525.Az

Müğənnilərin toy davası - Aytac Aslanın yazısı


 

BİR QRUP ŞOU-BİZNES ƏHLİ KARANTİN GÜNLƏRİNDƏ TOY MƏCLİSLƏRİNİN KEÇİRİLMƏSİNƏ QOYULAN QADAĞAYA ETİRAZLARINI BİLDİRDİLƏR

Müğənnilərin toy davası - <b style="color:red">Aytac Aslanın yazısı </b>

COVİD-19-un gətirdiyi karantin qadağaları nəhayət, müğənniləri də dilə gətirdi. Pandemiyanın hələ təzə-təzə ayaq açdığı günlərdə telekanallara çıxıb "Evdə qal" çağırışları edən bir çox müğənnilər karantin müddətinin artırılması və nəticədə toy məclislərinin keçirilməsi ilə bağlı qadağaların uzadılmasına dözümlü yanaşa bilmədilər.

Sərt karantin rejiminin yumşaldılması nəticəsində bir çox sahələrdə iş prosesinin bərpa olunması, lakin restoran və şadlıq evlərinin fəaliyyəti, eləcə də toy məclislərinin keçirilməsi ilə bağlı məhdudiyyətlərin hələ də qüvvədə saxlanılması neçə illərdən bəri Azərbaycan teleməkanının, az qala, simasına çevrilmiş sou-biznes əhlinin səbrini daşırdı. Müğənnilər - Əməkdar artist Baloğlan Əşrəfov, Elnarə Xəlilova, Niyam Salami, şoumen-teleaparıcı Kamran Həsənli  üsyan bayrağı qaldıraraq maddi vəziyyətlərinin pisləşdiyini bildirərək toy məclislərinin keçirilməsi ilə bağlı qadağanın götürülməsi vacibliyini dilə gətirdilər.

İlk etiraz müğənni Niyam Salamidən gəldi. Sosial şəbəkədə "Qarabağ müharibəsinin getdiyi, qara çörək tapa bilmədiyimiz vaxtlar bundan yaxşı idi. İndi kirayə pulunu verə bilmirik" - deyən müğənni toyların keçirilməsinə qoyulan məhdudiyyətlərə etirazını bildirdi.

Onun səsinə səs verən Əməkdar artist Baloğlan Əşrəfov vəziyyətin kritik həddə çatdığını, bıçağın boğaza dirəndiyini söylədi: "Əgər əvvəllər musiqiçilər təkcə bir ay Məhərrəmlik, bir ay da Ramazan aylarında qazana bilmirdilərsə, restoranlar, şadlıq evləri işləmirdisə, müəyyən qədər idarə etmək olurdu. Amma indi vəziyyət elə kritik həddədir ki, bıçaq boğaza dirənib. Musiqiçilərin necə dolandığını məndən deyil, hökumətdən soruşun. Bunu toyların bağlanması ilə bağlı qərar verənlərdən soruşmaq lazımdır. Hansı ki bu qərarı verənlər hər ay sonu maaşlarını alırlar. Sonra gedib oturub stolda xalqa deyirlər ki, "toy olmamalıdır". Amma mən məsləhət bilərdim ki, onlar 4 ay ərzində öz maaşlarını dövlətə bağışlayardılar. Yaxud da müəyyən fondlara keçirib, millətə paylayardılar. Bu da olardı əla. Biz də bilərdik ki, "toy olmayacaq" deyənlər də bizim kimi maaşa işləyənlərdir. Bizim və musiqiçilərin taleyi necə olacaq, bunu bir Allah bilir, bir də qərar verənlər. Çimərliklər açıla bilər, vaqonlar işləyə bilər, təyyarələr uça bilər, hər sahə işləyə bilər, amma toylar ola bilməz. Yazıq musiqiçilər".

Bir etiraz da müğənni Elnarə Xəlilovadan gəldi: "Kafe yox, mağaza yox, rayona yol yox, şəhəri dolaşmağa çıxaq? İcazəni də elə vermisiniz ki, heç kəs heç nə etmək istəmir. Ha vurub toplayırıq ki, hara gedək, nə edək, ağlımıza heç nə gəlmir. Bu gedişlə toylara da Məhərrəm ayında icazə verərsiniz ki, heç kəs yenə də toy edə bilməsin".

Şoumen-teleaparıcı Kamran Həsənli isə məsələyə daha "qlobal" yanaşaraq şadlıq saraylarının Azərbaycan iqtisadiyyatında xüsussi mövqeyi olduğunu vurğuladı: "Biz 5 aydır heç nə qazamırıq, heç yerdən gəlirimiz, yardımımız yoxdur. Bu, real vəziyyətdir. Əgər insan heç nə qazanmırsa, onun vəziyyəti necə ola bilər? Biz hamımız şadlıq sarayları, kafe-restoranlardakı işlərə bağlıyıq. Orada yüz minlərlə insan çalışır, evinə pul aparır. Təkcə musiqiçilər deyil, fotoqraflar, rəqqaslar, ofisiantlar, administratorlar, müdriyyət, qabyuyanlar, xidmətçilər, bərbərlər, dizaynerlər - hamı oradan dolanır. Onlar işsiz qalıblar. Onlar aztəminatlı yox, yoxtəminatlı sayılırlar. Bir var aztəminatlı, bir də var yoxtəminatlı. Bunların heç yandan təminatı yoxdur".

Müğənnilərin bu çağırışlarına ilk reaksiyalar da elə sosial şəbəkələrdən gəldi. Bir çox sosial şəbəkə istifadəçiləri sou-biznes əhlinin karantin olmayan dövrlərdə hamıdan qat-qat yaxşı həyat sürdüklərini qabardaraq bütün ölkə əhalisi üçün ağır olan bu çətin günlərdə onların belə mövqe tutmalarına sərt etirazlarını bildirdilər. Ən sərt reaksiya verənlərdən biri də AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov oldu. Müğənni Niyam Salaminin dediklərinə öz Feysbuk statusunda münasibət bildirən baş redaktor onun bu hərəkətini nankorluq kimi qiymətləndirdi "Niyam Salami "Range-Rover" sürə-sürə qışqırır ki, "Qarabağ müharibəsinin getdiyi, qara çörək tapa bilmədiyimiz vaxtlar bundan yaxşı idi. İndi kirayə pulunu verə bilmirik". Altındakı maşından utan heç olmasa! Karantin olmayan dövrdə hamımızdan qat-qat yaxşı dolanmısınız. İndi nə olub, bir az çətinə düşən kimi səsinizi başınıza atırsınız?! Altındakı maşını satıb, mənimkindən birini alsan, yerdə qalan pula bundan sonra 3 il işləməsən də, dolana bilərsən. Çətin dövrdür də, bir-birimizə və dövlətə həyan olub, adlamalıyıq".

Mövzu ilə bağlı biz də AzVision.az saytının baş redaktoru Vüsal Məmmədova müraciət etdik. Baş redaktor təmənna ilə üsyan edən musiqiçiləri vətəndaş mövqələrini ortaya qoyub cəmiyyəti düşünməyə çağırdı: "Azərbaycanda karantin rejiminə etiraz edənlərin arasında, maraqlıdır ki, bəzi musiqiçiləri də gördük. Karantin - əhalinin sağlamlığını qorumaq üçün zəruri tədbirdir və o, ancaq dövlətin dəqiq ölçülüb-biçilmiş qərarları ilə yumşaldıla bilər. Hansısa musiqiçi bununla bağlı kompetent fikir bildirə bilməz. Onların borcu hamı kimi Operativ Qərargahın qərarlarına əməl etməkdir. Üstəlik, onların davası heç də əhalinin sosial maraqları yox, öz biznesləri üçündür. Bu adamlar ancaq restoranların, şadlıq evlərinin açılmasını və öz asan qazanclarına qovuşmaq istəyirlər. Halbuki vaxtilə hamıdan yaxşı qazanıblar. Sadə insanların bir aylıq qazancını bir gecədə ciblərinə qoyublar. Hamısı lüks həyat tərzi keçirir, dəbdəbəli evlərdə yaşayır, bahalı maşınlar sürürlər. Özü də bacarıqları və istedadları buna yetmədiyi halda! Hər axşam şəhərdəki bütün restoranlar ağzına qədər dolu olurdu, şou-proqramlara təlabat vardı, xüsusi istedadı olmayanlara da yer tapılırdı; onlar da gedib oxuyub-çalıb, asan pullarına qovuşurdular. Çoxu hələ bir neçə ay, bəziləri bir neçə il işləməsə də, dolana bilərlər. Ona görə də, zəhmət çəkib, vətəndaş mövqeyi ortaya qoyub, onlara bu pulları qazandıran cəmiyyətin maraqlarını düşünsünlər. Çünki indi belə lazımdır".

 





11.08.2020    çap et  çap et