525.Az

Bütün dünya ümumi vətəndir - Loğman Rəşidzadənin məqaləsi


 

MULTİKULTURALİZMDƏ ERAZM RUHU

Bütün dünya ümumi vətəndir - <b style="color:red">Loğman Rəşidzadənin məqaləsi </b>

Bəşəriyyətin zaman-zaman çox ciddi ictimai-siyasi, mənəvi-əxlaqi təbəddülatlar yaşaması, sərt təhdidlərlə üz-üzə qalması özünüqoruma instinktilə təbii reabilitasiyalar doğurmuş, eyni zamanda, universal insan zəkası, ehtirası və cəsarətilə yeni axtarışlara çağırış etmiş, sosial yüksəlişin, azad fikrin təntənəsi naminə mübarizələrə səsləmişdir.

İnsanlığın əbədi maraqları təzadlı avantajlardan keçmiş, yanlış ideoloji avantüraların axarına düşərək sərgərdan ictimai anlaşılmazlıqların girdabında çabalamış, məhəbbət asanlıqla nifrətə çevrilmiş, ideallar cılız hisslərin qurbanı olmuş, Adəm övladı bəşəri missiyasından uzaqlaşaraq naqis əməllərin daşıyıcısına çevrilmişdir. Yaranışından qanlı müharibələrlə, bioloji pandemiyalarla üz-üzə qalmış dünyanın yeganə hakimi olan insan yenə də özünüdərklə, humanizm və xeyirxah düşüncələrlə, saleh əməllərilə həm özünə, həm də pardaqlanan ictimai-siyasi naqisliklər və paradokslara qalib gəlmişdir. 

Tarix boyu dünyanı idarə etməyin müxtəlif metod və üsulları mövcud olmuşdur. Ayrı-ayrı qanunları da, qadağaları da biz yaratmışıq. Biz qanunlar topluları icad etməklə özümüzü özümüzdən qorumağa çalışmışıq. Çünki biz özümüzü yaxşı tanımışıq. İnsan əxlaqındakı ziddiyyətləri, eqoizmi, xudbinliyi, tərəfkeşliyi, acgözlüyü, hərisliyi və digər naqislikləri buxovlamaq üçün hüquqi aktlar, mülki və cinayət prosessual məcəllələri doğrudan da, tərbiyəmizdə keçici də olsa, müəyyən rol oynayır. Heyhat, bütün bunlarla insan ehtiraslarının qoruq-qadağa tanımayan dağıdıcı gücünü buxovlamaq mümkün olubmu?.. Qanlı inqilabları, müharibələri, nasizmi, rasizmi, milli, dini, irqi düşmənçilikləri aradan qaldıra bilmişikmi?.. İnsan savadlandıqca öz intellektual imkanlarından daha geniş istifadə edib dərinə gedir, sosial nifrətin daha incə vasitələrinə əl atır, daha oynaq, daha usta və hiyləgər üsullardan istifadə edir, dünyəvi çaxnaşmaları daha dərindən silkələyir. Amma düşünmür ki, hər bir incə üsul, intellektual gediş, yaradıcı idiotizm son anda bumeranqa çevrilib elə onun özünə yönələcək. İnsan öz hisslərinin və ehtiraslarının quluna çevrilib oturduğu budağı kəsdiyinin son anda fərqinə varmalıdır axı...

Napoleon kimi qeyri-adi istedad sahibinin, mükəmməl filosof və dövlət xadiminin, dahi strateqin bu qədər qan hərisliyi, müharibə vurğunluğu hardan qaynaqlanırdı? Bu, bəşəriyyət üçün hələ də sirr olaraq qalmaqdadır. Yaxud Roma imperatoru Neronun: "Hərəkətləri qəddar olanın özü qəddar olmaya da bilər", - məntiqi hansı vicdani və əxlaqi dayaqlara söykənirdi?..

***

Böyük söz ustaları, fikir bahadırları, intellektual və mədəni yüksəlişin fədailəri - yazıçılar, filosoflar, ilahiyyat alimləri, iqtisadçılar, fiziklər və s. - dünyanı xilas etməyin müxtəlif elmi-nəzəri postulatlarını irəli sürəndə, sosial, mənəvi-əxlaqi modellərini hazırlayanda çox vaxt, şübhəsiz belə tarixi nümunələrə istinad etməmiş olmurlar. İqtisadi artım, elmi-texniki tərəqqi, sənaye inqilabları, cəmiyyətin müəyyən yüksəliş həddini təyin etdiyi kimi, mədəniyyətin, sənətin inkişafıyla insan mənəviyyatının mükəmməl nümunələrini də ortaya qoyur. Amma bunun özü də müəyyən izafi həddə idiotizm doğurur. Hətta "mədəniyyətin sonu vəhşətmidir, əcaba" (H.Cavid) tipli suallar da doğurur. Odur ki, bəşəriyyətin xilası üçün insan xislətinin özündə elə təbii koordinatlar axtarıb tapmaq lazımdır ki, ibtidai dövrdən sənaye inqilablarındakı yüksəliş epoxalarına qədər bütün zamanlarda cəmiyyətin ali idarəedici, mükəmməl nizamlayıcı sosial-siyasi rıçaqlarına tən gəlsin, onun etibarlı  mənəvi mayasına çevrilə bilsin. İnsan təbiətinin doğal cəhətlərində, ilahi keyfiyyətlərində, sirli ruhunda belə ali məqamlar kifayət qədərdir. Sadəcə onları ictimai sifariş həddində kökləmək lazımdır: dostluq, qardaşlıq, qarşılıqlı anlaşma, sevgi, məhəbbət, tolerant davranış, bir-birinin milli mənsubiyyətinə hörmət, fərqli dini inanclara dözümlülük və s. Bəşəriyyətin əbədi xoşbəxtliyi, insan cəmiyyətinin tərəqqisi, məhz bu müstəvidən keçir. Multikulturalizm adlandırdığımız bu mənəvi-əxlaqi, elmi-fəlsəfi, etik-estetik görülşər toplusu doğrudan da insanlığın xilas yoludur. Biz dünyaya ona görə gəlməmişik ki, bir-birimizə nifrət edək, bir-birimizi qırıb-çataq, qanlı müharibələr törədək, həmcinslərimizə qənim kəsilək! Biz dünyamıza əmin-amanlıq, sülh, sakitlik bəxş etdikcə, özümüz də xoşbəxt oluruq.

"Multikulturalizm" elmi-nəzəri postulat, ictimai-siyasi düşüncə aktı kimi XX əsrin 60-70-ci illərində elmi ədəbiyyata daxil olsa da, multikultural dəyərlər haqqında düşüncələr, bəşəriyyətin əldə etdiyi mədəni, mənəvi-əxlaqi sərvətlərin qorunması barədə çabalar lap qədim dövrlərə gedib çıxır. "Sözün geniş mənasında multikulturalizm termini onun etimologiyasından çıxış edərək və çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi istifadə edilir. Məlum olduğu kimi, multikulturalizm sözü latınca tərcümədə "çoxmədəniyyətlilik" mənasını verir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəliflik, bu müxtəlifliyin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur"  ("Azərbaycan multikulturalizmi" (ali məktəblər üçün dərslik), Bakı-2017, s.13). Bu "dəyərlər" ifadəsində, əslində, insana, insanlığa, bəşəri əxlaq və düşüncəyə hörmət, ehtiram, sevgi yaşayır. Belə duyğu və düşüncələr insanlar arasında yaranışdan mövcuddur və az, yaxud çox dərəcədə zaman-zaman özünü göstərir.

***

Bütün həyatı boyu insanların birliyi, birgəliyi, bəşəri harmoniya və mədəni-mənəvi yüksəliş yolunda əbədi mübarizlərdən olan Rotterdamlı Erazmın adı bu  mənada bəşər tarixinin ən hörmətli səhifəsində yer alır. Erazmın yaşayıb-yaratdığı XVI əsr Avropanın çiçəklənmə dövrü kimi xarakterizə oluna bilər. Böyük ixtiralar, kəşflər, yeni torpaqların axtarışları dövründə Avropa insanların xoşbəxtlik ünvanı kimi çox cəlbedici görünürdü. Bu cazibə içərisində diqqətçəkən cəhətlərdən başlıcası insanların onların rifahını yüksəldən kollektiv yaşantının şahidi olması idi. Bəli, bu, həm də Erazm dövrü, Erazm ideyalarının sürətlə çiçəkləndiyi bir zaman idi. O vaxt idi ki, dünyəvi iqtidar və pul mənəviyyata doğru səmtlənmək  məcburiyyətində qalmış, güc və qüdrət, hökm və hakimiyyət elmin, ağlın, mədəniyyətin xidmətçisinə çevrilmişdi. Bütün bunlar isə Avropanın yüksək humanizm ruhunda birləşməsi ideyasını son dərəcə aktuallaşırdı. Erazmın humanizm ideyaları Avropanın yenidən dirçəlişini, daha yüksək amallarla mayalanmasını, bəşəri düşüncənin qələbə çalmasını qaçılmaz edirdi. Onun "Avropa Birliyi" ideyası hər kəsin-dinindən, irqindən, etnik mənsubiyyətindən, mədəni səviyyəsindən asılı olmayaraq hər bir bəşər övladının eyni dam altında bərabər hüquqlarla birləşməsi, təhlükəsiz yaşaması, bir-birinə daimi hörmət, sevgi və məhəbbət bəsləməsi arzularına söykənirdi. Onun bəşəri ideyalarından biri də yaratdığı "Bilik Səltənəti" idi. Burada hər kəs adi vətəndaş yox, dünya vətəndaşı statusundaydı. "...Krallar və keşişlər, hökmdarlar və ruhanilər, sənətkarlar və dövlət xadimləri, gənclər və qadınlar, sənətdə və elmdə təlimlənmək üçün yarışa girmişdilər, latın dili onların birgə qardaşlıq dili, mənəviyyatın ilk esperantosu olmuşdu: Roma sivilirasiyasının süqutundan bu yana ilk dəfə - gəlin bu işi yetərincə dəyərləndirək - Erazm "Alimlər Respublikası" vasitəsilə yenidən vahid Avropa mədəniyyəti yaratmaqda idi, ilk dəfə olaraq ayrıca götürülmüş bir millətin şöhrət düşkünlüyü deyil, bütün bəşəriyyətin mənafeyi ideal qardaşlıq qrupunun məqsədinə çevrilmişdi".

Erazm təlimində xalqların, insanların və insanlığın, başqa sözlə, multikulturalizmin düşməni kimi iki cəhət daha çox qabardılırdı: nifrət və fanatizm.Yarandığı gündən insanın bu iki təbii qüsuru qəddar düşmən kimi əbədi fəlakətlər qaynağı olaraq daim közərir, vaxtlı-vaxtsız alışıb yanır. Nifrət fanatizmi köpükləyir, fanatizm ehtirasları qızışdırır, ehtiraslar qanlı qovğaların kor, şüursuz flaqmanı kimi bəşəriyyəti bəlalara sürükləyir. Erazm qorxulu bəla, ictimai virus kimi bir çox naqislikləri göstərir, onlara qarşı mübarizə vasitəsi olaraq elmi və maariflənməni vacib sayırdı. O, milli, etnik, dini, irqi fanatizmə, ksenofobiyaya, dözümsüzlüyə (bütün sahələrdə), nifrət, qərəz, xudbinlik, xudpəsəntlik, fərdi eqoizm, iddialılıq, narsisizm və özündənrazılığa, dövlət və imperiya hərisliyi - hegemonluğa qarşı mübarizə təlqin edirdi. Onun təliminə görə millətlər bərabərdir, dost və qardaşdırlar. İctimai-siyasi tərəqqi, mədəni yüksəliş, ağlın və zəkanın təntənəsi, insani ruhsallıq bundan keçir. İnsanlar birgə və bərabər olanda daha da qüdrətli və güclü olurlar. Müharibələrə qarşı barışmazlıq, sülhün təbliği, həyatda mütləq harmoniya uğrunda mübarizə, vətəndaşdan dünya vətəndaşına doğru yüksəliş, başqa bəşəri ideyalar - Erazm təliminin təməl prinsipləri, məhz bunlardır.

Bütün bunlar hələ tam siyahısını və təsnifatını vermədiyimiz Erazm ideyalarının bir qismidir. O, əsərlərində papaya, kardinallara, yepiskoplara, krallara, feodallara yazdığı məktublarında, broşürlarında bu ideyaları qızğınlıqla irəli sürür, sonsuz iradə və inamla təbliğ edirdi. Bu əsərlərdə insana yaşam dərsləri tədris edilir, insanlıq və bəşəri dəyərlər alim təmkini, yazıçı səriştəsi, publisist ehtirası ilə qulaqlara çatdırılır, ürəklərə hopdurulurdu. Onun "Antibarbarlar" (dialoq), "Söhbətlər", "Adagiya", "Colloquid" ("Adicə söhbətlər"), "Dəliliyin mədhi", "Mömin və xeyirxah hökmdarın tərbiyəsi", "Xristian döyüşçünün soraq kitabı", "Querela pacis" ("Dünyanın gileyi") əsərləri insanlara insanlıq, bəşərilik, azadlıq, sevgi və məhəbbət aşılayan zəngin xəzinələrdir.

"Dəliliyin mədhi" əsərində o, öz ideyalarının bütün mahiyyəti və estetikası ilə görünür. Bu əsərində Erazm yumorlu satirik priyomla bütün avtoritetlərə qarşı üsyana qalxır. "Dəliliyin mədhi" faniliyə sinə gərən əsərdir, alman islahatçılığının yolunu açmış bir partlayışdır". (S.Sveyq).

***

Ağlın, idrakın, insan iradəsinin məhsulu olan cəmiyyət, həyatilik və mövcudluq əmsalını insanlıqda, insanca münasibətlərdə tapır, yaşam enerjisini seçkin adamların dünyaya və özlərinə yönəlik fövqəladə humanist münasibətlərindən alır. Hər bir çətin sınaqlardan keçdikcə, ağrı-acılı günləri, təlatümlü anları geridə qoyduqca, dəhşətli müharibələrə, fəlakətlərə sinə gərdikcə biz özümüzü bir daha dərk edirik. Dərk edirik ki, insanıq, bu dünyanın taleyini həll edən fövqəladə güc və ağıl sahibi olan varlıq. Dərk edirik ki, insani keyfiyyətlərimizə güvənib təbiətin də, cəmiyyətin də ritmini və ahəngini özünə qaytara bilərik. İrəli atılmış addım, fəlakətlər, çətinliklər üzərində qələbə əzmi bizi bir-birimizə daha da doğmalaşdırır, birləşdirir və həmrəy edir. Hər xilas aktı insanlığımızdan soraq verir, insanlara bəxş edilmiş xoşbəxtlik ərməğanı kimi bizim bölüşmə potensialımızı üzə çıxarır. Unutmamalıyıq ki, axı biz zaman-zaman bir-birimizi zərrə-zərrə yaradır və formalaşdırırıq - öz ağlımızla, intellektimizlə, parlaq zəkamızla, ən nəhayət, xeyirxah qəlbimizlə, bir-birimizi duyan, zənginləşdirən əzəmətli və fövqəl ruhumuzla.  Amma təəssüf ki, özümüzü, bütünlükdə insanlığı, pisliklər, şər və təlatümlər əlində inləyən, əzab çəkən bu doğma dünyamızı, Yer üzünü qoruyub saxlamaqda məsul olduğumuzu çox vaxt tam başa düşə bilirikmi? Hələ də dərk eləyə bilməmişik ki, biz bir-birimizik - mən sənəm, sən mənsən, hamılıqda, bütövlükdə isə biz böyük dünyamızıq. Nə qədər cəhd etsək, sənlə məndə ciddi fərq tapa bilmərik. Axı, hamımız Adəm övladıyıq. Bu sadə həqiqəti dərk eləmək və ona tapınmaq, yəni bu qədər çətindir? Sadə həqiqət isə budur: biz bir-birimizi sevəndə ulu Tanrının təyinatına yaxınlaşırıq, başqalarını dost, qardaş, həmdaş biləndə təbiətin bir parçasına çevrilirik. Xoşbəxt günlərimizi, sevincli anlarımızı bir yaşayanda, çətinliklərimizə bir yerdə sinə gərəndə, dərdlərimizi mərd-mərdanə bölüşəndə biz əzəmətliyik. Biz belədə özümüzü də, evimizi də, dünyamızı da rahat idarə edə bilərik. Biz başqasının dərdini özümüzünkü biləndə güclüyük. Biz özümüzdə özgələri, özgələrdə özümüzü tapanda yenilməzik.

***

Erazmın bu duyğusal ideyaları təkcə külli Avropanı deyil, bütün düşünə bilən bəşəriyyəti bu gün də ilgiləndirir. Uzun illər mütərəqqi Avropa Erazm ruhunu nəsildən-nəsilə daşımış, onun ideyalarını həyata keçirməyə, reallaşdırmağa çalışmışdır. "Erazm çırağından  Spinoza, Lessinq, Volter və s. öz məşəllərini yandırmışlar". Onun yolunu davam etdirən Spinoza insanın ibtidai instinktinin cövhərini təşkil edən kor-koranə ehtirasın əvəzinə mənəvi sevgi postulatını irəli sürür. Volter isə onun harmoniya haqda arzularının gələcəkdə çiçəklənəcəyinə inam hissilə yazırdı: "Nə vaxtsa mən bütöv harmoniyanın hökm sürdüyü planetin üzərində gəzib dolaşacağam. Amma indiyə qədər heç kim göstərə bilmir ki, həmin planet harda yerləşir". "Şillerdə dünya vətəndaşlığı ideyası poetik şəkildə, Kantda isə əbədi dincliyə təlabat fəlsəfi dərinliklə öz tərənnümünü tapır. Tolstoya, Qandiyə və Rolanda qədər qarşılıqlı anlaşma ruhu öz məntiqi gücü ilə zorakılığın yumruğunun müqabilində mənəvi haqqını tələb edir".

Onun mənəvi övladlarından olan bir başqası, XVII əsr ingilis kilsə şairi, keşiş Con Donnun Erazm ideyalarına söykənən bu sözləri bizim hər birimiz üçün bəşəri bir çağırış, əbədi şüardır. "Hər bir insanın ölümü məni də kiçildir, çünki mən də bəşəriyyətin bir parçasıyam. Ona görə də kilsə zənglərinin kimin üçün çalındığını heç vaxt soruşma. O zəng sənin üçün çalınır". Bəli, bir əcəl zəngi hamımızın sonuna işarə ola bilər. Necə ki, bu gün koronavirus pandemiyası həmin zənglə hamımızı diksindirir, bizi bu bəladan qurtulmaq üçün yollar axtarmağa, birliyə, həmrəyliyə çağırır.

***

Erazm öz dövrünün çaxnaşmaları içərisində bəşəri ideya və məqsədləri yolunda təkbaşına döyüşür. Lakin bu təkcənəlik onu mütləq və dönməz iradəsinə, bəlkə də sirli bir enerji verir. O, dərin ağlı, parlaq zəkası ilə dövrün problemlərini yaxşı dərk edir, iti gözlərilə bu ziqzaqların üzərindən daha uzaqlara, gələcəyə baxa bilir, Avropanın xoşbəxt sabahına inanırdı. Və bu xoşbəxtlik üçün yeni elmi-nəzəri modellər düşünür, ideyalar, fəlsəfi hipotezlər irəli sürürdü. Bunun da əsasında humanizm, birgəlik, kollektiv şüurun qələbəsi və planetar insanın formalaşması dururdu. Fikir adamı kimi ideyalarının son anda utopiya olaraq qalma ehtimalları da onun üçün yad duyğu deyildi. Odur ki, kamil insan və humanist ictimai mühit yaradılması üçün qələmilə gecə-gündüz mücadilə aparırdı. O, dərk edirdi ki, həyatı boyu hər yeni nəsil müxtəlif ictimai-siyasi, mənəvi-əxlaqi kataklizmlərlə, böhranlarla üzləşir. Belədə onun mənəvi borcu daxili çaşqınlığa yol vermədən həmin vəziyyətdən çıxmaq bacarığıdır. Bu böhranlar bütün dövrlər üçün demək olar ki, dəyişmir, həmişə aktual olaraq qalır. Sosial, mənəvi, əxlaqi təbəddülatlar, dini radikalizm, şərə müqavimət gücünün tənasübü, nifrət və qəzəbin qarşısına çəkilən bəndin möhkəmliyi, kütləvi dəliliyə qarşı dayanıqlıq, ağılsızlıqla mübarizə, azsaylı xalqlara, etnik qruplara sayğıyla yanaşmaq, fərdi özünüqoruma instinktinə qarşı kollektiv birgəlik, ümumbəşəri dəyərləri yaşatmaq, ümumi mədəni irsi qorumaq. Erazm bu ideyaları irəli sürməklə milli, mədəni, dini, etnik, bəşəri konsensusa çağırırdı. "Öz mənəvi nəslinin yeganə övladı kimi Erazm hansısa bir klana yox, bütün bəşəriyyətə sadiq qalmışdır"

***

Yüksək rütbəli din xadimləri tərəfindən xristianlığın eybəcərləşdirilməsini Erazm yaxşı görürdü. Odur ki, öz fikirlərində, elmi hipotezlərində bunun yolverilməzliyini bəzən açıq şəkildə, bəzən də gizli işarə və eyhamlarla sərt tənqid edirdi. O, ruhani müəllimin yerinə mənəviyyat müəllimini - alimi, kilsənin yerinə elmi qoyurdu. Onun elm səltənətində dini düşüncə əvəzinə mənəvi ideal, yüksəliş, tərəqqi, maarif və mədəniyyət hakim idi. Xaç əvəzinə kitabı özünə bayraq eləmişdi. Bəşəri xilası da bunda görürdü. Stefan Sveyq yazır: "...Onun sevgisi elm və mədəniyyətin, bilik və kitabın qərar tutduğu yerlərə yönəlir. Onun baxışlarına görə daha dünyanı ölkələr, çaylar və dənizlər, silklər, irqlər və siniflər bölmür, o, yalnız iki təbəqə tanıyır: uca aləm kimi savad və mənəviyyatın aristokratiyası, aşağı təbəqə kimi pleybeylik və barbarlıq. Bu gündən etibarən onun vətəni kitab və sözün hakim kəsildiyi yerdir".

Müasir multikulturalizm elminin nəzəri platformalarından biri identifikasiya metodudur. Bu metodoloji yanaşmayla xalqların multikultural baxışları, milli, etnik və dünyəvi inteqrasiyaya meylləri öyrənilir, insanların müasir cəmiyyətdə tutduqları mövqe qiymətləndirilir. Erazmın bu ayırıntılarını, seçmələrini, mənəvi çeşidləmələrini də yeni bir mənəvi identifikasiya kimi sərgiləmək olar. Buna təkcə metafora kimi yox, həm də ciddi nəzəri təsnifat kimi yanaşmaq, hər halda, maraq doğurardı.

Bütün varlığı ilə hər cür fanatizmə  (dini, milli, irqi və s.), dəlisov düşüncəyə nifrət edən və bu mübariz ideyalarını Avropaya toxum kimi səpən Erazm son anda taleyin oyunu ilə fanatizm qasırğasının ağzına atılır. Onu kütləvi milli-dini ehtirasların ən gur qaynarına cəlb edirlər. Doktor Martin Lüter dini islahat tələb edir, öz dəmir yumruqlarıyla kilsəni lərzəyə gətirib yerindən laxladır. Erazm da xristianlıq adına ləkə gətirən eybəcərlikləri öz qələmilə kifayət qədər islah eləməyə çalışmışdır. Lakin doktor Martin qədər qəzəb və inqilabi coşğu ilə yox. Erazm ayıq başla, iti nəzərlərlə bu çaxnaşmaların sonunu heç də yaxşı görmürdü. Odur ki, Papa ilə Lüteri barışdırmağa cəhd edirdi. O da islahat tərəfdarıydı, lakin Martin kimi dağıdıcılıqla  yox. Həm də Papanı və Papalığı qorumağa çalışırdı, çünki kilsənin simasında Avropanın vahid mənəvi vəhdətinin son işartılarını görürdü. Beləliklə, ən qatı antifanatik olan Erazm iki ən qatı fanatikin arasında qalmış olur - Papa və doktor Martinin. O, hər yerdə Platonun bu müdrik sözlərinə sığınırdı: "Ədalət və güzəşt insanın ilk gözəl əməlidir, ikinci yerdə isə cəsarət gəlir".

Bütün Avropanı bir mənəviyyat bayrağı altında birləşdirmək çabalarıyla yaşayan Erazm istər-istəməz, gizli-açıq şəkildə Martin Lüterlə üz-üzə gəlir. Beləliklə, sülhpərəstlik fanatizmlə, ağıl ehtirasla, mədəniyyət güclə, dünya vətəndaşlığı millətçiliklə, intibah inqilabla mübarizəyə başlayır. Nəticədə paramparça olmuş kilsənin ağrı-acılarını yenə də bütövlükdə Avropa yaşamalı olur.

***

Rotterdamlı Erazmın ən uzunömürlü, dayanıqlı fikirlərindən biri "Dünyanın gileyi" əsərində irəli sürdüyü "Bütün dünya ümumi vətəndir" çağırışı, digəri isə "Avropa Birliyi" ideyasıdır. Bugünkü qlobalizasiya tendensiyası, xalqların yaxınlaşması və qovuşması hərəkatı, doğurdan da dünyanın ümumi vətənə çevrilmə prosesinə, sanki yeni rəng qatmışdır. "Avropa Birliyi" ideyası isə pis-yaxşı reallaşmışdır. Düzdür, bugünkü Avropa Birliyi heç də tam Erazm ideyaları kontekstində qərar tutmayıb, özündə Erazm ruhunu daşımır, heç də Erazm təlimi üzərində köklənməyib. Bu mənada S.Sveyqin müdrik sözlərinə müraciət edək: "Erazmın vəsiyyəti böyük vəddir. Zira yalnız ümumbəşəri səviyyəyə qalxaraq insan özü-özünü aşa bilər. İnsanlar və xalqlar şəxsi mənafedən uca duran və güclə gerçəkləşən tələbləri irəli sürməklə, özlərinin həqiqi və müqəddəs təyinatlarına yetişə bilərlər".

Bugünkü Avropa Birliyi nə dərəcədə xoşməramlı ittifaq olsa da, o, öz konqolomerat təbiətilə zəif və sürüşkən müstəvidə qərar tutmuşdur. Düzdür, ondan əvvəl SSRİ adıyla yaradılmış birlik zordan, müharibə və repressiyalardan mayalandığı halda, Avropa İttifaqı iqtisadi, sosial cəhətdən inkişaf eləmiş dövlətlərin sanki təbii və könüllü Birliyi kimi görüntü yaradır. Lakin diqqət etdikdə çağdaş Avropa Birliyinin də zordan, təhdiddən, inzibati təkəbbürdən, imperiya, hegemonluğu iddiasından uzaq olmadığını yaxşı görmək olar. Bu qurum da hardasa ürəkdən gələn, könüllü birləşmə deyil, çox zərif, sürüşkən, dayanıqsız inzibati qalxandır. O, mənəviyyat, ağıl və əxlaqdan daha çox gücə, hər şeydən də öncə maddi və maliyyə rıçaqlarının gücünə söykənib. Odur ki, ərköyün övladları tez-tez qeyri-standart əməllərilə zühur edirlər. Biri ayrılır (Böyük Britaniya), biri elə hey pul tələb edir (Yunanıstan), bir başqası da mərkəzlə hədə diliylə danışır (Polşa, Macarıstan) və s.

***

Təkamül ideyası bu gün Avropa Birliyində klassik cildini dəyişmək üzrədir. Xüsusən, multikultural dəyərlərə biganəlik, heç də yaxşı gələcək vəd etmir. Odur ki, çağdaş Avropada ksenofobiya, islamofobiya, dini, irqi ayrı-seçkilik, yadlara ehtiyatla yanaşma, nifrət və qərəzli münasibətin (xüsusən, miqrantlara qarşı) baş alıb getməsi düşünə bilən insanların hamısını ilgiləndirir. Qloballaşmanın müxtəlifliklərin birliyi, mədəniyyətlərin vəhdəti anlamı da unudulur. Dərdlər insanları birləşdirir - deyirlər. Amma müşahidələr göstərir ki, koronavirus kimi dəhşətli pandemiya da dünya xalqlarını bir araya gətirə bilmir. Hamı fərdi fəaliyyət göstərməyə meyllidir. Məqsəd, şübhəsiz ki, eynidir. Amma necə? Hamı virusa qarşı vaksin haqqında düşünür. Bəla burasındadır ki, inkişaf eləmiş ölkələrin əksəriyyəti bu sahədəki çabalarını, elmi-nəzəri eksperimentlərini başqa dövlətlərdən ciddi-cəhdlə gizlədir, əməkdaşlıq arxa plana keçir. Hətta təbii bəlaya qarşı mübarizənin beynəlxalq qərargahı və təşəbbüslərin mərkəzi olan ÜST-ə diş qıcayanlar tapılır.

"...Avropanın vəzifəsi... hissə qapılıb xırda iqtidar sahiblərinin, təriqət fanatiklərinin, milli eqoistlərin iddialarına qoşulmaq əvəzinə həmişə bitişdiriciliyi, birləşdiriciliyi vurğulamaqdan, avropalılığı millilikdən, bəşəriliyi vətənpərvərlikdən üstün tutmaqdan, eləcə də adi icma anlayışı olmuş xristianlıq məfhumunu universal xristianlığa, mübtəlalıqla ibadət edən mütiliyi bəşəri sevgiyə çevirməkdən ibarət olmalıdır. Erazm ideyası adi kosmopolit birgəlikdən daha yüksəklikləri nişana alır, bu ideyada Qərbin yeni mənəvi vəhdətinə qətiyyətli bir iradə fəaliyyət göstərir". Erazmın əcəl zəngi kimi çalınan bu ideyalarının əks-sədası təəssüf ki, deyəsən, bu gün də müasir Avropa fürstlərinin qulağına çatmır.

Bütün mübaliğə və hər cür emosiyadan kənar söyləyə bilərik ki, Erazmın bəşəri ideyalarının ən çox pöhrə verdiyi məkanlardan biri Azərbaycandır. Multikultural dəyərlərə hörmət, qədim dövrdən günümüzə qədər təbii koordinasiyalarıyla inkişaf edən və hal-hazırda dövlət himayəsinə sığınan millətlərin, mədəniyyətlərin birliyi, dini konfensiyaların bir-birinə qarşılıqlı hörməti, etnik qruplarla, milli azlıqlarla titul etnosun ehtiram, dostluq, qardaşlıq münasibətləri... XVI əsrin işıqlı dühası Erazm da buna çağırış etmirdimi? Ölkəmizdə dövlət qayğısından qidalanan, xalqın həyat tərzinə çevrilən və rəsmi status alan bu ideyalar dünya birliyinə öz töhfəsini verməkdədir. Azərbaycan dünya multikulturalizm mərkəzlərindən birinə çevrilməkdədir. Artıq dünya xalqlarının leksikonuna daxil olmuş "Multikulturalizmin Azərbaycan modeli", "Azərbaycan multikulturalizmi" kimi terminlərin özü də bu humanitar hərəkatın ölkəmizdə nə qədər inkişaf etdiyinə bir işarədir. Ölkə Prezdenti İlham Əliyevin sözləri bu mənada son dərəcə səciyyəvidir: "Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir".

Bu gün də Avropanın və dünyanın başı üstündə Erazm ruhu bir kabus kimi dolaşmaqdadır. O, insanları birliyə, humanist dəyərləri qorumağa, bir-birinə sevgi, məhəbbət bəsləməyə, hörmət etməyə, insanca yaşamağa, kollektiv birgəliyə dəvət edir, kindən, nifrətdən, qəzəbdən, qərəz və məkrdən uzaq bir cəmiyyət yaratmağa səsləyir.

İyul, 2020

 





09.08.2020    çap et  çap et