525.Az

Milli mətbuatımızın "Bəsirət"i - Məqalə


 

Milli mətbuatımızın "Bəsirət"i - <b style="color:red">Məqalə </b>

Azərbaycan Milli mətbuatı tarixində özünəməxsus yeri olan nəşrlərdən biri də "Bəsirət" qəzetidir.

Azərbaycan siyasi mühacirlərinin orqanı olan "Bəsirət"in ilk sayı 1914-cü ilin 12 aprelində işıq üzü görüb. Həftədə bir dəfə nəşr edilən bu siyasi, ictimai, iqtisadi, ədəbi qəzet müəyyən fasilələrlə 1920-ci ilin 15 mayına kimi fəaliyyət göstərib. "Bəsirət"in baş redaktoru tanınmış jurnalist, yazıçı, publisist və teatr tənqidçisi Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə idi. Qəzetin yazarları arasında dövrün böyük ictimai-siyasi xadimləri, yazıçıları, şairləri, ziyalıları, mütərəqqi dünyagörüşlü insanları - Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Mirzə Bala Məhəmmədzadə, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Mənsur, Mustafa bəy Əlibəyov, Əbdül Rəhman Dai, Əliabbas Müznib, Abbas Səhhət, Əbdül Qədir Vüsaqi, Cəfər Cabbarlı və başqaları var idi. Onlar maraqlı ədəbi-bədii yazıları, publisistik məqalələri, felyetonları ilə "Bəsirət"də çıxış edir, dövrün aktual, həllini gözləyən problemlərini öz əsərlərində işıqlandırır və həmvətənlərini taleyüklü məsələlərin həllində fəal mübarizəyə, milli oyanış və dirçəlişə səsləyirdilər.

"Bəsirət"in nəşr olunduğu illər Birinci Dünya müharibəsinin tüğyan etdiyi bir dövrə təsadüf edirdi. Azərbaycanda, eləcə də beynəlxalq aləmdə baş verən fəlakətlər "Bəsirət"dən  də yan keçməmiş, qəzet 1918-ci ilin martından sentyabrına qədər nəşrini dayandırmağa məcbur olmuşdu. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin qurulması "Bəsirət"in yenidən fəaliyyətə başlamasına təkan verdi.

"Bəsirət"in ideoloji xətti Azərbaycanın  bütövlüyünü qorumaq, elm, təhsil məsələlərini ön plana çəkmək, böyük ideallar uğrunda mübarizədə xalqın  birliyini təmin etmək, insanları qəflətdən oyandırmaq, kimliyimizi, varlığımızı dərk etmək, insanların sosial problemlərini gündəmə gətirmək və sair önəmli məsələlərdən ibarət idi. "Bəsirət" sözünün leksik anlamı da bu ideoloji xətti əks etdirir. "Gözüaçıqlıq", "uzaqgörənlik" mənasını verən "Bəsirət" sözün həqiqi mənasında insan idrakının ən dərin qatlarına nüfuz etməyi bacarır, milli şüurun formalaşmasına təkan verir, real gerçəklikdə vətənə, xalqa xidmətə səsləyən bir mətləbi təlqin edirdi.

Məhəmməd Əmin Rəsulzadə "Bəsirət" qəzetinin 12 aprel 1914-cü il tarixli 1-ci sayında yazırdı: "Dünyada yaşaya bilmək, xoşbəxt və məsud yaşaya bilmək üçün böyük bir bəsirət lazımdır... Müvəffəqiyyətlərin səbəblərini anlamaq, anlayıb da çarəsinə baxmaq üçün də bəsirət lazımdır... Bizdə bəsirətmi yoxdur? Görmüyormuyuz? Bəsirətlilərimiz var, görənlərimiz də vardır. Fəqət fəal bir bəsirət və müsbət bir nəzərdən məhrumuz. Bu məhrumiyyət haradan gəliyor? Əlbəttə, bunun da səbəbləri ola bilər və vardır... Giriniz millətimizin təbəələri arasına, danışınız onlarla: münəvvər, mütədəyyin, molla, tacir, əsnaf - hər kəslə danışsanız, həyatımızın qeyri-müvafiq olduğundan bəhs edər... Fəqət geridəqalan irəliləməli, pərişan olan düzəlməli, bunun çarəsi nə? Bu sualın cavabına gəlincə, əksəriyyətlər hər kəs diyor ki: "Canım, müsəlmançılıq böylə olar. Müsəlman düzəlməz..." İşlərimizin düzəlməsi üçün, məncə, hər şeydən əvvəl, ruhumuzu, ruhi-minkəsirimizi, xəstə ruhumuzu tədavi etməliyik. Bu yolda bəsirət qazanmalıyıq. Hər şeydən əvvəl, özümüzü öyrənməliyik. Kimiz, nə millətiz, haradan gəlmişiz. Özümüzün nə, mahiyyətimizin nə olduğunu bilməliyik. Sonra da bilməliyiz ki, biz heç də həyatından qəti-ümid etmiş bədbəxtlər deyilik. Biləks, anlamalıyız ki, böyük tarixə malikiz. Tarixdə parlaq günlərimiz olmuş. Qafalarımıza sıxmalıyız ki, müsəlman adamdır ... və hər vaxt da adam olmaq istedadındadır".

Erməni daşnaklarının keçən əsrin əvvəllərində törətdikləri Mart soyqırımını, qətliamları, Sovet hakimiyyəti illərində xalqımıza unutdurmağa çalışmışlar. Mövcud rejim bu taleyüklü məsələləri qabartmağa imkan verməmişdi. Lakin Azərbaycanda Xalq Cümhuriyyətinin qurulmasından sonra bu məsələlər hüquqi qiymətini almış, hökumət tərəfindən 1919 və 1920-ci il martın 31-i milli matəm günü kimi qeyd olunmuşdu. Bu tarixi hadisəni cümhuriyyət dövründə fəaliyyət göstərən bir çox mətbuat orqanı kimi "Bəsirət" də öz səhifələrində işıqlandırmışdı. Hacı İbrahim Qasımovun bu mövzuda qələmə aldığı və qəzetin 27 oktyabr 1918-ci il tarixli 197-ci nömrəsində dərc etdirdiyi "Yenə qəflət ediləcəkmi?" adlı məşhur məqaləsində deyilirdi: "Mart faciəsi şəhərimizi (Bakı - G.B) tam bir məzaristana döndürdü. Ermənilər,  ermənilərin daşnaq firqələri insaniyyətpərvərlik  maskası altında on minlərlə qadın, çocuq və aciz müsəlmanları qırdılar. Onlar bu fənalıqları yapmaqla erməni tarixində misli görünməmiş bir səhv etdilər. Zira özlərini böyük fəlakət içərisinə saldılar... Nə gizlədim, Türk qardaşlarımız imdadımıza çatmasaydı, Türk arkadaşlarımız vaxtında yetişməsəydilər, mart hadisəsindən daha böyük bəlalara düçar olacaqdıq. Şimdi şükürlər olsun, türklərin sayəsində biz asudə olduq, kəndimizə hökumət təşkil etdik. İnsancasına yaşamağa, rahatlıqla nəfəs almağa imkanımız vardır. Artıq heç kəs bizə təcavüz edə bilmiyor, hərgah bizim qeyrətimiz olarsa, kimsə təcavüz edə bilməz... Bunun üçün də biz əsgər olmalı, namusumuzu müdafiə üçün özümüz də çalışmalıyız... Bunu bu gün hər kəs bilməlidir ki, dünyada yaşamaq istəyən millət gücünə, zoruna güvənməlidir... Bu gün cavanlarımız əsgərliyə gedəcəkləri kimi millətimizin hər bir təbəqəsi vətən səadəti üçün çalışmalıdırlar... Hər bir "Vətən övladı" vətənin və özünün səadətinə çalışmalıdır".

Hacı İbrahim Qasımov məqalədə Azərbaycan xalqının çətin situasiya ilə üz-üzə qaldığı ölüm-dirim savaşında Türk xalqının, Türkiyə dövlətinin qardaşlıq köməyini xüsusilə diqqət mərkəzində saxlayır. Ədibin "Yenə qəflət ediləcəkmi?" məqaləsi bu gün olduqca aktual səslənir. Böyük ziyalımızın öz həmvətənlərinə xitabı Qarabağın erməni şovinistlərindən  azad edilməsinə çağırış nidasıdır. Əlbəttə, Hacı İbrahim Qasımovun uzaqgörənliklə söylədiyi, vətən sevgisindən yoğrulmuş dəyərli məsləhət və tövsiyələri hər bir azərbaycanlının yüksək amalına çevrilməlidir.

Hacı İbrahim Qasımov redaktor kimi böyük təcrübəyə malik idi. O, "Bəsirət"dən başqa, "Məlumat", "İqdam", "Kəlniyət" kimi mətbuat orqanlarının redaktoru olmuş, eyni zamanda, "Babayi-Əmir", "İqbal" və "Yeni İqbal"da müxtəlif mövzulu publisistik yazıları, məqalələri ilə çıxış etmişdi. Hacı İbrahim Qasımov öz yazılarını "Açar", "Bağ Əyyar", "Qırmızı saqqal", "Diplomat", "Əqrəb", "Kələkbaz", "Sirr dağarcığı", "Tamaşaçı", "Hərdənbir", "Həcəmət" və başqa  gizli imzalarla çap etdirmişdi. Hətta "Kəlniyət" bağlandıqdan sonra həmin adı gizli imza kimi götürür və "Bəsirət"də bu imza ilə yazılar dərc etdirir.

Hacı İbrahim Qasımov redaktorluq, mühərrirliklə yanaşı, həm də fəal ictimaiyyətçi idi. O, XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin üzvü kimi ictimai iş aparırdı. 1917-ci ildən isə Bakıda təşkil olunan "Mühərrirlər və ədiblər" cəmiyyətinin sədri idi.

Hacı İbrahim Qasımovun iştirak etdiyi mətbuat orqanlarında onun dövrün ictimai-siyasi və mədəni həyatını əks etdirən bir çox publisistik yazıları, məqalələri, resenziyaları, felyetonları, satiraları dərc edilmişdi. O, "Bəsirət" qəzetinin 1915-ci il tarixli 52-ci nömrəsində çap etdirdiyi "Ramazan əl mübarək" adlı yazısında məscidlərin ancaq Ramazan ayında deyil, bütün il boyu açıq olmasının, müsəlmanların hər gün məscidə getmələrinin önəmliyini vurğulayır və oruc tutanların pis əməllərdən uzaq olmasını, müqəddəs "Quran"ı oxuyarkən oradakı kəlamların mənasının doğru-dürüst oxunmasının vacibliyini diqqətə çatdırırdı.

Hacı İbrahim Qasımov ədəbiyyat, sənət, sosial məsələlərə, qadın azadlığı probleminə dair çoxlu sayda publisistik əsərlərin, məqalələrin, felyetonların müəllifidir. Onun yaradıcılığında qadın azadlığı məsələsi xüsusi yer tutur. Görkəmli publisist 7-8 il ardıcıl olaraq, ildə bir-iki dəfə "Müsəlman qadınlarının əhvalı" başlıqlı yazıları ilə mətbuat səhifələrində çıxış etmişdi. Hacı İbrahim Qasımov "Amerika qadınları və bizimkilər" məqaləsində yazırdı: "Qafqasiyada ildə bir-iki dəfə müsəlman qadınları haqqında söz açılıb, qəzetlərdə uzun mütaliələr dərc edilmiş, söylənmişdir. Ən əvvəl, bu yaranın közünü Tiflisdə nəşr edilən "Molla Nəsrəddin" məcmuəsi qoparmağa başladı". Hacı İbrahim Qasımov "Molla Nəsrəddin" ədəbi məktəbinin nümayəndələrinə rəğbət bəsləyən, ruhən onlarla bağlı olan ziyalılardan idi. O, demokratik mətbuata, xüsusilə də "Molla Nəsrəddin"ə dair müsbət məzmunlu məqalələr çap etdirirdi. "Bəsirət"in 16 aprel 1916-cı il 91-ci sayında yazırdı: "Bu gün Qafqaziya mətbuatına dair tarix yazılacaq olursa, heç şübhəsiz, haman tarixin parlaq səhifələrindən birini "Molla Nəsrəddin" məcmuəsi işğal edəcəkdir. Cəsarətlə demək istərdik ki, "Molla Nəsrəddin" məcmuəsinin Qafqaz müsəlmanlarına etmiş olduğu xidməti başqa qəzetlər edə bilməmişdir. Elə sadə nəşr edilirdi ki, onu müxtəsər bir savadlı olan şəxs də oxuyub jurnalın nə dediyini düşünürdü. İkincisi, haman məcmuə acı-acı həqiqətləri duzlu ibarələrlə deyib, camaatın təsviri-əfkarına çevrilmişdir. Ömründə əliflə beyi bilməyən şəxslər məcmuəni əlinə alır, onun çəkdiyi mənidar şəkillərinə baxır, oradan ibrət alırdı".

"Bəsirət" qəzeti Türk dünyasında baş verən mühüm hadisələrə dərhal münasibət bildirirdi. Qəzetin 1914-cü il 20 sentyabr tarixli 22-ci sayında Nəriman Nərimanovun "Baxçasarayda imtahan meydanı" adlı məqaləsi yer almışdı. Məqalə "Hər nə yazacaq isən qələmi üç qəpiklik qara mürəkkəbə batırma, ürəyinə batırıb qanı ilə yazı yaz" - deyən "Tərcüman" qəzetinin naşiri, böyük ədib, publisist İsmayıl bəy Qaspıralının vəfatı ilə əlaqədar yazılmışdı. Müəllif bu hüznlü hadisədən kədərləndiyini, təəssüf hissi keçirdiyini yanğılı bir dillə izhar edir: "İsmayıl bəy öldü - deməyə dilim gəlmir, öldü sözündə yoxluq var. İsmayıl bəy yoxdu - xəbəri məni dərin-dərin fikirlərə salır, məni qorxudur, ürəyimi sıxır, gözlərimi torlandırır, əqlimi çaşdırır. Şiddətli müharibədə baş komandanın ölməyi xəbəri qoşunu sərgərdan qoyduğu kimi, İsmayıl bəyin vəfatı bizi böylə hala saldı. İsmayıl bəy öldü - deyirkən bir sual öz-özündən meydana gəlir. İndi millətin dəyanəti, qeyrətli hamisi kimdir? Bu sualı öz-özümə verirəm və fikrə gedirəm. Qələm əlimdən ixtiyarsız düşür. Millətin həyatına dair mühüm bir məsələ müzakirəsində doğru bir yol göstərən kim olacaq? Hanı gizli xəzinənin açarı, hanı fikirləri birləşdirən əql? Ürəkləri döyündürən nitq? Millətin hüququnu müdafiə edən qələm?"

"Bəsirət" qəzeti və onun böyük ziyalı ordusu 7 illik fəaliyyəti dövründə neçə-neçə illərin hüduduna yetişə biləcək qədər böyük işlər görüb, Azərbaycan həqiqətlərini bütün dünyaya bəyan edib. Bu cahanşümul xidmətlərin müqabilində "Bəsirət"in adı Azərbaycan milli mətbuat tarixinə əbədi həkk olunub.

 





10.08.2020    çap et  çap et