525.Az

Türkiyəli həkimlərin qurban payı


 

Türkiyəli həkimlərin qurban payı<b style="color:red"></b>

Qurban bayramı ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir Qarabağdan sonra qərb bölgəsində, Erməni təxribatının baş verdiyi Tovuz rayonunda Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Milliyyətçi Həkimlər Birliyinin İdarə heyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə müharibə veteranları, şəhid ailələri, məcburi köçkün və müharibə əlilləri ziyarət edilərək onlara qurban bayramı sovqatları paylanılıb.

Qardaş ölkənin tibb işçiləri hər il öz qurbanlarını Qarabağda kəsir, şəhid ailələri və hərbçilərimizlə bayramlaşırlar. Bu il də 260 tibb işçisinin qurbanları Tərtər, Ağdam, Beyləqan, Ağcabədi, Bərdə, Ağstafa və Qazaxda kəsilib. Sağlamlıq keşikçiləri bu dəfə erməni təxribatından zərər çəkən Tovuz rayonunun Ağdam kəndində də qurbanlar kəsib, şəhid ailələri və hərbçilərimizin bayramını təbrik ediblər.

Qonaqlar daha sonra Ağstafa rayonunda şəhid ailələrinə baş çəkərək, onların Qurban bayramlarını təbrik ediblər.

Bu cür addımlar bir daha göstərir ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmaz və əbədidir. Türkiyəli tibb işçiləri qurban payı ilə bərabər, şanlı türk bayrağını da şəhid ailələrinə əmanət ediblər. Bayraqları təhvil alan şəhidlərimizin ailə üzvləri bayraqları öpüb təhvil alıblar. Duyğulu anlar isə şəhid övladının türk bayrağını qəbul etdiyi zaman yaşanıb.

Sonda türkiyəli qonaqlara Tovuzun rəmzi, milli musiqi alətimiz saz hədiyyə olunub.



















 





06.08.2020    çap et  çap et