525.Az

Qaz-21 - Eyvaz Zeynalovun hekayəsi


 

Qaz-21 - <b style="color:red">Eyvaz Zeynalovun hekayəsi </b>

İkinci gündü Qaz-21 "Volqa"sını maşın bazarına satmağa gətirirdi. Bazarda müştəri adına adam kifayət qədərdi. Amma nədənsə bu köhnə maşına, içindəki "köhnə" kişiyə dəvənalbəndə baxan kimi baxıb yan keçir, niyə burda dayandığı ilə heç maraqlanmırdılar.

Qapıdan çıxanda arvadı demişdi:

- Bilirəm, sən onu satmaq istəmirsən. Elə eləmə yadına salım ki?.. - Uzatmışdı.

- Nəyi?..

- Maşının həm də mənim olduğunu.

Söz ona toxunmuş, ürəyi sancmışdı. Son vaxtlar, onsuz da, tez-tez sancırdı. Əlini ürəyinin üstünə aparmaq istəmişdi. Aparmamışdı. Arvadının acığına. Ona yazığı gəlməsini istəməmişdi, halbuki başqa vaxt məmnun olardı.

- Ancaq yadıma saldın...

- Neyniyim e, hamısı nəvəmizə görədi. - Arvadı nala-mıxa döyməyə, özünü doğrultmağa cəhd etmişdi.

-Dəyər-dəyməzinə sat getsin. Gözləyə bilmərik. Uşağın vəziyyəti günü-gündən ağırlaşır.

Onu başa düşürdü. Satmağa qalanda isə, gərək müştərisi olaydı ki, sataydı.

Bir məktəbdə işləyir, yuxarı siniflərin riyaziyyat dərslərini dədə malı kimi bölmüşdülər. Maşın almaq üçün növbəyə duranda ayda hər ikisinin maaşından eyni miqdarda kənara qoymağı şərtləşmişdilər. Satış bazasında maşını götürəndə "şirinlik" istəmişdilər, yığılan pul çatmamışdı. Cibindən əlavə vermişdi. Onu da yeri gələndə zarafata salıb xatırladır, arvadını cırnadırdı. Bu dəfə maşında yadına düşmüşdü.

İkisi də şəkərdi. Üstəlik, arvadının böyrəkləri xəstəydi. Pensiyaları dava-dərmanlarına güclə çatırdı. Bütün bunlara baxmayaraq, həyatlarından o qədər də narazı deyildilər. Üç il bundan əvvəl oğlu Qarabağda şəhid oldu. Dalınca şəhidin 5 yaşlı oğlu, yəni nəvəsi xəstəlik tapıb yatağa düşdü. Həyatları cəhənnəmə döndü. Dəyərli nələri vardı, satıb onun müalicəsinə xərclədilər. Evlərini bankda girov qoyub, borca girdilər. Faizi kəlləçarxdaydı.

Son ümidləri köhnə "Volqa"sınaydı. Hansı ki, onunla taksiçilik edir, ailəsini dolandırırdı. Müştəriləri elə öz binalarının sakinləri, bir də, təsadüfi adamlardı. Qiymət danışmırdı. Onlar da soruşmurdular. Xasiyyətinə bələddilər. Təsadüfən soruşana, "nə verərsən, verərsən", deyirdi. Mənzil başına çatdırdıqlarına, "qonaq ol", qabaq oturacağa atdıqları pula baxmadan "cibinizə bərəkət", deməyi də unutmurdu.Bir yanı ərklə, "qonşu, bu dəfə yaz dəftərinə", deyənə alnının arasını da turşaltmırdı. Dəftəri-filanı nə əzirdi?! Olmadığını bilirdilər. Dilləri öyrəşmişdi. Kasıb mərddi, heç nəyi unutmurdu. Bəzisinin borcunu bilmirdi hansı bəhanə ilə götürməsin ki, xətrinə dəyməsin. Aldığının çoxunu maşınına xərcləyirdi. Bir əli üstündə olmasaydı, çoxdan başını yerə qoyardı.

Əvvəllər binanın qabağındakı "Moskviç" və "Jiquli"lər arasında onun Qaz-21-i seçilirdi. Sovet maşınları yaşlı adamlar tək sıradan çıxdıqca, yerini müxtəlif markalı bahalı xarici maşınlar tuturdu. Elələrini taksi kimi sürənlər, adətən, şəhər mərkəzində imkanlı müştəri ovuna çıxırdılar. Qonşulardan, daha dəqiqi, keçmiş müştərilərindən o, dura-dura bu təzə, rahat maşınlara minənlər də tapılırdı. Qınamırdı. Camaatın kefinin ağasıydı?! Görəndə üzünü çevirirdi ki, utanmasınlar. Hərənin öz qisməti olduğuna inanırdı.

lll

Səhər binanın qabağında maşına atüstü əl gəzdirəndə, birinci mərtəbədə yaşayan qonşusu görüb yaxınlaşmışdı.

- Maşın bazarına?..

- Hə, - demişdi.

Dünən günortadan, maşın bazarından qayıdandan sonra arvadı ilə onu həkim müayinəsinə aparmışdı. Pul götürməmişdi. Arvadının qara ciyəri şişmişdi. Aptekdən dərman alanda pulları çatmamışdı. Üstünü düzəltmişdi. Ehtiyac içindəydilər.



Maşını satacağını biləndə qonşu arvad sadəlövhcəsinə bərk vaysınmışdı: "Vaxsey, bəs biz neyniyəcəyik?.." Ağzıyırtıqlıq elədiyinə peşman olmuş, "əşi, köhnə maşını alan kimdi?", - deyib qadını azdırmışdı.
Amma bir zaman oğlunun şəhid olduğunu eşidib yetim uşaq kimi ona qısılaraq, "biz indi onsuz neyniyəcəyik?", soruşan arvadına cavab verməyə söz tapmamışdı.

Axşam arvadı demişdi:

- Həkimə apardığın qonşumuz uşağa dəyməyə gəlmişdi. Deyir, niyə əlini-qolunu sallayıb oturmusan? Xoşqədəmdi, nədi, onun verilişinə get. Ərin kişidi, bəlkə, özünə sığışdırmır.

- Demədin, gəlin getmişdi, qəbula düşə bilməyib?

- Deyir, orda həmişə basabasdı. Bir də, gəlin ayrı, sən ayrı. Özün get. Qapıdakına yalvar-yapış, dil-fil tök, tanış tap. Dərdini səhiyyə nazirinə, lap yuxarılara yaz. Dedim, yazmışam, hələ bir xəbər yoxdu.

- O cür yol-yolaq biləndisə, özü niyə getmir?

- Gedib. Ərinin də, özünün də protez dişlərini pulsuz düzəldiblər. Qara ciyərinə görə də o biri kanaldakına çağırasıdılar, danışıb.

- Ay arvad, o aparıcıların zavodu, bankı var, yoxsa dədəmizə borcu? Onlar da kimlərəsə ağız açırlar. İşsiz, kasıb, yetim-yesir çoxdu. 10 ildi əhalinin icbari tibbi sığortasından söhbət gedir. Hanı? Dövlət xəstəxanalarının da adı pulsuzdu. Müalicəsi də yarıtmaz. Yağışdan sonrakı göbələk kimi Bakını bürüyən özəl klinikalarda da qiymətlər kəlləçarxda...

- Bəsdi, sən allah. Hamı necə, biz də elə. Deyinməklə düzələcək?.. - Arvadı sözkəsənlik eləmişdi.

***

İki nəfər yaxınlaşdı. Biri çatırışı soruşdu:

- Maşını neçəyə satırsan, ağsaqqal? - Qiymətini öyrənib yoldaşına tərəf çöndü. - Bunun da bir dövranı vardı! - Bilmədi zalım balası onu nəzərdə tutur, yoxsa maşınını. "At ölüncə otlayar", atalar sözünü təskinlik kimi xatırlayıb qımışdı.

- Bacanaq bundan birini alıb, ot i do yığdırıb, adam baxanda hayıl-mayıl olur, - o biri dedi.

- Ə, yox e. Köhnə elə köhnədi, o da ola Sovetin köhnəsi. Beləsinə maya qoyunca, babat bir "Mersedes" almaq daha sərfəlidi.

- Onların da zapçastı, ustası tapılmır.

- Ustasına nə gəlib? Zapçastı da "ölüxana"da itətökdü, həm də suyun qiymətinə.

Danışa-danışa genidilər. Ağzını da açmadı. Açıb nə deyəcəkdi? Nə lazımdı, demişdilər.

Ayaqları yüngülmüş. Dallarınca üst-başından maşın ustasına oxşayan bir oğlan peyda oldu. Müştəri gözüynən gah onu, gah da maşını bir xeyli süzdü. Qiymətini öldürməyə cəhd etdi.

- Bir az düşsəydin, sürməyə alardım bunu özümçün, ağsaqqal.

- Yeri yoxdu, bacıoğlu, - dedi.

Oğlan xalaxətri təzədən maşının başına fırlandı. Qapısını açıb yanında oturdu.

- Neynək, - dedi, - sür dükanımıza. Atam da baxsın.

- Dükanınız hardadı?

- Ölüxananı tanıyırsan?..

Qaz-21 kimi maşını olan tanımazdı?! Maşın bazarının aşağı tərəfi köhnə-kürüş maşınların leşxanası, qəbiristanlığı, köhnə "zapçast"ların məskəniydi. Orda çalışanlar kəsdikləri qoyun-quzunu məharətlə soyub, ətini, baş-ayağını, içalatını bir-birindən ayıran sallaqxana qəssabları kimi, dəyər-dəyməzinə aldıqları, aşmaladıqları (öz sözləriydi) yararsız, qəzalı maşınların yararlı hissələrini bir ayrı, dəmir-dümürünü də bir ayrı satırdılar. Şəhərdəki dükanlarda axtardığınıt apmayan da bura üz tuturdu.

Hündür çardaqlı dəmir dükana çatanda oğlanın işarəsi ilə maşını saxladı. Atası bir dəmir stolun arxasında oturub çay içirdi. Salam-kalam bitməmiş onu ərkyana çaya dəvət etdi. Sanki çoxdan tanışdılar. Ətrafda hava bərk isti olsa da, çardağın altı sərindi, küləkləyirdi.

Adam yerindən qalxmadan maşını sərraf gözüynən süzüb, oğlundan neçəyə danışdıqlarını soruşdu. Sonra üzünü təzədən ona çevirdi:

- Son qiymətdi?

- Hə, - dedi, - ehtiyacım olmasa, satmaram. Sıfırdan, 30 ildən artıqdı məndədi, - təriflədi. - Hissələrinin çoxu zavoddan üstündə gələndi. Keçmiş kişilər atlarına necə baxıb, elə baxmışam ona. Suyunu, yağını vaxtlı-vaxtında dəyişmişəm. Dəli kimi qovmamışam. Özümə qıymadığımı ona əsirgəməmişəm. Sükan arxasında elə bilmişəm bədənimin bir əzasıdı. Haqq üçünə, o da məni heç vaxt yolda qoymayıb.
Adam səbrlə qulaq asır, sözünü kəsmirdi. Baş apardığını duyub özü dayandı. Gözləsə də, qiymət üstündə çənə döymədi. Oğluna işarə elədi, o da gedib dükandan maşının pulunu gətirdi. Qarşılıqlı şəkildə xeyir-dualarını verdilər. Pulu saymadan (taksiçilik xasiyyətiydi) pencəyinin qoltuq cibinə qoydu.

- Saymadınız, - atası xatırlatdı.

- Bacıoğlu sayıb yəqin? - Oğlanın üzünə baxdı. O da təsdiqlədi.

Ayağa duranda kişi qolundan yapışıb buraxmadı.

- Çayınızı için, - dedi. İkincini süzmüşdü.

Sözünü çevirmədi. Söhbətcil adamdı. Dediyinə görə, keçmiş "Jiqulu" "motorist"iydi. Yaşlaşdığına, "Jiquli" maşınları seyrəldiyinə, ən əsası, sənətinə əvvəlki dəyər verilmədiyinə görə icarəyə götürdüyü bu yerdə oğluynan başını girləyirdi.

- Tüfəng çıxdı, koroğluluq da bitdi. Namərd dünyadı, bu dünya.

Namərd dünyanın payına düşən namərdliyindən bir ağız da o gileyləndi. Axır vaxtlar yaman kövrək olmuşdu. Vay oldu bir az şirin dindirəydilər, dərdi açılırdı. Sanki yüngülləşir, təskinlik tapırdı.
Birdən elə bildi maşını onu haraylayır, köməyə çağırır. Stəkan əlində titrədi. Cəld yana çöndü. Oğlan işə saldığı yekə bir laqunda ilə nağıllardakı qorxunc əjdaha kimi Qaz-21-in üstünə gedirdi. Ürəyi düşdü. Bir an da geciksə, maşını doğrayacaqdı. Əlini həyəcanla ona tərəf uzadıb:

- Ayə, ay bala!.. - deyə var gücü ilə bağırmaq istəsə də, səsi boğuldu, öskürək tutdu.
Oğlanın üzü bəriydi, görüb laqundasını söndürdü.

- Nədi, əmi?

- Ney...nirsən... elə? - Dili topuq çaldı.

- Arxa hissəsini kəsib, furqon düzəldəcəyəm.

- Axı sən mənə demişdin, özümçün alıram. Sürməyə.

- Hə də, dəmir-dümür daşımağa uyğunlaşdırmalıyam.

Sürməyə, özü üçün aldığını demişdi. Kəsmək, uyğunlaşdırmaq söhbəti olmamışdı. Matı-qutu qurumuşdu.

- Sənin heç insafın yoxdu? - Handan-hana soruşdu. - Üstünə gedəndə necə haray çəkdiyini eşitmədin?

- Bu nə danışır, ata? - Oğlan heç nə anlamadan atasına tərəf çöndü.

Maşınının onu harayladığını nəyə desən, and içərdi. Onsuz da, ölüxanaya girəndən onun necə devikdiyini, küyükdüyünü görürdü. Elə bil bura niyə gətirildiyini duyurdu.

- Barı imkan verəydin çıxıb gedəydim.

- Ə, ayna elə əlindəkini. - Atası oğluna təpinib, onu sakitləşdirməyə çalışdı. - Axı, burda pis nə var, qardaş? Öz malıdı də, nə bilsin?..

Düppələmdüzdü. Camaatın pulunu alıb qoymuşdu cibinə, hələ bir... Sanki yuxudan ayıldı. Pencəyinin qoltuq cibindəki pulu çıxardıb irəli uzatdı.

- Satası olmadım, - dedi.

- Axı niyə, əmi? - Atası öcəşmək istəyən oğluna gözünü ağartdı. Onu yasalamağa çalışsa da, xeyri olmadı.

- Satmıram, vəssalam!

***

Açar üstündəydi. İşə salıb ölüxanadan çıxdı. Əsas yolda ayağını bir balaca göstərən kimi köhnə Qaz-21 yerindən götürüldü. Sanki ilan ağzından qurtarmışdı.

Xeyli getmişdilər, birdən ona elə gəldi, maşını altdan-altdan, xımır-xımır gülür. Hə, hə, lap nəvəsinin xoşladığı cizgi filmindəki oyuncaq maşınlar kimi.

- Kefin yuxarıdı, - öz səsinə diksindi.

Köhnə söhbətdi. Qaynı bir gün baltanı qapıb, bağçasındakı hər il çiçəkləsə də, meyvəsini saxlamayan armud ağacını hədələmişdi: "Bu fərsizi kəsəcəyəm!" Ancaq baltanın küpünü ağacın gövdəsinə vurmaqla kifayətlənmişdi. "Dədə-babadan bar verməyən ağacı qorxudarlar ki, bar versin", demişdi. Ardakı il armud quruyanda, yapon alimləri gövdəsinə cihaz bağladıqları ağaca əli baltalı yaxınlaşdıqda onun qorxudan əsim-əsim əsdiyini görüb necə heyrətlənmişdilərsə, o cür heyrətlənmişdi.

Maşın bazarına nə məqsədlə gəldiyini xatırladı. Əhvalı yenidən, bir ayrı cür pozuldu. Evə çatan kimi arvadı düşəcəkdi üstünə. Ona nə cavab vercəyini bilmirdi. Yalan desin, nə desin? Necə desin? Birdən-ikiyə ona yalan satmamışdı.

***

Binalarına çatanda yaxınlıqdakı xalı yerin məftil setka ilə hasara alındığını gördü. Hasarın ətrafında, içindəki qoyunların arasında xeyli adam vurnuxurdu. Hə, qurban bayramına hazırlıqdı. Qoyunlar da qurbanlıq qoyunlardı. Arvadı da nəvəsinə qurbanlıq qoç nəzir demişdi.

Binanın qabağında, maşını həmişə saxladığı yerdə qara bir "Cip" dayanmışdı. Görünü, yad adamdı. Yoxsa binada hamının ona xüsusi hörməti vardı.

Giriş qapısının ağzında nədənsə dönüb geri, maşınına tərəf boylandı. Qəribədi, heç elə bil bayaq gülən, sevinən maşın deyildi. Görkəmindən ciddilik yağırdı.

"Görəsən, yaponların sehrli cihazını ona qoşsan?.. Xərifləmə, qoca". "Aydındı, ağac başqa, maşın, dəmir başqadı. Amma çinlilərin düzəltdiyi maşınlar müştərilərinə taksi xidməti göstərir. Sürücüsüz, hə, sürücüsüz..."

***

- Nooldu, kişi? - Qapıda arvadı qarşıladı.

- Satılmadı, - dünənki sözdü. Baxışlarını gizlətdi.

- Necə yəni satılmadı? Səni görüb bazar qurudu? - Arvadı başını buraxıb ucuzluğa getdi.

Cavab verməyib içəri keçdi. Divanda uzanmış nəvəsi sayıqlayırdı: "Mən atamı istəyirəm, mən atamı istəyirəm".

Anası sakitləşdirməyə çalışırdı. Qızdırması qalxanda sayıqlayır, hey atasını istəyirdi. Adi halda dinib-danışmır, gözünü qırpmadan yazıq-yazıq adamın üzünə baxırdı. Soruşurdun, "nəsə lazımdı?", cavab vermirdi.

Nəvəsini belə görəndə dayana bilmirdi. Çarəsizlikdən az qalırdı hönkürüb zülüm-zülüm ağlasın.

***

Şam yeməyinin vaxtı keçirdi. Arvadı saata baxıb gəlininə dedi:

- Balam, qayınatandan çıxmayan iş. Şər vaxtı bu qədər yatmazdı heç?

- Oyadım?

- Get oyat, gecəni yata bilməyəcək.

Gəlin geri qayıdanda halı qarışmışdı. Birtəhər özünü toparlayıb:

- Çağırdım, cavab vermədi, - dedi. Həyəcandan dodaqları əsirdi.

- Nə danışırsan, qızım?..- Əri, adətən, xəfifcə xoruldasa da, çox sərvaxt yatırdı.

Hövlnak ayağa qalxdı. Ancaq amanı qırılmış kimi büdrədi. Gəlin cəld özünü yetirdi. Onu qucaqlayıb bərkdən hıçqırdı.

 





05.08.2020    çap et  çap et