525.Az

Onun xatirəsi əbədi yaşayacaqdır - Anım


 

Onun xatirəsi əbədi yaşayacaqdır - <b style="color:red">Anım</b>

2020-ci ilin 2 avqust tarixində Azərbaycanın tibb ictimaiyyətinə ağır itki üz verdi. Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri namizədi, SELAMIG klinikasının direktoru, əmək veteranı, ləyaqətli insan, əsil dost Qalib İsgəndərovun ürəyi əbədi olaraq dayandı.

Həkim, gözəl ailə başçısı, dost, professional - o, bütöv parlaq və layiqli bir həyat yaşadı, ölkəmizdə oftalmologiyanın inkişafına əvəzsiz töhfələr verdi. Öz işinə yaradıcı yanaşma, xüsusi işgüzarlıq, böyük cazibə qüvvəsi, sadəlik, ən yüksək dərəcədə təvazökarlıq Qalib İsgəndərova xas olan keyfiyyətlərdəndir.

Bu cür gözəl insani keyfiyyətlərinə görə o, dostlarının sevimlisi, dostlar yığıncaqlarının ilhamvericisi olmuşdur. Alimlər, deputatlar, nazirlər, icra hakimiyyəti orqanlarının məsul işçiləri, tanınmış ziyalılar tez-tez onunla görüşərdilər, dövrün, zamanın aktual problemləri barədə müzakirələr açardılar.  

Doktor Qalib şərabın dadını xoşlayardı, səhər siqaretini tüstülətmək, dərin mənalı sözləri dinləmək, fəlsəfi düşüncələrə dalmaq və fikirlərini söyləmək onun sevimli məşğuliyyətlərindən idi. O, eyni zamanda, parlaq zəkası və sonsuz yaddaşa malik olması ilə fərqlənirdi, onun nitqi kömək və məsləhət üçün yanına gələn müxtəlif insanların əhval-ruhiyyəsini qaldıran incə yumorla zəngin olardı və bu keyfiyyətləri onun bütün  hərəkətlərində fövqəladə dərəcədə xeyirxahlığı ilə birləşirdi.

Onun geniş populyarlığının digər səbəbi göz güzgüsünü mükəmməl dərəcədə bilən qeyri-adi istedada malik diaqnostik və optik əməliyyatları misilsiz ustalıqla aparan əvəzolunmaz bir cərrah olmasında idi. Əməliyyat zamanı sürətli işi, eyni zamanda, dəqiqliyi və yüngüllüyü ilə diqqət çəkərdi.

Doktor Qalib öz peşəsinə və sevimli işinə sonsuz dərəcədə sadiq insan idi, yüzlərlə xəstənin görmə qabiliyyətini və normal həyat tərzini onlara qaytarmışdı. Koronavirus infeksiyası ilə mübarizə şəraitində də öz peşə borcunu yerinə yetirməkdə davam edirdi. Çox təəssüf ki, Qalib İskəndərov öz sağlamlığı uğrunda döyüşdə qalib gələ bilmədi.

Doktor Qalib 70 yaşında bu həyatdan köçdü. Onun işıqlı siması dostlarının qəlbində əbədi yaşayacaq, xatirəsi unudulmayacaqdır. Allah rəhmət eləsin. Məkanı cənnət olsun.

Qalib İsgəndərovun vəfatından dərin kədər hissi keçirdiyimizi bildirir və onun ailəsinə dərin hüznlə başsağlığı veririk.

Rövşən Ağayev

 





05.08.2020    çap et  çap et