525.Az

Azərbaycan Türk fəlsəfi fikir xəzinəsinə töhfə - Yazı


 

Azərbaycan Türk fəlsəfi fikir xəzinəsinə töhfə - <b style="color:red">Yazı</b>

Bu günlərdə  tanınmış Azərbaycan alimi Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər"  (II hissə, Bakı, Elm və təhsil, 2020, 864 səh.) adlı sanballı monoqrafiyası işıq üzü görmüşdür.
 
Uzun illərin gərgin zəhmətinin bəhrəsi olan bu əsərdə (kitabın I hissəsi 2018-ci ildə nəşr olunub) filosof Azərbaycan Türk mütəfəkkir və filosoflarının fəlsəfi və ictimai-siyasi baxışlarını dərindən və sistemli şəkildə təhlil etmiş, fəlsəfənin kateqorial aparatından bəhrələnərək uğurlu tədqiqat aparmışdır. İncə təfəkkür tərzi və dəmir məntiqi müəllifə imkan vermişdir ki, fəlsəfəmizin tarixini ətraflı və obyektiv araşdırsın, indiyədək buraxılan səhvlər aradan qaldırılsın, mütəfəkkirlərimizin fikirləri yeni baxış bucağından yeni müstəvidə həqiqətə uyğun olaraq təhlil edilsin. Əlbəttə, sovet dövründə də filosoflarımız haqqında maraq doğuran tədqiqatlar az olmamışdır və bunlar haqqında müəllif əsərində yeri gəldikcə məlumat verir,  araşdırıcılara hörmətini bildirir. Bununla belə, həmin tədqiqatlardakı yol verilmiş nöqsanlar, qüsurlardan da yan keçmir, onlar barəsində fikirlərini oxuculara çatdırmağı özünə borc bilir.

Böyük bir dövrü əhatə edən irihəcmli kitabda (I və II hissələr) filosofların irsini araşdırmaq millət sevgisi, xeyli əziyyət, gərgin zəhmət, elmi təhlil, yaradıcı yanaşma, dərin bilik, düzgün metodologiya, səlis məntiq, müstəqil fikir yürütmək qabiliyyəti, müqayisəli təhlil və elmi tədqiqat aparmaq bacarığı tələb edir. Bu keyfiyyətləri özündə ehtiva edən dəyərli ziyalımız F.Ələkbərli həmin işin öhdəsindən uğurla gəlmiş, nəhəng fikir sahiblərimizin düşüncələrinə yeni baxış sərgiləyə bilmişdir. Hər iki hissənin elmi redaktoru kimi öz üzərimə düşən məsuliyyəti dərk edərək bəzi qeydlərimi, fikir və mülahizələrimi lazım gəldikcə müəllifə bildirmiş, çoxlu fikir müzakirələri aparmış, obyektivliyi qorumağa çalışmışıq. Azərbaycanda  bu sahənin bilicisi hesab edildiyindən və dərin istedadına, elmi qətiyyətinə bələd olduğumdan onun fikirləri ilə razılaşmağa üstünlük vermişəm.

Kitabın I hissəsində müəllif Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin (XVIII-XIX əsrin birinci yarısı) inkişaf yollarını üç istiqamətdə:

1) Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsinin davamı: sxolastik fəlsəfədən dünyəvi fəlsəfəyə, dini təfəkkürdən dünyəvi təfəkkürə dönüş: Abbasqulu Ağa Bakıxanov, Zeynalabdin Şirvani, Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Seyid Əbülqasim Nəbati, Heyran xanım, Əbuturab Axundoğlu, Mir Həmzə Nigari və başqaları;

2) Azərbaycanda Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü: avropaçılıq təsirindən radikal-inqilabçı fəlsəfəyə doğru: Mirzə Şəfi Vazeh, Tahirə (Zərintac) Qürrətul-Eyn, Mirzə Məhəmməd Əli Kazım bəy, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Zeynalabdin Marağalı və başqaları;

3) Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və Qərb-Avropa mədəniyyətinin "sintezi" problemi və həll yolları: Cəmaləddin Əfqani, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə Əbdürrəhim Talıbzadə və başqaları, - araşdırıb.

Bu hissədə Azərbaycan Türk mütəfəkkirlərinin Şərq mədəniyyəti, o cümlədən də, əsasən İslam mədəniyyəti və Türk mədəniyyəti-fəlsəfəsi ilə bağlılığı ətraflı tədqiq olunub. Müəllifə görə, əvvəlki dövrlərlə müqayisədə XVIII əsrin sonu - XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan Türk mütəfək-kirləri dini-fəlsəfi məsələlərlə müqayisədə ictimai-siyasi problemlərə də öz yaradıcılığında böyük yer ayırmışlar. Bunun səbəbi həmin dövrdə ictimai-siyasi həyatda baş verən mürəkkəb kataklizmlərlə bağlıdır ki, mütəfəkkirlərimiz bu məsələlərə diqqət verməyə bilməzdilər. Müəllifin fikrincə, Azərbaycan xalqının da, onun fəlsəfəsinin də nüvəsində, mərkəzində türk faktoru dayanır. Azərbaycanda irandilli, qafqazdilli etnosların varlığı inkar olunmasa da, ancaq buradakı fəlsəfi fikri tarixi qədim dövrlərdən günümüzədək əsasən, Türk mütəfəkkirləri ilə bağlıdır.

Müəllif yazır ki, Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsinin davamçıları arasında sxolastik fəlsəfədən dünyəvi fəlsəfəyə, dini təfəkkürdən dünyəvi təfəkkürə dönüş arasında müəyyən fərqliliklərin olması danılmazdır. Əslində, XIX əsrdə Azərbaycan Türk mədəniyyətinin və fəlsəfəsinin təşəkkülündə sxolastik fəlsəfi təfəkkürdən dünəyvi fəlsəfi təfəkkürə dönüşdə ortaya çıxan ziddiyyətlər, fərqliliklər onun yeni bir mərhələyə keçməsinin təməlini qoymuşdur.

Müəllifə görə, XIX əsrdə Azərbaycan Türk fəlsəfi və ictimai fikrini özündən əvvəlki iki inkişaf xətti ilə müqayisədə daha dolğun şəkildə əks etdirənlər Şərq-İslam-Türk mədəniyyəti ilə Qərb-Avropa mədəniyyəti arasında ortaq nöqtələri tapıb "sintez" etməklə bu poblemi həll etmək istəyən mütəfəkkirlərimiz (C.Əfqani, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə Əbdürrəhim Talıbzadə, Ə.Gorani və başqaları) olmuşlar.

Kitabın II hissəsində  XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə: 

1) Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, müasirlik və islamçılıq (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, F.Köçərli, Ə.Tobçubaşov, M.B.Məhəmmədzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli, H.Bayqara və başqaları);

2) Marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik (N.Nərimanov, S.M.Əfəndiyev, R.Axundov, H.Hüseynov, C.Nağıyev və başqaları);

3) Milli maarifçilik fəlsəfəsi: realizm və romantizm (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, H.Cavid, A.Şaiq, A.Səhhət, M.Hadi və başqaları) təhlil edib.

Kitabın bu hissəsində XX əsr Quzey Azərbaycan Türk mütəfəkkirlərinin irsində dörd problem - Türklük (Türk dünyagörüşü), İslamlıq (İslam dini), sosial-demokratiya (marksizm),  İnsanlıq (əsl İnsan problemi) tədqiqata cəlb olunmuş, onların hər birinin fəlsəfi və ictimai-siyasi aspektləri araşdırılmışdır.

Kitabda Azərbaycan Türk mütəfəkkirlərinin İslamlıq ideyasına münasibəti məsələsinə gəlincə, müəllif hesab edir ki, islam dinini dövrün şərtlərinə görə dəyərələndirilib burada islahatlar aparılmasının zəruriliyi məsələsində XX əsrdə yaşamış Azərbaycan Türk aydınlarının əməyi olmuşdur. Onlar müsəlman Türk xalqları, o cümlədən, Azərbaycan türkləri arasında ifrata yuvarlanmış İslamın yenidən nəzərdən keçirilməsini, əsl İslama qayıdışın zəruriliyini vurğulayırdılar. Müəllifə görə, Ə.Ağaoğludan fərqli olaraq Ə.Hüseynzadə islamlıq ideyasını vaxtında real dəyərləndirmiş, onun Türk xalqlarının həyatında oynadığı rolun çərçivəsini daha doğru cızmağa çalışmışdır. Əgər Ə.Ağaoğlu islamlığın tarixini, mədəniyyətini, fəlsəfəsini ortaya qoyurdusa, Ə.Hüseynzadə türklüyün tarixini, fəlsəfəsini, mədəniyyətini ortaya qoyurdu.

Müəllif hesab edir ki,  türklük, islamlıq, sosial-demokratiya və digər ideyalar, təlimlərlə yanaşı, Azərbaycan Türk mütəfəkkirlərinin  diqqət yetirdiyi əsas problemlərindən biri İnsanlıq fəlsəfəsi olmuşdur. Ələkbərlinin fikrincə, insanlıq fəlsəfəsi Azərbaycan Türk aydınları üçün bir qırmızı xətt üzərində inkişaf etmişdir. O yazır: "İnsanlıq fəlsəfəsi ideyası ilə bağlı biz yalnız hüseynzadələr, ağaoğlular, rəsulzadələr deyil, onlarla yanaşı cavidlər, səhhətlər, şaiqlər, köçərlilər, hadilər və başqalarının da adlarını çəkə bilərik. Bizcə Azərbaycan Türk bilgələrinin türklük, islamlıq, sosial-demokratiya, liberalizm və başqa təlimlərlə yanaşı, İnsanlıq üzərində də dayanmaları təsadüfdən çox zərurətlə bağlı olmuşdur. Hər halda   bu təlimlərin özü bu və ya digər formada insanlığın təbliği üzərində qurulmuşdur. Sadəcə, onlar müxtəlif səbəblərə görə, siyasiləşdiyi hətta, dövlətçlik fəlsəfəsinin bir parçasına çevrildiyi üçün insanlıq məsələsinin ayrıca dəyərləndirilməsi bəzi mütəfəkkirlərimizcə daha məqsədəuyğun olmuşdur. Başqa sözlə, Dünya, Yaradan, Cəmiyyət və İnsanla bağlı olan fikir və düşüncələrini bir çox səbəblərə görə, türklük, islamlıq, sosial-demokratiya və digər təlimlər üzərindən ifadə edə bilməyən bəzi aydınlarımız bunu, İnsanlıq  çərçivəsində əks etdirməyə çalışmışlar". Ziyalı-maarifçilərimizin hər birinin İnsanlıqla bağlı görüşlərində əsasən Türk fəlsəfəsinə əsaslanan ədalətlilik, bərabərlik, humanizm prinsipləri ön planda olmuşdur. Başqa sözlə, bizcə, onların İnsanlıq təlimi ilə bağlı düşüncələrində məhz Türk fəlsəfəsi, Türk dünyagörüşü digər ideyaların bir-birilə uzlaşdırılması, ortaq nöqtələrin tapılması yolunda mötədil və əsas meyar olmuşdur.

Azərbaycan Türk fəlsəfə elminin daha da zənginləşməsinə xidmət edən yüksək elmi-nəzəri səviyyədə yazılmış monoqrafiya həm də bu istiqamətdə tədqiqat aparan araşdırmaçılar üçün dəyərli vəsait, düzgün istiqamət, yol göstərən mayak olacaqdır. İnanırıq ki, müəllif növbəti hissələrdə Güney Azərbaycan Türk fəlsəfəsini də araşdırıraq elmə verdiyi töhfələrin sayını artıracaq, bu istiqamətdə araşdırmaların yolunu gözləyənlərin sevincinə səbəb olacaq.

Zeynəddin ŞABANOV
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

 





11.08.2020    çap et  çap et