525.Az

Pandemiya dövründə dövlətin mühüm addımları


 

MƏŞĞULLUQ VƏ SOSİAL RİFAHIN DƏSTƏKLƏNMƏSİ ÜÇÜN ÖNƏMLİ QƏRARLAR VERİLİB

Pandemiya dövründə dövlətin mühüm addımları<b style="color:red"></b>

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVİD-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər davam etdirilir. Azərbaycan dövləti həm  vətəndaşların sağlamlığı, eyni zamanda, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirməkdədir.

Məlumat üçün xatırladaq ki, ölkə başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. Bu il aprelin 17-də Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb.

Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait  təqribən 3,5 milyard manatdır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir.

Dövlət və özəl sektorda muzdla çalışanların iş yerlərinin və əməkhaqqı gəlirləri qorunub, dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilir.

Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb.

Bundan əlavə, 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib.

Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın  aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edilib. Məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub.

Dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub.

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub.

Banklarla da əməkdaşlıq həyata keçirlir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsi işləri aparılır və prosesə qoşulan bankların sırası getdikcə genişlənir.

Bundan əlavə, pandemiya dövründə əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manat təşkil edib.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, vergi, sığorta, kredit güzəştləri üzrə icra olunan paketlər çərçivəsində də 100 minlərlə insana dəstək verilir.

Əlbəttə ki, sadalananlar bir daha Prezident İlham Əliyevin "Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır" fikrinin bariz təzahürüdür.

İqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, hazırda ölkə iqtisadiyyatındakı vəziyyət idarəolunan çərçivədədir, eyni zamanda, dövlət əhaliyə öz dəstəyini dayanıqlı şəkildə göstərir və faktiki olaraq nümayiş etdirir ki, vətəndaşının yanındadır, onun ağır sosial iqtisadi şəraitinə biganə yanaşmır: "Ötən ilin anoloji dövrü ilə müqayisədə pensiyalar təqribən 25 faiz, sosial ödənişlər və müavinətlər, o cümlədən, ünvanlı sosial yardımın verilməsi, bu istiqamətlərə ünvanlanmış xərclər 50 faizə yaxın artıb. Bununla yanaşı, 200 milyon manatdan artıq vəsaitin birdəfəlik ödənişlər formasında əhalinin geniş təbəqələrinə çatdırılması onu deməyə əsas verir ki, ölkə rəhbərliyi vətəndaşlarına dəstək nümayiş etdirməkdədir. Bunun da milli iqtisadiyyatımızın idarəolunan çərçivədə saxlanılmasında çox mühüm rolu var.

Bu, bir tərəfdən sosial siyasətin göstəricisidir. Ölkə prezidenti dəfələrlə bildirib ki, bizim üçün əhalinin sağlamlığının qorunması olduqca mühümdür və prioritetdir. Eyni zamanda, bunun həm də iqtisadi mənası var, çünki bu, ölkə iqtisadiyyatının dayanıqlılığına, alıcılıq qabiliyyətinin müəyyən mənada qorunmasına xidmət edir ki, nəticə olaraq biz həm də iqtisadiyyatımızın daralmasının kəskin hal almasının qarşısını ala bilərik".

Mövzu ilə bağlı fikirlərini açıqlayan deputat Sevinc Hüseynova bildirib: "Həm pandemiya dövründə, həm ondan əvvəl həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycanda reallaşdırılan sosial siyasətin mahiyyəti dəyişməz olaraq qalır. Azərbaycan dövlətinin siyasətinin mərkəzində hər zaman onun vətəndaşı və vətəndaşının yüksək rifah vəziyyətinin yaradılması məqsədi dayanır. Məlum olduğu kimi, pandemiyanın vurduğu zərərin qarşısının alınması üçün sosial-iqtisadi sahədə mühüm addımlar atılıb, Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı təsdiq olunaraq icra edilir. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmizdə uğurlu siyasət həyata keçirilir və heç bir  sosial layihə təxirə salınmır".

PƏRVANƏ

 





06.08.2020    çap et  çap et