525.Az

COVİD-19-la mübarizədə unudulanlar - Şəhla Aslanın yazısı


 

COVİD-19-la mübarizədə unudulanlar - <b style="color:red">Şəhla Aslanın yazısı </b>

COVİD-19 əsrin ən böyük fəlakətinə səbəb oldu, dünyaya və insan həyatına hər cəhətdən mənfi təsir göstərdi; sənaye istehsalı, daxili və xarici ticarət, iş həyatı, təhsil, ədliyyə, digər səhiyyə xidmətləri, sosial və iqtisadi həyat üçün ağla gələn hər şey ciddi şəkildə zərər gördü.

Təhsil, xüsusilə distant təhsil sahəsində təcrübəsiz olan dövlətlərdə təhsil alanlar böyük bir zərbə aldılar. Hazırda bu qlobal problemlə mübarizədə hər bir dövlət öz miqyasında tədbirlər görür və bu böyük fəlakətə qarşı səylər göstərirlər.

Bu məlum hadisə eyni zamanda, bir sıra həqiqətləri də üzə çıxarmış oldu. Son 6 ayda inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında  6-11 faiz geriləmə olduğu açıqlandı. Problemin inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına daha çox təsir etdiyi söylənildi. İnkişaf etmiş ölkələrin səhiyyə sistemlərinin belə epidemiyayla mübarizədə yetərli olmadığı müşahidə edildi. İsveçrə, Belçika, Hollandiya, Fransa, İspaniya, İtaliya, ABŞ və İsveç kimi ölkələrin xəstəxanalarında sağlamlıq avadanlıqlarının və işçi heyətinin çatışmazlığı səbəbindən virusa yoluxmuş yaşlılara, fiziki məhdudiyyətli şəxslərə deyil, daha çox gənc xəstələrə müalicə xidmətləri göstərilməsinə qərar verildi. Bununla da, bütün dünya üçün idealizə edilən və model kimi göstərilən Qərbdə ən uca haqq və dəyərlər olan "yaşamaq hüququ" və "təməl insani dəyərlərin" hansı səviyyədə olması üzə çıxdı. Problemlə mübarizədə bəzi ölkələr çətin vəziyyətdə olarkən başqa dövlətin tibbi ləvazimatlarını müsadirə etməkdən belə çəkinmədilər. Qərb insani dəyərlərə göstərdiyi kobud, eqoist münasibəti, eyni zamanda, qeyri-kafi sağlamlıq sisteminə sahib olmasının aşkara çıxması ilə bütün dünyada ağır zərbə almış oldu.  Bununla da, COVİD-19 Qərb və Şərq mütəfəkkirləri, ziyalıları və elm və sənət adamları qarşısında yeni mədəniyyət, iqtisadi üstünlüklər və əlbəttə, yeni sivilizasiya müzakirələrinə zəmin yaratmış oldu.

***

Hazırda uzun sürən pandemiyadan əziyyət çəkən vətəndaşların virusa yoluxmaq təhlükəsi davam etsə də, artıq normal həyata qayıtmaq istəyirlər. Təxminən belə bir doktrina da hazırlanıb: Koronavirus infeksiyasının necə yayıldığı və xəstəliyin fəsadları artıq hər bir insana yaxşı məlumdur. Heç kim deyə bilməz ki, mənim bu məsələyə dair məlumatım yoxdur. Bundan sonrakı nəticə bir növ, şəxsi qorunmadan asılıdır. Qorunmasan, gigiyena qaydalarına əhəmiyyət verməsən, xəstələnəcəksən, bəlkə də, öləcəksən, amma həyat davam etmək məcburiyyətindədir!..

Bir çox iş yerlərinin bağlı olması səbəbiylə insanlar sosial ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər. Bəzi ölkələr ilk hücumda pandemiyanın ən yüksək səviyyəsini aşdıqları və xəstə sayını nəzarətdə saxlaya bildikləri üçün  hər gün artan iqtisadi və sosial ehtiyacların təzyiqini nəzərə alaraq, sərt tədbirlərə, komendant saatlarına, səyahətlərə və şəhərlərə giriş-çıxışlara qoyulan qadağalardan imtina etməyə başladılar. Müəssisələr, məktəblər, fabriklər açıldı və sosial həyat (kiçik məhdudiyyətlər tətbiq olunmaqla) əvvəlki kimi davam etdirilməyə başladı və yeni normalar dövrünə qədəm qoyuldu. Azərbaycanda isə pandemiya ilə bağlı vəziyyətin normallaşdığı deyilən bir vaxtda qaydalar bir az daha sərtləşdirildi.

Əslində, yeni normalar dövrünün əsas xüsusiyyəti bunlar idi; sosial və iqtisadi həyat normala qayıdacaq, ancaq insanlar virusun ötürülməsi riskinə çox həssas yanaşacaq, elan edilmiş qaydalara əməl edəcək, maska taxacaq, sosial məsafəni qoruyacaq, əl-ağız-burun-göz gigiyenasına, qapalı ərazilərə diqqət yetirəcək, izdiham yaratmayacaqlar. Məcburi olmasa, küçəyə çıxmayacaq, şübhəli və ya virusa yoluxmuş insanlarla əlaqədə olanlar 14 gün evdə özlərini karantinə alacaq, xaricdən gələnlər müəyyən müddətə qədər evi tərk etməyəcək, öpüşməkdən, qucaqlaşmaqdan yayınacaq,  regionlara  səfər  etməyəcəklər.

Cəmiyyətin çox hissəsi bu qaydalara riayət etdi. Amma sonrakı prosesdə qadağalarda ciddi yumşalma olmadı.

***

Əhalinin sağlamlığını qorumaq üçün tətbiq olunan məcburi təcrid prosesi təəssüf ki, insanlarda ciddi mənfi psixoloji nəticələrə rəvac verdi. Şəxsin müstəqilliyini, iş yerini itirilməsi,  sosial ehtiyacların yerinə yetirilməsində yaranan çətinliklər, ev şəraitində uzun müddət vaxt keçirmək, fəaliyyətsizlik insanlarda ruh düşkünlüyü yaratdı. Məlumdur ki, evdə uzun müddət qalmaq, açıq havadan məhrum olmaq duyğularda qəfil dəyişikliklərə səbəb olur, insanlar müxtəlif psixoloji problemlərlə qarşılaşır, stress, narahatlıq, depressiya yaranır və s. Belə vaxtlarda stressə səbəb olan bioloji mexanizmlər yüksək səviyyədə aktivləşir və orqanizmdə ciddi fəsadlara yol açır ki, bu da immunitetin zəifləməsinə bilavasitə təsir göstərir. Bunlar isə qarşıdan gələn soyuq havalarda insan sağlamlığı üçün çox ciddi təhdiddir. Ona görə də yaranmış vəziyyətlə bağlı əlaqədar qurumlar tərəfindən vətəndaşların səsləndirdikləri fikir və təkliflərin ciddi şəkildə təhlilinə, əhalinin narahatlığına səbəb olan məqamların araşdırılıb müvafiq qərarlar verilməsinə böyük ehtiyac var.

 





06.08.2020    çap et  çap et