525.Az

Plasebo effekti - Türkan Turan yazır


 

Plasebo effekti - <b style="color:red">Türkan Turan yazır</b>

Ağır xəstələrlə işləyən cərrah dostum var. Bir dəfə söhbət edərkən xəstəxanadan evə yeni göndərdiyi xəstələrdən biri zəng elədi. Necə qidalanacağı ilə bağlı sorğu-sual etməyə başladı. Halbuki həmin pasiyent evə yazılmamışdan əvvəl qidalanma da daxil digər məlumatlar həm şifahi, həm də yazılı şəkildə bütün xırdalıqları ilə ona izah edilmişdi. Amma görünən budur ki, ürəyi heç cür rahat olmamışdı.

Həkim yenidən nəyi necə etməli olduğunu təkrarladı. Sonra suallara eyni ilə bu cür cavab verdi; yaşıl alma ye, qırmızı alma yox, portağal ye, mandarin yox, soyuq su iç, ilıq su yox, qara çay iç, amma çalış nə tünd olsun, nə açıq və s. Açığı, həkimin tövsiyələrini eşidəndə cavablarda bir anormallıq olduğunu hiss etdim. Hətta bunu özünə də dedim. Çünki "olar, olmaz" dediyi meyvələrin və içkilərin hamısı eyni idi, aralarında sadəcə rəng və isti-soyuq fərqi var idi. Cavab olaraq maraqlı açıqlama verdi, dedi ki, bu dəqiqə onu sənin gördüyün tərəflər və ya məntiq maraqlandırmır. Ona lazım olan mənə güvənmək, ən xırda bir narahatlıq zamanı eynən xəstəxanadakı kimi yanında olacağıma əmin olmaq, içindəki qorxunu dəf etmək və ümidlə yaşamaqdır. "Hətta sadəcə bir tərəfi ağ, digər tərəfi qara alma ye, bu, səni ayağa qaldıracaq" desəm, yerin dibindən də olsa tapıb ancaq onu yeyəcək.

Sonra bir az araşdırma apararkən gördüm ki, həkimin danışdıqlarının tibbi və daha maraqlı yönləri varmış. Əslində, onun xəstə ilə qəribə görünən dialoqu Leonard Kombun kəşfi imiş. Ürək cərrahı Leonard Komb hər şeydən şübhə edən, heç bir şeydən yüz faiz əmin olmayan, narahat insan idi. Bir gün tibbin ən böyük müəmmasına yaxından baxmağa qərar verir və özünəməxsus üsulla testə başlayır. Belə ki, müşahidəsi altında olan xəstələri iki qrupa ayırır. Birinci qrupa daxil etdiyi xəstələri əməliyyat edir, ürəklərindəki iki damarı bağlayır. Nəticədə ürəyə gedən qanın miqdarı artaraq xəstə sağalır. İkinci qrupa daxil olan xəstələri isə əməliyyat etmiş kimi göstərir. Yəni əməliyyat masasına yatırır, narkoz verir, hətta bistüri ilə sinə nahiyəsindəki əzələsini kəsir, lakin daxili orqanlarına toxunmayaraq yenidən tikir. Əməliyyat edilmiş kimi göstərilən xəstələr ayılanda sinələrindəki tikiş izini görürlər. Nəticə isə olduqca maraqlı yekunlaşır. Həm daxili orqanlarına müdaxilə edilmiş xəstələr, həm də əməliyat edilmiş kimi davranılan xəstələr şikayət etdikləri ağrılardan eyni formada qurtulurlar. Tibdə plasebo effekti adlandırılan bu üsul psixoloji təsir nəticəsində müsbət fizioloji dəyişikliyə nail olmaq deməkdir. İlk dəfə bu ifadə XIV əsrdə cənazələrə gəlib yalandan ağlayanlar - ağıçılar üçün deyilib, illərlə əyilib, bükülüb, yontulduqdan sonra isə tibb dünyasına daxil olub. Ürəklərindən gəldiyi üçün deyil, ürəklərindən gəlirmiş kimi fəryad etdikləri üçün onları belə adlandırırmışlar. Təkcə dərmanlar, məlhəmlər, əməliyyatlarda deyil, bizə yaxşı təsir etdiyini düşündüyümüz və ya özünü bizə mükəmməlmiş kimi sırıyan insanlar, münasibətlərimiz də çox vaxt plasebo effektində olur. Beynimizə yeritdiyimiz o insanların bizə rahatlıq bəxş etdiyini düşünərək xoşbəxtçilik oyunu oynamağa başlayırıq. Hətta içində çürüdüyümüz münasibətdən bərk-bərk yapışırıq. Çünki başdan özümüzə təlqin edirik ki, o insan bizim tək mənamızdır və əgər gedərsə, məhv olarıq. Zaman keçdikcə əslində, mövcud olmayan, amma özümüzü var olduğuna inandırdıqlarımızı yaşayırıq. "Özüm özümü aldatmışam", "yanılmışam" kimi fikirlərin qaynağı da budur. Qulaqlarımızı eşitmək istədiklərimizə, gözümüzü görməyi arzuladıqlarımıza, ağzımızı danışmağa can atdıqlarımıza açırıq. Ya istəyərək inanırıq, ya da başqasının istəyi ilə inandırılırıq. Doğru və yanlış bizdə başlayır. Əgər bir insan pisdirsə və biz onu yaxşı kimi qəbul etmək istəyiriksə, buna heç kim mane ola bilmir. Bəzi şeyləri bir az qorxu, bir az təlaşdan özümüz yaradırıq və ya başqasının beynimizə yeritdiklərini yaşayırıq. Şüuraltımıza doldurduqlarımızla ya xoşbəxt oluruq, ya bədbəxt, ya sağlam oluruq, ya xəstə.

Məsələn, Orta əsrlərdə fərqli düşünən insanlara qarşı inkvizisiya tətbiq olunurdu. Bu qrupa aid insanlar o qədər çox olurdu ki, onların hamısını edam etməyə zaman olmurdu. Bunun üçün belə bir üsuldan istifadə edirdilər: əslində, tərkibi təbaşir tozundan olan məhlulu dustaqlara içirdirdilər və bunun zəhər olduğunu söyləyirdilər. Həmin insanlar tezliklə ölürdülər. Sonrakı tədqiqatlar göstərirdi ki, həqiqətən də onların orqanizmində zəhərləyici maddə var. Amma həmin zəhəri mədəaltı vəzi özü hazırlayıb. Yəni onları öldürən içdikləri deyil, inandıqları idi.

Plasebonun əksi Nosebo adlanır. Plasebo yaxşı düşüncə, ümid, inanma, Nosebo isə pisliklə, qara fikirlərlə, depressiya ilə bəslənir. Əslində, göründüyü kimi, qərarlarımızın, davranışlarımızın çoxu ağıl və məntiqdən qaynaqlanmır. Psixoloji blokada altında hər şeyi bildiyimizi sanaraq, əslində, heç nədən xəbərimiz olmadığını bilmədən yaşayıb gedirik.

 





12.08.2020    çap et  çap et