525.Az

Yaradıcılıqda ilhamlanmaq, yoxsa ilhamlanıb yazmaq? - Yusif Yusifzadə yazır


 

Yaradıcılıqda ilhamlanmaq, yoxsa ilhamlanıb yazmaq? - <b style="color:red"> Yusif Yusifzadə yazır </b>

“Əgər yazıçı olmaq istəyirsinizsə,
hər şeydən əvvəl çox oxuyub, çox yazmalısınız”.

Stephen Kinq

"İnspiration",  yoxsa "perspiration?" İngiliscə olan bu iki söz həmqafiyə olsa da, ədəbi-bədii kontekstdə kontrast təşkil edir (İnspiration - ilhamlanmaq, perspiration - çalışıb çabalamaq).
Yuxusuz karantin gecələrində Umberto Ekonun videomüsahibələrini izləyirəm. Əksər videomateriallarda Eko yuxarıdakı iki sözü işlədir və yaradıcılıqda "inspiration"ı daha mifik bir anlayış kimi səciyyələndirir, eynilə Orhan Pamuk kimi "perspiration"a öncəlik verir. Elə Pamukun özünün də bu barədə Harvard universitetində silsilə mühazirələri "Saf və düşüncəli romançı" adı altında nəşr olunub (Saf - ilham gözləyən, düşüncəli - araşdırmağa çalışmağa meylli). Deməli, inspiration ilə saflığı, perspiration ilə düşüncəni eyniləşdiririk. Bu iki dahi yazara arxalanıb mən də ədəbiyyatda "ilham pərisi" terminini ciddi və məntiqi qəbul etmirəm.


Amma bunu doğru və təkzibolunmaz doqma kimi irəli də sürə bilmirəm. Çünki nə qədər şair var, ilhama gəlib yazdıqları ciddi şeirləri ilə bu fikrimi "səhv çıxartsın". Ona görə də  məqamı düşmüşkən deyim, bu yazı nəsr səltənətinə həsr olunur. Beləcə, istiqamət artıq bəllidir. Yəni şah və mat. Davam edək.

Əslində, bu, kifayət qədər dolaşıq, ziddiyyətli mövzudur. Tutalım, yuxarıda adını çəkdiyim iki yazarın əksinə olaraq, Con Maksvel Kutze açıqlama versə ki, mən romanlarımı ilham gələndə yazıram, işlər lap qarışar. Kutzeni ona görə nümunə göstərdim ki, bir az əvvəl də qeyd etdiyim kimi, nəsrdə, nəzmdən fərqli olaraq, ilhamlanmaq yox, axtarıb tapmaq daha vacibdir. Xoşbəxtlikdən əksər nasirlər bu mövzuda həmfikirdirlər.

Sözün sənətə çevrildiyi ilk vaxtlarda bunun səbəbi qafiyə idi. Elə buna görə də dini mətnlər və dastanlar mətn, üslub etibarilə safdır. Həm də, bu, sehr sayılırdı. Axı, hamı danışa bilir, amma hamı qafiyəli danışa bilmirdi.

Uzaq keçmişdə saf yazarlar daha çox idisə, indi əksinədir. Bu vəziyyəti onunla bağlayıram ki, artıq informasiya əsridir, naşı oxucu azdır. Onları sonu eyni heca ilə bitən peyzajlarla təəccübləndirmək olmur. Yəni dünyaya çıxmaq üçün mütləqdir ki, düşüncəli romançı olasan.

Artıq o dövr deyil ki, qafiyəli şeir ilahi bir mətn kimi görünsün. Sərbəst şeirin bu qədər populyar olması da bundan irəli gəlir. Düşüncələr qafiyə ilə sərhədlənmiş poeziyaya sığmır. Poeziyanin özü nəsrin içində əriyir. Saf ədəbiyyat tarixə qovuşur.

Orhan Pamukun, Umberto Ekonun inspriation və perspiration qruplaşdırmalarını mən də postmodernizmə istinad edib özümə görə şərh edirəm. Bir az cəsarətlə onları məhsuldar və qeyri-məhsuldar yazarlar deyə ayırıram. Və yazıma yeni bir abzas əlavə edirəm. Amma əvvəlcə bəzi məqamları aydınlaşdıraq.

Yekun qruplaşdırma belə alınır. Yazıda yaradıcılıqla bağlı ilham pərisi terminləri: "inspiration", "saf romançı", "məhsuldar yazıçı". Yazıda intellektuallıq əks etdirən terminlər: "perspiration", "düşüncəli romançı", "qeyri-məhsuldar yazıçı".

İndi isə yeni abzas: Həmişə fikirləşmişəm, niyə bəzi yazarlar çox, bəzi yazarlar az yazıb? Məgər, onların biri istedadsız, digəri istedadlıdır və ya məhsuldar yazıçı yaxşı yazıçıdır? Bu, şöhrətpərəstliyin nəticəsidir? Yoxsa həqiqətən aşıb-daşan bir istedadın qarşısında boğulan yaradıcı şəxsin yeganə çıxış yoludur doyunca yazmaq?



Yaxşı bir söz var, roman qalın olar da. Razıyam. Təsir edən, "ilhamlandıran", bədii bir hadisəyə çevrilən əksər romanlar irihəcmli romanlardır. Hətta belə deyə bilərəm ki, epopeyadırsa, müzakirəyə ehtiyac yoxdur, deməli, şedevrdir. İrihəcmli əsərlərdə hadisələr o qədər uzun müddət cərəyan edir ki, təsiri də uzun müddətli olur və ya irihəcmli əsərlərdə yazıçı öz texnikasını oxucuya daha dəqiq göstərir. Təbii ki, bu dediklərimlə razılaşmayanlar ola bilər  və onlar əvvəldə qeyd etdiyim kimi, bu yazıçıları şöhrətpərəstlikdə qınayarlar. Çünki yaxşı mətn şöhrətpərəstlikdən doğulur, yaxşı mətnlərlə dolu olan qalın bir roman əbədi şöhrətpərəstlikdən xəbər verir, əbədi şöhrətpərəstlik arzusu ölüm qorxusudur. Buna görə, bəlkə də, onları unudulmaqdan qorxanlar da adlandıra bilərik. Ədəbiyyatda belə bir qorxuya yer varmı?  - Bu isə xeyli düşündürücü sualdır...

İrihəcmli romanlardan başqa məhsuldar yazıçının məziyyətlərindən biri də intensiv kitab çap etdirmələridir. Şöhrətpərəstlik burda özünü daha qabarıq göstərir.  Epiqrafdakı fikrin sahibi Stephen Kinq buna yaxşı nümunədir. Yazıçı olmaq üçün çox yazmağı məsləhət görən Kinq dediyinə lazımi qədər əməl edib. Kinqin cəmi bir romanını oxumuşam - "Yaşıl sahə" ("Green mile") və onu adi bir əsər kimi dəyərləndirirəm. Əsərin ekran işi daha uğurludur. Hesab edirəm ki, bu, yazıçının faciəsi, ədəbi məğlubiyyətidir. Çünki sənin ideyanı kimsə səndən daha yaxşı çatdırıb. Kinqin "Yaşıl sahə" romanından başqa, səs-küylü əsərinə rast gəlməmişəm, amma məhsuldar yazıçıdır. Yazır. "Əli və Nino" kitab evində böyük bir guşə ona ayrılıb. Belə bir nəticəyə gəlirəm: müasir ədəbiyyatın qonorara hesablanan yaradıcılıq fəaliyyətində əgər bir dəfə yaxşı bir əsər ortaya qoysan, bundan sonra nə yazmağının elə də əhəmiyyəti yoxdur. Kinq burda həqiqətən yerində nümunədir.

Bir də az yazan yazarlar var. İntellektual oxuculara yazılmış, yazarlar yetişdirmiş kiçik həcmli əsərlər var. Yenə bir yazıçı nümunə gətirəcəm. Amma bir az mövzudan kənara çıxacam. Bayaq dediyim kimi, əsərin intellektual oxuculara yazıldığını ancaq intellektual oxucu onu oxuduqdan sonra deyə bilər. Mənim də naşı oxucu olduğum vaxtlarda əlimə bir kitab düşmüşdü, göz oxşayan üz qabığı ilə 1000 tirajlı bu kiçik kitab Xuan Rulfonun "Pedro Paromo" adlı 190 səhifəlik novellası idi. Əsəri sadiq Qabriel Qarsia Markes oxucusu olduğuma görə iştahla oxumağa başlamışdım. Markeslə bu kitab ona görə əlaqələnir ki, Gabo Kafka və Vulfdan sonra Xuan Rulfodan da təsirləndiyini qeyd etmişdi. Hətta, deyir, Rulfo ilə tanışlıq mənim həyatımda xüsusi bir andır. Mən novellanı oxuyub qısa müddətdə də bitirmişdim, amma nə oxuduğumu anlamamışdım. Qısası, oxuduğuma görə heyfislənmişdim. Amma bədii cəhətdən özümü inkişaf etdirdiyim, ədəbiyyatı ixtisas kimi universitetdə öyrəndiyim keçən il ərzində nə qədər yanıldığımı kitabı yenidən vərəqləyəndə bilmişdim. Bütün bunları ona görə vurğulayıram ki, təhsil, daha dəqiq ixtisas üzrə yaxşı bir təhsil təhlil üçün çox şeydir.

Xuan Rulfo ilə maraqlandıqda yazıçının cəmi bir əsəri olduğunu və bunun ispandilli ədəbiyyatda kulta çevrildiyini, Latın Amerikasında neçə-neçə yazıçılara "ilham" verdiyini öyrənmişdim. Az tanınan və ədəbiyyatda kəmiyyət-keyfiyyət mütənasibliyi anlayışını alt-üst edən yazarın "Pedro Paromo"su nə qədər mifikdirsə, o qədər də realdır. Əsər haqqında çox yazmaq, çox mülahizələr söyləmək olar, amma bu sirli əsər yalnız öz intellektual oxucusu ilə görüşəndə daha yaxşı anlaşılır, bir növ yenidən zühur edir.
Xuan Rulfo bir əsərlə bizə Markesi  və onun kimi neçə-neçə yazarları qazandırıb, özü ədəbiyyatda ölümsüzlük qazanıb. Rulfo ölümsüzlüyü, şöhrəti cəmi bir əsərlə qazanıb. Əlinizə keçsə, "Pedro Paromo"nu mütləq oxuyun.

Yekunda onu deyim ki, həm Kinq, həm də Rulfo kimi yazarlar çoxdur. İlhamlanmaq prosesini qəbul etmədiyimə görə, Kinqkimiləri qınaya bilmirəm və ya yaradıcı təxəyyülün dayaz imiş deyib Rulfokimiləri ədəbiyyatdan kənara da ata bilmirəm. Nə, "eşq olsun Kinqə dayanmadan yazır və yorulmur. Bu ki əsl ədəbi prosesidir" deyib onu, nə də "əhsən sənə, Rulfo, bir əsərlə ədəbiyyat tarixinə düşdün. Başqaları hər gün yazır" deyib Rulfonu mədh edə bilirəm. Əvvəldə də vurğuladığım kimi, ziddiyyətli mövzudur, qəti bir şey demək çox çətindir.  Cavabı siz verin. İlham gözləmək, yoxsa onu axtarıb tapmaq?

 





05.08.2020    çap et  çap et