525.Az

Azərbaycan xalqının dəyərli zərrəsi - Yaqut Bahadurqızı yazır


 

Azərbaycan xalqının dəyərli zərrəsi - <b style="color:red">Yaqut Bahadurqızı yazır </b>

Kollektivimizin – Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin bir adəti var. Bu adəti kollektivin rəhbəri qoyub. Ən kiçik işçidən şöbə müdirlərinə qədər hər kəsin doğum günü qeyd olunur. Birinci və ən dəyərli sözü özünə məxsus tərzdə elə rəhbərin özü deyir. Ondan sonra deyilənlər nə qədər qiymətli olsa da, yaşıl palıd ağacının kölgəsində çayıra bənzəyir...

Bu gün isə onun heç zaman qeyd etmədiyi və heç kəslə bölüşmək istəmədiyi özəl günüdür. Narazı qalacağını bilsəm də borclu qalmaq istəmədim. Çətinlik çəkirəm söz sərrafını təbrik üçün söz yazmağa. Sağında şair Nizami, solunda filosaf Nizami, beynində Nizami, kəlamında, qələmində Nizami... elə mən də Nizamini üzümə tutub ürəkləndim, qəlbimdən keçənləri yazdım.

Uluların yolunun gərək qulu olasan,
Ülviyyətə yüksəlib, sən də ulu olasan...

50 ilə yaxındır həyatını ululara, müqəddəslərə, millətin, xalqın milli-mənəvi sərvəti olan kəslərə, nadanların, xainlərin məhşərə çəkdikləri məşhurların həyatını, yaradıcılığını arayıb araşdırmağa həsr edən, bu müqəddəs yolun qulu olan, vaxtından tez ululaşan qələm əhli, elm sahibi, ruh adamı Rafael Hüseynovdan gedir söhbət.

Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Millət Vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor Rafael Baba oğlu Hüseynov 1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. O, 1971-ci ildə 2 saylı şəhər orta məktəbini bitirmişdir.

Rafael Hüseynov 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars filologiyası ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1976-1978-ci illərdə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır. 1978-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, 1982-ci ildən 1988-ci ilədək isə həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır.

Rafael Hüseynov 1980-ci ildə “Baba Tahir və onun poetik irsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

İstedadlı alim 1988-ci ildən 2003-cü ilədək Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. 2003-cü ildən AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə rəhbərlik edir.

Rafael Hüseynov ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan “İrəli” qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlamış, dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı “Nəğməli ömürlər” və 1975-ci ildən 45 il fasiləsiz müəlliifi və aparıcısı olduğu “Axşam görüşləri” adlı həftəlik verilişlər silsiləsi efırdə səslənmişdir. “Qobustan” incəsənət toplusunda “Görməyən gözlərin aydınlığı”, “Əsas odur ki, xalq sizi sevir”, “Həsrət qatarı” və s. publisistik yazıları çap olunmuşdur.

R.Hüseynov orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan artıq ədəbiyyatşünaslıq əsərinin müəllifıdir. 1992-ci ildə “Məhsəti Gəncəvinin yaradıcılıq bioqrafiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Məhsəti Gəncəvinin rübailərini, Rəsul Rza və Nigar Rəfibəyli haqqında “İki ömrün işığı” (1987) adlı xatirələr kitabını tərtib etmişdir.

Rafael Hüseynov elmi-ədəbi fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. ADU-da “Fars ədəbbiyyatı” (1987-1989), Konservatoriyada “Mədəniyyət tarixi” (1990-1991), “Xəzər” Universitetində “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan mədəniyyəti” (1995) fənlərindən dərs demişdir. Xəzər Universitetində “Azərbaycan filologiyası və şərqşünaslıq” kafedrasının müdiri vəzifəsində (1995-1998) çalışmışdır.

Rafael Hüseynovun elmi fəaliyyəti əsasən, klassik Azərbaycan ədəbiyyatının VIII-XVIII əsrlərdəki bir sıra naməlum və ya az öyrənilmiş nümayəndələrini müasir  tələblər səviyyəsində araşdıraraq elmi dövriyyəyə daxil etmək; klassik Azərbaycan ədəbiyyatşünaslığı ilə bağlı komprativistikaya əsaslanan öz məktəbini yaratmaq; Azərbaycanda və xaricdə mədəniyyətimizi və tariximizi təqdim edən yeni muzeylər qurmaqdan və s. ibarət olmuşdur. 418 elmi əsərləri çapdan çıxmış, o cümlədən 49 elmi əsəri xaricdə dərc olunmuşdur. 7 məqaləsi isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmuşdur.

Yazıçı-publisist Rafael Hüseynovun qələmindən çıxan “Vaxtdan uca”(1987, 363 səh.), “1002-ci gecə” (1988, 408 səh.), “Məhsəti necə varsa” (1989, 336 səh.), “Baba Tahir. Dübeytilər” (1989, 4,25 ç.v.), “Rəfibəylilər” (1996, 672 səh.), “Millətin zərrəsi” (2001, 720 səh.), “Məhsəti Gəncəvi – özü, sözü, izi” (2005, 560 səh.), “Əbədi Cavid” (2007, 840 səh.), “Госпожа Луна-Мехсети Гянджеви” (2010, 608 səh.), “Yurdun adındakı can” (2010, 904 səh.), “Hamısı ulduz. Musiqi tariximizin səhifələri” (2012, 888 səh.), “Söz heykəli” 2012, 816 səh.), “İmzamız. Sənət düşüncələri” (2012, 800 səh.), “Söz tək gözəl” Məhsəti haqqında monoqrafiya (2013, 560 səh.), “Царица державы рубаи” Məhsəti haqqında monoqrafiya. (2013, 640 səh.), “Məhsəti Gəncəvi” Portret-oçerk. (21 dildə kitab - Azərbaycan, Azərbaycan dilində ərəb əlifbası ilə, rus, ingilis, türk, fransız, alman, italyan, ispan, tacik, fars, ərəb, koreya, yapon, indoneziya, norveç, yunan, hind, polyak, çex, ivrit, urdu dillərində, 2013, 128 s.), “Sözün meracı” (Azərbaycan ədəbiyyatının klassikləri haqqında. 2014 (Rus dilində), 752 səh.), “Yoxdan var” 2014, 808 səh.), “Ağzın sirri” (2014, 800 səh.) və s. bədii, sənədli, elmi əsərlər xalqın ən qiymətli milli-mənəvi sərvətlərindəndir.

Rafael Hüseynov filmoqrafiya sahəsində də fəaliyyət göstərmiş bir sıra maraqlı sənədli filmlərin ssenari müəllifi və hətda rejissoru da olmuşdur. “Ocaq” (film, 1990), “Qayıdış” (film, 1992), “Cavid ömrü” (film, 2007), “Əbədiyyət” (veriliş, 2007), “Ömrün rəngləri” (film, 2007), “Maestro Niyazi” (film, 2007), “Rəfibəylilər” (film, 2009) və s. həmin sənət nümunələrindəndir.

R.Hüseynov eyni zamanda uzun illərdir ki, ictimai-siyasi xadim kimi də səmərəli fəaliyyət göstərir. O, 2001-ci ildən Azərbaycan Milli Məclisinin üzvüdür, 2001-ci ildən AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvüdür. O, xeyli müddət Milli Məclisdə Mədəniyyət Komitəsinə rəhbərlik etmişdir.

Yazıçı-publisist Rafael Hüseynov 1997-ci ildə  “Cavidlər” əsərinə görə Azərbaycan Respublikası Elmlər Akademiyasının, Yazıçılar Birliyinin, Azərbaycan Universitetinin xüsusi mükafatına layiq görülmüşdür. 2005-ci ildə Rafael Hüseynov Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 2014-cü ildə “Elmdə ad” Beynəlxalq mükafatla təltif olunmuşdur.

R.Hüseynov 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. O, Oksford Akademiya İttifaqının üzvüdür.

Rafael Hüseynov gənc elmi kadrların yetişdirilməsi sahəsində də səmərəli işlər görmüşdür. Onun rəhbərliyi altında 19 fəlsəfə doktoru, 13 elmlər doktoru elmi işlərini müvəfəqqiyyətlə davam etdirirlər.

Bu gün AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi, millət vəkili Rafael Hüseynovun növbəti doğum günüdür. Növbəti günlər, illər çox olacaq onun həyatında və bugünkü doğum günü tarixə çevriləcək. O tarixə ki, uzun illər sonra biz də - onunla çalışan, onun tövsiyyələrini, məsləhətlərini, bəzən məzəmmətlərini eşidən insanlar kimi bu tarixin bir parçası olacağıq. Və zaman gələcək ki, Vətən, millət yolunda çalışmış, ömürləri mübarizələrlə dolu olmuş dəyərli insanlar, xalqa təmənnasız xidmətlər göstərərək əbədiyyəti qazanmış, ancaq zorla unutdurulmuş millətin zərrələrini sətir-sətir, varaq-varaq, kitab-kitab işıqlandıran, bu minvalla da özü də xalqın ən dəyərli zərrəsinə çevrilən Rafael Hüseynovu tanıyan, görən, eşidən, dinləyən bəxtəvər kəslərdan sayılacağıq.

Özəl günündə Rafael müəllimi yetişdirdiyi onlarla alim, yüzlərlə tələbə, eləcə də ziyalı və sıravi oxucuları təbrik edəcək. Biz də akademik Rafael Hüseynovla çiyin-çiyinə çalışan AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi olaraq onu təbrik edir, yaradıcılıq uğurları, sağlamlıq arzulayırıq.

 





11.08.2020    çap et  çap et