525.Az

Arı kimi çalışmağın bal kimi bəhrəsi... - Müsahibə


 

GƏNC SAHİBKAR ELÇİN BƏYLƏRLİ: "ARIÇILIQ MƏSULİYYƏT TƏLƏB EDİR, ÇƏTİNLİKLƏRİNİN ÖHDƏSİNDƏN GƏLMƏK ÜÇÜN GƏRƏK BU İŞƏ DƏRİNDƏN BƏLƏD OLASAN"

Arı kimi çalışmağın bal kimi bəhrəsi... - <b style="color:red">Müsahibə </b>

Rubrikamızın budəfəki qonağı Elçin Bəylərlidir. 1990-cı il təvəllüdlü gənc sahibkar arıçılıq təsərrüfatı ilə məşğuldur. Əslən Kəlbəcər rayonundan olan Elçin Gəncə şəhərinin Gülüstan qəsəbəsində məskunlaşıb. Burda ata-babalarından öyrəndiyi işi - arıçılıq sənətini davam etdirir. Elçinlə həmsöhbət olarkən, onun arıçılıq sənətinə böyük sevgisini gördük. O, arıçılığa təkcə iş, biznes kimi yox, həm də sənət kimi baxır. Deyir ki, gözünü açandan bu işin içində olub. Buna görə də, çoxlarına ağır gələn bu təsərrüfat Elçin üçün zövqlü bir işə çevrilib. Arıçılıq necə bir işdir, çətinlikləri, zövqlü tərəfləri nələrdir, iş, qazanc mənbəyi olaraq nə kimi üstünlükləri var? Bütün bu sualların cavabını həmsöhbətimizdən - gənc iş adamından almağa çalışdıq. O danışdı, biz də yazıya aldıq.


- Elçin, necə oldu ki, bu yaşda belə bir təsərrüfat qura bildiniz?

- Mən10 ildən artıqdır ki, fərdi olaraq arıçılıq təsərrüfatı ilə məşğulam. Bu işi mənə rəhmətlik atam öyrədib. Ona da öz atası öyrətmişdi. Yəni biz babadan bu işlə məşğul olmuşuq. Mənim babalarım hələ o vaxt Kəlbəcər rayonunda arıçılıqla məşğul olublar. Arıçılıq bizə babalarımızın mirası sayılır.

- Dediniz ki, arıçılıq işini atanızdan öyrənmisiz. Yaxşı arı yetişdirmək üçün elə incə məqamlar varmı ki, onları atanızdan görüb-götürmüsünüz və indi də tətbiq edirsiz? Və bir də, arıçılıqla bağlı yeni məlumatarla maraqlanırsızmı?

- Dediyim kimi, arıçılığın sirlərini mənə rəhmətlik atam öyrədib. O, arını ən yaxşı inkişaf edən, gözəl məhsul verən ana arılardan yetişdirməyi məsləhət bilərdi. Atamın öyrətdiklərinın mənə çox köməyi dəysə də, çalışıram hər zaman yeniliklərlə də tanış olum və onları təcrübədən keçirim.

- Təkcə arıçılıqla məşğul olursuz, yoxsa başqa sahələrə də marağınız var?

 - Mən atamdan görüb-götürmüşəm, bu işi yaxşı bilirəm, qazancımı da burdan çıxarıram. Başqa işlə məşğul olmuram. Başqa sahələrlə heç maraqlanmıram da, arıçılıq mənə bəs edir.

- Bu qədər arıya baxmaq, yəqin ki, çətin olar. Bu işdə sizə dəstək olan varmı? Ümumiyyətlə, təsərrüfatı tək idarə edirsiniz, yoxsa köməkçiləriniz var?

- Sizə deyim ki, mənim əmilərim də, əmim uşaqları da - hamısı arıçılıqla məşğuldurlar. Biz bu işdə bir-birimizə hər zaman dəstək oluruq. Mənsə bu təsərrüfatı öz xalam oğlu Elşad Cəfərovla idarə edirəm.

- Arıların dava-dərmana ehtiyac olurmu?

- Bəli, arı qutularına xüsusi baxım, nəzarət lazımdır. Əsasən qış dövründə, arıların bala yetişdirmədiyi vaxtlarda bəzi xəstəliklərə, xüsusilə varroa xəstəliyinə qarşı təbii bitkilərlə dərmanlayırıq. Yay aylarında əkinçiliklə məşğul olanlar tərəfindən sahələr, bitkilər gündüzlər dərmanlanır. Bu isə çölçü arıların məhvinə səbəb olur. Bəzi vaxtlarda həmin zəhərlənmiş arılar qutuya qayıdıb bütün qutunu zəhərləyir və nəticədə həmin qutudakı bütün arılar məhv olur. Bunun üçün sahələri gecə, arıların işləmədiyi vaxtlarda dərmanlamaq lazımdır. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin əkinçiliklə məşğul olan vətəndaşlarımızı maarifləndirməsinə ehtiyac var.

- Bəs, işin çətinlikləri? Arıçılıq yorucu işdirmi?

- Bu işin  çətinlikləri çoxdur. Məsələn, mənə görə bu işin əsas çətinliyi arıları köçürməkdir. Deyərdim ki, bu işin ən çətin tərəfi elə budur. Çünki köç zamanı arı qutularının daşınması xüsusi diqqət tələb edir. Bu işdə çox ehtiyatlı olmaq lazımdır. Çətinliklər öz yerində, amma bu işin zövqlü tərəfləri də var.

- Arı köçü necə bir prosesdir?

- Arı köçü yazda başlayır və ildə 3-4 dəfə olur. Yazda inkişaf etməsi üçün arıları aran zonasına aparırıq. Arı inkişaf edəndən sonra dağlarda gül-çiçək açan vaxtı onu dağlara köçürürük. Arıların dağda bal yığma prosesi başlayır. Çöl-çəmən  çiçəklərindən, cökədən, qaratikandan nektar yığırlar. Bu da əlbəttə, hava şəraitinə bağlıdır. Dağda nektar kəsiləndən sonra arını köçürdürük arana. Qış aylarında arılar aran zonasında qışlayırlar.




- Özünüz də arılarla birlikdə qışı orda keçirirsiz?

-  Bəzi məsələlərə görə arının yanında daim qala bilmirəm. Amma 3-4 gündən bir gedib baş çəkir, nəzarət edirəm.

- Deyirsiniz ki, arıçılıq nə qədər çətin olsa da, həm də zövqlü işdir. İşin ən maraqlı tərəfləri nələrdir, bəs?

- Bu işin mənim üçün ən zövqlü tərəfi ana arıların yetişdirilməsidir. Bir də arıların səsi.

- Necə bilirsiz, nabələd, naşı adam bu işə başlaya bilər? Yoxsa sizin kimi, bu işi görmək üçün işin içində böyümək lazımdır?

- Yox, arıçılığı bilməyən adam bu işdə baş çıxara bilməz. Əvvəl işi öyrənmək lazımdır. Arıçılıq məsuliyyət tələb edir. Çətinliklərin öhdəsindən gəlmək üçün gərək bu işə dərindən bələd olasan.

- İşin çətinliklərindən, zövqlü tərəflərindən danışdıq. Qazancı necə, sizi qane edirmi? Təkcə arıçılıqla məşğul olmaqla dolanmaq çətin deyil?

- Arıçılıqdan gələn gəlir, dolanışığımızı qismən təmin edir. Bu işdə dövlət dəstəyi bizim köməyimizə çatır. Hər il arıçılığın inkişafı üçün dövlət tərəfindən arıçılara subsidiyalar ayrılır. Hər yeşiyə görə 10 manat subsidiya alırıq. Yeri gəlmişkən, fürsətdən istifadə edib, bu dəstəyə görə dövlətimizə, dövlətimizin başçısına öz təşəkkürümüzü bildiririk.

- Arının cinsinin məhsuldarlığa təsiri olurmu? Bu baxımdan daha çox hansı arıya baxmaq sərfəlidir?

- Biz arıxanamızda yerli boz Qafqaz cinsi arılarla yanaşı, seleksiya olunmuş xarici ölkələrdən gələn Bakfast və Karniyol arılarla çalışırıq. Həmin Bakfat və Karniyol arıları yerli boz Qafqaz arısına nisbətən daha yaxşı bal, polen verir. Eyni zamanda, bu cinslərdən yaxşı ana arılar götürürük.

- Bu işi sizdən öyrənmək istəyənlər, məsləhət alanlar olurmu?

-  Bəli, ana arıları yetişdirmək, arılarla davranış qaydalarını, arıları inkişaf etdirmək üçün arıçılıqla təzə məşğul olmaq istəyən insanlar bizə müraciət edirlər. Mən də hər zaman çalışıram ki, öyrəndiklərimi, bildiklərimi onlarla paylaşım.

- Bəs, satışı necə həyata keçirirsiz, bununla bağlı çətinliklər yaşanırmı? Məhsullar birbaşa Bakıya qədər gəlir, yoxsa əldən-ələ satılır?

- Satışımız ən çox rayonlaradır. Hamı bizim balımızın keyfiyyətini bildiyi üçün, müştərilər özləri gəlib bizi tapır. Lazım gələndə çatdırılma da olur. Məhsulu belə əldən satdığımız üçün, bazara çıxarmağa da ehtiyac qalmır. Həm də, açığı, bazarda alıcılıq aşağı olduğundan özüm maraq göstərmirəm.

Balın bir kilosu 25-30 manat arası dəyişir. Hərdən almağa imkanı olmayan insanlar üçün də bal sovqatı göndəririk. Əlimizdə olanı insanlarla paylaşırıq. Amma elə olur ki, hava şəraiti ilə bağlı qoyduğumuz xərcin, çəkdiyimiz əziyyətin qarşılığı bizi qane etmir. Çox şükür, bu il çəkdiyimiz əziyyətin bəhrəsini görmüşük. Bu iş belədir, hava şəraiti, bitkilərin şirəvermə qabiliyyəti əlverişli oldusa, arılarımız da bizi sevindirir.

Qeyd edək ki, ölkəmizdə arıçılığı inkişaf etdirmək məqsədi ilə son illərdə bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Bu sahəyə göstərilən ən böyük dəstəklərdən biri də, arıçılıqla məşğul olan şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci ildən etibarən beş il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilməsidir.

Bununla yanaşı, hər il damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili istiqamətində bir çox tədbirlər görülür. Bu tədbirlərin nəticəsi kimi son illər arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında, bal ixracında əhəmiyyətli artım müşahidə edilir. Dövlətin verdiyi dəstəyin və Elçin Bəylərli kimi gənc təsərrüfatçıların əməyi sayəsində ölkəmiz min bir dərdin dərmanı olan bal məhsulları ilə təmin olunur.

Natəvan ABDULLA

 





06.08.2020    çap et  çap et