525.Az

"Qarayanız Leyli"nin "məcnunları" - Reportaj


 

TANIDIĞIMIZ VƏ TANIMADIĞIMIZ İSTİSU

"Qarayanız Leyli"nin "məcnunları" - <b style="color:red">Reportaj</b>

İllər öncə bir şeirimdə Neftçalanı qarayanız Leyli, könlümü isə onun çöllərinin Məcnunu adlandırmışdım.

Könlümün "qarayanız Leyli"sinin - Neftçalanın bir rayon kimi tarixi o qədər də qədim deyil. 1940-cı ildə yaradılmış sovet rayonlarından biridir və bu illər ərzində iki dəfə ləğv olunaraq ərazisi qonşu rayonlara birləşdirilib. Neftçala sonuncu dəfə 1973-cü ilin aprel ayında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yenidən rayon kimi bərpa edilib, bir neçə ildən sonra isə SSRİ məkanında məşhur inzibati ərazi vahidi kimi tanınıb.

Bu məşhurluğun çox ciddi və əsaslı səbəbləri var. Birincisi, Neftçala coğrafi mövqeyinə görə çox unikal bir yerdə, Kür çayının Xəzər dənizinə qovuşduğu məkanda yerləşir. İkincisi, bu ərazi  zəngin yeraltı və yerüstü sərvətlərilə heyrətamiz şöhrətə malikdir. Hələ XIX əsrdə bu yer istehsal olunan balıq və qara kürünün vətəni kimi nəinki Avropada, hətta bütün dünyada tanınmışdı. Burada zəngin neft və qaz yataqları mövcuddur. Neftçala həm sənaye, həm də aqrar kənd təsərrüfatı rayonudur. Burada əkinçilik və heyvandarlıq həmişə əhalinin etibarlı məşğuliyyəti və təminat mənbəyi olub.

Neftçalanın fərqli cəhətlərindən biri də buranın qiymətli yod-bromlu su mədənləri ilə zəngin olmasıdır. Vaxtilə keçmiş SSRİ məkanında üç yerdə yod-brom zavodu mövcud idi: Rusiyanın Çelyabinsk şəhərində, Qazaxıstanın Semipalatinski vilayətində və bir də Neftçalada. Bunların ən mühümü və ən zəngini Neftçaladakı yod-brom zavodu sayılırdı. Burada dünyada çox qiymətli kristal yod istehsal olunur və müəssisədə 2500 işçi çalışırdı. Dünyanın heç bir yerində belə zəngin mədən sularına malik olan zavod yoxdur. Müstəqillik dövründə isə burada duz zavodu da yaradıldı.

Neftçalanın mədən quyularından müxtəlif kimyəvi elementlərlə zəngin olan əfsanəvi istisu çıxır. Rayonun Xıllı qəsəbəsinin ərazisində fərqli imici ilə bütün dünyada məşhur olan "İstisu" ailəvi müalicə mərkəzi fəaliyyət göstərir. Yerli sahibkarların vəsaiti və təşəbbüsü ilə burada çox gözəl şəraitə malik abad məkan yaradılıb, yaşıl sanatoriya şəhərciyi salınıb. Yolumuzu ordan saldıq. Pandemiya dövründə hər yerdə olduğu kimi, burada da bir durğunluq yaşanırdı. Bizə bildirdilər ki, Neftçaladakı istisu ölkəmizdəki mineral sulardan kəskin fərqlənir və demək olar ki, yalnız bu əraziyə aiddir. Fərqliliyin biri budur ki, bu sularda kükürd yoxdur.

Mərkəzin həkimi Mətanət Gözəlova dedi ki, bu suyun tərkibində yod, brom, xlor, kalsium və duz var və bunlar osteoxondroz, revmatizm kimi xəstəliklərin, dərialtı və dəriüstü yaraların, bronxların, hətta qadın xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malikdir.

Burada istisu quyulardan 75 dərəcə hərarətlə çıxır. Sonra su vannalara vurulur və bədən temperaturuna uyğunlaşdırıldıqdan sonra xəstə suya daxil olur. Həkimlər deyir ki, yodlu sudan gün ərzində yalnız bir dəfə istifadə etmək lazımdır. Ümumilikdə isə müalicə 8 və 12 dəqiqə olmaqla 2 seansda aparılır.

Hər il istisuya rayon və şəhərlərimizdən başqa, Rusiya və Orta Asiya respublikalarından, Ərəb ölkələrindən, İrandan və Türkiyədən turistlər axın edirlər. Təəssüf ki, hazırda COVİD-19 virusunun bütün dünyada yayılması buradakı mühitə də təsir edib. Belə ki, indi yalnız yerli turistlərə rast gəlmək mümkündür. Maraqlıdır ki, buraya müalicə almaq üçün nəinki sıravi xəstələr, hətta tanınmış tibb işçiləri, məşhur həkimlər də müraciət edirlər. Əgər belə davam edərsə, görünür, "qarayanız Leyli"nin - Neftçalanın "məcnunları" - aşiqləri, "xəstə"ləri hələ çox olacaq...

Zabil PƏRVİZ
Neftçala

 





07.08.2020    çap et  çap et