəti çox vacibdir. Çünki onlar üçün dünyanın mərkəzi bizik. Uşaqlara vətənpərvərliyi aşılamaq çətindir. Çünki anlamırlar. Amma mən bunun da yolunu tapmışam. Tez-tez onlarla rayonlarımıza səfər edir, onları tarixi yerlərə aparıb, gördüklərimiz haqda məlumat verirəm. Görürəm ki, onlara da maraqlı gəlir. İndiki mərhələdə, məncə, bu, bəsdir. Gələcəkdə daha mürəkkəb məlumatları əldə edəcəklər, çünki ilkin bazaları olacaq. Bu, mənim üsulumdur. Bəlkə başqaları fərqli variantlara əl atırlar, ola bilər. Necə olur olsun, təki olsun.

"Keçmişsiz gələcək yoxdur, keçmişsiz bu gün ola bilməz"

- Sizcə, mədəniyyətin və cəmiyyətin inkişafı dünyaya inteqrasiya ilə olmalıdır, yoxsa, keçmiş ənənələri örnək almaqla?

- Buna cavabı işlədiyim Rus Dram Teatrını misal göstərərək vermək istəyərəm. Bu il teatrımızın 100 illik yubileyi olacaq. Bu o deməkdir ki, teatrın bir əsrlik tarixi ənənələri var. Keçmişsiz gələcək yoxdur, keçmişsiz bu gün ola bilməz. Amma hər bir şeyin həddi olmalıdır. Heç nədə fanatizmin tərəfdarı deyiləm. Düzdür, Avropadan texnologiyanı, bizə lazım olan nələrisə götürməliyik, amma lazımsızlar qalsın özlərində. Bəlkə bizdə ondan daha üstün nələrsə var ki, onlar bizdən götürməlidirlər?! Avropadır deyə, hər şey yaxşıdır, hamısını götürək - olmaz axı. Qloballaşma pis şey deyil, amma həddi olmalıdır. Çünki bizim ənənələrimiz var. Keçmişi örnək alaraq xaricin təcrübəsindən, mütəxəssislərindən yararlanmalıyıq. Məsələn, bizdə yeni nəsil peşəkar rejissorlar çox azdır. Bu sahədə xaricdən rejissorlar dəvət etməyə, onların təcrübələrindən yararlanmağa ehtiyacımız var. Ümumiləşdirsək, hər ikisindən öz həddində istifadə etməklə inkişaf əldə etmək olar. 

Şahanə MÜŞFİQ

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





05.08.2020    çap et  çap et