525.Az

Məlumatsız vətəndaşların VÖEN problemi - Araşdırma


 

Məlumatsız vətəndaşların VÖEN problemi - <b style="color:red">Araşdırma </b>

Son illər özəl sektorların işəgötürmə ilə bağlı yol verdikləri bir çox qanundankənar hallara qarşı dövlət nəzarəti daha da gücləndirilib.

Nəticədə əmək münasibətlərinə cəlb olunan insanların haqlarının və pensiya təminatlarının düzgün qurulması üçün yetərincə şərait yaradılır. Amma bu sahədə vətəndaşların əsəsən məlumatsız olması bəzi özəl qurumların marağındadır və onlar bundan vergidən yayınmaq üçün istifadə edirlər. Bu, əsasən işəgötürmə - əmək münasibətlərinin qanunla tənzimlənməsi zamanı baş verir. Vətəndaş əmək müqaviləsi ilə xidməti müqavilə arasındakı fərqi bilmədiyi üçün hansı formada əmək məsuliyyətinə cəlb edildiyini də, bunun gələcək təsirlərindən də xəbərsiz olur.

Bu məsələ ilə bağlı "525-ci qəzet"ə açıqlama verən "Perfect Rate Consulting" şirkətinin direktoru Rauf Pənahəliyev bildirib ki, dövlətin vergi sistemi tənzimləməsi işçinin maraqlarına cavab verir və aidiyyati qurumlar vaxtaşırı vətəndaşları bu məsələ ilə bağlı məlumatlandırmağa çalışır: "Amma burda işçinin qanunla təyin edilmiş hüquqlarından xəbərsiz olması onun özəl qurum tərəfindən istismarına gətirib çıxara bilir. Heç bir işə götürənin işə qəbul etmə zamanı VÖEN tələb etmək haqqı yoxdur.  Əgər  işəgötürən vətəndaşı əmək münasibətlərinə cəlb edirsə, artıq burada əmək müqaviləsi bağlanmalıdır.

Amma əgər hər iki tərəf də vergi ödəyicisidirsə və onlar arasında əmək münasibətləri deyil, xidməti münasibətlər rəsmiləşdirilirsə, yalnız bu zaman xidməti müqavilə bağlanılır. Xidməti müqavilə zamanı yaranan vergi mükəlləfiyyətləri Vergi Məcəlləsinə uyğun olaraq hesablanır. VÖEN xidməti müqavilə bağlayan zaman lazımdır.

VÖEN - vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi deməkdir. Azərbaycanda vergi ödəyicilərinin vahid qeydiyyat sistemi VÖEN vasitəsi ilə həyata keçirilir. Sadə dillə desək, bu, hər bir vergi ödəyicisinin, yəni sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin (mülkiyyət formasından asılı olmayaraq) fərqləndirilməsi üçündür. Necə ki, uşaq anadan olanda ona ad qoyurlar və adamları adları ilə fərqləndirirlər, bu da demək olar ki, eyni haldır. Vətəndaş sahibkarlıqla məşğul olarkən şəxsiyyət vəsiqəsi ilə müvafiq vergi orqanına yaxınlaşmaqla vergi qeydiyyatına durur və bu zaman vətəndaşa VÖEN təqdim olunur. Həmin VÖEN vasitəsilə də fəaliyyəti barədə hesabatları təqdim edib müvafiq mükəlləfiyyətə uyğun vergi ödəyir.

Vətəndaş bilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, onun əmək hüququ var. İşə götürənlə işçi arasında əmək münasibətlərini isə əmək müqaviləsi rəsmiləşdirir.  Əmək müqaviləsi  Əmək Məcəlləsinin maddələrinə uyğun olaraq bağlanılmalıdır. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir".

R.Pənahəliyev bildirib ki, dəfələrlə vətəndaşlardan VÖEN tələb olunduğu, onların VÖEN-lə işə cəlb edildiyi faktı üzə çıxıb: "Burda iki məsələyə diqqət etmək lazımdır. Tərəflər arasında hansı münasibətlər rəsmiləşdirilir: əmək münasibətləri, yoxsa xidməti münasibətlər? Əgər tərəflər arasında xidməti münasibətlər rəsmiləşdirilirsə, bu zaman vətəndaş öncə vergi qeydiyyatına durmalı, VÖEN almalı, ondan sonra xidməti münasibətlər rəsmiləşdirilməlidir. Lakin hazırda bir çox vergi ödəyiciləri bəzən vergidən yayınmaq üçün belə addımlara yol verirlər. Əslində, bu, ondan irəli gəlir ki, işçiyə hesablanan əmək haqqı zamanı hazırda mövcud olan qanunvericiliyə uyğun olaraq işçinin əmək haqqısından Məcburi Dövlət Sosial Sığorta (MDSS - red.) haqqı, işsizlik sığortası haqqı, eyni zamanda, muzdlu işdən əldə olunan gəlirə görə də gəlir vergisi tutulur. Həmçinin, işəgötürən də mövcud qanunlara əsasən hesablanan əmək haqqına uyğun olaraq MDSS və İşsizlik sığortası haqları ödəməlidir. Bu ödənişlərdən yayınmaq üçün işəgötürənlər əmək deyil, xidməti müqavilə bağlamağa çalışırlar. Çünki xidməti müqavilə bağlanılan zaman vətəndaş artıq vergi ödəyicisi olduğu üçün MDSS haqqını özü ödəməlidir. Öz gəlirlərinə uyğun olaraq vergi hesabatları verməli və vergiləri ödəməlidir".

R.Pənahəliyev qeyd edib ki, vətəndaşların məlumatsız qalması onların ziyanınadır: "İlk növbədə əmək müqaviləsi Əmək Məcəlləsinin tələbləri əsasında bağlanılır. Burda işçinin bütün sosial təminatları öz əksini tapır. İşçi əmək haqqını əvvəlcədən müəyyən olunan tarixdə hər ay ala bilir. Mövcud qanunvericiliyə uyğun olaraq, həftədə 40 saatdan artıq işə cəlb olunmur. İldə minimum halda 21 gün əmək məzuniyyətindən istifadə edə bilir. Bundan əlavə, sosial ödənişli məzuniyyətlər də götürə bilir. Əgər işçinin səhhətində hər hansı problem yaranarsa, müvəqqəti olaraq əmək qabiliyyətini itirərsə, həmin dövr üzrə də sosial haqları qorunur. 6 ay sığorta stajı olduğu halda, xəstəlik vərəqəsinə görə ödəniş ala bilir, gələcək dövr üçün pensiya təminatı yaranır. Həmçinin, işçilər mövcud qanunvericiliyə əsasən,  bədbəxt hadisə və peşə xəstəliklərinə görə sığortalanırlar. Bütün bu təminatlar əmək müqaviləsinin üstünlüyünü göstərir.

Buna görə, vətəndaş ilk növbədə işə düzələn zaman işə götürənlə iş haqqında bütün detalları ətraflı danışmalıdır. Ondan VÖEN tələb edilərsə, niyə bunu tələb etdiklərini soruşmalıdılar, aralarında niyə əmək müqaviləsi bağlanmadığı haqqında məlumat əldə etməyə çalışmalıdır. Eyni zamanda, işəgötürənin bağlayacağı müqavilə ilə hansı təminatları olacağını öyrənməlidir. Bəzən vətəndaşlar işsizlikdən əziyyət çəkdikləri üçün dərhal işə düzəlməyə görə ətraflı şəkildə detalları öyrənmirlər. Onlarla əmək, yoxsa xidməti müqavilə bağlandığını bilmədən, müqaviləni oxumadan qol çəkirlər. Əgər işəgötürən tərəfindən bu suallar ətraflı cavablandırılmırsa,  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında DVX-nə müraciət edə bilərlər. Hazırda dövlətin bu sahədə maarifləndirici tədbirləri də qənaətbəxş hesab olunur. Daimi olaraq videoçarxlar, reklam lövhələri vasitəsi ilə vətəndaşlar məlumatlandırılır. Bununla bağlı 195 çağrı mərkəzi ilə də əlaqə saxlamaq mümkündür". 

Natavan ABDULLAYEVA

 





07.08.2020    çap et  çap et