525.Az

Tələbələrin köçürülməsini asanlaşdıran elektron sistem - Araşdırma


 

Tələbələrin köçürülməsini asanlaşdıran elektron sistem - <b style="color:red">Araşdırma </b>

Son illər Təhsil Nazirliyinin həyata keçirdiyi ən mühüm islahatlardan biri də tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsinin elektron qaydada təşkilidir.

Proses il ərzində iki dəfə - tələbələrin qış və yay tətili dövründə həyata keçirilir. Tələbələrin köçürülməsi 2016-cı ildən transfer.edu.az portalı vasitəsi ilə  həyata keçirilir. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal vasitəsilə 2019-cu ilədək ümumilikdə 5959 tələbənin köçürülməsi həyata keçirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi, bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Qaydalara əsasən, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır: "Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycanın ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil almasıdır.  DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr, TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal), qənaətbəxş akademik göstəriciləri, köçürülmə səbəbləri, təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması da nəzərə alınır. Həmçinin,  DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləridir".

Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

Ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın.

Köçürülmək istəyən tələbə tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri özündə əks etdirən sənəd - akademik transkript, təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd, ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd,  köçürülmə səbəblərini təsdiq edən sənədi portala müvafiq bölməyə yükləməlidir.

Eyni zamanda, beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, IELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər,  təhsil haqqı borcunun olmamasına dair arayış da tələb olunan sənədlər sırasındadır.

Tələbə transfer olunduqdan sonra köçürülmədən imtina edə bilməz. Vətəndaşlığı olmayan şəxslərin köçürülmədə iştirak hüququ yoxdur. Tələbə bir semestr ərzində  transfer.edu.az saytında yalnız bir dəfə qeydiyyatdan keçə bilər.  Birinci kursda və sonuncu semestrdə heç bir köçürülməyə icazə verilmir.

Transfer.edu.az elektron portalı vasitəsilə köçürülən tələbə Həsənağa Ağaquliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alır. H.Ağaquliyevin sözlərinə görə, o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Türkiyənin Bilkent Universitetindən köçürülüb: "Türkiyənin Bilkent Universitetində təhsil alırdım. Təhsilimi Azərbaycanda davam etdirmək istəyirdim. Dostlarım mənə transfer.edu.az portalı haqqında dedilər. Tələbələrin köçürülməsi üçün yaradılan bu portaldan istifadə etmək qərarına gəldim. Tələb olunan sənədləri yüklədim və nəticə müsbət oldu. Məhz bu portal vasitəsilə mən Türkiyənin Bilkent Universitetindən Azərbaycan Dövlət Neft və  Sənaye Universitetinə köçürüldüm. Hazırda Azərbaycan Dövlət Neft və  Sənaye Universitetində kompüter elmləri üzrə təhsil alıram".

Azərbaycan Dillər Universitetinin tələbəsi Günay Əsgərova bildirib ki, öncə Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici dillər ixtisasi üzrə təhsil alıb. Ancaq seçdiyi ixtisas o qədər də ürəyincə olmadığı üçün onu dəyişmək istəyib: "Transfer.edu.az protalı fəaliyyətə başladıqdan sonra mən də bu imkandan istifadə etmək qərarına gəldim. Portal mənə ürəyimcə olan ixtisas üzrə təhsil almaq imkanı verirdi. Mən də bu imkandan yararlandım. Sənədlərimi yüklədim və köçürülmə ilə bağlı cavab aldım. Hazırda Azərbaycan Dillər Universitetində Regionşünaslıq (Böyük Britaniya) ixtisası üzrə təhsilimi davam etdirirəm. Belə bir portal yaradıb biz tələbələrə ondan istifadə etmək imkanı verdikləri üçün Təhsil Nazirliyinə təşəkkür edirəm".

Azərbaycan Tibb Universitetinin tələbəsi Aysel Mirzəyeva deyir ki, transfer.edu.az elektron portalının yaradılması tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi üçün yaradılan böyük imkandır: "Mən əvvəl Azərbaycan Tibb Universitetinin  tibbi profilaktika fakültəsində təhsil alırdım. Fakültəmi dəyişmək istəyirdim. Portalın yaratdığı imkandan istifadə etdim. Köçürülmənin təsdiq olunması ilə bağlı əmri çıxdı. Sonra qısa bir müddətdə köçürülmə işləri tamamlandı. Hər şey çox şəffaf və qanun çərçivəsində həyata keçirildi. Mən transfer.edu.az elektron portalından istifadə etməklə arzusunda olduğum Müalicə işi fakültəsinə köçürüldüm".

Portal vasitəsilə Türkiyənin Orta Doğu Texniki Universitetindən Azərbaycan Memarlıq və İnşaat Universitetinə köçürülən Təbriz Nağıyev vurğulayıb ki, köçürülmə həm asan, həm də maneəsiz həyata keçirilib: "Mənim maddi vəziyyətim çox ağır idi. Bu səbəbdən də təhsilimi Türkiyədə davam etdirə bilmədim. Orta Doğu Texniki Universitetində təhsil haqqı çox yüksək idi. Məbləği çatdırmadığım üçün universiteti ölkəmizdəki təhsil ocağı ilə dəyişmək qərarına gəldim. Bunun üçün Təhsil Nazirliyinə müraciət etdim. Nazirlikdən mənə dedilər ki, köçürülmə ilə bağlı heç bir yerə getmək ehtiyac yoxdur. Proses portal vasitəsilə həyata keçirilir. Bu, məni çox sevindirdi. Portala daxil oldum və lazımi prosedurları həyata keçirdim və AMİU-ya köçürüldüm.  Mən bir tələbə olaraq bizə yaradılan bu şəraitdən çox razı qaldım".

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, burada əsas tələb odur ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunan eyni ixtisas qrupu daxilində olmalıdır: "Yəni siz qəbul olduğunuz ildə yaxşı bal toplamısız, amma doğru ixtisas seçimi etməmisiniz, ya da oxuduğunuz ixtisas ürəyinizcə deyilsə, Təhsil Nazirliyi imkan verir ki, balınız uyğun gəlirsə, rahatlıqla, heç kimi görmədən, xərcə düşmədən köçürülmənizi edin.  Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Tələbələrin eyni tədris müəssisəsi daxilində ixtisasını və ya təhsil formasını dəyişməsi, eləcə də bir tədris müəssisəsindən digərinə köçürülməsi və tələbələr sırasından xaric edilmiş şəxslərin tələbələr sırasına bərpası  qış və yay tətilləri dövründə aparılır. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycanın bütün ali təhsil müəssisələrində təhsil alan tələbələrə şamil edilir. Bütün hallarda tələbələrin köçürülməsi yalnız əsaslandırılmış səbəblər olduqda həyata keçirilə bilər. Proses  transfer.edu.az portalı vasitəsi tamamilə şəffaf şəkildə həyata keçirilir".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





07.08.2020    çap et  çap et