525.Az

Azərbaycanlı rejissorun uğuru ictimaiyyətin diqqətində - Şahanə Müşfiqin yazısı


 

Azərbaycanlı rejissorun uğuru ictimaiyyətin diqqətində - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Azərbaycanlı rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" ("In between dying") filmi Venesiya beynəlxalq film festivalının "Qızıl şir" mükafatına iddialıdır. Beynəlxalq festivalın uzun siyahısına seçilən film Azərbaycan kino tarixində bu uğuru qazanmış ilk ekran əsəridir.

Filmin yaradıcı heyəti hələ ki, mətbuata geniş danışmaq istəməsə də, rejissor Hilal Baydarov Kulis.az-a açıqlamasında "Səpələnmiş ölümlər arasında" filminin 77-ci Venesiya Kinofestivalının əsas proqramına daxil olacağını gözləmədiyini deyib: "Bu il pandemiyaya görə, Venesiya festivalında ən ağır il sayılırdı. Belə bir vəziyyətdə bu uğuru gözləmirdim. Bu mənada, bu nəticə mənim üçün gözlənilməz oldu".

Rejissor, eyni zamanda, filmin növbəti mərhələlərdə uğur qazanacağına inandığını bildirib: "Təvazökarlıqdan uzaq olmasın, mən filmimə inanıram. İnşallah, daha böyük uğurlarım olar. Ümumilikdə, yeni nəsil rejissorlarımıza inanıram. Gənclər yaxşı filmlər çəkir, gələcək üçün böyük uğurlarımız olacaq".

Xatırladaq ki, filmin təqdimatı 2-12 sentyabrda Venesiyada keçiriləcək. Rejissorun sözlərinə görə, bu ilin noyabrında isə Azərbaycanda təqdimat keçiriləcəyi gözlənilir: "Hələ kinoteatrlarla danışmamışıq. Pandemiya aradan qalxandan sonra danışmaq və mümkün olsa, təqdimat eləmək fikrimiz var".

"Səpələnmiş ölümlər arasında" filminin ssenarisi Rəşad Səfər, Hilal Baydarova, quruluşu Hilal Baydarova məxsusdur. Təqdim edənlər Elşən Abbasov, Hilal Baydarov, birgə istehsalçılar Karlos Reyqas, Coslin Barnes, icraçı prodüserlər Danny Glover, Susan Rockefeller, əlaqələndirici prodüser Sarah D'Hanens, görüntü rejissoru Elşən Abbasov, bəstəkar Kənan Rüstəmli, operator Orxan Həsənovdur.

Rollarda Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oktay Namazov, Mürvət Əbdüləzizov, Pərviz İsaqov, Gülnaz İsmayılova, Gülarə Hüseynova iştirak edirlər.

Azərbaycanla Amerikanın birgə istehsalı olan "Səpələnmiş ölümlər arasında" filmi Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs edir.

Qeyd edək ki, bu il keçiriləcək 77-ci Venesiya kinofestivalı, koronavirus böhranından sonra ilk böyük beynəlxalq kino hadisəsi olacaq. Dünyanın ən qədim film festivalı olan Venesiya festivalı hər ilə avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir. Festivalın əsas mükafatları ən yaxşı filmlərə verilən "Qızıl Şir" mükafat, ən yaxşı aktyor və aktrisalara verilən "Volpi kuboku" mükafatlarıdır.

"Qızıl şir" mükafatı 1949-cu ildə təsis edilib. "Qızıl şir"ə iki dəfə sahiblənən cəmi dörd rejissor var: Andre Kayat, Lui Mal, Çjan İmou və Enq Li.

Festivala ev sahibliyi edən Venesiya Bienalindən verilən açıqlamada, Paolo Barattanının sədrliyi ilə 10 yanvarda bir araya gələn idarə heyətinin qərarı ilə 77-ci Venesiya Film Festivalının jüri sədrliyi üçün aktrisa Keyt Blançet seçilib. Festival bu il 2-12 sentyabrda Venesiyanın Lido Yarımadasında baş tutacaq. "Qızıl Şir" mükafatı isə sentyabr ayının 12-də öz sahibinə təqdim olunacaq.

Bu il müsabiqədə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" (In Between Dying) filmiylə yanaşı, Majid Majidi, Andrei Konchalovsky, Gianfranco Rosi, Chloe Zhao, Kiyoshi Kurosawa kimi rejissorlar da yarışacaqlar. Ümumilikdə festivalın proqramına 18 tam və 15 qısametrajlı film daxil edilib.

Azərbaycan kino tarixində ilk dəfədir ki, A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alan filmin rejissoru Hilal Baydarovun filmləri əvvəllər də bir çox festivallara qatılıb. "Adsız yüksəkliklər" bədii filmi Kanadada Monreal Film Festivalında və Almaniyada Kotbus Film Festivalında, "Xurmalar yetişən vaxt" 25-ci Sarayevo Kino Festivalında, "Ad günü" filmləri Belçikanın "Bridges" film festivalında nümayiş olunmuşdu.

Azərbaycan kinosunun bu uğuru ictimaiyyətdə, xüsusən kino mühitində rezonansa səbəb oldu. Kino tənqidçiləri, rejissorlar, aktyorlar, yazıçılar bu hadisəni Azərbaycan kinematoqrafiyasının inkişafına ciddi təkan verə biləcək müsbət addım kimi qiymətləndirdilər. Onlardan bəzilərinin fikirlərini təqdim edirik.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru, prodüser Fehruz Şamıyevin fikrincə, bu hadisə Azərbaycan kinosunun beynəlxalq müstəvidə müsbət imic qazanması üçün önəmli uğurdur: "Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filminin uğuru barədə sadə şəkildə onu deyə bilərəm ki, bu, Azərbaycan kino tarixində festivallarda qazanılmış ən böyük nəticədir. Məlumdur ki, Venesiya festivalı dünyanın ən qocaman və  böyük festivallarından biridir. Azərbaycan bu festivalda yalnız Elçin Musaoğlunun "Nabat" filmi ilə iştirak edib. Amma "Səpələnmiş ölümlər arasında" bu festivalın əsas proqramına düşən ilk filmimizdir. Düşünürəm ki, bu hadisə Azərbaycan kinosunun beynəlxalq arenada müəyyən imic qazanmasına birbaşa təsir edəcək. Bundan başqa, həm də Avropada Azərbaycan haqqında müsbət fikrin formalaşmasında da müəyyən rol oynayacaq. Azərbaycanın bir mədəniyyət ölkəsi, kino ənənəsi olan bir respublika kimi tanınmasında bu tip hadisələrin rolu çox böyükdür. Yəni bu informasiya ölkəmizin təbliğinə də təsir göstərir. Məncə, bu hadisələrdən yararlanmaq lazımdır".

F.Şamıyev bu cür uğurların pərdə arxası məqamlarına da toxundu, bu istiqamətdə müştərək layihələrin önəmindən söz açdı: "Müştərək layihələrin hazırlanmasına daha çox diqqət etmək lazımdır. Yox, əgər yenə də əvvəlki kimi bir nöqtədə qalsaq, bu uğurlarımızın milli kinomuzda elə də bir nəticəsi olmayacaq. Amma hər bir uğur qazanmış rejissorların təcrübəsindən, əlaqələrindən yararlanmaq lazımdır. Müxtəlif şirkətlərlə müştərək layihələrin hazırlanmasında bu rejissorların təcrübəsi nəzərə alınmalıdır. Azərbaycan kinosunun dünyadakı yeri müştərək layihələrdən asılıdır".

Aktyor Kamran Ağabalayev Hilal Baydarovun bu uğurunun gözlənilməz olmadığını, həm sözügedən rejissorun, həm də bir sıra gənc rejissorlarımızın son illərdə keyfiyyətli filmlər ərsəyə gətirdiklərini dedi. Amma aktyor həmin rejissorlara və həmin filmlərə göstərilən maraqdan gileylidir: "Düşünürəm ki, həm Rüfət Hüseynov, həm Teymur Hacıyev, həm Hilal Baydarov, həm də Elvin Adıgözəl onsuz da bir neçə il qabaq, bu yolun başlanğıcında olanda artıq mesaj vermişdilər ki, bu günlər o qədər də uzaqda deyil. Elvinlə Rüfətin "Buqələmun" filmi, Teymurun və Hilalın bir neçə filmini saymaq olar ki, gələcək böyük uğurların xəbərçisi idilər. Ona görə də bu uğur, sözün düzü, o qədər də gözlənilməz olmadı. Bizim filmlər festivallara gedib-gəlirdilər, sadəcə olaraq, media işıqlandırmırdı. Yəni statistika olaraq baxsaq, bizim ucuz komediyalarla sənədli filmlərimizin mediada işıqlandırma nisbətinə nəzər salsaq, görəcəyik ki, hamıya o komediyaların nümayişinə gələn qonaqların geyimləri daha maraqlı idi, nəinki adını çəkdiyimiz o rejissorların filmlərinin festivallarda iştirakı. Məncə, bunun səbəbini bir az da mediada axtarmalıyıq. Fikrimcə, bu gün də həmin rejissorlara mediada lazımınca yer verilmir. Sadəcə olaraq, başa düşmürük, anlamırıq ki, Venesiya nədir, haradır, film dünyasında hansı mərtəbədir. O rejissorlar haqda deyə bilərəm ki, Allah yollarını açıq eləsin. Bəzi insanlar var, oturub gözləyirlər ki, nə vaxtsa kimsə onlara dəstək olacaq. Ən gözəli odur ki, bu dördlük heç zaman o dəstəyi gözləməyib. Ordan-burdan böyük zəhmətlə qazandıqları pulla filmlərini çəkiblər və bu gün də bəhrəsini görürlər.  Nə yazıq ki, bu gün də insanlara həmin o "üzdəniraq" filmlərə gələn qonaqların geyimləri maraqlıdır. Ümid edirəm ki, yaxın gələcəkdə bu, dəyişəcək. Hilal Baydarovun filmi artıq Venesiyadadır. Onun bundan sonrakı mərhələdə hansı nəticə göstərəcəyi kimsəyə maraqlı olmamalıdır. Çünki o, artıq Azrbaycan kinemotoqrafiyası üçün ən böyük uğuru qazanıb. Təbrik edirəm!" 

Yazıçı, şair, dramaturq İlqar Fəhmi Hilal Baydarovun bu uğurunu özünün sosial şəbəkə hesabında paylaşdı: "Venesiya Kino Festivalında Azərbaycan filminin yer alması gənc rejissorlarımız üçün böyük stimuldur. Əlbəttə ki, zövqlər müxtəlifdir, kimsə festival filmlərini bəyənir, kimsə bəyənmir. Amma "bizim sənətkarlar heç nə bacarmırlar, biz heç yerə çıxa bilməyəcəyik" şüarını əldə tutub, hər yana neqativ səpələyən dahi tənqidşünaslarımız bilsinlər ki, hər şeyə nail olmaq olar, sadəcə çalışmaq, əziyyət çəkmək və ən əsası da ruhdan düşməmək lazımdır. Boş-boş danışıb gəncləri həvəsdən salmaqdansa, heç olmasa, sussalar daha yaxşıdır. Çünki susmaq qızıldır. Hilal Baydarova və "Ucqar film"ə isə uğurlar arzu edirəm".

"525-ci qəzet"ə açıqlamasında İlqar Fəhmi hələ ki, filmə baxmadığını, ancaq təxminən festival filmlərinin zövqündən xəbərdar olduğunu dedi: "Hələ ki, film nümayişə çıxmayıb. Ona görə də film və məzmunu haqda danışmaq tezdir. Nümayiş olunandan sonra ətraflı söz demək olacaq. Ancaq müəyyən qədər festival filmlərinə necə əsərlər seçildiyini bildiyimdən, bu filmi də təxmin etmək olur. Əsas odur ki, beynəlxalq səviyyəli böyük bir kino festivalında önəmli uğura imza atıb. Bu, kinomuz üçün mühüm hadisədir. Yaradıcı heyəti təbrik edirəm!"

Əməkdar İncəsənət xadimi, yazıçı, ssenarist, rejissor Orxan Fikrətoğlu da sosial şəbəkədə bu mövzuya yer verdi və filmin rejissoruna səsləndi: "Hilal Baydarov kimi adamlar Azərbaycanda dəbi dəyişirlər. Mən, açığı, onu tanımıram, filmlərinin də ancaq fraqmentlərini görmüşəm. Amma bu fraqmentlər belə onun kinemotoqrafik zövqündən xəbər verir. Uğur olsun, qardaş. Sən və sənin kimi müstəqil düşünə bilənlər Azərbaycanı dünyada tamam başqa müstəvidə tanıdacaqlar. Səninlə fəxr edirik".

 





08.08.2020    çap et  çap et