525.Az

Əməkdar artist İlham Nəzərovun ilk CD albomu işıq üzü görüb


 

Əməkdar artist İlham Nəzərovun ilk CD albomu işıq üzü görüb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı, Beynəlxalq müsabiqələr laureatı, “ÜNS Yaradıcılıq Səhnəsi” teatrının solisti İlham Nəzərovun yaradıcılığı müasir  Azərbaycan vokal ifaçılıq sənətində yeni istiqaməti təşkil edir. 20 illik peşəkar səhnə fəaliyyəti ilə məşğul olan vokalçının   sənət yolunun əsas xarakterik xüsusiyyətlərindən biri də onun yenilikçi təbiətli olmasıdır. Belə ki, daim yeniliklərə can atma İ.Nəzərov sənətindəbaşlıca meyar rolunda çıxış edir.

İ.Nəzərov dedikdə qeyri-ixtiyari olaraq musiqi mədəniyyətimizin bugünü düşüncələrimizdə yer alır. Fəaliyyəti ilə  Bülbül, Ş.Məmmədova, R.Behbudov, M.Maqomayev kimi görkəmli sənətkarlardan miras qalan Azərbaycan vokal ifaçılıq sənətini zənginləşdirən sənətçinin yaradıcılıq siması özündə musiqi mədəniyyətimizin yeni səhifəsini cəmləşdirir. Sənətkarın  kontratenor səs tembri ilə yaradıcılığı məhz bu tarixin başlanğıcıdır.

İ.Nəzərov yaradıcılığının yeniliklərindən danışarkən onun dahi Avstriya bəstəkarı F.Şubert musiqisinə müraciətini xüsusilə  vurğulamaq istərdik. Onun kontratenor səs tembri ilə bəstəkarın 14 mahnıdan ibarət “Qu quşunun nəğməsi” adlı sonuncu silsiləsini səsləndirməsi tək Azərbaycanın deyil, dünya musiqi mədəniyyəti tarixində  bir ilkdir və 6 avqust 2020-ci il tarixində “İnspiration” adlı məcmuədən ibarət ilk CD albomunun işıq görməsi  isə böyük mədəniyyət hadisəsidir.

Qeyd edək ki, İ.Nəzərov 2019-cu ildə Fransada keçirilən beynəlxalq müsabiqədə “İlin ən yaxşı F.Şubert musiqisinin təfsirçisi” adına layiq görülmüşdür. Bu əlbəttə, Azərbaycan musiqi mədəniyyətində əlamatdar hadisə kimi böyük əhəmiyyətə malikdir. İfaçının müsabiqədə ən yüksək mükafata layiq görülməsi ona Parisdə iki konsert keçirmək imkanı verib.

İ.Nəzərov eyni zamanda yaradıcılığında paralel şəkildə ifaçılıq, pedaqoji fəaliyyət və musiqi elmini uzlaşdırmağa  müvəffəq olub. Qeyd edək ki, vokalçı “Qu quşunun nəğməsi” vokal silsiləsinin kontratenorla ifaçılıq xüsusiyyətləri” adlı metodiki tövsiyyə yazıb və məcmuə ilə bağlı bəzi vokal ifaçılıq çətinliklərinə aydınlıq gətirib. Bu, həm də zəngin sənət təcrübəsinin gənc nəslə ötürülməsi deməkdir.

İ.Nəzərovun həyata keçirdiyi yaradıcılıq ilkləri yetəri qədərdir. Musiqiçinin yaradıcılığı Azərbaycan vokal ifaçılıq sənətində yeni istiqamət olduğu kimi həm də musiqi mədəniyyətimizin üfüqlərinin genişləndirilməsidir.

 

 





10.08.2020    çap et  çap et