525.Az

İordan çayının Qərb sahili Netanyahunun probleminə çevrilib


 

İordan çayının Qərb sahili Netanyahunun probleminə çevrilib<b style="color:red"></b>

İyul ayı başa çatsa da, Binyamin Netanyahunun başçılıq etdiyi hökumət İordan çayının Qərb sahilinin ilhaqını reallaşdıra bilmədi.

Halbuki İordan çayının Qərb sahilinin ilhaqı məsələsi Binyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" Partiyasının hazırda müdafiə naziri olan Binyamin Hansın sədri olduğu "Kaxol-Lavan" Partiyası ilə 35-ci hökumətin qurulması ilə bağlı partiyalararası razılaşmada öz əksini tapmışdı. Mayın 17-də iki partiyanın formalaşdırdığı hökumətin yaradılması ilə bağlı razılaşmada qeyd olunurdu ki, Nazirlər Kabineti 1 iyul 2020-ci il tarixdə İordan çayının Qərb sahilinin ilhaqını həyata keçirəcək. İsrail parlamenti baş nazir Binyamin Netanyahuya İordan çayının Qərb sahilinin ilhaqını başlatmaq səlahiyyəti də verib.

İsrailin baş naziri bir neçə dəfə açıqlamalarında İordan çayının Qərb sahilinin ilhaqının iyulun ilk günündən başlayaraq həyata keçiriləcəyini bəyan edirdi. Ancaq artıq təqvimin avqust ayını göstərməsinə baxmayaraq, İsrail bu məsələni reallaşdıra bilməyib. Həftənin ilk günü açıqlama ilə çıxış edən Binyamin Netanyahu İordan çayının Qərb sahilinin ilhaqının ABŞ-dan asılı olduğunu bəyan edib.

İordan çayının Qərb sahilinin ilhaqı məsələsində ABŞ prezidenti Donald Tramp İsraili dəstəkləsə də, son zamanlar Ağ ev sahibinin daha ciddi problemləri meydana çıxdığı üçün İsrail-Fələstin məsələsi arxa plana keçib. İndi Donald Trampın başı ABŞ-da tuğyan edən koronavirus pandemiyası, yaxınlaşmaqda olan seçkilər və qaradərili Corc Floydun polislər tərəfindən öldürülməsindən sonra ölkəni cənginə alan dağıdıcı etiraz aksiyalarına qarışıb. Ölkə daxilində ciddi çətinliklərlə üzləşmiş Donald Tramp isə Yaxın Şərqdə yeni zorakılıqlara və qanlı hadisələrə səbəb olacaq addım atmaqdan çəkinir. Üstəlik, dünyanın aparıcı ölkələri Trampla Netanyahunun məqsədlərini dəstəkləmir. Avropa Birliyi və Rusiya İsraili birtərəfli qaydada İordan çayının Qərb sahilinin ilhaqını reallaşdırmaqdan çəkinməyə çağırır. Bir çox Avropa ölkələri bu məsələdə İsrailin istəklərinin qəbuledilməz olması qənaətindədir.

Binyamin Netanyahu 35-ci hökumətin təşkil olunması zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməsə, İsrailin hökumət böhranı ilə üzləşəcəyi istisna deyil. Ancaq bundan da qorxulusu odur ki, Donald Trampın noyabrda keçiriləcək prezident seçkisində ehtimal olunan məğlubiyyəti İordan çayının Qərb sahilinin ilhaqını ümumiyyətlə, mümkünsüz hala gətirə bilər. İsraildə anlayırlar ki, Donald Tramp kimi yəhudiləri dəstəkləyən şəxsin ABŞ-da hakimiyyətə gəlməsi bundan sonra bir daha olmaya bilər. Buna görə də İsrail Trampın hakimiyyəti başa çatmamış ilhaq prosesini həyata keçirməyə can atırdı. Ancaq belə görünür ki, bu istəyi reallaşdırmaq mümkün olmayacaq.

 





05.08.2020    çap et  çap et