525.Az

"Səfirin müşaviri" - Anım


 

PROFESSOR MEHMAN MUSA OĞLU HAQQINDA KİÇİK BİR XATİRƏ

"Səfirin müşaviri" - <b style="color:red">Anım</b>

Keçən il məni ağrıdan xəbərlərdən biri də əziz dostum, tələbəlik illərinin yadigarı Mehman Musa oğlunu itirməyimiz oldu. Bu itki tək dost itkisi deyildi, dilçiliyimiz, türkolologiyamız, diasporumuz üçün ağır itki idi.

Mehman Musa oğlunu mən 1967-ci ildən tanımışam. O vaxt Bakı Dövlət Universitetində filologiya fakültəsinin II kurs tələbəsi idim. Həmin il Mehman bizim fakültənin birinci kursuna qəbul olunmuşdu. Rayondan gələn tələbələrin çoxu universitet yataqxanasının sakini olurdu. Təbii ki, biz də Yasamalda universitetin 3 nömrəli yataqxanasında qalırdıq və ömrümün beş ilinin sevinci, acısı, yuxusuz gecələri bu yataqxana ilə bağlıdır. Burada bizimlə eyni  mərtəbədə qalan tələbə yoldaşımız Mehmanı biz deyib-gülən, zarafatcıl, mehriban, enerjili bir gənc kimi sevirdik. Fakültədə də müəllimlərin etimadını qazanmışdı.Tələbə elmi cəmiyyətinin konfranslarında fəal idi. Dekanımız, akademik Ağamusa Axundov böyük alim, həm də çox mədəni və mehriban insan idi, savadlı, fəal tələbələrə də həmişə qayğı göstərərdi. Ona görə də Mehman onun diqqətini cəlb etmişdi, tədbirlərdə Mehmanın perspektivli tələbə kimi adını çəkərdi. Universiteti bitirdikdən sonra Mehmanla məktublaşırdıq. Yadımdadır ki, bir dəfə Sumqayıtdan göndərdiyi məktubda məktəbdə müəllim işlədiyini, elmi işini davam etdirmək arzusunda olduğunu yazmışdı. Bu arzular Mehmanı elm məbədimiz olan akademiyaya gətirib çıxardı və o, 1975-ci ildə akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına sənəd verdi, neçə rəqibini geridə qoyaraq  qəbul oldu. Elə o vaxtdan mənim əziz dostum özünü elmə həsr etmişdir. Mehman müasir dilçiliyimiz üçün yeni qavramlar olan mətn dilçiliyi, aktual sintaksis, kommunikativ sintaksis, funksional qrammatika məsələlərinin tədqiqinə çox həvəslə girişmişdi. Onu da deyim ki, mənim də doktorluq işimin mövzusu əvvəl qədim türk dilinin sintaksisindən idi. Yeni konsepsiyaları, qavramları, məfhumları mənimsəyə çətinlik çəkdiyim üçün mövzumu dəyişdim.Yadımdadır ki, o, SSRİ Elmlər Akademiyasının Novosibirsk filialında elmi konfransa dəvət olunmuşdu, burada gənc alim kimi onun tədqiqatları yüksək qiymətləndirilmişdi və əziz dostum bu hadisədən sevinclə  danışırdı. Türkologiyanın bu çətin və mübahisəli sahəsində Mehman 1980-ci ildə namizədlik, 1995-ci ildə doktorluq dissertasiyasını böyük uğurla müdafiə etdi.

Keçən əsrin 90-cı illərinin əvvəllərində gənc dilçilərin hamısının sevimli ustadı akademik Ağamusa Axundov artıq Bakı Dövlət Universitetindən akademiyaya keçmişdi, Nəsimi adına Dilçilik İnstitutunun direktoru işləyirdi, Mehman da Türk dilləri şöbəsində böyük elmi işçi idi. Ağamusa müəllim sevimli tələbəsinin araşdırmalarını maraqla izləyirdi, dəstək olurdu, onun çalışmalarını yüksək qiymətləndirirdi. Elə buna görə də Nəsimi adına  Dilçilik İnstitutu ilə Ankara Universiteti arasında bağlanmış müqaviləyə əsasən, Mehmana mübadilə qaydası ilə Türkiyəyə getməyi, Avropaya çıxışı olan bu elmi mühitdə tədqiqatlarını genişləndirməyi məsləhət gördü. O zaman Türkiyəyə Naxçıvan üzərindən getmək daha əlverişli idi. Mən Mehmanı bir soyuq dekabr axşamı Naxçıvanda qarşılayıb sabahısı səhər tezdən Ankaraya yola saldım. Mehman müəllimin ilk vaxtlar müəyyən xırda məişət problemləri oldu, amma o, bu çətinliklərə sinə gərib dözdü. O, yaşının bu vaxtına baxmayaraq, tələbə yataqxanasında yaşayırdı. O vaxtlar Naxçıvan Dövlət Universitetinin Türkiyənin Ankara Universiteti ilə sıx qardaşlıq əlaqələri var idi. 1997-ci ildə Ankara Universiteti qardaş universitet kimi Naxçıvan Dövlət Universitetinin bir qrup əməkdaşını Türkiyə dövlətinin paytaxtına qonaq  dəvət etmişdi. Mənim də daxil olduğum qrup universitetin Tandoğan meydanı yaxınlığında Qazi Mustafa Kamal bulvarındakı yataqxanasında yerləşdirilmişdi. Dediyim kimi, Mehman da həmin yataqxanada yaşayırdı, görüşdük, gördüm ki, sıxılırdı. Mən özüm də 5 il  də universitetdə müəllim işləmişəm. Mehmanın əhvalından gördüm ki, qürbət, qəribçilik çətin şeydi. Neçə illərdir, iki oğlu Bakıda idi, övladları üçün burnunun ucu göynəyirdi. Nəhayət ki, biz görüşəndən bir-iki il sonra ailəsini Ankaraya gətirə bildi. Minnətdarlıq hissilə qeyd etməliyəm ki, mən hər dəfə Ankaraya elmi konfransa getdiyim zaman Mehman gələrdi, görüşərdik, dərdləşərdik. Ailəlikcə gediş-gəlişimiz var idi. Ankara metrosunun "Kolej" stansiyasının yaxınlığında olan evinə məni  qonaq aparmışdı. Evin  sahibəsi Ruziyə xanım Şəki mətbəxinə məxsus gözəl təamlardan ibarət süfrə açmışdı. Mehman müəllim Türk Dil Qurumunda, TİKA-da, Bilkənt universitetində, Ankara Universiteti TÖMER-də işlədi, böyük bir məktəb keçdi, bir alim kimi elmi, məsuliyyəti, davranışı ilə elmi-pedaqoji mühitin etimadını qazandı. Bu keyfiyyətlərinə görə Ankaradakı məşhur Qazi Universitetində işə qəbul olundu. 2006-cı ildən isə ömrünün sonunadək bu universitetin Ədəbiyyat fakültəsi Çağdaş türk ləhcələri və ədəbiyyatı bölümündə professor olaraq çalışdı, tədris işilə məşğul oldu, eyni zamanda, dəyərli tədqiqat əsərləri yazdı.

Yadımdadır, mənim 1990-cı ildə ADPU nəşriyyatında rotoprintlə nəşr olunan "Qədim türk dilinin sintaksisi" adlı kitabımı istədi. Mətbəədə kitab keyfiyyətsiz çıxdığı üçün yaxşı oxunmurdu. Mehman deyirdi ki, çətinliklə də olsa oxudum. İndi baxıram ki, bir neçə monoqrafiyasının istifadə olunmuş ədəbiyyat siyahısında mənim  kitabımın da adı var.

Mehman müəllim çox xeyirxah və alicənab, həm də mülayim və mehriban  bir insan idi. O, sanki Azərbaycanın Türkiyədəki səfirinin müşaviri idi, Ankaraya  gələn bütün tanışların problemləri ilə canla-başla məşğul olar və yoruldum deməzdi. Qohumu, tanınmış filoloq, german dilləri üzrə görkəmli alim Fəxrəddin Veysəlli ilə də məni Ankarada tanış etmişdi. Axırıncı görüşümüz də Yeni Türkiyə strateji araşdırmalar mərkəzinin  2017-ci il 13-16 noyabr  tarixlərində Ankarada təşkil etdiyi "Türkcə konuşan ülkələr" beynəlxalq qurultayında oldu. Nə yaxşı ki, bu tədbirdən bir xatirə rəsmi qalmışdır. Dostumuz Xeyrəddin İvginin gənc və sevimli oğlu (bizim də xatirini çox istədiyimiz) Ərhan bəy rəhmətə getmişdi, birlikdə Qızılaydakı ofisinə gedib başsağlığı verdik.

Mehman müəllim Ankarada Azərbaycanı layiqincə təmsil edən bir elm adamı kimi başımızı uca etdi. Təsadüfi deyil ki, Türkiyədə hazırda ən tanımış dilçi professor Əhməd Bican Ərcilasun Mehmanın elmini də, insanlığını, məsuliyyət və təvazökarlığını da yüksək qiymətləndirirdi. Ona görə də yanılmıramsa, Əhməd bəy Mehmanın Ankaranın Qazi Universiteti kimi mötəbər bir tədris ocağında işləməsini referans etmişdi. Professor Mehman Musa oğlu  elmi qabiliyyəti, insanlığı, davranışı, məsuliyyəti ilə bu etimadı yüksək səviyyədə doğrultdu. Mehman müəllim yuxarıda dediyim kimi, sintaktsis sahəsində yeni axtarışlar üzrə müasir türkologiyada Türkiyədə yaşayıb fəaliyyət göstərən  Azərbaycan üzrə yeganə mütəxəssis sayılırdı. Yaxşı ki, o zaman Slavyan Universitetinin rektoru işləyən akademik Kamal Abdulla Mehmanı tədris işinə cəlb etmişdi, ara-sıra Bakıya gələndə universitet tələbələrinə müasir türkologiyanın qarşıda duran vəzifələri haqqında mühazirə oxuyardı. Mehman da tədris işinə çox kömək etmiş, gənc kadrların hazırlanmasında əməyini əsirgəməmişdi. Akademik Kamal Abdulla bu universitetdə "Mütərcim" nəşriyyatını yaratmışdı, onun kitablarının nəşr olunmasına kömək etmişdi. Bu sanballı kitablar "Türk dillərində mürəkkəb cümlə sintaksisi" (2010) və "Türkoloji dilçilik" (2012) dərslik-monoqrafiyalarından ibarət idi.

Mehman müəllim ənənəvi qrammatikanın, xüsusilə sintaksisin zamanın tələblərinə cavab vermədiyini qeyd edir və əsas qüsurlarını bu cür göstərirdi:

1. Türk dillərində sintaktik paralelizm, parselyasiya, inversiya, ellipsis kimi dil-nitq hadisələrinin simmetrik və asimmetrik mahiyyətinin dolğun elmi-linqvistik açıqlanması və hərtərəfli kameral-filoloji təsviri  indiyə qədər verilməmişdir.

2. Mürəkkəb sintaktik bütövlərin və ya frazadan böyük vahidlərin sıralı, tabesiz, bağlayıcısız, qarışıq tipli mürəkkəb cümlə quruluşları olaraq öyrənilmişdir.

3. Türk dillərində sözün və şəkilçilərin və ya müxtəlif sintaktik vahidlərin dialektik materializm dünyagörüşünə əsasən qrammatik inkişafı nəzəriyyəsi uydurulmuşdur və s.

O, daha sonra qeyd edirdi ki, "Bu gün müstəqillik illərində linqvistik və qrammatik açıqlamalardakı sözügedən və digər bunlara bənzər çatışmazlıqlar və ya tutarsızlıqlar türkoloji dilçilikdə artıq dilə gətirilməkdədir. Onlar çağdaş dilçilik nəzəriyyələrinin, müxtəlif linqvistik yönüm və yöntəmlərin digər inkişaf etmiş dillərdəki tətbiqinin işığında türk dillərinin quruluşuna və diaxronik inkişafına uyğun olaraq qiymətləndirilməkdədir".

Mehman müəllimin bu monoqrafiyalarını oxuduqdan sonra məndə belə bir qənaət yarandı ki, türk dillərində cümlə və mətn komponentləri arasındakı dilə və aktual üzvlənməyə söykənən semantik, funksional əlaqələr və bəzi simmetrik-asimmetrik mütənasibliklər türkoloji dilçilikdə də artıq təsbit olunmuşdur. Bu dillərdə morfoloji və sintaktik vahidlərə dair qrammatik kateqoriyaların struktur-semantik və funksional kriteriyaları yeni linqvistik yönüm və yöntəmlərlə öyrənilmişdir. Məsələn, sadə və mürəkkəb cümlələrin sintaqmatik və paradiqmatik özəllikləri göstərilmişdir. Onların dil sistemindəki uyğun struktur-funksional modelləri müəyyənləşdirilmişdir .

O, türkoloji dilçilikdə son illərdə özünü göstərən yenilikləri belə ümumiləşdirirdi: "Beləliklə, keçən əsrin 70-ci illərindən başlayaraq türkoloji dilçilikdə yeni linqvistik yönüm və yöntəmlərlə aparılan araşdırmalar və ayrı-ayrı türk dillərinə dair görülən konkret praktik işlər günümüzdə artıq müəyyən bir elmi-metodoloji səviyyəyə gəlib çatmışdır. Həmin araşdırmalar və ya elmi-praktik işlər əsas etibarilə semantik, funksional, riyazi, sosiolinqvistik, statistik, korpus, mətnlinqvistik, koqnitiv-konseptual və s. digər yeni araşdırma-öyrənilmə yönümləri və yöntəmləri ilə aparılmışdır".

Professor Mehman Musa oğlu 14.08.1950-ci ildə dünyaya gəlmişdi, yaşasaydı, indi 70 yaşı olacaqdı. Bu gözəl insanın, böyük elm adamının, görkəmli pedaqoqun 70 illiyini onsuz keçiririk.Təsəllimiz odur ki, ustadın yolunu onun yetişdirdiyi gənc tədqiqatçılar layiqli şəkildə davam etdirir. Professor Mehman Musa oğlu onu sevənlərin qəlbində həmişə yaşayacaq. Allah rəhmət etsin, nur içində yatsın.

 





07.08.2020    çap et  çap et