525.Az

TƏBİB Prezidentin etimadını doğruldur


 

TƏBİB Prezidentin etimadını doğruldur <b style="color:red"></b>

2020-ci il dünya tarixində insanlığın növbəti sınaq, imtahan ili kimi də qalacaq. Bütün dünya düzənini, beynəlxalq iqtisadi və siyasi münasibətləri dəyişən, milyonlarla insanın həyatını təhlükə qarşısında qoyan COVİD-19 pandemiyası ölkəmizdən də yan keçmədi.

Qlobal təhlükəyə çevrilən pandemiyaya qarşı ilk və təminatlı tədbirlər həyata keçirildi, karantin elan olundu. Azərbaycan dövləti onun üçün ən böyük sərvətin vətəndaşı olduğunu bir daha dünyaya sübut etdi. O dövlətlər, hökumətlər güclü hesab edilir ki, onlar bu "elan olunmamış dünya müharibə"sindən öz xalqını, vətəndaşlarını daha az itkilərlə çıxara bilsin. Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xətt məhz ölkəmizin bu "müharibədən" az itkilərlə çıxmasına hesablanıb. Bütün dövlət strukturu bu sınaq günlərində məhz bu amal, ideya ətrafında səfərbər olunub.

Bu "müharibə"də, təbii ki, ön cəbhənin əsgərləri həkimlərdir. İnsan sağlamlığının keşiyində duran ağ xalatlı həkimlərimiz bu çətin günlərdə də əsl fədakarlıq, rəşadət nümunələri göstərdilər. Pandemiya dövrü həm də Azərbaycan səhiyyəsinin gücünün, səviyyəsinin nümayişi oldu. Ötən müddət ərzində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib və son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi  səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Səhiyyə sistemində TƏBİB-in yaradılması aparılan islahatların məntiqi davamı kimi pandemiya dövründə öz müsbət nəticələrini verməkdədir. İyun ayında ölkəmizdə pandemiyanın demək olar ki, pik həddi müşahidə olundu. Hər gün yoluxma sayı 500-600 nəfər civarında idi. Ölkədə kritik durum yaranmışdı. Məhz belə çətin məqamlarda TƏBİB-in professionallığı, peşəkar komanda kimi fəaliyyəti hər hansı panikanın, ajiotajın yaranmasının qarşısını aldı, vəziyyət hər an nəzarətdə saxlanıldı. Ciddi sosial təpkilərə baxmayaraq, TƏBİB rəhbərliyi doğru olanı etdi - sərt karantin tədbirləri, sosial izolyasiyanın gücləndirilməsi kritik həddi aşırmağa kömək etdi. Artıq ölkədə pandemik vəziyyət sabitləşməyə doğru gedir - yoluxma sayı yüzün altındadır. Təbii ki, bütün bunlar peşəkar yanaşmanın, dünya təcrübəsindən düzgün yararlanmanın və TƏBİB-in əsl vətənpərvərliyinin nəticəsidir. Ramin Bayramlını ölkə ictimaiyyəti çətin bir dövrdə yaxından tanıdı. Bir gənc kadr üçün bundan ağır sınaq, imtahan ola bilməzdi. Bütün dünyada insanlığın təhlükə qarşısında qaldığı bir dövrdə bu sahəyə bilavasitə cavabdehlik daşımaq, məsuliyyəti hardasa üzərinə götürmək böyük risk idi. Amma R.Bayramlı çiyinlərini bu yükün altına verdi və Azərbaycan səhiyyəsinin yeni bir uğur səlnaməsinə öz imzasını atmağı bacardı.

Bu uğurların qazanılmasında R.Bayramlı ilə eyni səngərdə yer alan böyük bir komandanın əməyini də qeyd etmək lazımdır. TƏBİB-in aparat rəhbəri Gündüz Əbdülovun pandemiya dövründə peşəkarlığı, gərgin zəhməti amansız düşmənlə mübarizədə böyük rol oynadı. Ötən müddət ərzində istirahətsiz, gərgin fəaliyyət bugünkü uğurların təməlindədir.

Qeyd etdiyim kimi, bu günlər yorulmuş cəmiyyətin sərt təpkilərinə tuş olmaq və bütün bu sosial təzyiqlərə dözmək də böyük cəsarət nümunəsidir. Onu demək olar ki, hamı tənqid edir - sadə vətəndaşdan tutmuş deputatlara qədər. Dənizdə çimmək istəyən də TƏBİB-dən narazıdır, evlənmək istəyən də. Özünü xalqa sevdirmək istəyən də, populyarlaşmaq istəyən də TƏBİB-i tənqid edir. Nədənsə hər gün dəyişən, azalan rəqəmləri görmək istəyənlər azdır. Bəs niyə müsbət tendensiyanı demək istəyənlər, təqdir edənlər çox da gözə dəymir. Axı bütün bunlar öz-özünə, hansısa sehirli çubuğun köməkliyi ilə başa gəlməyib. Öz sağlamlığını riskə atan yüzlərlə həkimin, gecə-gündüz çalışan bir komandanın qazandığı uğurlara niyə kölgə salmalıyıq?

Bütün dünya çətin bir dönəmdən keçir. Qarşıda bizi hələ hansı çətinliklərin gözlədiyini proqnozlaşdırmaq mümkün deyil. Amma bir fakt ortadadır ki, Azərbaycan dövləti hər vasitə ilə xalqının yanındadır, onun sağlamlığının keşiyindədir. Tarix boyu təbiblər həmişə insanlığın keşiyində durublar, onu min bir bəladan, xəstəlikdən qoruyublar. Bu gün də xalqımızı görünməz düşməndən - amansız virusdan qoruyan TƏBİB-miz var. İnanırıq ki, onlar yazdıqları uğur səlnaməsini davam etdirəcəklər və xalqımız öz ağ xalatlı xilaskarları ilə bir daha qürur duyacaq. 

Nicat MAHMUDOV

 





11.08.2020    çap et  çap et