525.Az

Polad generalımız


 

Polad generalımız<b style="color:red"></b>

General-mayor Polad Həşimov haqqında  “Polad generalımız” adlı kitab nəşr olunub. “Qanun” nəşrlər evi tərəfindən hazırlanıb 2000 nüsxə ilə buraxılan nəfis tərtibatlı kitab  özündə generalımızın həyat və mübarizə yolunu xatirələrdən və fotolardan boylanaraq lakonik şəkildə əks etdirir.

Qısa zaman çərçivəsində  hazırlanan kitab yaxın gələcəkdə Polad Həşimov  haqqında yazılacaq yeni əsər və məqalələr üçün mənbə rolunu oynayacaqdır. Nəşriyyatın direktoru,  ön söz müəllifi Şahbaz Xuduoğlu kitabın yazılma səbəbi barədə yazır: “General Polad Həşimov  haqqında bir-birindən maraqlı və təsirli xatirələr oxudum. Bir yerə toplasan, maraqlı bir kitab alınar. Zabit və əsgərlərimiz, gələcək nəsillər üçün örnək, ailəsinə isə az da olsa, təsəlli olar”.

Kitabla tanışlıq qarşıya qoyulmuş məqsədə müvəffəq olunduğunu söyləməyə əsas verir. Qeyd edək ki, generalın xatirəsinə töhfə kimi nəşriyyat hesabına çap olunan kitabın “Məktəblilər üçün liderlik dərsləri” seriyasına daxil edilməsi təsadüfi deyil. Bəli, şagirdlərimizi, gənclərimizi vətənpərvər ruhda yetişdirmək üçün nümunəvi hərbçi həyatı sənədlərə və  faktlara istinad edilərək təqdim və təbliğ edilməlidir. Mən bir pedaqoq kimi də həmişə bu mövqedən çıxış edirəm.

1975-ci ildə Qəbələnin Vəndam kəndində dünyaya göz açan, Sumqayıtda orta məktəbi bitirən, Ali Hərbi Məktəbi Azərbaycanda, Akademiyanı Türkiyədə bitirən 2003-ci ildə mayor, 2009-cu ildə polkovnik-leytenant, 2019-cu ildə general-mayor hərbi rütbəsi alan, çoxsaylı medal və ordenlərlə təltif edilən, döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə döyüşən, mübarizə meydanının önündə olan, iyulun 13-dən 14-nə keçən gecə Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olan Polad Həşimov Müstəqillik dövründə İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra şəhid olan 3-cü generalımızdır.  Elçin Mehrəliyevin general Məhəmməd Əsədov haqqında “Tale döyüşü” əsərinə istinad edib Qarabağ həqiqətlərindən bəhs edib onun həyat və döyüş yolunu tədqiqata cəlb etdiyim kimi, Polad Həşimov haqqında yazılan kitablar da  tədqiqata cəlb ediləcəkdir.  

Bu kitab xatirələrdən boylanan həyat hekayəsinin müxtəlif anlarını əks etdirən mənbədir. Adı da uğurlu seçilmişdir: “Polad generalımız”  Bəli, məhz adını əməllərində doğruldan qəhrəmanımızın portretinin, xarakterinin, daxili aləminin təqdim edildiyi  kitabda onun vətən naminə  mübarizədə düşmənə qarşı polad iradə nümayiş etdirdiyi təsdiqini tapır. O polad iradə sahibinin necə həssas qəlbə sahib olduğunu isə əsgərlərinə, dostlarına, doğmalarına olan münasibətindən duymaq  olur. Kitab müxtəlif qəzet və saytlarda generalı tanıyan insanların, ailəsinin, doğmalarının, əsgərlərinin yalnız xatirələrini əks etdirmir, xarakteri açıldıqca onların generala hörməti, bağlılığı, sevgisinin də nədən qaynaqlandığı təsdiqini tapır.  Onunla vaxtilə hərbi xidmətdə olmuş İlham Tumas deyir: “Tarixdə elə sahələrin ustadları olur ki, onların itkisi yalnız öz sahələrinin yox, bütün cəmiyyətin itkisi olur. Hərbdə də belədir. Polad elə bir zabit idi ki, onun itkisi  təkcə yaxınları, doğmaları, zabit dostları, eləcə də  tabeliyində olan əsgər və zabitlər üçün yox, ümumilikdə Azərbaycan ordusu və cəmiyyəti üçün bir itkidir”.

Keçmiş əsgərləri Ramil Cabbarov onun tabura gələndə “ÖNCƏ VƏTƏN!” kəlməsini neçə içdən söylədiyini hələ də xatırladığını, Nicat Həşimzadə onun öz hesabına əsgərlərə kazarma tikdirdiyini bildirir: “Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi. Bizim komandirimiz Polad Həşimov  vacib bir postu azad etdiyinə görə, dövlətin şücaətinə görə ona verdiyi evi şəhid ailəsinə bağışlamışdı”. Keçmiş əsgəri Seymur Kazımov 2018-ci ildə “Polad postu”nda olduğunu, həmin postu 2016-cı ilin aprelində polkovnik  Polad Həşimovun azad etdiyi və onun şərəfinə adının verildiyini söyləyir.

Anası Səmayə Həşimova onun tarix müəlliminin söylədiyi fikirdən təsirlənərək hüquq deyil, hərbi sahə üzrə ali təhsil almaq gənaətinə gəldiyi günlərə qayıdır: “Deyir, müəllim uşaqlara dedi ki, tarix dərsini keçəndə, indi mən “kişi” o adama deyərəm ki, hərbi məktəbə getsin. Başqa  məktəbə getməsin. Ölkəmizdə müharibə gedir. Mən o sözü uda bilmərəm. Habil müəllim elə deyib”. O gedən hərbə getdi”. Hər gün anası ilə telefon vasitəsilə əlaqə saxlayan  Polad ayın 10-dan sonra zəng etmir, anası nigaran qalır, sanki vurulduğunu hiss edir və nigarançılığı əbəs olmur. “Polad Həşimov kimi insanlar haqda həmişə əsərlərdə oxumuşdum. Onlar mənə çox şablon gəlirdi. Elə bilirdim, belə insanlar yoxdur, yaşamır”,−deyən xanımı  Ofelya Salmanova onun vətənə sevgini pafoslu ifadələrdə deyil, əməldə göstərən, övladlarını da bu ruhda tərbiyə edən, əsgərlərinə həmişə “balam” deyən, hər zaman əsgərlərinin yanında olan Poladı 17 illik ailə həyatlarında olduğu kimi qəbul etdiyini bildirir: “Bizim evdəki kadrlara baxsanız, ad günlərində, bayramlarda − heç birində  o yoxdur. Çünki o, ancaq səngərlərdə, əsgərlərinin yanında olurdu”. 4 gün davam edən aprel döyüşlərindən sonra ona zəng edib hər şeyin yaxşı olduğunu desə də, 20 gün evə gəlməmiş, gələndə yerişində problem olduğunu yoldaşı hiss etsə belə, yenə də yaralandığını onlara bildirməmişdi. “Onun bu həyatına artıq öyrəşmişdim. Onu heç vaxt bezdirmirdim ki, evə niyə gəlmirsən, niyə evdə olmursan deyə. Çünki onu tanıyırdım. O həmişə əsgərlərinin yanında olub”.

16 yaşlı qızı Aybəniz Həşimova atasının onun həkim olmasını arzuladığını və onun bu arzunu reallaşdıracağını bildirir, xatirələrini bölüşür. “Belə gün ərzində az vaxt ayırırdı. Amma nə bilim onun sevgisini hiss eləyirdik. Uşaq vaxtı çox küsürdük ki, əsgərlərini bizdən çox istəyirsən. Həmişə onların yanına gedirsən. İndi görürəm, kaş elə bir şey deməzdim. Nə bilim… Çox xoşbəxtəm. Fəxr eləyirəm. Özünü göylərdə hiss eləyirsən, ən yüksəkdə. Sanki atan dünyanın bütün təhlükələrindən qorunmuş bir yerdədir. Ona heç vaxt heç nə olmayacaq”. Böyük oğlu 13 yaşlı Davud atasının onları savadlı görmək istədiyini, atasının arzusunu həyata keçirib həyətlərində çinar ağacı əkəcəyini, kiçik oğlu Teymur ona söz verdiyi kimi dərslərini yaxşı oxuyacağını bildirir.

 Xatirələrdən sonra gənc heykəltaraş Təbriz Soltanlının hazırladığı büstün şəkli verilir və onu hazırlayarkən  generalın üzündəki nuru ifadə etməyə nail olduğu  bildirilir. Generalın  layiq görüldüyü dövlət təltifləri, general-mayor rütbəsinə layiq görüldüyü sərəncam, məzuniyyətdən yeni qayıdan əsgərinin övladı dünyaya gəldiyi üçün ona 10 günlük məzuniyyət və pul verdiyi illüsturasiyalarla  təqdim edilir. Bu hadisənin Nicat Haşımzadənin 2011-ci ildə xidmət etdiyi hərbi hissədə şəhid general-mayor Polad Həşimovla bir əsgərin arasında baş verdiyini söylədiyi qeyd edilir.

 Göründüyü kimi, general ailəsinə çox vaxt ayıra bilməsə də, əsgərlərinin ailəsinin mühim günlərində yanında olmağına şərait yaratdığı  məlum olur. Bütün bunlar onun vətəni qoruyan əsgərlərini necə dəyərləndirdiyinin sübutudur. Sonda  verilən fotolar da onun həyatını izləməyə imkan verir. Xüsusilə diqqəti kitabın ön və sön səhifəsində verilən fotolara yönəltmək istərdim. Birinci şəkildə nə qədər sərtlik, rəsmilik  və qətiyyət varsa, sonuncu şəkildə baxışlarda mülayimlik, mehribanlıq, vətənə, insana məhəbbət var. Və bu məhəbbət qarşılıqlıdır. Bundan sonra generalımızı xalqın ona olan sevgisi və ehtiramı yaşadacaq! Xoşbəxt o xalqdır ki, Polad Həşimov kimi oğullar yetişdirir!

İlahə Dadaşova
                            
Filologiya üzrə fəlsəfə doktoru

 





06.08.2020    çap et  çap et