525.Az

Hitler ermənilər - Sahilədən yeni yazı


 

ROBERT KÖÇƏRYANIN MEMUAR-KİTABI HAQDA QEYDLƏR

Hitler ermənilər - <b style="color:red">Sahilədən yeni yazı</b>

Memuarları sevirəm. İnsanların memuarlarında yalan danışmadıqlarına inanıram. Təbii, istisnalar ola bilər. Xüsusilə, müəllif siyasətçidirsə. Əslində, proses zamanı müəllif yalan yazdığını hiss eləmir, çünki psixologiya insan beyninin bir müddət sonra uydurduğu bəzi şeyləri doğru kimi qəbul etdiyini deyir.

Bu yaxınlarda Dağlıq Qarabağda doğulan, sonralar Azərbaycan və erməni xalqları arasında düşmənçiliyin körüklənməsinə, on minlərlə insanın ölümünə, yüz minlərlə ailənin bədbəxtliyinə səbəb olan müharibənin başladılmasına nail olanlardan birinin -  Robert Köçəryanın memuar-kitabını oxudum.

"Stepanakertdə, Dağlıq Qarabağın mərkəzində balaca şəhərcikdə doğulmuşam. Xəyalən uşaqlığıma geri dönəndə ağlıma rahat, təmiz, baxımlı bir yer gəlir". Köçəryan yazır, uşaqlığının xoşbəxt, qayğısız keçdiyini vurğulayır. Əlavə edir ki, adətən, insan hadisələrin üstündən iki il keçəndən sonra xüsusi yaxşı və ya pis şeylər istisna olmaqla, hər şeyi unudur. Məlum olur ki, balaca Köçəryan ermənilərlə azərbaycanlılar arasında baş verən bircə qarşıdurmaya, məişət zəminində baş vermiş davaya da şahidlik etməyib, bu haqda eşitməyib. Əks halda, o, bunu mütləq qeyd edərdi. Adam kitabında özünü ermənilərin Qarabağda sıxışdırılması fonunda başlamış "azadlıq hərəkatının liderlərindən biri" kimi təqdim edir. Belə adam isə memuar yazanda uşaq vaxtı qarşılaşdığı hansısa milli-etnik ayrı-seçkilik faktını unuda bilməzdi. Köçəryan xoşbəxt uşaqlıq yaşadığını qısa və dəqiq yazır. Və bu, mənim qarabağlı nənə-babalarımın xatirələri ilə üst-üstə düşür:  "Biz ermənilərlə qonşu, bəzən bir evli kimi olmuşuq. Həyət-bacamızı həmişə üzlərinə açıq saxlamışıq".

Köçəryan məktəb vaxtı yaxşı oxusa da, erməni dili dərsini sevmədiyini yazır. "Qarabağda öz dialektimiz var idi, bu dialekt Ermənistan ermənilərinin dilindən fərqlənirdi və mən böyüyəndən sonra ermənicəni demək olar, sıfırdan öyrəndim", - adam etiraf edir. Burdan nəticə çıxır - Xankəndində (Stepanakert) Dağlıq Qarabağ ermənilərinin məktəbi var idi, orada erməni dili sərbəst şəkildə tədris olunurdu, hərçənd Xankəndi erməniləri öz dialektlərini daha çox sevirdilər.

Sonra Köçəryan Rusiyada instituta daxil olur və bacısının əri vasitəsilə Sovet hakimiyyətinin yaxşı sayılmayan üzləri olduğunu öyrənir. Bacısının əri dissident olmasa da, sovetlər barədə kəskin ifadələr işlədir və o dönəmdə Köçəryan ilk dəfə "İncil"i oxuyur. Bunu qeyd etməzdən əvvəl o, əvvəllər Bakıda yaşamış, 1918-ci il qarmaşasından sonra Stepanakertə köçmüş nənəsinin ateist olduğunu bildirir: "Biz nənəmlə zarafatlaşır, nənə, məktəbdə dedilər Allah var" deyir, o qıcıqlanır, boş-boş danışmayın deyə, çəmkirirdi".

Beləliklə, Köçəryan yalnız on yeddi yaşında "İncil"lə tanış olur və cəmi beş-altı ildən sonra "azərbaycanlılar və ermənilər birlikdə yaşamaq üçün uyğun millətlər deyillər" fikrini səsləndirir. Bu sözə görə müəyyən tənqidlərə məruz qaldığını yazan müəllif fikrini "biz xristianıq, onlar müsəlmandılar, məişətimiz, adətlərimiz fərqlidir" deyərək absurd şəkildə izah edir. Mən tolerantlıqdan, Azərbaycanda yaşayan digər dini-etnik azlıqlardan, dünyanın dəstəklədiyi "hər kəs fərqli - hər kəs bərabər" prinsipindən uzun-uzadı danışmayacam. Azca məntiqli adam Köçəryanın bu fikrinin nə qədər bölücü, zərərli olduğunu anlayar. Halbuki o zamanlar Azərbaycanda hansısa ziyalı, məmur, siyasətçi və sadə vətəndaş nəinki belə bir fikir səsləndirib, bunu ağlının ucundan da keçirməyib. Mən bununla da kifayətlənmirəm. Qarabağlı qohum-tanışlarımdan soruşuram: erməniləri necəsə qısqanma olurdumu, onları incidən var idimi? Əslən şuşalı qayınanam tələbə vaxtı dəfələrlə Xankəndinə getdiyini, ordakı erməni qızlarının Avropasayağı geyindiyini, insanların olduqca rahat həyat tərzi keçirdiyini deyir: "Kimsə onlara gözün üstə qaşın var demirdi, istədiklərini geyinir, istədiklərini edirdilər". Eyni fikirləri onlarla başqa adamlar da təkrarlayır.

Sovet dövründə dövlət səviyyəsində dini bağlılıq qəbul olunmurdu, dini təbliğat və fəaliyyət rəsmi şəkildə qadağan edilmişdi. Bunun günahı nə azərbaycanlılarda, nə Azərbaycanın o dövrkü hakimiyyətində, nə də qarabağlılarda idi. Dağlıq Qarabağın erməni icması dini rituallarını yerinə yetirməkdə çətinlik çəkirdilərsə, etirazlarını siyasəti yürüdən, Azərbaycanın da Ermənistan kimi daxil olduğu Sovet hökumətinə bildirməli idilər. Bunun əvəzinə, "Biz azərbaycanlılarla birgə yaşaya bilmirik" deməklə Köçəryan sadəcə ara qızışdırırdı. Sovetin tərkibində olmaqla Ermənistanla oxşar siyasi taleyi yaşayan Azərbaycan da İslamla bağlı eyni qadağalarla qarşılaşırdı. Lakin bunu da deməliyik ki, Sovet hökuməti evlərə girib kilsə şamı yandırdığına, namaz qıldığına görə adamları həbs etmirdi. Mənim ulu nənəm məscidə getməsə də, evdə namaz qılırdı, Köçəryanın nənəsi ateizmi seçmişdisə, bunun günahı Dağlıq Qarabağın yerli əhalisində idimi? Bunu əldə bayraq tutub "bizim azadlıqlarımızı əlimizdən alırdılar, biz bir yerdə yaşaya bilmirik" - deyərək arqument uydurmaq, yalançı azadlıq ideologiyası düzəlmək absurd deyilmi?

Rusiyada təhsilini yarımçıq qoyub Qarabağa qayıdan, əsgərliyini  bitirəndən sonra Ermənistanda oxumağa yollanan Köçəryan burada Kommunist partiyasının təyinatı ilə bir neçə işdə çalışdığını yazır. O, kommunizmi sevmədiyini, işlə bağlı təklifləri yüksəliş üçün qəbul etdiyini də əlavə edir.

Fərqindəsiniz ki, bu fəsilə qədər Köçəryanın xatirələrində azərbaycanlılarla bağlı neqativ hal, qarşıdurma faktı yoxdur.

Və qəfil heç bir mənəvi, şəxsi əsası olmadan Köçəryan Ermənistanın "azadlıq carçısı"na çevrilir. Stepanakertdə yaşaya bilmədiklərini, sıxışdırıldıqları üçün müstəqil olmaq istədiklərini bəyan edir. Mən bir yazıçı olaraq uşaqlığımdan bəri içində yaşadığım müharibə və müharibədən sonrakı dövr hadisələri ilə bağlı bildiklərimi unutmaq, görünənə deyil, dərində gizlənənə baxmaq, insan beyninin alt qatlarında yatan səbəblərə çatmaq istəyirəm. Təəssüf ki, nə qədər çalışsam da, Köçəryanın uşaqlığında və gəncliyində onu talançı və işğalçı olmağa sövq edən bir şey tapmıram. Kitabda onun öz dilindən yazdığı cümlələri - Azərbaycan rayonlarının ard-arda talan edilməsi, işğalın təsviri ilə bağlı fikirlərini anlamaqda çətinlik çəkirəm.

"Şuşa əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət idi. Kəlbəcər Azərbaycan rayonu idi. Laçın da Azərbaycan rayonu idi... Ən çox dinc əhali Xocalıda öldürüldü". Bu cümlələr Köçəryanın kitabındandır. Bunları etiraf edən adam əvvəlcə durduğu yerdə Xankəndinin azadlığına çalışır. Dünyanın istənilən ölkəsində başqa millətlərə aid toplu halında yaşayan minlərlə insana rast gəlmək olar. Onlar hamısı etnik və dini fərqliliyə görə ayağa qalxıb müstəqillik istəyə bilərlərmi? Belə bir halda işğalları necə əsaslandırmaq olar? Köçəryan bunu bacardığına inanır. "Əvvəlcə Xankəndini aldıq, sonra Xocalını, sonra Şuşanı, sonra... -  sadalayır.  - Stepanakerti əldə saxlamaq üçün Xocalını da, Şuşanı da, Ağdamı da, Laçını da... aldıq. Hücum etdik, aldıq, planladıq, hücum etdik aldıq..." Kitabın böyük bir fəsli məhz bu hücumlara həsr olunub. Təsəvvür edin, siz halal pulla, qanuni şəkildə ev almısız, onun təhlükəsizliyi üçün bütün qonşuları öldürürsüz, evlərini yandırıb, qapılarını bağlayıb, çıxırsız...

Kitabda tez-tez Ermənistanın o vaxtkı prezidentinin, yaxud elə Dağlıq Qarabağ separatçılarının bəzilərinin "Beynəlxalq ictimaiyyəti hirsləndirə bilərik", "Sanksiyalar tətbiq olunacaq", "Beynəlxalq arenada pis görünə bilərik" kimi fikirləri də yer alır. Kəlbəcərin işğalından sonra Ter Petrosyan zəng edib, Yeltsinin tələbini səsləndirir: "Kəlbəcəri Azərbaycana qaytarmaq lazımdır". Köçəryan bu fikirlərdən narahatlıqlarını dilə gətirənlərə "Dünyanı, konvensiyaları, beynəlxalq hüququ boş verin" dediyini etiraf edir. Bəli, adamlar hücum etdiklərini, cinayət işlədiklərini, beynəlxalq hüquq normalarını pozduqlarını bilirlər - müzakirələrindən açıq görünür - sadəcə, veclərinə almırlar: dünya da, dinc əhali də, mövcud olmuş qonşuluq, dostluq da cəhənnəm olsun, əsas bizim planımızdır.

Köçəryan Qarabağın işğalının çoxdankı plan olduğunu da boynuna alır. "Yeltsinin diktəsi ilə Petrosyanın Kəlbəcəri qaytarmaq təkidini aradan qaldırmaq üçün biz növbəti rayonu almağa hazırlaşdıq. Biz bunu elə belə də planlamışdıq. Hər yeni hücumdan sonra əvvəlki rayon üzərindəki mübahisələr unudulurdu. O rayon bizə qalırdı" - Robert Köçəryan yazır.  

Oxuyursan və bu düşüncəyə, bu yanaşmaya mat qalırsan. Adama deyirlər ki, cinayətə yol verirsən, başqa ölkənin ərazisini işğal edirsən, o isə ittihamlardan çıxış yolunu növbəti ərazilərin işğalında görür. Və sonra da bu barədə kitab yazır.

Köçəryan özünü azadlıq mübarizəsində iştirak etdiyinə inandırır. Halbuki peşəkar bir psixoterapevtlə danışsa, nə qədər böyük cinayət törətdiyinin fərqinə varar. Onun "Ən çox dinc əhali Xocalıda zərər çəkdi" cümləsinə daha detallı aydınlıq gətirməyə çalışaq. Fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhəri yerlə-yeksan edilib. 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürüldü. Amansızlıqla qətlə yetirilənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca var idi. Köçəryanın "Ən çox dinc əhali Xocalıda zərər çəkdi" deyə qələmə verdiyi qətliamda əksər qətllər xüsusi amansızlıqla, şəhər əhalisinin gözlərini çıxarmaqla, ayrı-ayrı bədən üzvləri kəsilməklə, hamilə qadınların bətnlərindəki körpələrə belə işgəncə verilməklə törədilib. Baş verənləri sübut edən vizual materiallar və canlı şahidlər var. Bu qədər insanın faciəsinə səbəb olub da yaşamaq necə bir şeydir, anlamıram. Köçəryan beynəlxalq məhkəməyə verilsə, Azərbaycan tərəfinin güclü vəkil tutmasına da ehtiyac qalmaz. O, öz cinayətlərini bu kitabında etiraf edir. Cümlələri yumşaltsa da, hadisələrə öz bucağından baxmağa çalışsa da, müasir hüquqdan, beynəlxalq konvensiyalardan, dünyavi dəyərlərdən azca xəbərdar olan adam Köçəryanın nə qədər böyük cinayətlər törətdiyinin fərqinə vara bilər.

Kitabı oxuyarkən də, oxuyub bitirəndən sonra da Köçəryanın və onun dəstəsinin belə vəhşiliklərə necə qol qoyduqları barədə çox düşündüm və hər dəfə də istər-istəməz, Hitleri xatırladım. Hitler tarix dərslərində kövrəlirmiş. Almaniyanın digər Avropa ölkələri ilə müqayisədə daha gec birləşərək güclü dövlət olmasını öyrənib bütün dünyadan qisas almaq istəyirmiş. Eyni tarix kitablarını milyonlarla alman oxumuşdu, amma yalnız bir nəfər  dünya müharibəsinə zəmin yaradacaq "mübarizə" yolu seçmişdi. İndi almanlar daxil bütün dünya onu lənətləyir. Mən bir alman dostumdan Hitlerin dünyanın başına gətirdiyi oyunlara görə mənəvi məsuliyyət daşıyıb-daşımadığını soruşmuşdum. O, ulu babalarının nasistlərə qoşulmadığını, amma Hitlerə görə dünyanın qarşısında üzüqara olduğunu demişdi. Əlbəttə, bu cür ali keyfiyyətlərə malik xalqın Hitlerin arxasınca getdiyinə təəccüblənməmək olmur. Eynşteyn yazırdı ki, bir zamanlar insan kimi örnək alacağı professorlar birdən Hitlerin dəstəkçisinə çevrildilər və yəhudiləri qırmağa hazır dayandılar. İnsan beyni idarəolunandır. Onu yönləndirmək mümkündür. Hitler də bir çox alman professorun davranışını və inancını dəyişməyə müvəffəq olmuşdu.

Köçəryan və dəstəsi də eynən onun kimi ermənilərin fikrini və davranışını dəyişə bildi. Lakin mən inanıram ki, zaman gələcək erməni xalqı ona maddi və mənəvi zərər vermiş, onu iqtisadi və sosial inkişafdan saxlamış, haqsız müharibəyə alət etmiş adamlardan qisasını alacaq. Əslində, elə Köçəryanın və Qarabağda cinayətlər törətmiş insanların öz beyinlərini də yemiş, sərbəst qərar vermək qabiliyyətlərini əllərindən almışdılar. Bunu Daşnaksütun partiyası və xələfləri etmişdilər. Onlar erməni xalqını uydurulmuş tarix naminə öldürməyə, işgəncə verməyə və bu haqsızlıqlara göz yummağa sürükləmişdilər.

Bu haqda isə növbəti yazıda...

 





05.08.2020    çap et  çap et