525.Az

Şəmkirin aqrar potensialı artırılır


 

ƏNƏNƏVİ SAHƏLƏRLƏ YANAŞI, İSTİXANA ŞƏBƏKƏSİNİN XÜSUSİ ÇƏKİSİ DƏ YÜKSƏLİR

Şəmkirin aqrar potensialı artırılır<b style="color:red"></b>

Məlum planetar bəla ilə bağlı çətin şəraitə baxmayaraq, respublikamizin bütün bölgələrində olduğu kimi, iri kənd təsərrüfatı rayonlarından olan Şəmkirdə aqrar istehsalın həcminin sabitliyi və artırılması tempi davam etdirilir. Rayonun bu ilin birinci yarısında bu sahəyə aid açıqlanmış göstəriciləri bunu deməyə əsas verir.

Rəsmi statistikaya əsasən, 2020-ci ilin birinci yarısındakı dövrdə 40,7 min hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən, 14,2 min hektar sahədə taxıl əkilib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çoxdur. Cari ildə, hazırda da davam edən taxıl biçini mövsümündə, bu günədək  5121 hektar buğda sahəsi biçilib və hər hektardan orta məhsuldarlıq 34,3 sentner olmaqla 17560 ton, həmçinin, 3464 hektar arpa sahəsi biçilərək hər hektardan orta məhsuldarlıq 31,6 sentner olmaqla 10946 ton məhsul əldə edilib. Bu mövsümdə həmçinin, 6534 hektarda  kartof, 6407 hektarda  tərəvəz, 152 hektarda  bostan bitkiləri, 1624 hektarda  qarğıdalı, 924 hektarda  günəbaxan, 225 hektar sahədə şəkər çuğunduru, 10374 hektar sahədə yem bitkiləri əkilib.

Onu da vurğulamaq yerinə düşər ki, son dövlər ənənəvi  əkin ilə yanaşı, Şəmkirdə  istixana şəbəkəsinin genişlənməsinin miqyası elə bu sahəni də bir növ, rayon üçün "ənənəvi sahə" halına gətirib. Rayonda bostan, tərəvəz və meyvə istehsalında istixana şəbəkəsinin də payı əhəmiyyətli dərəcədədir. Hazırda ümumi sahəsi  min  hektarı ötmüş  Şəmkir istixanalarında 10 min nəfərdən artıq işçi çalışır. Bu ilin birinci yarısında mövcud istixanaların 817 hektarında pomidor, 206 hektarında xiyar, 2 hektara yaxın sahədə isə çiyələk yetişdirilib. İstixanalarda yetişdirilmiş 65 min tona yaxın pomidor məhsulunun 46 min tonu Rusiya Federasiyasının müxtəlif şəhərlərinə ixrac edilib, 19 min tonu isə Respublikamızın ərazisində satılıb.

Ölkəmizdə baramaçılığın inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq rayonda 2016-cı ildən etibarən başlanılan  və yerli kiçik sahibkarlığın inkişafında mühüm yer tutan barama istehsalına da diqqət yetirilir. Cari ildə rayonda 14 min kiloqram barama istehsal edilərək "Şəki İpək" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilib. Həmin  məhsulun qarşılığında Cəmiyyət tərəfindən şəmkirli istehsalçılara 53 min 817 manat vəsait ödənilib, onlara 66 min 984 manat subsidiyanın ayrılması üçün isə aidiyyatı sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib. Barama istehsalını genişləndirmək məqsədilə son beş il ərzində rayondakı müvafiq təsərrüfatlarda Çin Xalq Respublikasından gətirilmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 166 min ədəd çəkil-tut ağacları əkilib.

Rayonun heyvandarlıq təsərrüfatlarında da müsbət təzahürlər müşahidə edilir. Hazırda iribuynuzlu mal-qaranın sayı 56174 başa, qoyun və keçilərin sayı 272702 başa çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 2112 baş çoxdur. 2020-ci ilin 6 ayı ərzində 4768 ton ət, 26422 ton süd, 516,7 ton yun, 15 milyon 557 min ədəd yumurta istehsal olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalının 2,6 faiz, süd istehsalının 3,2 faiz, yumurta istehsalının 3,7 faiz artması deməkdir.

Zakir MURADOV
Gəncə-Şəmkir

 





07.08.2020    çap et  çap et