525.Az

Bizim Rövşən doktor


 

Bizim Rövşən doktor<b style="color:red"></b>

Doktor Rövşən İmanov 40 ildir, dünyada ən müqəddəs işlə məşğul olur, insanların  sağlamlığını qoruyur.  O, xalqına, vətəninə, el-obasına  dərindən  bağlı,  daxilən işıqli bir ziyalıdır. Rövşən doktor gərgin əməyi ilə neçə-neçə insana ikinci həyat  bəxş edib. Buna görə də, o, xeyirxah   əməllər sahibi, öz  peşəsini  dərindən  bilən bir tibb işçisi kimi yaşadığı Lerik rayonunda insanların qəlbində dərin izlər qoyub.

Rövşən doktor  hazırda  Lerik rayonunun Qışlaq  kənd tibb məntəqəsinin müdiridir. İstedadına, bacarığına söz ola bilməz.  Adəti üzrə içinə böyük sevgi göstərir,  insanların sağlamlığını qorumağı özünə şərəf  bilir.   Ürəyi saf, əlləri şəfalıdır. Onun şəfalı əlləri çoxlarını ölüm pəncəsindən xilas edib.

Rövşən doktor öz peşəsinə dərindən bələd olmaqla yanaşı,  həm də sözün müqəddəsliyinə tapınan qələm əhlidir. Neçə illərdir imzası dövrü mətbuatda görünür. Rövşən doktorun bədii yaradıcılığı əsasən  kiçik hekayələrdən,  şeirlərdən və publisistik  yazılardan ibarətdir.  O, sirəsini ilahi sevgidən çəkən neçə-neçə şerində Vətəni, onun torpaqlarını müqəddəs, hər şeydən uca bir varlıq kimi tərənnüm edir. Rövşən doktorun yazdıqlarını oxumadıqca insan mənən  saflaşır, öz vətəninə daha da ürəkdən bağlanır. O, təmiz sevgidən qaynaqlanaıb humanizm, vətənpərvərlik  çələnginə dönən  “Vətənim” şeirində  deyir:

Odlar  yurdu Azərbaycan torpağı,
Gülər üzlə qarşılayır qonağı.
Hara baxsan bir cənnətdir qucağı,
Sevənlərin ürəyidir Vətənim.

Rövşən doktorun insanlığı ilə yaradıcılığı üst-üstə düşür. O, hər dəfə qələmi təmiz ürək, təmiz dilək sorağı ilə ələ alır. Məhz  buna  görə də  yazdıqlarında  incə ruh, açıq qəlb çırpınır. Bu da ondan irəli gəlir ki,  Rövşən doktorun daxili  aləmi gözəldir, insanlara, vətəninə  sevgisi ilahi ucalıqdan gəlir. Sözə o qədər vicdanlı münasibət bəsləyir ki,  hətta müalicə etdiyi ağır xəstəni belə, onun sehrinə  çəkməklə  qəlbini  ovsunlaya bilir. Onun hər duru misrası yalnız ruha qol-qanad verir. Şərdən-xatadan  uzaq dünyasında sözün yeri bambaşqadır - "Sənsən mənim baharım" şeirində olduğu kimi:

Səninlə  elə bir xoş fəsiləm ki,
İtmişəm çiçəyin, barın içində.
Sənsiz üşüyürəm günəş altında,
Səninlə yanıram qarın içində.

Vətənini, xalqını xoşbəxt görmək Rövşən doktorun birinci arzusudur.  Onun bütün gördükləri də məhəbbət soraqlı günlərimiz naminədir. Şəfalı əlləri, qəlbindən qopan şeirləri insanların rahatlığı üçün həyata  gözəllik gətirir. Ömür payını alnıaçıq, üzüağ yaşaması da elə  torpaq, yurd sevgisi ilə bağlıdır. Onun "Kəndim" şeirində bu, daha aydın görünür:

Nə qədər ömrüm var, nə qədər  sağam,
Kimsə baxa bilməz  ona yad kimi.
Onun qəm yükünü daşıyacağam
Hər zaman, hər yerdə  bir övlad kimi. 

Zəfər ORUCOĞLU
Lerik

 





11.08.2020    çap et  çap et