525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Vətənpərvərlik həm də öz işində peşəkar, vicdanlı və səriştəli olmaqdır. Mənsub olduğun xalqa əməlinlə ehtiram yaratmaqdır...

***

Qələm dəbdən düşüb. :)

İndi QƏLƏMSİZ YAZILANLAR dövrüdür.

Əsas yazmaqdır.

Yazanlar var olsun.

Yaxşı yazanlar!..

***

Hayıf səndən Ağdam!..

1991-ci ildə növbəti qrad atəşindən sonra boşalmış şəhərə girəndə yol yoldaşımın çəkdiyi ahı və dediyi bu sözləri unutmuram...

***

Bu boyda dünyanı kiçildib-kiçildib bir telefonun içinə yığdılar...

***

İnsanlar xəbərdən yorulub bezəcək, sakit, səs-küysüz məkan axtaracaqlar.

***

Ta əlinizi sabunla 20 saniyə yumursunuz?! :)

***

Hər ağızdan gələnin yarısı heç avaz da deyil...

***

Günün günorta çağı adamsız küçələr vahimə yaradır...

***

Siyasət qəliz məsələdir...

***

Bu dava-dalaş əvəzçıxmaları, xaricdə yaşayan çılğın gənclərimizin "qisasalmaları" sonu görünməyən, məchul labirintə aparır və əslində, Qarabağı unutdurur, arxa plana keçirir.

Məkrli, hiyləgər, tək olanda qorxaq, çoxalanda vəhşiyə dönən, planlı strategiyaya malik, hər fürsətdə hər hərəkətimizi bizə qarşı çevirməyi bacaran bir düşmənlə üz-üzə olduğumuzu unutmamalıyıq.

Paşinyanın Minsk səfəri zamanı etiraz aksiyası keçirməyə, üzünə qarşı ona işğalçı deməyə gücü çatmayan diasporumuzun başqa ölkələrdəki aksiyalarında da bir plansızlıq, vahid koordinasiyanın olmaması açıq hiss edilirdi və bəzi hallarda yersiz, lazımsız görünürdü.

Gənclərimizin enerjisini, qəzəbini boşuna xərcləməyək, puça verməyək. Dava səhnəsinin, döyüş meydanının, qisas məkanının yeganə ünvanı Qarabağ olmalıdır!..

***

Ziyalı neyləməlidir ki? Ziyalının işi sözdür, onu da deyir. Eşidənlər eşitməyənlərə də çatdırmalıdır.

Bir də ki, Feysbuk indi hamını "ziyalı" - "alimi-dana" eləyib. :)

***

Ta axşam saat 8-ə xəbər qalmır...

***

Nağıl danışacağam. :)

***

Heç kimin heç kimi qınamağa haqqı çatmır. Əslində, hamı bir bezin qırağıdır.

***

Dünya yekə bir bataqlığın içindədir...

***

Sürətli dəyişikliklər, fasiləsiz xəbərlər dövründə yaşayırıq. Bayaq təzə olan indi köhnədir.

***

Bütün sualların cavabı keçmişdə var...

***

Emosionallıq, çılğınlıq, düşmənə qəzəb, nifrət, qisas hissi vacibdir, lazımdır. Amma bu enerjini boşuna xərcləmək olmaz. Bu enerjini ağılla, soyuqanlılıqla torpaqlarımızın azad edilməsinə yönəltməliyik. Yoxsa yenə tarix təkrar olunacaq.

***

... Siz çox əla motivasiya edirsiniz, çox gözəl istiqamət verirsiniz. Həqiqətən, mənim üçün çox xoş olur virtual söhbətlərimiz. Dediklərinizə diqqət edəcəyəm.

Çox sağ olun, minnətdaram.

Karantin dövründə virtual ustad dərslərinə reaksiyalardan... :)

***

Mən trollarla 2013-cü ildən tanışam...

***

Bir neçə gündür, mənə ad günü bildirişləri gəlmir, səbəbini də tapa bilmirəm. Buna görə də bu ərəfələrdə ad günü olan bütün dostları təbrik edirəm. Anlayışla qarşılasınlar. Markın qərarıdır. :)

***

Emosionallığına, coşqusuna baxmayın, xalqımız çox ehtiyatlı, görə-görə bişmiş, tədbirli, praqmatikdir.

***

Sosial şəbəkələri bütün problemlərin baiskarı hesab etmək, onu durmadan günahlandırmaq, ondan qorxulu düşmən obrazı düzəltmək yorğunluq və zəiflik əlamətidir. Sosial media dövrün, zamanın gətirdiyi yenilikdir və bəzən aqressiya ilə qarşılanması təbiidir. Ondan inzibati yolla, qadağalarla can qurtarmaq mümkün deyil, müvəqqəti qulaq dincliyidir. Get-gedə zaman və cəmiyyət sosial şəbəkələri də tənzimləyib, rəndələyəcək, yalan və şayiələr ayaq tutsa da, çox yeriyə bilməyəcək.

Narazı yorğunlar baiskarı kənarda axtarmamalı, günahı özündə görməli, çevik olmalı, vaxtında, zamanında iti reaksiya və sərrast cavab verməyi bacarmalıdırlar.

***

Yəqin ki, o müsahibə kollektiv əməyin məhsuludur.

***

Belə bir tarixi hadisənin - Türkiyə-Azərbaycan hərbi təlimlərinin Feysbukda adekvat coşqusu görünmür...

Niyə? Maraqlıdır. Səsə salmamaq, baş verənlərə inanmamaq, yoxsa tərəddüd?..

***

Anlamadığınız statusları bəyənməyin...

***

Qoyun olmaq çətin işdir...

Heç qoç olmaq da bir iş deyil... :)

***

Bizi birləşdirən ən ilkin, ən möhkəm, ən vacib dəyər Dilimizdir! Qalan dəyərlər sonra yaranıb.

Dilimizi qoruyaq ki, o biri dəyərlər də salamat qalsın.

Ana dili bayramınız mübarək!..

***

Dar düşüncəli, məhdud təfəkkürlü profilləri dostluqdan vaxtaşırı çıxarıram. Nəzərə alın...

***

"Skuter" indi uşaqların ən çox işlətdiyi sözlərdəndir. Bəlkə, dilimizdə qarşılığını tapaq deyə, düşündüm. "Velosiped"ə "qoşaçarx" təklif edənlər olmuşdu. Amma dildə işləklik qazana bilmədi.

"Skuter"in qarşılığı kimi "özgedən", "eyçəkil", "gendayan" və başqa variantlar ola bilər. Şit çıxmasa...

Bəlkə də, heç qarşılığa ehtiyac yoxdur. Bir-iki dəfə təkrarlayanda dilə yatır: skuter, skuter...

***

Dövrün şüarı:

"Hərəyə bir kanal açaq!"

***

Çox "kitab-kitab" deməyin. Bütün kitablar oxumaq üçün deyil...

***

Qarğış əlacsızlıqdan cana yığılmaq, psixikanın pozulması, ədalətin ilahi güc vasitəsilə bərpasına ümiddir.

***

Dəyərlər dəyişib?!.

***

Kişi beyninin ən qəddar düşməni qadın dırdırıdır!..

***

Belə görürəm, COVİD-19-un heç yerə getmək fikri yoxdur, axıracan bizimlə qalacaq...

***

Dənizə sabun da aparın...

***

Ölkə təkcə kin püskürən insanlardan ibarət deyil. Sadəcə, belələrinin səsi bərk çıxır...

***

Dəvə nalbəndə necə baxır ki?!.

***

Keçib getmiş günlər... bir az
Məsafəni gen saxlayın... 

Sonrakı iki misrada sabun və maska sözlərindən istifadə etməklə bəndi yaxşı bağlayana bir Nazim Hikmət kitabı hədiyyə...

***

Siz hələ sözləri düz yazmağı öyrənin, "ağıllı" təkliflərinizi sonra verərsiniz.

***

Elə müəlliflər var ki, yazısını oxuyanda səsini də eşidirsən. Cümlələr müəllifin danışığını, diksiyasını canlandırır - hansı tonla, hansı ritmlə danışırsa, təhkiyəsi də eynən onu əks etdirir.

Bəzən də görürsən, danışıqla yazı tərzi tam tərsinədir - incə danışan adamın yazısı kobud, kobud danışanınkı incədir.

***

"Qarantin" yox, "karantin"!..

Sözü düz deyəndə karantin də bitəcək. :)

***

Hörmətli Vüqar Tofiqli.

Sizin Ağdam şəhərinə, Ağdamda yaşayan insanlara həsr olunmuş kitablarınıza, çəkdiyiniz zəhmətə, gördüyünüz işə ehtiramım sonsuzdur. Amma "90 yaşlı Ağdam rayonu" istilahı yanlışdır, ziyanlıdır, səhv anlaşılır.

Ağdamın niyə 90 yaşı olsun ki? İnzibati rayon statusunun 90 illiyini qabartmaq kimə lazımdır? Ağdamın qədim tarixini araşdırın, 300-500 illiyinin keçirilməsi məsələsini qaldırın.

Ağdam çox qədimdir. Siz "qədim tarixin 90 ili" barədə yazın...

***

İtirdiklərimizə ağlamalıyıqmı?..

 





12.08.2020    çap et  çap et