525.Az

3191№-li Order və ya bir nəslin taleyi - Cəmşid Naxçıvanski - 125


 

3191№-li Order və ya bir nəslin taleyi - <b style="color:red">Cəmşid Naxçıvanski - 125</b>

Yurdumuzun şanlı tarixinə adını qızıl hərflərlə yazmış elə nəsillər, elə sərkərdələr olub ki, onlar öz mərdliyi, igidliyi ilə vətənimizin azadlığına, müstəqilliyinə mühüm töhfələr veriblər. Azərbaycanın hərb tarixində görkəmli rol oynamış belə sərkərdələrdən biri də Cəmşid Naxçıvanskidir.

Cəmşid Naxçıvanski 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində Cəfərqulu xan Naxçıvanskinin ailəsində dünyaya göz açıb. Cəmşid 7 yaşına qədər ibtidai təhsilini ailədə alıb. 7 yaşından 12 yaşınadək Naxçıvan Qəza məktəbində oxuyur. 12 yaşı olarkən atası onu Tiflis Kadet Məktəbinə gətirir. Cəmşid burada 7 il təhsil aldıqdan sonra 1914-cü ildə ali hərbi təhsil üçün Qərbi Ukraynanın Yelizavetqrad Qvardiya məktəbinə daxil olur. I Dünya Müharibəsinin başlaması ilə əlaqədar 1914-cü ilin dekabrında C.Naxçıvanski Qafqaz süvari diviziyasına xidmətə göndərilir. 1915-ci ilin qışında Cəmşid xan süvari alayı ilə birlikdə I Dünya Müharibəsinin cənub-qərb cəbhəsində gedən qızğın döyüşlərə qatılır. O, bu amansız döyüşlərdə 3 dəfə ağır yaralanır, hərbi hospitallarda müalicə alaraq təkrar döyüşlərə qatılır. C.Naxçıvanskinin döyüş meydanlarında göstərdiyi cəsarət və igidlik imperiya rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Rütbəsi ştabs-rotmistrə qədər yüksəldilir. Bu illər ərzində Cəmşid xana mükafat olaraq onlarla üstü yazılı qiymətli hədiyyələr, qızıl bantla süslənmiş gümüş silahlar, neçə-neçə medallar və altı orden verilib. 1917-ci ilin fevral-burjua İnqilabı Rusiyanı sarsıdır və imperiyanın I Dünya Müharibəsindən ağır itkilərlə çıxmasna səbəb olur.

C.Naxçıvanskinin xidmət etdiyi Qafqaz Süvari diviziyası geriyə - Qafqaza qayıdır. Cəmşid xanın da manqa komandiri olduğu Tatar Süvari alayı Gəncə ətrafında yerləşdirilir. 1918-ci ilin yazından Cəmşid Naxçıvanski Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli Ordu quruculuğunda fəal iştirak edir. 1918-ci ilin sentyabrında Cəmşid xanın alayı Qafqaz İslam Ordusu ilə birlikdə Gəncədən Bakıya yürüş edərək Bakını daşnak-bolşevik hərbi birləşmələrindən azad edir. Bakı Kommunasının əsgərləri qovulandan sonra şəhərə ingilislər daxil olurlar. Növbəti döyüşü Cəmşid xan Sentrokaspi qüvvələri ilə aparmalı olur. Şəhər azad olunaraq paxtaxt Gəncədən Bakıya köçürülür. Cəmşid Naxçıvanski bu tarixi döyüşlərdə Kəngərlilərin döyüş ənənələrini məharətlə tətbiq edərək 2 şotland rotasını büsbütün əsir götürmüşdür. Cəmşid xanın hərbi istedadını görən S.Mehmandarov Naxçıvanskini hələ çox gənc olmasına baxmayaraq, AXC-nin I Süvari alayına komandir köməkçisi təyin edir. İngilislər də Bakıdan çıxarılandan sonra paytaxta növbəti təhlükəni şimaldan Ağqvardiyaçılar gətirirlər. Denikinçilərin qarşısını ləyaqətlə ala biləcəyinə əmin olan komandanlıq Cəmşid xanı Dağıstan ilə sərhəddə mühafizə rəisi təyin edir. Cəmşid xan hərbi xidmətini burada da uğurla davam etdirir. 1918-1920-ci illərdə Cənubi Qafqazda cərəyan edən hərbi-siyasi vəziyyət son dərəcə mürəkkəb idi. AXC-nin hərbi rəhbərliyinə C.Naxçıvanski kimi əsilzadə, sadiq, Vətəni uğrunda canından keçməyə hazır olan milli-hərbi kadrlar lazım idi. Naxçıvanskinin babaları seçim anında heç tərəddüd etmədən şirin canlarından keçərək, təmsil etdikləri xalqın və millətin şərəfini həmişə uca tutublar. Cəmşidin də bu yolu ləyaqətlə davam etdirdiyini yaxşı bilən S.Mehmandarov Cəmşid xana podpolkovnik rütbəsi verərək onu 24 mart 1920-cu il tarixli 163№-li əmrlə II Qarabağ Süvari Polkunun komandiri təyin edir. Bu, o vaxt idi ki, bolşeviklərin təhriki ilə ermənilər Qarabağda üsyan qaldıraraq Azərbaycan torpaqlarını işğal etmişdilər. Cəmşid xan təcili olaraq Qarabağa yollanır. Ermənilər daha çevik tərpənərək Cəmşidin yolunu kəsmək üçün Əskəran qalasını tutub Xankəndinə gedən yolu Cəmşidin üzünə bağlayırlar. Daşnaklar yaxşı bilirdilər ki, Cəmşid xan Xankəndinə yetişib yenicə komandir təyin edildiyi II Qarabağ süvari polkunun başına keçsə, hadisələr onların əleyhinə sürətlə dəyişəcək. Bilirdilər ki, bu gəncəcik zabit öz damarlarında Kəngərli süvarilərinin qanını daşıyır. C.Naxçıvanski öz hərbi sücaəti və sərkərdəlik məharəti sayəsində qısa vaxt içərisində Ağdamı, Əskəran qalasını, Xankəndini və Şuşanı erməni quldurlarından təmizləyərək Qarabağı 1919-1920-ci il işğalından azad edir.

Bu tarixi döyüşlərdə Həbib bəy Səlimov, Cəmşidin kiçik qardaşı, Şəki polkunun komandiri III Ehsan xan və onlarla igid misilsiz qəhrəmanlıqlar göstəriblər. AXC milli ordusunun komandanı S.Mehmandarov Xankəndinə gedərək Qarabağda döyüşən əsgər və zabitlər önündə təntənəli çıxış edib, bu tarixi qələbə münasibətilə onları təbrik edib və mükafatlandırıb.

Azərbaycanda Sovet hökuməti qurulanda C.Naxçıvanski N.Nərimanovun dəvəti ilə Qarabağdan Bakıya qayıdır. Buradaca qeyd edək ki, Cəmşid Naxçıvanski kimi, Abasqulu bəy Şadlinski kimi neçə-neçə qəhrəman eloğlularımızın ölkədə siyasi quruluşun dəyişməsinə baxmayaraq, Vətəni tərk etməmələri, yurduna-torpağına sahib çıxmaları, ən əsası Vətənin ərazi bütövlüyü uğrunda mərdliklə döyüşməyə davam etmələri son dərəcə təqdirəlayiqdir. C.Naxçıvanski əvvəlcə Azərbaycan Birləşmiş Hərbi məktəbinə təsərrüfat rəisi təyin edilir. Dəmir intizamı və işinə bağlılığı Naxçıvanskini məktəb rəisinin birinci köməkçisi vəzifəsinə yüksəldir. Cəmşid xan burada milli hərbi kadrların yetişdirilməsi üçün var qüvvəsi ilə çalışıb.

Cəmşid Naxçıvanskinin Azərbaycanın ilk milli diviziyasını yaratması xüsusilə təqdirəlayiqdir. Naxçıvanski 1921-ci ildə bütün bilik və bacarığını ortaya qoyaraq Azərbaycanın ilk Milli Atıcı Diviziyasını yaradıb. Cəmşid Naxçıvanski 10 sentyabr 1921-ci ildən 1 iyun 1931-ci ilədək Azərbaycan milli diviziyasına komandirlik edib. O, bu on il ərzində Azərbaycan silahlı qüvvələri üçün əvəzsiz işlər görüb. Cəmşid xanın diviziyası Azərbaycanın sərhədlərini havadan və qurudan qoruyaraq milli hərb sənətimizə yeni bir nəfəs gətirib. O, Cənubi Qafqazda ilk dəfə olaraq hava hücumundan kimyəvi vasitələrlə müdafiəni təşkil edib. Məhşur hərbi xadim M.V.Frunze Naxçıvanskinin komandanlığı altında keçirilən təlimləri şəxsən izləmiş və çox yüksək qiymətləndirmişdir. Sıra və döyüş hazırlığı ilə yanaşı, diviziyanın siyasi-ideoloji hazırlığının da möhkəmləndirilməsi üçün Naxçıvanski diviziyanın "Hərbi bilik" jurnalını təsis edir və dərginin həmredaktoru olaraq ən aktual mövzularla çıxış edir.

Yeri gəlmişkən, 100 il bundan əvvəl Cəmşid xanın qaldırdığı məsələlər bu günün özündə belə öz aktuallığını qoruyub saxlamaqdadır. Bütün bunların məntiqi nəticəsi idi ki, Naxçıvanskinin yaratdığı diviziya Böyük Vətən Müharibəsi illərində Xəzər dənizindən Baltik dənizinədək şərəfli bir döyüş yolu keçib. 1930-cu ildə  Cəmşid Naxçıvanski Azərbaycan SSR-nin Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilir.

1931-ci ildə Cəmşid xan tam akademik təhsil alması üçün M.V.Frunze adına Moskva Hərbi Akademiyasına göndərilir. Akademiyanı müvəffəqiyyətlə bitirərək orada müəllim saxlanılır. Əvvəlcə II kursun rəisi, daha sonra Ümumi taktika kafedrasının müdiri vəzifəsində çalışır. Naxçıvanski zamanın ən nüfuzlu akademiyasında dinləyicilərə rus və fransız dillərində mühazirə oxuyurdu. O, döyüş zamanı cinahların kordinasiyası və yerdəyişməsi konsepsiyasını yenidən işləyib hazırlamışdı. Cəmşid xan öz layihəsində yeni, fərqli bir metod irəli sürürdü. O, öz müdavimlərinə deyirdi ki, gələcəkdə döyüş meydanlarından o ordu qalib çıxacaq ki, müasir silah və texnikaya sahib olmaqla yanaşı, döyüş vaxtı bütün ümumqoşun növlərindən lazım gələrsə növbəli şəkildə, lazım gələrsə eyni anda istifadə edilə bilsin. Generalın bütün incəliklərinə qədər işləyib hazırladığı bu konsepsiyadan Sovet ordusu II dünya müharibəsində ustalıqla istifadə etdi və yüksək nəticələr qazandı. Cəmşid xanın akademiyada dərs verdiyi müdavimlər içindən 3 nəfər Sovet İttifaqı Marşalı, onlarla generallar, yüzlərlə yüksək rütbəli hərbçilər çıxmışdır.

1935-ci ildə Cəmşid xana Kombriq (general-mayor) Ali hərbi rütbəsi verilməsinə baxmayaraq, Naxçıvanski düşmənləri tərəfindən daim izlənilərək təqiblərə məruz qalır. Görkəmli Azərbaycan sərkərdəsi irtica qüvvələr tərəfindən üç dəfə həbs olunur. Bunun ikisində ölüm cəzasından son anda qurtulur, lakin sonuncu - üçüncü həbsi.. Çox təəssüf ki, Azərbaycan xalqının düşmənləri xan nəvəsinin yüksək zəkasını, elmi potensialını həzm edə bilmirlər. C.Naxçıvanski də xalqımızın digər görkəmli şəxsiyyətləri kimi 30-cu illərin repressiyasına məruz qalaraq totalitarizmin qurbanına çevrilir.

20 may 1938-ci ildə generalın həbsi üçün 3191 nömrəli həbs Orderi yazılır. Əslində, bu order sovet "ölüm makinası" tərəfindən Cəmşid xanın qətlinə verilmiş fərman idi. 26 avqust 1938-ci ildə Cəmşidin saxlandığı Lefertovo zindanında SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası saxta ittihamlarla səyyari məhkəmə qurur. Generala sifarişli ölüm hökmü çıxarılır və icra olunur.. Sərkərdənin nəşi Moskvanın 26 kilometrliyində Kommunarka adlı kütləvi məzarlıqda dəfn olunur.

22 dekabr 1956-cı ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası Naxçıvanskiyə rəsmi bəraət versə də, Cəmşid xan əsl bəraətini 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci siyasi hakimiyyəti dövründə aldı. Dahi rəhbər 23 iyun 1971-ci ildə Azərbaycan KP MK bürosunun iclasını çağırır və C.Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi məsələsini müzakirəyə çıxarır. Ulu öndərin imzası ilə təsdiqlənən 4 bəndlik Qərar, əslində, Cəmşid Naxçıvanskinin simasında bütün Naxçıvanskilərin üzünə doğan günəş idi. Gördüyü hər bir işi zərgər dəqiqliyi ilə hesablayan müdrik siyasətçi Qərarın preampula hissəsində "SSRİ Silahlı Qüvvələrinin görkəmli nümayəndəsi" sözləri altında bizə qəhrəmanımız Cəmşid xanı, Cəmşid xanın simasında bütün Naxçıvanskiləri - Kəngərliləri Azərbaycan ictimaiyyətinə təqdim edir.

1971-ci il iyunun 23-dən C.Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsinə başlanıldı. Vaxtında atılmış cəsarətli bir imza bütöv bir nəslin taleyini dəyişdi. Bu gün Azərbaycanda Naxçıvanskiləri  tanımayan və sevməyən yoxdur.

Ümummilli liderin milli-siyasi məktəbinin məzunları bu gün onun yolunu uğurla davam etdirirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında" 2 aprel 2015-ci il tarixli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı "Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar "Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" 9 aprel 2015-ci il tarixli Sərancamı, keçirilən silsilə tədbirlər C.Naxçıvanskiyə olan dövlət qayğısının bariz nümunəsidir. Bu gün, Bakı şəhərində generalın adını daşıyan Hərbi lisey, adına küçə, vaxtı ilə yaşadığı binaya vurulmuş baralyef, Hərbi donanmada sərkərdənin adını daşıyan gəmi, Hərb tarixi muzeyində Cəmşid xanın həyat və fəaliyyətini əks etdirən xüsusi salon,  Naxçıvan şəhərində sərkərdənin adını daşıyan məktəb və Cəmşid Naxçıvanski Muzeyi fəaliyyət göstərir.

Milli hərb tariximizdə igidlik və sədaqət rəmzi olan Cəmşid Naxçıvanskinin və sələflərinin şərəfli döyüş yolunun öyrənilməsi və təbliği hər birimizin vətəndaşlıq borcudur.

Abasət NURİYEV 
Cəmşid Naxçıvanski Muzeyinin direktoru

 





10.08.2020    çap et  çap et