525.Az

Paşinyan erməni lobbisinin "gücü" haqqında mifi necə dağıtdı?


 

Paşinyan erməni lobbisinin "gücü" haqqında mifi necə dağıtdı?<b style="color:red"></b>

Ermənistanda daxili siyasi, sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşmaqdadır.

Ölkədəki siyasi qüvvələr demək olar ki, hamısı baş nazir Nikol Paşinyana qarşı çıxır. Bu da səbəbsiz deyil. Paşinyan 2 ildən artıq müddət ərzində Ermənistanı daha ağır duruma salıb, ölkə sosial-iqtisadi cəhətdən tamamilə çöküb, koronavirusa təslim olub. Lakin bütün bunlar yetməz kimi Paşinyan hər vasitə ilə hakimiyyətini qorumağa çalışır, özünə rəqib gördüyü siyasi qüvvələri sıradan çıxarmaqla məşğuldur. Belə ki, onun "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyana, ardınca isə Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, "Vətən" partiyasının sədri Artur Vanetsyana qarşı siyasi repressiyaları, Konstitusiyanı öz maraqlarına uyğun dəyişməsi, Paşinyanın artıq diktatura yaratdığına bariz nümunələrdir.

Ermənistan MTX-nın silah şöbəsinin rəisi Artak Torosyan saxlanılaraq, ondan sabiq direktor Vanetsyana qarşı yalan şahidlik etməsi tələb olunur. "Hraparak" qəzeti yazır ki, A.Vanetsyan qanunsuz silah saxlamaqda ittiham olunsa da, məsələnin absurd olması ordan irəli gəlir ki, həmin silah MTX anbarında tapılıb. Paşinyan belə siyasi təqiblərlə, sifarişli həbslərlə hakimiyyətinin ömrünü uzadacağını düşünür, lakin cərəyan edən hadisələr bunun əksini deyir.

Ermənistanın baş nazirinin siyasəti təkcə ölkə daxilində iflasa uğramayıb, beynəlxalq aləmdə də bu məğlubiyyət özünü son günlər daha qabarıq göstərməkdədir. Xüsusilə, onun Tovuz təxribatına əl atmasından sonra diaspor siyasəti də məğlub duruma düşdü. Xarici ölkələrdə yaşayan azərbaycanlıların fəallığı Paşinyanı Diasporla İş üzrə Komissarlıqda təmizləmə əməliyyatı aparmağa məcbur etdi. Paşinyan komissarlıqda 4 nəfərin vəzifəsini dəyişib və 10 məhsul işçini vəzifəsindən azad edib. Paşinyanın bu strukturda həyata keçirdiyi təmizləmə əməliyyatı təbii ki, erməni lobbisinin "gücü" haqqında mifin dağıdılması, xaricdə yaşayan azərbaycanlıların fəallığı qarşısında aciz durumda qalması ilə bağlıdır.

Milli Məclisin deputatı, siyasi şərhçi Arzu Nağıyev deyib ki, məhz Tovuz hadisələrindən sonra dünyanın bir sıra dövlətlərində olan diaspor təşkilatları, eyni zamanda, xarici ölkələrdə yaşayan ermənilər Paşinyanın siyasətini birmənalı şəkildə dəstəkləyə bilmədilər. Onun sözlərinə görə, ermənilər tərəfindən xoşagəlməz hadisələr, təxribatlar törədilməsinə, hətta azərbaycanlılara qarşı qərəzli hücumlar, onların döyülməsi faktlarının olmasına baxmayaraq, hər hansı ciddi addım ata bilmədilər: "Həmçinin, Ermənistanın xaricdəki səfirlikləri də müvafiq addımlar ata bilmədi ki, bu da Xarici İşlər Nazirliyinin zəifliyindən xəbər verir. Bundan başqa, istər ABŞ-da, istər Avropa ölkələrində, istərsə də Rusiyada Azərbaycan səfirliklərinə hücumlar, törətdikləri çirkin əməlləri əks effekt verdi. Buna görə də, düşünürəm ki, Paşinyan diaspora təşkilatında təmsil olunan şəxslərin işdən azad olunması kimi ciddi addımlar atdı".

A.Nağıyev vurğulayıb ki, müharibə tək sərhədlərdə getmir, eyni zamanda, diaspora işində və başqa istiqamətlərdə də gedir: "Burada Azərbaycanın addımları təqdirəlayiqdir. Bu sahədə də Azərbaycan üzüağ və qalibiyyətlə çıxdı. Bu məsələdə Azərbaycan vətəndaşının mütəşəkkil olması çox mühüm məsələ idi ki, biz buna nail olduq. Həm ermənilərin havadarları, həm də bir sıra böyük supergüclər bir daha başa düşdülər ki, ermənilərin əsas məramı, məqsədi faşizmin təbliği, başqa dövlətin ərazi bütövlüyünü təxribat yolu ilə ələ keçirmək, Azərbaycan dövlətinin suverenliyinə qəsd etmək və həmçinin, ölkə daxilində olan qarşıdurmanın qarşısının müəyyən bir yolla alınmasından ibarətdir. Bütün bunlar Azərbaycan diplomatiyasının qələbəsi kimi düşünlə bilər. Təbii ki, qarşıda görüləsi işlər çoxdur. Lakin Azərbaycan Prezidentinin apardığı xarici siyasətin məqsədi kəskin, qanun çərçivəsində və beynəlxalq hüquqi normalara əməl etməklə qələbəyə nail olmaqdan ibarətdir".

Deputat Elşad Mirbəşiroğlu isə hesab edir ki, Ermənistan baş nazirinin imzaladığı sərəncamın arxasında onun şəxsi maraqları dayanır: "Ermənistanın son illərdə beynəlxalq informasiya müstəvisində mövqelərini əsaslı dərəcədə itirməsinin fonunda Azərbaycanın informasiya sahəsində fəallığının artması, obyektiv informasiyanın beynəlxalq ictimaiyyətə çatdırılması və beynəlxalq ictimaiyyət tərəfindən bu informasiyaların qəbul olunması bütövlükdə ona dəlalət edir ki, Azərbaycan diaspor təşkilatları kifayət qədər effektiv işləməyə başlayıblar. İkinci bir tərəfdən isə erməni lobbisi artıq öz resurslarını tükəndirmək üzrədir. Təbii, bunu şərtləndirən bir neçə amili də qeyd etmək olar.

Əvvəla, erməni lobbisinin fəaliyyəti həmişə beynəlxalq ictimaiyyəti çaşdıran uydurma informasiya əsasında qurulub və erməni utopiyası erməni lobbisinin, diaspor təşkilatlarının fəaliyyətinin əsas hərəkətverici qüvvəsi rolunda çıxış edib. Azərbaycan diasporu isə ölkəmizin haqq səsini, ədalətli mövqeyini beynəlxalq ictimaiyyətə daha arqumentləşdirilmiş şəkildə çatdırmağa başlayıb. Bu da təbii ki, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin effektivliyinə ciddi şəkildə müsbət təsir göstərib".

O əlavə edib ki, hazırda aktiv görünən Azərbaycan diasporunun uğurlu fəaliyyəti dövlətimizin müvafiq istiqamətdə effektiv siyasətinin nəticəsidir. Dövlətimiz diaspor təşkilatları ilə intensiv işləyərək onların fəaliyyətinin koordinasiyasının daha səmərəli sisteminin formalaşdırılmasına nail olub.

PƏRVANƏ

 





05.08.2020    çap et  çap et