525.Az

Mədəniyyət Nazirliyi ideya axtarışında - I yazı


 

Mədəniyyət Nazirliyi ideya axtarışında - <b style="color:red">I yazı</b>

Son günlərdə aparılan kadr islahatlarından sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olundu və Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icrası ona tapşırıldı.

Qeyd edək ki, Anar Kərimov bundan öncə Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsini icra edirdi. Bir neçə gün öncə Anar Kərimovu ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə YUNESKO-nun baş ofisinin yerləşdiyi Fransada yaşayan və mədəniyyət sahəsində aktiv fəaliyyət göstərən həmyerlilərimizin Anar Kərimovun fəaliyyəti ilə bağlı təəssüratlarını oxucularımıza təqdim etdik.

Sevindirici haldır ki, Anar Kərimov bu vəzifəyə təyin olunduğu ilk gündən mühüm addımlar atmağa başladı. Onlardan biri də Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti idi.

Müraciətdə bildirilirdi ki, ölkəmizdə, bütün sahələrdə olduğu kimi, dövlət rəhbərliyinin yüksək diqqət və qayğı göstərdiyi mədəniyyət sahəsində də kompleks və sistemli islahatların həyata keçirilməsi günün tələbidir. İslahatların və görüləcək işlərin daha keyfiyyətli və səmərəli olmasını təmin etmək üçün mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatlar və fərdlərin iştirakı ilə məsləhətləşmələrin aparılması və sahəvi inkişaf proseslərində onların rəy və təkliflərinin nəzərə alınması planlaşdırılır. Bu məqsədlə nazirlik ictimaiyyətə üç sual ünvanladı:

1. Mədəniyyət sahəsində siyasət və idarəetmədə gözləntiləriniz nədir?

2. Mədəni irsin mühafizəsi və inkişafı ilə bağlı hansı təklifləriniz vardır?

3. Mədəniyyət sahəsində yerli və beynəlxalq təbliğatın gücləndirilməsi üçün nə kimi yenilikləri təklif edərdiniz?

"525-ci qəzet" mədəniyyətin müxtəlif sahələrində çalışan peşəkarlara mövzuyla bağlı müraciət etdi və onların bu üç suala cavablarını öyrəndi. Söz, sənət və incəsənət adamlarının təklifləri zəngin və maraqlı olduğundan onları iki yazı kimi qələmə almaq qərarına gəldik. Birinci yazını təqdim edirik. 

***

Ədəbiyyat adamı elə ədəbiyyatla yaşamalıdır" - MÜSAHİBƏ

Qismət, yazıçı:

- 1. Mədəniyyət Nazirliyi o biri nazirliklərdən tamam fərqli məntiqlə idarə edilməlidir. Bu nazirliyin işçi heyəti, kollektivi  kiminsə dostu-tanışı, qohum-qardaşı tipində insanlardan ibarət olmamalıdır. Müasir dünyada mədəniyyət və təhsil həmişəkindən daha strateji sahələr hesab edilir. Mədəniyyət sahəsində istənilən xaric not, falş, şablon, quş qoymaq üçün keçirilən tədbir həm ölkə daxilində, həm ölkə xaricində əks effekt verir, ona görə bu sahəyə təkcə idarəetmə keyfiyyətləri kontekstində baxmaq düzgün deyil. Bu sahəyə mədəniyyət duyumu olan, ana dilini yaxşı bilən, sənəti və sənətçini heç olmasa yaxşı oxucu, dinləyici, tamaşaçı səviyyəsində başa düşən insanlar rəhbərlik etməli və bu keyfiyyətlərin daşıcıyısı olan insanlarla çalışmalıdır. Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi təkcə dövlətdən maliyyələşən qurumlarda, ittifaqlarda təmsil olunan sənətçilərlə yox, ən müxtəlif səbəblərdən bu qurumlarda təmsil olunmayan (olunmamağı seçən) sənətçilərlə də işləməyi bacarmalıdır.          

2. Əgər Mədəniyyət Nazirliyi əvvəlki illərdəki kimi öz işini ancaq mədəni irsin mühafizəsi üstündə quracaqsa, onda biz heç vaxt dünya mədəniyyətinin dilində danışa bilməyəcək, qatıldığımız bütün beynəlxalq tədbirlərdə əvvəlki kimi etnoqrafik libasda görünəcək, folklor mərhələsində ilişib qalmış xalq sayılacağıq. Bizdə kifayət qədər müasir incəsənəti bilən, onun meyarları ilə əsər yaradan sənətçilər var. Onları küsdürməklə, görməzdən gəlməklə, heç yerə getmək mümkün deyil. Bizim mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın istedad və intellekt problemi yoxdur, dürüst münasibət problemi var. Mədəni irsin mühafizəsi işin bir hissəsi ola bilər. Ən əsası mədəniyyətin (buna çağdaş nəzəriyyələrdə "simvolik sərmayə" də deyirlər) sistemli şəkildə, vicdanlı seçimlərlə eksport olunmasıdır. Neçə illərdir ki, mədəniyyət sahəsində daha çox xaricdən idxal var (bizim dilə tərcümə), ixrac yox dərəcəsindədir (bizim dildən tərcümə).  

3. Mən mədəniyyət sahəsində yerli və beynəlxalq təbliğatın gücləndirilməsi barədə yaxın illər ərzində xeyli yazı yazmışam, müsahibələr vermişəm. Bir daha cəhd edək. Ötən illərdə bir neçə dəfə iştirak etdiyim xarici kitab yarmarkalarında bizim Mədəniyyət Nazirliyinin stendini görəndə utanc hissi keçirmişəm. Hətta bir dəfə Nazirliyimiz bir qala maketi düzəltdirmişdi, qalanın qabağına əlində ox-kaman tutmuş milli geyimdə bir cəngavər kuklası da qoymuşdu. Stendimizdəki bütün kitablar ya siyasi-ideoloji kitablar idi, ya da vəzifə sahiblərinin yazdığı şeirlər, hekayələr, romanlar. Dünyaya mesajımız beləydi: bizdə şair də, yazıçı da, tənqidçi də məmurlardır. Halbuki beş-on addım böyrümüzdəki stenddə led ekranlar, yeni elektron vasitələr, sürətli çap maşınları, qonaq ölkənin çərəzlərindən və içkilərindən dadmaq üçün hazırlanmış kiçik masalar vardı. Keçmiş çıxışlarının birində sabiq Mədəniyyət nazirinin də vurğuladığı, amma nədənsə uzun illər həllini tapmayan bir başqa məsələ də İSBN-lə bağlı problemdir. İSBN -  kitabın bu dünyada mövcud olduğunu göstərən pasportdur. Bizdə İSBN nömrələrini bütün nəşriyyatlara Xəzər Universiteti satır. İSBN nömrəsi kitabın beynəlxalq kodudur, məlumat daşıyıcısıdır, onu beynəlxalq bazaya daxil edəndə müəllifin və kitabın adı, fotosu, nəşriyyatı və qiyməti bilinir. Girib yoxlayın, görün bu neçə illər ərzində çıxan kitabların hansı həmin beynəlxalq bazada görünür? Ölkə başçısının sərəncamı ilə çap olunan 150 cildlik Dünya ədəbiyyatı seriyası da o bazada yoxdur. Problem belədir: bütün dünyada bu proseslə - İSBN nömrəsinin satışı və bazaya daxil edilməsiylə ya Mədəniyyət Nazirliyinin müvafiq şöbəsi məşğul olur, ya da Milli Kitabxana. Bu, sadə görünən ciddi problemdir. Bir başqa məsələ bütün naşirləri, ədəbiyyatçıları, kitabsevərləri narahat edən kitab çapı və satışı üzərindəki ƏDV-dir. Parlamentdə bu məsələ bir neçə dəfə səsləndirilsə də, həllini tapmayıb. Mədəniyyət Nazirliyi bu məsələni müzakirə etmək üçün bir konfrans təşkil etsə və orda səslənən fikirlərin cəmindən bir təkliflər paketi hazırlasa, elə bilirəm, yaxşı olar. ƏDV məsələsi kağızın qiymətindən başlayaraq tələbənin kitab almaq imkanlarına qədər geniş spektri əhatə edir. Düşünürəm ki, ölkəmizdə hər il keçirilən (mütəmadilik vacibdir!) beynəlxalq bir ədəbiyyat festivalına ehtiyac var. Bu, fikrimcə, Nizami Gəncəvinin adıyla bağlı olsa, yaxşı olar. Necə ki, Türkiyənin Konya şəhərində hər il Mövlanə günlərinə dünyadan minlərlə sənət və düşüncə zəvvarı axışır, biz də Nizaminin adı ətrafında belə bir festivalı qura bilərik. Düşünürəm ki, ya həmin festivalın tərkib hissəsi kimi, ya da müstəqil şəkildə fəaliyyət göstərəcək ciddi bir ədəbiyyat mükafatının təsis olunmasına da böyük ehtiyac var. Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatı cəmiyyətdə nüfuz qazanmadı, çünki köhnəlmiş sosialist metodla, hamını razı salmaq üçün mükafatları daha çox adam arasında bölməyə başladılar və layiqlinin yanında layiqsizə, ciddinin yanında ortababa da mükafat verildi deyə, nəcib məqsədlərlə başlayan iş hörmət qazana bilmədi. Bizim yaxşı mükafat fondu olan, heç bir tapşırığın, tanışlığın keçmədiyi ciddi, standartları yüksək olan bir mükafata ehtiyacımız var və yaxşı olar ki, həmin mükafatın bir nominasiya üzrə hər dəfə dünya yazıçılarından biri də qalib olsun. Bu, inteqrasiya üçün əhəmiyyətli faktordur. Məsələn, ruslar əvvəlki əsrlərdəki ədəbi-mədəni statuslarını bərpa etmək üçün ötən illərdə Tolstoy adına mükafat təsis ediblər. Qalibləri arasında Orxan Pamuk, Mario Varqas Lyosa kimi yazıçıların olduğu bu mükafat yaxşı da reaksiyalar alır. Bir başqa məsələ Mədəniyyət Nazirliyindəki qeyri-rəsmi senzura ilə bağlıdır. Xüsusilə kino sahəsində olduğu deyilən bu senzuraya əsasən, lap sovet vaxtındakı kimi, müsbət obraz şərti qoyulurmuş. Onsuz da nazirlik hesabına çəkilənlər filmlərin tv-lərdə nadir hallarda göstərildiyini nəzərə alsaq, bu cür boyat ideoloji tələblər anaxronizmdən başqa bir şey deyil. Əksinə, dünyada o ölkələrin mədəniyyəti yetkin hesab edilir ki, onlar tənqidi başqalarına buraxmırlar. Cənubi Koreya mədəniyyətinin son illərdə dünyaya çıxmasıyla bağlı araşdırma apararkən, "Asiyanın Mandelası" adlanan, Nobel Sülh Mükafatına layiq görülmüş Kim De Çjunun mədəniyyətlə bağlı bir devizi ilə rastlaşdım: "Dəstəklə, amma qarışma!" Bu, bizim Mədəniyyət Nazirliyinin əsas devizi olmalıdır. 

Əli İsa Cabbarov: “Müxalifət ziyalılarla dialoq qura bilmir” – Azlogos

Əli İsa Cabbarov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, prodüser:

- Bu sahənin dotasiyada olması mühümdür. Vəsait lazımsız bürokratik maneələrdən təmizlənmiş mexanizmlərlə bölüşülməli, effektivliyinə nəzarət artırılmalıdır. Bölgələrdə və Bakı ətrafında kitabxanaların işinin qüvvətləndirilməsi çox vacibdir. Mədəniyyət evlərinin fəaliyyətinə xüsusi diqqət ayrılmalıdır ki, əhalinin nisbətən maddi çətinlikləri olan təbəqəsi bu mərkəzdə övladlarının mədəni inkişafına vacib olan xidmətləri ala bilsin. Kİitabxanaçılığa ögey münasibət hiss olunur, xüsusilə kitabxanaçılara. Bu ənənə dəyişməlidir. Kitabxanaçılar mədəniyyətimizin ən böyük daşıyıcılarıdır. 

Həm yerli, həm də beynəlxalq səviyyədə təbliğat işini mətbuat aparmalıdır. Nazirlik teatr, rəssamlıq, kino və musiqi sahəsi üçün hər birinin ayrılıqda mətbu orqanı olması üçün vəsait ayırmalıdır. Mütləq elektron dərgilərlə yanaşı, çap orqanları da olmalıdır. Təbii, bunlar xarici dillərdə də olmalıdır ki, beynəlxalq təbliğat olsun. Xaricdə Azərbaycan mədəniyyəti günləri yəqin ki, lazımdır, amma bu, bir az da köhnəlmiş metoddur. Mədəni layihələrin kuratorları tərəfindən konsepti hazırlanmış bir neçə sənətin kombinəsi olan layihələr olmalıdır. Uğurlu nümunə kimi Xalça Muzeyinin Sankt Peterburqda keçirdiyi Sovet Xalça və tikmələrdən ibarət sərgini misal çəkmək olar. Sənətimizin konseptual yanaşma ilə təbliği daha effektli olar. Bu cəhətdən Azərbaycan sənət adamlarının xarici səfərlərinin maliyyə dəstəyi daim olmalıdır. Bu məqsədlə nazirlik ildə 2 dəfə müsabiqə də elan edə bilər.

Şövkət Ələkbərovanın xeyir-duası ilə ailə qurdum – Bəyimxanım ...

Bəyimxanım Cavanşirova-Verdiyeva, Xan Şuşinski Fondunun prezidenti:

- Mədəniyyətin, incəsənətin əsas qollarından biri musiqidir ki, hər zaman xalqlar arasında dostluq, qardaşlıq körpüsü olub. Fikrimcə, mədəniyyət sahəsində siyasət və idarəetmədə, əsasən, milli-mənəvi dəyərləri qoruyaraq, yaşadaraq dünyada təbliğ etmək, tanıtmaq labüddür. Mədəniyyətimizin dünyada təbliği üçün xaricdən tanınmış sənətçilərin ölkəmizə dəvət edilərək, yerli musiqiçilərlə birgə konsertlərinin keçirilməsi, bizim musiqiçilərin onların, onların da bizim musiqi əsərlərinə müraciət etməsi, müxtəlif beynəlxalq müsabiqələrin, festivalların keçirilməsi lazımdır. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir. Xüsusən, milli-mənəvi sərvətimiz olan muğamların, musiqi alətlərinin dünyada təbliği bir zamanlar "Qafqazın koservatoriyası" adlandırılan əzəli-əbədi Qarabağımızın, onun həqiqətlərinin musiqinin dili ilə tanıdılması deməkdir.

Həmçinin, istedadlı gənclərin bir sənətkar kimi yetişdirilərək dünyada çıxarılması  da ölkəmizin tanıdılması deməkdir. Onların sənət aləmində uğuru vətənimizin, xalqımızın və hər zaman istedadı gənclərə dəstək olan Dövlətimizin uğurudur.

Mədəni irsi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Mədəni irs bir xalqın tarixi deməkdir. Bizim zəngin mədəni irsimiz var. Bu irsi qorumaqla yanaşı, dünyaya tanıtmalıyıq. Bu haqda müxtəlif dillərdə kitablar nəşr edilməli, filmlər çəkilməli, saytlar yaradılmalı, onların həm burda, həm də xarici ölkələrdə təqdimatı keçirilməlidir. O cümlədən, gənc nəslin mədəni irsimizlə yaxından tanış olması və vətənpərvərlik ruhunda yetişməsi üçün orta məktəb dərsliklərində bu haqda geniş məlumat verilməlidir. 

Korifey sənətkarlarımızın yubileylərinin, tanınmış rəssamların sərgisinin ölkə xaricində keçirilməsi, milli bayramların, rəqslərin, geyimlərin təbliği, tarixi filmlərimizin bərpa edilərək fərqli dillərə dublyajı da təbliğat işinə təkan vermiş olar. Həmçinin, tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən ssenarilər yazılmalı, filmlər çəkilməli, teatr tamaşaları səhnələşdirilməlidir. 

Bu gün ermənilər hər vəchlə musiqimizi, musiqi alətlərimizi özünküləşdirməyə çalışırlar. Ən əsas öhdəliklərdən biri də bunların xaricdə tanıdılması ilə yanaşı, həm də qorunmasıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın səyi nəticəsində Azərbaycan muğamının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına düşməsi mədəniyyətimizin tarixi zəfəridir.

Təvazökarlıqdan uzaq da olsa, ilk dəfə Meksikada Azərbaycan musiqisini Xalq artisti, tarzən Fikrət Verdiyevin rəhbərliyi ilə 1980-ci illərdə Gəncə şəhəri "Göy göl" Dövlət mahnı və rəqs ansamblı böyük heyətlə qastrol səfərinə gedərək  tanıtmışlar. Bu ənənə bu gün də uğurla davam etməkdədir.

İstər ölkəmizdə, istərsə də xaricdə birgə elmi metodiki konfransların keçirilməsi  də məqsədəuyğundur.

Yüz ildən çox Azərbaycan mədəniyyətinə şərəflə, ləyaqətlə xidmət etmiş bir ailənin üzvü olaraq Mədəniyyət Nazirliyində mahnıların sözlərinə, musiqisinə, muğamların düzgün ifasına nəzarət edən Şuranın yaradılmasını vacib bilirəm.

Onu da qeyd eləmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın səyi nəticəsində Beynəlxalq Muğam Mərkəzi  yaradıldı ki, bununla Mehriban xanım muğamlarımıza möhtəşəm abidə qoydu.

Beynəlxalq Muğam Mərkəzi bir çox ilklərə imza ataraq istər ölkəmizdə, istərsə də xaricdə musiqili gecələr, elmi tədqiqat işləri, dəyirmi masalar və başqa maraqlı, vacib layihələri uğurla təqdim edir.

İntiqam Soltan: “Teatrın inkişafı ilə bağlı məsələlər maddiyata və ...

Bakı Uşaq və Gənclər Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan:

- 1. Düşünürəm ki, yalnız təqvimdəki qara və qırmızı rənglərlə işarələnmiş günlərdə kütləvi tədbirlər keçirib siyahıda həmin günün qarşısına quş qoymaqla mədəniyyətin siyasətini müəyyənləşdirmək mümkün deyil. Mədəniyyət cəmiyyətdəki fərdlərin inkişafına yardım etməklə mədəni cəmiyyət formalaşdıran bir sahədir. Cəmiyyətin zəif nöqtələri müəyyənləşdirilməli və konsepsiya hazırlanmalıdır. O zaman mədəniyyətin siyasətini müəyyənləşdirmək mümkündür...

2. Mədəni irsin mühafizəsi və inkişafı ilə bağlı xalq maariflənməlidir. O dərəcədə maariflənməlidir ki, mədəni irsin qiymətini deyil, qədrini bilsin...

3. Mədəniyyət sahəsində yerli və beynəlxalq təbliğatın gücləndirilməsi beynəlxalq simpoziumlar, konfranslar, festivallar keçirilməlidir. Və bu, o dərəcədə intensiv xarakter almalıdır ki, yerli əhali üçün adiləşmiş olsun...

Şou-biznesi peşəkar mədəniyyətdən ayırmaq lazımdır.

İdris HEYDƏRLİ: Legiondan lagerə – Səhifə 106855 – Yenicag.Az

İdris Heydərli, araşdırmaçı yazar:

- Mədəniyyət dövlətin aynasıdır. Ayna kirliysə, ayna çatlaqsa, dövlət həndəsi pozulmaların alqoritmini tənzimləyə bilməz.

Mədəniyyətin təməli teoriya, yəni nəzəriyyədir. Nəzəriyyə nöqtəsini müəyyən edib, mədəni dəyərlər sistemini yaratmaq və bağlantıları canlı tutmaq gərəkir.

Bizim bu gün mədəniyyət adı altında topladığımız nə varsa Sovet teorilərinin içi boşalmış şəklidir. Bu sistemin bütün anlayışları artıq "muzey əşyası" dəyərindədir. Qəbul etsək də, etməsək də, bu, belədir. Bununla razılaşmamaq olar, ancaq bu, qorxularımızı və problemlərimizi həll etməyəcək.

Dünənə qədər bu "Muzey əşyalar"ına kosmetik bəzək vuraraq yaşadıq. İndi mədəniyyət siyasəti və idarəetməsi kimi sual qoyub, bunlara cavablar tapmalıyıq.

Mənim cavabım, mədəniyyətin dilini, konseptini müəyyən edən teoriyanı tanımadan verilən təkliflərin hər biri daha bir kosmetik bəzək funksiyası daşıyacağı şəklindədir. Mədəni irs, mədəniyyətin təbliği kimi terminlərin hərəkət nüvəsi "Biz kimik, hardayıq, hara gedirik?" suallarını cavablandırmaqla başlayır.

Bizim miras aldığımız sovet teoriyaları bizə sadəcə "milli məzmun" öyrətdi. Əslində, formaca "sosialist" idik. Qobustan, Şirvanşahlar, xalça və muğam öz məzmununu sosialist realizmindən alıb. Məlumatlar bu kontekstdən öyrənilib, oxunub və təbliğ edilirdi. Dünənə qədər Mədəniyyət Nazirliyinin saytındakı "Azərbaycan mədəniyyəti" mətni belə 60-cı illərdə yazılmış mətnin bəzi yerləri dəyişdirilmiş forması idi. Nəzər nöqtəsi çürümüş bir sistemin şəklini dəyişmədən, dövlətin aynasını silmədən əksimizi, əyri gördüyümüz bu var olanın qarşısında qoymağa kimsənin həvəsi olmaz. Bu məqsədlə alınacaq növbətçi tədbirlər isə dəyər quruculuğuna deyil, kütləvi depresiyyaya çevriləcəkdir.

Mədəni dəyərlər sistemini nizama salan "ağıl"dır. Ağıl məntiqlə nəzəriyyəni nöqtələşdirən konseptual bir teoriyaya çevrilmədikcə "dəlillik" tüğyan edəcəkdir. Kiber nizamın qlobal səviyyədə yüksəlməsi ilə "kiber kitabxanalar"ın qurulduğu dünyada yerimizi müəyyən etmək istəyiriksə, ilk növbədə "Dövlət ağlı"nın mədəniyyət konsepti hazırlanmalıdır. Və bu konseptin hədəfləri gələcəyin qurucu elementləri kimi mərkəzə yerləşdirilməlidir.

Hər teoriya təklif, təhlil və tərif olaraq 3 komponentdən ibarət olur. Bu üçlükdən öz mədəni fikir qaynağını formalaşdırmaq istəyində olan nazirliyin "mədəniyyət ağlı"nı inşa etməkdə səmimi olması lazımdır. Belə bir səmimiyyətin olduğunu göstərmək üçün nazirliyin əvvəlcə öz meyarlarını ifadə etməsi vacibdir.

Mədəniyyətə təklif verilmir. Dünyanın heç bir yerində belə bir münasibət forması yoxdur. Dövlətin mədəniyyət ağlı dilə gətirilir və öncəlikli prinsipləri vurğulanır. Kommersiya və qorumacılıq prinsipli suallar üzərinə mədəniyyət idarəçiliyi yaratmaq olmaz. Mənim səsləndirmək istədiyim nəzəri format başlıca aşağıdakı fikirlər əsasında sistemləşdirilə bilər:

1. Azərbaycan ərazisində geniş əsaslı və təməl mədəniyyət anlayışı yaratmaq lazımdır. Bu məqsədlə nazirlik özünün başlıca meyarlarını dilə gətirməli və tərəf olduğunu bildirməlidir.

2. "Mədəniyyət ağlı" qurulmalıdır.

3. Mədəniyyətin respublikada yaşayan bütün insanların həyatında dəyişməyən, davamlı, qalıcı və bağlayıcı əsasları olmalıdır. Hər hansı bir tərəf varlığından və mövqeyindən asılı olmadan bir dövlətin təyin etdiyi mədəniyyət normativinin əksinə fəaliyyət göstərə bilməməlidir. Çünki mədəniyyət ağlı yaradıcı deyil, qurucu ağıldır və insanların yaradıcı fəaliyyətlərini yox, yaradıcılıqlarının bağlı olduğu qurucu elementləri əsas alır.

4. Mədəniyyətin tərəfləri açıqlanmalıdır, çünki mədəniyyət məsuliyyət prinsipi daşıyır.

5. İndiki dövrdə mədəni kimlik realizmi deyil, kimlikləndirilmiş mədəni realizmdən çıxış etmək lazımdır.

 





12.08.2020    çap et  çap et