525.Az

Qərb bölgəsinin kartofbecərən rayonlarında məhsul yığımı yekunlaşır


 

BU TƏRƏVƏZİN İSTEHSALINDA XÜSUSİ ÇƏKİYƏ MALİK OLAN TOVUZDA MƏHSULDARLIQ YÜKSƏKDİR

Qərb bölgəsinin kartofbecərən rayonlarında məhsul yığımı yekunlaşır<b style="color:red"></b>

Tovuz rayonunda 2020-ci il mövsümü  üçün əkilən kartof məhsulunun yığımı aparılır.
 
Rəsmi rəqəmlərə görə, bu il Tovuz rayonunda 6700 hektardan artıq ərazidə kartof məhsulları əkilib. Bu göstərici ötən illə müqayisədə təxminən 200 hektar artıqır. Bu günə kimi 4 min hektardan çox ərazidə kartof yığımı başa çatıb. Suvarma məsələlərindən asılı olaraq, sahələrin göstəriciləri fərqlənsə də, ilkin nəticələr onu deməyə əsas verir ki, rayon üzrə hər hektardan orta hesabla 25 tona yaxın məhsul gözlənilir.  Müasir suvarma sistemləri ilə təmin edilən ərazilərdə məhsuldarlıq daha yüksəkdir.

"Bu il qış quraq keçsə də, yazda  yağışlar kartof istehsalına müsbət təsir göstərib. İndiyə kimi 100 min ton məhsul yığılıb. Bu ilin məhsuldarlığının da ötən ilki ilə müqayisədə hər hektardan 10-15 ton  artıq olacağını demək olar. Əlbəttə, hər yerdə olduğu kimi, su çatışmazlığı  məsələləri bizdə də özünü, kəskin olmasa da, müəyyən mənada göstərir. Odur ki, müasir, qənaətcil suvarma sistemlərinin tətbiqi aktual məsələdir. Rayonun bu cür suvarma üsullarının mövcud olduğu sahələrində məhsuldarlıq daha yüksək olmaqla, hər hektardan 40-50 tona çatır", - deyə, Tovuz rayonu Dövlət Aqrar İnkişaf Mərkəsinin sektor rəhbəri  Mais Mustafayev qeyd edir.

Sözügedən tərəvəz bir növ, "ikinci çörək" olduğundan, kartofçuluq daim gəlirgətirən sahə hesab olunub.  Bu sahədə necə deyərlər, "ixtisaslaşan" fermerlərimizin də həm becərməni, həm bazarı yaxşı duymaları təqdirəlayiq haldır.

"Bizim, Respublikanın  istər aşağı, istər də dağ zonaları olmaqla, 6 rayonda ümumən  315 hektar kartof əkini sahələrimiz var. İndi  Tovuzda yığım vaxtıdır, buradayıq. Təxminən 15 gündən sonra artıq dağ rayonlarında  yığım mövsümü başlayacaq. Yüksək çıxım əldə etmək üçün xaricdən məhsuldar sortların toxumlarını gətirib becəririk. Təcrübəmiz artdıqca, əvvəlki səhvləri düzəldir, ildən-ilə istehsalın artım templərinə nail oluruq. Məhsulu  süni suvarma  sistemi ilə becəririk. Bu zaman suya qənaət olunur, çünki bitki üstdən sulanır və bu, onun yetişməsi üçün kifayət edir. Adi selləmə üsulu ilə gündə 1-2 hektar sahə su alırsa, sözügedən sistemlə  sutkada 15-18 hektarı suvarmaq mümkündür . Onu da deyim ki, hazırkı pandemiya şəraiti ilə bağlı iaşə müəssisələri işləmədiyindən tələbat dəyişkəndir. Amma fikrimcə, artıq vəziyyət sabitləşir - 10 gün bundan əvvəl məhsulumuzun kiloqramını sahədən, yeridəcə 20-25 qəpiyə alırdılarsa, hazırda bu rəqəm 35-40 qəpik olub", - deyə fermer Samir Verdiyev ətraflı işgüzar məlumat verir.

Məhsul yığılan sahədə əlbəttə, öz daşıma maşınları ilə "alıcı" iş adamları da fəallıq göstərirlər.

"Məhsulu almağa gəlmişik. Kartofun sortundan asılı olaraq, kiloqramını 35-40 qəpiyə götürürük. Yol və yanacaq xərclərimiz hər kilo üçün  5-6 qəpiyə bərabər olur. Əsasən Bakıya, bəzən də Gəncəyə aparır, bazarlarda  üstünə  yenə 5-6  qəpik qoyub, satışla məşğul olanlara veririk. Hər dəfə maşınlara 40-50 ton məhsul yükləyib aparırıq. Şükür, dolanırıq", - deyə onlardan biri, Tofiq Əhmədov bildirir.

Qeyd edək ki, hazırda ölkə üzrə kartof yığımı ancaq qərb bölgəsinin Şəmkir, Tovuz və Ağstafa rayonlarının ərazilərində həyata keçirilir. Avqustun sonlarına doğru  ölkənin dağlıq rayonları olan Gədəbəy,  Qəbələ, İsmayıllı və Qusarda da bu prosesə start veriləcək.

Zakir MURADOV
Tovuz-Gəncə

 





07.08.2020    çap et  çap et