525.Az

Ölməyin, atamın dostları!.. - Anım


 

Ölməyin, atamın dostları!.. - <b style="color:red">Anım</b>

Biz Turan sevdası ilə doğulmuş uşaqlardıq. Türkün ayağı dəyən yerlərdə cadarlanmış torpaqlara qanımızı axıtmağa hazırdıq ki, göyərsin vətən torpağı, bərəkətlənsin, ucalsın...

Hər eldə yolumuza bir qucaq açan vardı, hər yurdda bir gözləyən... İssıkkulda Çingiz ağa, Qazax öz tənində Oljas, Təbrizdə Cavad Heyət, Anadoluda Yavuz Bülənt... Qarabağda Zeynal əmim vardı, Şəkidə Bəxtiyar əmim... Qarayazıda Nəriman əmim vardı, Gəncəbasarda Nurəddin əmim... Hər yerdə Xudu əmim vardı - hər yerdən görünürdü Xudu əmim, hər yerdən...

Bir də Turanın bir parçasının parçası vardı - Naxçıvan adında... Ordan boy alan bir böyük ad baş kəndimizdə atamla çiyin-çiyinə idi. Bir məsləyə sarılıb, bir səngərdə mübarizə aparırdı ulu Məmməd Arazla... "Məmməd əmi" deyəndə elə bil, ərşin ənginliklərilə danışırdıq, buludlar ayaqlarımız altında halay çəkirdi.

Bir də siz vardınız, Fəttah müəllim, Fəttah əmi... Evimizdə Naxçıvan adını sizin addan sonra eşitmişəm. Adınızla tanımışam o qədim Türk yurdunu, adınızla sevmişəm... Naxçıvanda atam Şahmar Əkbərzadənin yollarına açılan sizin qollarınız olub. Hər dəfə Naxçıvana səfərə gedəndə sizin ocağınızın istisini gətirib damarlarında, dostluğunuzun hərarətin gətirib... Yəqin, elə o hərarət 90-cı illərin əvvəllərində Mədəniyyət Nazirliyinin kollegiyasında sizinlə bağlı - əleyhinizə müzakirə gedəndə onun etiraz edərək zalı tərk etməsinə səbəb olmuşdu. Siz hərarətli insan idiniz! Mən Şahmarın oğlu olaraq o qayğını, o hərarəti həmişə hiss etmişəm - istər evimizdə qonağımız olanda, istər atamın yas mərasimlərində, istərsə də sonrakı həyatımda...

Hər dostunu itirəndə "bir arzum da şəhid oldu" deyə çırpınan atamın özündən əvvəl iki arzusu köçdü bu dünyadan - Xudu Məmmədov və Zeynal Məmmədov... Sonra özü tərk etdi dünyanı. Sonra Bəxtiyar Vahabzadə ilə Nurəddin Rzayev... İndi də Siz... Atamın arzuları köçdükcə dünya yoxsullaşır Fəttah əmi, dünya dünyasızlaşır.

Göynərtimdən daş od tutar,
Yay buzlayar, qış od tutar,
Gözlərimdə yaş od tutar,
Yanar qorlana-qorlana! 

Titrətsə də, yayın günü,
Bir kimsəyə çatmaz ünü,
İməkləyər yer üzünü
Şahmar qorlana-qorlana!

Yəqin ki, ruhlarınız artıq görüşüb. Bizə isə örnək dostluğunuzun əsintiləri qaldı.

İndi xiyabanla üzbəüz dayanıb fikrə getmişəm. İçimdən "Ölməyin, atamın dostları!.." deyərək hayqırmaq keçdi, amma dostunuz Şahmar Əkbərzadənin bu misraları qoymadı: 

Ölüm də yalandı, itim də yalan,
Dünyada müqəddəs çevrilmələr var.

Yeriniz behişt olsun, Fəttah müəllim!

Elşən ƏKBƏRZADƏ

 





06.08.2020    çap et  çap et