525.Az

“Newsmax” mətbu orqanı Ermənistanın Azərbaycana təcavüzündən yazır


 

“Newsmax” mətbu orqanı Ermənistanın Azərbaycana təcavüzündən yazır<b style="color:red"></b>

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “Newsmax” mətbu orqanında Ermənistanın ölkəmizə qarşı təcavüzü və ABŞ polisinin radikal ermənilərə qarşı nifrət zəminində cinayət araşdırmasına həsr olunmuş məqaləsi dərc edilib.

Müəllif yazır ki, iyul ayında Ermənistanın Azərbaycana növbəti hərbi təcavüzü koronavirus pandemiyasının pik dövründə və bir çox dövlətlərin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinə fokuslandığı bir zamanda baş verib. Ermənistanın koronavirus böhranı yaşamasına baxmayaraq, bu onu Azərbaycana qarşı dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətində hücuma başlamaqdan çəkindirməyib.

Ermənistanın hücumunun Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xəttindən yüzlərlə mil şimalda olması son təcavüzün arxasında dayanan niyyətləri açıq şəkildə göstərir.

Həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsi böyük Avrasiya regionunda sülhə və təhlükəsizliyə əsas təhdid olaraq qalmaqdadır. Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq birlik səviyyəsində tanınmış ərazisinin 20 faizinin qanunsuz işğal olunması və etnik təmizləməyə məruz qalması bir milyon insanı məcburi köçkün etməklə ağır humanitar böhrana səbəb olub. İşğaldan 30 il sonra - bu gün məcburi köçkünlər öz evlərinə qayıda bilməyərək hələ də didərgin həyatı yaşayırlar.

Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və çoxsaylı digər beynəlxalq sənədlərə baxmayaraq, Ermənistan beynəlxalq hüququn prinsiplərinə və Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun danışıq səylərinə məhəl qoymur.

Faktiki olaraq Ermənistanın son əməlləri və bəyanatları mövcud danışıqlar formatını açıq şəkildə pozur və sülh prosesi üçün real perspektivlərə zərbə vurur.

E.Süleymanov qeyd edir ki, formal müstəqilliyinə baxmayaraq, Ermənistan qonşu ölkələrlə daimi münaqişələr və xarici asılılıq nəticəsində heç zaman tam suverenlik qazanmayıb.

Bu gün Ermənistan heç bir strateji dəyərə malik olmayıb, inteqrasiya və inkişafa doğru addımlar atmağa qadir olmayaraq keçmiş Sovet İttifaqının sonuncu qalıqlarındandır. Eləcə də Ermənistan cəmiyyəti antisemitizm, nasistlərlə əməkdaşlıq və Yaxın Şərq terrorist qruplaşmaları ilə münasibətlər kimi problemlərlə hələ də qarşılaşmaqdadır.

Emiqrasiya səviyyəsi yüksək olan Ermənistan son vaxtlar qlobal miqyasda ən qəzəbli ölkə olaraq qiymətləndirilib. Bəzi hallarda bu qəzəb ölkə sərhədləri xaricində də özünü göstərir.

Son günlərdə Los-Anceles polisi Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında baş verən etiraz aksiyası zamanı kiçik qrup azərbaycanlılara qarşı erməni radikalları tərəfindən şiddətli hücuma görə nifrət zəminində cinayət araşdırmasına başladıb.

Xəritəyə bir baxış Ermənistanın məsuliyyətsiz militarist yanaşmasının fəsadlarının daha geniş olduğunu göstərir.

Cənubi Qafqaz bölgəsi Ermənistan, Azərbaycan və Gürcüstandan ibarət olmaqla dünyanın vacib strateji ərazilərindəndir. Məsələn, Azərbaycan dünyada Rusiya və İranla həmsərhəd olan yeganə dövlətdir, həmçinin İsrailin vacib dost və tərəfdaşıdır.

Bundan əlavə, Azərbaycan Avropa və Asiya arasında əvəzsiz bağlılıq yaradır və paytaxt Bakı şəhəri Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin başlanğıc nöqtəsidir. BTC İsrailin illik neft təchizatının 40 faizini təmin edən və vaxtilə Ceyms Bondun “Dünya yetərli deyil” filmində yer alan neft kəməridir.

Azərbaycandan başlayaraq altı ölkəni, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən Cənub Qaz Dəhlizi də öz başlanğıcını Bakının yaxınlığından götürür. Bu boru kəmərləri, eləcə də Asiyanı Avropa ilə birləşdirən dəmir yolu xətləri və NATO hava qüvvələri üçün Əfqanıstana uçuş dəhlizi Ermənistan tərəfindən hücum edilmiş ərazinin yaxınlığından keçir.

Diplomat qeyd edir ki, inkişaf və əməkdaşlığa heç bir töhfə verməyən Ermənistan bir daha qlobal əhəmiyyət daşıyan enerji infrastrukturu və regional təhlükəsizliyə təhdid yaratmaqla özünü gündəmdə saxlamağa çalışır. Ermənistan hərbi qüvvələri, fəaliyyətə başlamasına bir neçə ay qalmış Cənub Qaz Dəhlizindən 15 mil məsafədə yerləşən əraziyə hücum edir.

Ermənistan sərhəd boyunca Azərbaycan ordu hissələrini sərhəd qoşunları ilə əvəz etdiyi əraziyə hücum edib, mülki yaşayış evlərini artilleriya atəşinə tutub və nəticədə itki və zərərlərə səbəb olub.

Təmas xəttindən uzaqda dövlət sərhədi boyunca hücuma keçən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyinə ümid edirdi. Lakin Ermənistanın münaqişənin əhatə dairəsini genişləndirmək cəhdi baş tutmadı və ədavətin kimin başlaması aydın olduğundan KTMT Ermənistanın dəstək xahişini rədd etdi.

Ermənistan rəhbərliyi ABŞ dövlət katibi Maykl Pompeonun substantiv sülh danışıqları çağırışlarına məhəl qoysa və Azərbaycanla məzmunlu danışıqlara cəlb olunsaydı, Ermənistan xalqının daha parlaq gələcəyini və bütün Cənubi Qafqaz regionunda davamlı sülhü təmin edərdi. Əksinə, Ermənistan firavanlığın və regionun təhlükəsizlik arxitekturasının vacib elementlərinə təhdid yaratmaqla özünü bir daha destruktiv qüvvə kimi göstərib.

Sonda qeyd edilir ki, beynəlxalq ictimaiyyətin nümayəndələri rəsmi Yerevana sülhün dividendlərinin zəngin olmasını və təcavüzün nəticələrinin getdikcə artmasını izah etməklə Ermənistan xalqına kömək olmalıdır.

 





06.08.2020    çap et  çap et