525.Az

"Mən Ülviyyə Qurbanovayam və azərbaycanlıyam" - Redaksiyaya məktub


 

"ƏN BÖYÜK ARZUM AZƏRBAYCANA QAYITMAQ, GÖRMƏDİYİM, ANCAQ TƏSƏVVÜRÜMDƏ BİR CƏNNƏT KİMİ CANLANDIRDIĞIM FÜZULİYƏ GETMƏK VƏ ORADA İŞLƏMƏKDİR"

"Mən Ülviyyə Qurbanovayam və azərbaycanlıyam" - <b style="color:red">Redaksiyaya məktub</b>

Hörmətli "525-ci qəzet!"

Bu, mənim sizə göndərdiyim ikinci məktubdur. Birinci məktubu 4 il əvvəl, Rusiya Prezidenti yanında Sankt-Peterburq Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasına qəbul olunanda yazmışdım. Məktubum qəzetin 2016-cı il 18 avqust tarixli sayında "Mən azərbaycanlıyam" başlığı ilə dərc olunmuşdu. Məqalə qəzetdə dərc olunanda valideynlərimin və yenicə bitirdiyim orta məktəb müəllimlərimin sevincini sözlə ifadə edə bilmirəm. Onu deyim ki, qəzetinizin Bakıdan gətirdiyim həmin sayı oxuduğum orta məktəbin xəbərlər guşəsində uzun müddət asılı qaldı.

Bilirəm, qəzetinizin hər sayında neçə-neçə tanınmış yazıçının, jurnalistin, görkəmli elm adamının məqalələrini dərc edirsiniz. Bunların hamısının nədən yazdığını, nə vaxt dərc olunduğunu yadda saxlamaq mümkün deyil. O ki qalsın mənim kimi adi bir tələbənin yazısı ola. Odur ki, redaksiyaya göndərdiyim məktubun məzmununu, məqsədini və səbəbini yada salıram.

Biz Füzuli rayonundanıq. Atam Elşad İskəndər oğlu Bakıda Xalq Təsərrüfatı İnstitutunu bitirib, iqtisadçıdır. Anam Sevil Talıbova Azərbaycan Dövlət Tibb Universitetini bitirib, həkimdir.

Ermənilərin təcavüzü nəticəsində Füzuli rayonundan qaçqın düşən valideynlərim bir müddət orda-burda yaşadıqdan sonra Sankt-Peterburqa gəliblər. Mən Sankt-Peterburq şəhərindəki 180 saylı məktəbi qızıl medalla bitirdim (şəhərin ən tanınmış təhsil ocaqlarından biri olan 180 saylı məktəbi qızıl medalla bitirən ilk azərbaycanlıyam). Moskva və Sankt-Peterburq şəhərlərindəki ən tanınmış ali məktəblərə müraciət etdim. Müraciət etdiyim universitetlərin hamısının qəbul siyahısında adım birinci üçlükdə oldu. Amma mən Sankt-Peterburqu seçdim. Çünki bu şəhərdə doğulmuşam, bu şəhər mənim ikinci vətənimdir.

O vaxt Sizin qəzetiniz vasitəsi ilə Rusiya Federasiyasında ali məktəblərə qəbul olunan bütün həmyerlilərimizi əla qiymətlərlə oxuyub Azərbaycanın adını daha da yüksəltməyə çağırdım. Səsimə səs verənlər çox oldu. Neçə-neçə azərbaycanlı əla və yaxşı qiymətlərlə oxudular. Mən də sözümə əməl etdim. O vaxt redaksiyaya göndərdiyim məktubda akademiyada əla qiymətlərlə oxuyub Azərbaycanın adının həmişə birinci çəkilməsinə çalışacağıma söz vermişdim. Budur, dörd il arxada qalıb, sözümə əməl etmişəm. Bu il akademiyanı bitirən 5 min tələbədən 30 nəfəri akademiyanı fərqlənmə diplomu ilə bitirib, onlardan biri də mənəm.

Onu da deyim ki, əla qiymətlərlə oxuyacağımı vəd etməyim təkcə əla oxumağa deyil, hər sahədə fəal olmağa məsuliyyətimi artırdı. Ötən bu dörd ildə günümü kitabxanalarda keçirdim. Tələbə yoldaşlarım asan, dönə-dönə işlənilmiş mövzularda kurs işləri seçəndə, mən akademiyanın kitabxanalarında faktların və sənədlərin çox az olduğu, heç kimin heç vaxt işləmədiyi, hətta kurs işinin rəhbəri olan müəllimimin də az xəbəri olduğu Azərbaycanın iqtisadi inkişafına aid mövzuları plana saldırıb onu seçirdim. Respublikamızın qazandığı uğurları həm özüm öyrənirdim, həm də müəllimlərimə, tələbə yoldaşlarıma çatdırırdım.

Harada, öz akademiyamızda, eləcə də başqa universitetlərdə iqtisadi mövzuda adi bir konfrans keçiriləndə Ülviyyə Azərbaycanlı adı ilə çıxış edib Azərbaycanın iqtisadi uğurlarından danışırdım. Bundan sonra da elə edəcəm.

Fərəhlə bildirirəm ki, akademiyamızda keçirilən bütün tədbirlərdə olduğu kimi, budəfəki tədbirdə də akademiyanın rektoru, dünya şöhrətli alim, onlayn vasitəsi ilə də olsa adımı və familiyamı oxuyub mənə qırmızı diplom təqdim ediləndə həmişə olduğu kimi bu dəfə də çıxışıma, "Mən Ülviyyə Qurbanovayam və azərbaycanlıyam" - deyə başladım. Mənim  bu cür çıxışıma öyrəşmiş tələbə yoldaşlarım əl çaldılar, onların səsinə başqaları da səs verdilər. Hətta hörmətli rektor da, şəhər merinin nümayəndəsi də əl çaldı.

Hörmətli redaksiya, bu məktubu göndərməklə hələ dörd il əvvəl qəzetiniz vasitəsilə verdiyim vədimə əməl etdiyimi bildirir və bu işdə mənə mənəvi dayaq olduğunuza görə hamınıza təşəkkür edirəm.

Artıq ali məktəbi bitirmişəm. İndi akademiyanın müəllimləri də, tələbə yoldaşlarım da məndən bundan sonra hansı yolla gedəcəyimlə maraqlanırlar. Qərarım qətidir. Təhsilimi elə öz Akademiyamızda davam etdirəcəm. Magistraturanı da qırmızı diplomla bitirməyə söz verirəm. Ən böyük arzum Azərbaycana qayıtmaq, daşını, divarını görmədiyim, ancaq təsəvvürümdə bir cənnət kimi canlandırdığım Füzuliyə getmək və orada işləməkdir.

Yaxın vaxtlarda bu arzuma çatacağıma inanıram. İnanıram ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal olunmuş bütün torpaqlarımız, eləcə də Füzuli düşməndən azad ediləcək. Biz qaçqınlar da təsəvvürümdə cənnət kimi canlandırdığım öz doğma torpağımıza qayıdacağıq. Ürəkdən inanıram ki, o gün uzaqda deyil.

Ülviyyə QURBANOVA
Sankt-Peterburq

 





12.08.2020    çap et  çap et