525.Az

Ədalət Muradov: "UNEC-in distant təhsil sahəsində yetərincə potensialı var"


 

Ədalət Muradov: "UNEC-in distant təhsil sahəsində yetərincə potensialı var"<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və "Next Step" İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "EduHack" hakatonu yekunlaşıb.

Ölkədə ilk dəfə təhsil istiqamətində keçirilən hakatonun əsas məqsədi distant təhsildə qarşıya çıxan məsələlərin innovativ yolla həllini tapmaq olub.

Hakatonda Azərbaycanın 24 universiteti ilə yanaşı, 11 xarici ölkədən 21 universitetin tələbələrindən ibarət komandalar iştirak edib.

Yarışın münsiflər heyətində UNEC-in rektoru, professor Ədalət Muradov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, UNEC İmtahan mərkəzinin direktoru Söhrab İsayev, İmtahanların təşkili şöbəsinin müdiri Tahir Bədəlov, Təhsildə innovativ texnologiyalar, əlavə təhsil mərkəzinin icraçı direktoru, "Yeni fikir" müsabiqəsinin təsisçisi İsa Qasımov, "Next Step" innovasiya mərkəzinin icraçı direktoru Rəşad Eyvazov və "Paşa Bank"ın Korporativ əlaqələr şöbəsinin böyük mütəxəssisi Fidan Tofiqli təmsil olunublar.

Rektor Ədalət Muradov distant təhsil sahəsində dünyada zəngin təcrübənin olmadığını bildirərək, Azərbaycanın bu prosesə qoşulduğunu diqqətə çatdırıb. UNEC-in distant təhsil sahəsində yetərincə potensialı olduğunu deyən rektor, bu istiqamətdə daha böyük işlərin görülməli olduğunu vurğulayıb. Gənclərin öz ideyaları ilə bu sahəyə mühüm töhfələr verə biləcəyini diqqətə çatdırıb. Rektor UNEC-in təşəbbüsü ilə təşkil olunan hakatonda komandalar tərəfindən distant təhsilin təşkili, keyfiyyəti, interaktivliyi, eləcə də qiymətləndirilməsi ilə bağlı maraqlı ideyaların ortaya qoyulacağına əminliyini ifadə edib.

Milli Məclisin deputatı Tahir Mirkişili mövzunun aktuallığından danışıb. Mövcud durumda dünyada baş verən proseslər fonunda distant təhsillə bağlı problemlərin gənclər tərəfindən müəyyən olunmasının və innovativ həll yollarının araşdırılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirərək, komandalara uğurlar arzulayıb.

Sonra 18 komanda distant təhsil sahəsində ortaya qoyulan problemlərin həlli istiqamətində təqdimatlarla çıxış ediblər. Böyük maraqla izlənilən təqdimatlarda tələbələr müxtəlif prizmalardan təkliflər irəli sürüblər.

Təqdimatlardan sonra münsiflər heyətinin qərarı ilə ilk üç yerin qalibi müəyyənləşib.

"Eduardo" komandasının "Fast Learners" layihəsi birinci yerə layiq görülüb. Adaptiv təhsil modeli üzərində qurulan ideyanın əsas məqsədi distant təhsildə data əsaslı tədris prosesi, diferensial öyrənmə mühiti və biliyin qiymətləndirilməsində optimallaşdırmanı əhatə edib. İkinci yerə layiq görülən "Academy.az" layihəsi müxtəlif imtahan üsulları ilə tələbələrin tədrisdən yayınmasının və motivasiya itkisinin qarşısının alınmasını, eləcə də səs identifikasiya sisteminin tətbiqi ilə bağlı olub. Üçüncü yerin sahibi olan "Z-solutions" ideyasında isə distant tədrisdə qiymətləndirmə meyarları, qrup işinin təşkili, tələbə fəallığının dəyərləndirilməsi, eləcə də tələbələrin öz aralarında qiymətləndirmə mexanizminin qurulması yer alıb.

Hakatonun mükafat fonduna uyğun olaraq qaliblər 3000 manat (I yer), 2000 manat (II yer) və 1000 manat (III yer) qazanıblar.

Sonda iştirakçıları təbrik edən rektor Ədalət Muradov bildirib ki, yarışın əsas məqsədlərindən biri də gənclərin diqqətini distant təhsilə cəlb etməklə, bu sahədə yaranan problemlərə onların innovativ, kreativ düşüncələrini yönəltməkdən ibarət olub. Rektorun sözlərinə görə, hakatonda iştirak edən komandaların  UNEC Ekstern Mərkəzi, elektron universitet modeli ilə tanış olması məqsədilə UNEC-ə virtual tur təşkil olunacaq. Distant təhsilin təkmilləşdirilməsi ilə bağlı reallıq nəzərə alınmaqla, yeni təkliflər hazırlanacaq.

S.QARAYEVA

 





05.08.2020    çap et  çap et