525.Az

"Vətənpərvərlik mövzusunda olan mahnılarımı ruhumla, canımla hiss edərək yazmışam"


 

MƏRYƏM ƏLİBƏYLİ: "YAZDIĞIM HƏRBİ-VƏTƏNPƏRVƏRLİK MAHNILARI MƏNDƏN SONRA DA YAŞAYACAQ"

"Vətənpərvərlik mövzusunda olan mahnılarımı ruhumla, canımla hiss edərək yazmışam"<b style="color:red"></b>

Müsahibimiz bəstəkar, musiqişünas, tanınmış musiqi qruplarının bədii rəhbəri, bir çox uşaq mahnılarının, hərbi vətənpərvərlik mövzulu musiqi əsərlərinin və şeirlərin müəllifi Məryəm Əlibəylidir. 

- Məryəm xanım, musiqiyə gələn yolunuz maraqlıdır. Necə başladı bu maraq?

- Musiqi ilə bağlılığım uşaqlıq illərimə təsadüf edir. Ondan öncə isə şeirlər, hekayələr yazırdım. Bu, 6-7-ci sinifə təsadüf edirdi. İndi özümə çox təəccüblü gəlir ki, bunlar çox ciddi, lirik-romantik şeirlər, lirik, faciəvi hekayələr idi, necə olub o yaşda bunları yazmışam. Hekayələr hələ işıq üzü görməyib. Şeirlərimin bir çoxu mahnılarda öz əksini tapıb. 8-ci sinifdən öz şeirlərimə mahnılar yazmağa başladım. İlk mahnılarımdan biri "Səni gözlərəm" idi. Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinifində oxuyurdum. Bildiyiniz kimi, ora musiqi qabiliyyəti yüksək, istedadlı uşaqlar imtahanla qəbul olunurdular. Xüsusi təmayüllü məktəb olduğuna görə imkanlı, tanınmış şəxslərin övladları orada təhsil alırdı. Məsələn, mənim müasirlərim Rasim Balayevin, rejissor Tofiq İsmayılovun, Müslüm Maqomayevin, maestro Niyazinin, rəqqasə Afaq Məlikovanın övladları idi.  Onların arasında mən sadə bir şagird idim. Mənim də fərqim yaradıcılıq eşqim idi. Hər sinifdə fortepiano olduğundan tənəffüslərdə uşaqlar üçün mahnılar ifa edirdim. Hətta illər sonra 26-27 yaşımda ilk mahnım "Səni gözlərəm"in şəhərdə oxunduğunu eşitdim. Soruşdum, dedilər Səyyad Əlizadədir oxuyan. Amma o, söz və musiqinin müəllifi kimi özünü göstərmişdi. O zamanlar mahnımın müdafiəsinə qalxmaq heç ağlıma da gəlmirdi, amma pis təsir etmişdi. Elə o vaxtdan indiyə kimi susdum və bunu söyləmədim. Fikirləşdim, ola bilər ki, sinifimizə oxuyan tar və ya kamança ifaçıları sonradan toylarda Səyyad Əlizadəylə işləyəndə ona bu mahnını zümzümə ediblər, o da bəyənib, sözlərinin qismən bir hissəsini dəyişib və öz adıyla təqdim eləyib. Bu yaxınlarda hətta o mahnını Yutubda tapdım. Vaxtilə mənə pis təsir edən bu hadisəni indi gülüşlə qarşılayıram.

Məktəb illərindən başlayan yol sonradan konservatoriya dövründə davam elədi. Buranın musiqişünaslıq fakültəsini bitirmişəm. O zamanlar Azərinlə tanış oldum. Yaradıcılıq dostluğumuz onun səsinə yazılmış bir neçə mahnı yazmağıma gətirib çıxardı. Bunlardan biri də Azərinin ifasında sonradan çox məşhur olan "Səni itirəndən" adlı mahnım idi. 1990-cı ildə 20 Yanvar faciəsindən sonra "Odlar yurdu" festivalına hazırlaşırdıq. Orada da mənim şəhidlərimizə aid etdiyim sözləri Ofelya Babayevaya aid "Bakı-yanvar 1990" adlı mahnım Azərinin ifasında müsabiqəyə çıxarıldı və çox məşhurlaşdı. Bundan təsirlənərək silsilə hərbi vətənpərvərlik mövzuda mahnılar yazdım. Sözləri Vidadi Babanlıya aid olan Elxan Əhədzadənin ifasında "Hoydu, dəlilərim, hoydu" adlı mahnısını Xocalı faciəsindən 2-3 gün sonra təsirlənərək yazdım. Bundan sonra Flora Kərimovanın ifasında "Gülümsə üzümə, Azərbaycanım" adlı ölkəmizin çətin günlərinə həsr olunmuş bir mahnı bəstələdim.

- Dövrləri müqayisə etsək, sizcə, o dövrdə bəstəkar olmaq asan idi, yoxsa indi?

- Məncə, o zamanda daha asan idi bəstəkar olmaq. Çünki bu işlə daha çox peşəkarlar məşğul olurdular. Təkcə peşəkarlıq deyil məsələ, həm də istedad şərtdir. O zaman sənət aləmində əksərən peşəkarlar və istedadlılar vardı. Onların qarşısında heç bir sədd olmurdu. İndiki zamanda isə qeyri-peşəkarların parlamağı daha asandı. Mənim mahnılarım 23 yaşımdan hər yerdə səslənir. Amma mən hələ də Bəstəkarlar İttifaqına üzv ola bilməmişəm. Bunun çoxu mənim günahımdır, əvvəl maraqlı olmamışam. Amma beş il öncə dostların təkidilə sənədlərimi təqdim elədim. Düşünürdüm ki, bunu çoxdan eləməliydim. Çünki 30 ildir sənətdəyəm, öz ideyalarımla, vətənpərvərliyimlə bu xalqa xidmət edirəm. Hətta özləri dəvət etməli idilər ki, niyə bizim üzvümüz deyilsiniz. Amma nədənsə, mənim vaxtilə müəllimim olmuş Firəngiz Əlizadə sənədlərimi hələ də qəbul etməyib. Bu, acınacaqlı vəziyyətdir.

- Vaxt vardı estrada sənətimizdə sizin və qruplarınızın adı dillər əzbəri idi, mahnılarınız sevilirdi. Sonra nələr dəyişdi?

- Hələ 30 il bundan əvvəl Xəyalə Manaflı adında 5 yaşlı balaca uşağı səhnəyə gətirdim və o, estrada janrında oxuyan ilk uşaq oldu. Onun üçün silsilə mahnılar bəstələdim və artıq uşaqla işləmək təcrübəsi qazandım. Sonra Natiq Qəzənfəroğlu ilə 4 ay Bakıdakı bütün təhsil ocaqlarını gəzib 4 gənc seçdik və 5 il fəaliyyət göstərib indiyə kimi unudulmayan "NM" adlı qrup yaratdıq. Bütün qrup rəhbərləri yaratdığı qruplardan pul qazanmağı düşünəndə, biz onlar üçün yeni mahnılar hazırlayır, təmənnasız işləyirdik. O qrupdan sonra "Can bala" uşaq qrupunu yaratdıq və birinci heyət 8-9 il fəaliyyət göstərdi. Onlar böyüyəndən sonra yeni heyət yaranır və qrupun fəaliyyəti bu formatda davam edir.

- Uşaq ədəbiyyatı kimi, uşaq musiqisi də diqqətdən kənar qalan sahədir. Sizin cəhdləriniz də  işə yaramadı?

- Elə bir dövrdə yaşayırıq ki, hər bir sahədə onun təbliğatı üçün geniş təşviqat işləri görülməlidir. İndiki zamanda hər şey pul meyarı ilə ölçülür, televiziyalarımız da buna daxil. Həmişə mənə sual verirlər ki, niyə uşaq musiqiləri yazılmır? Bu sualdan yorulandan sonra dedim ki, bunu məndən niyə soruşursunuz, mən yaradıcılığının böyük hissəsini uşaqlara həsr edən insanam. Uşaqlar üçün qruplar yaratmışam, onların vasitəsilə uşaq şeirlərimi, mahnılarımı balaca dostlarımıza çatdırıram. Hər mövzuda mahnılarım var. Onların bir çoxu məşhurdur, sevilir. Amma bu, çox azdır. Bu yaşımda ürəklə deyə bilirəm ki, özümdən sonra gələcək nəsillər üçün zəngin bir irs qoyub gedəcəyəm. Məndən sonra yazdığım uşaq mahnıları, hərbi-vətənpərvərlik mahnıları qalacaq. Bu gün lazımi dəyərimi almasam da, nəticədə illərlə xalqımız və balalarımız üçün çox dəyərli işlərlə məşğul olmuşam. Bundan xoşbəxtəm və fəxr edirəm. Başqa ölkələrdən dəfələrlə təkliflər gəlib, amma qısqanclıqla yanaşıram ki, niyə başqa ölkə üçün çalışım, bəs mənim xalqım, mənim balalarım? O məşhur bəstəkarlardan soruşmaq lazımdır ki, niyə bircə dənə uşaq mahnısı yazmırsınız? Yazmırlar, özləri bilər, mən ki yazıram, məndən niyə bəhrələnmir, niyə dəyərləndirmirlər? Bu gün Məryəm Əlibəyli istəyir ki, "Münəccim" adlı uşaq verilişi hazırlasın. Niyə yaxın qoymurlar, böyük pullar istəyirlər, niyə deyirlər ki, buna baxan olmayacaq? Mənim valideyn himayəsindən məhrum körpələr üçün "Laylay" adlı böyük bir layihəm var. Hələ də onu həyata keçirə bilmirəm, heç kimin marağında deyil. Karantindən öncə əsgərlərimiz üçün gözəl bir mahnı yazdım. Neçə xalq, əməkdar artistlərimizin, digər müğənnilərin yanında bu mövzunu açdım, heç kim yaxın durmadı. Yəni problemlər çoxdur. Bu sahələrdə işləmək istəyənlər çoxdur, amma onları dəyərləndirən, dəstək olan yoxdur.

- Yaradıcılığınızda vətənpərvərlik mahnıları da çoxdur. Bu sahədə vəziyyəti necə dəyərləndirirsiniz?

- Bayaq da dediyim kimi, bu mövzuda çox mahnılar yazmışam. Onları mahnı kimi deyil, ruhumla, canımla hiss edərək, olub ki, ağlayaraq, ürəyim parçalanaraq, ya da qürurla yazmışam. Ölkəmi çox sevirəm. Vətənin içində vətən üçün darıxan adamam. Son yazdığım Azərbaycan əsgəri üçün olan mahnımın işıq üzü görməsini istəyirəm. Çünki əsgərlərimiz üçün lazımlı mahnıdır. Yazdıqlarım arasında vətənə xidmət edən, ruhlandıran mahnılar çoxdur. Onlardan istifadə eləmək lazımdır. Mən həmin bəstəkaram ki, əsr dəyişəndə 12 fərqli janrda ifa edən müğənniyə birlikdə "Yeni dövrü gəlir Azərbaycanın" adlı mahnı oxutdurdum. Çox çətin oldu, amma bunu elədim və möhtəşəm alınmışdı. Təəssüf, ona da dəyər vermədilər. Efirə gedən gün həmin hissəni kəsib çıxardılar. Çünki Məryəm Əlibəyli gənc idi, niyə digər bəstəkarlardan fərqli bir şey yazmalı idi ki... 



- Gənclərin milli-mənəvi dəyərlərə münasibəti, vətən sevgisini necə dəyərləndirirsiniz?

- Mən hər şeydən öncə Azərbaycan vətəndaşıyam. Bu adda hətta uşaqlar üçün şeir, mahnı da yazmışam. Hazırda ən nifrət elədiyim insanlar xaricdə oturub Azərbaycanı təhqir edən, əskiklərinə lağ edən insanlardır. Sosial şəbəkələrdə onlara bacardığım qədər cavab verirəm. Məncə, orda oturanların bizim pisimizi belə təhqir eləməyə haqqı yoxdur. O pisin onlara aiddiyyatı yoxdur, o pis də bizimdir. Vətənini sevməyən insan harda olsa da, dinclik tapa bilməz. Heç vaxt ölkəmdən, vətənimdən şikayətçi olmamışam. Bizim adətlərimiz kimi gözəl adət heç yerdə yoxdur. Çox heyif ki, unudulur, dəyərlər öz mənasını itirməyə başlayır. İnsanlar dəyişməyə başlayırlar.

- Sizcə, bu hisslərin inkişafı, təbliğatı üçün cəmiyyətimizdə nə çatışmır? Nəyə ehtiyac var?

- Ailədən çox şey asılıdır. Uşağa vətənin nə olduğunu anlatmalıyıq. İki ildir radio üçün hazırladığım "Bax, bu, vətənimizdir" adlı layihəm var. Görək, harda yayımlanacaq. Orda uşaqlarımıza vətənin nə olduğunu öyrətmək istəyirəm. Bunları uşaqlıqdan təbliğ etmək lazımdır. Mən bunun tərəfdarıyam ki, erməninin düşmənliyini, əsl üzünü uşaqlıqdan başa salmalı, öyrətməliyik. Kimsə buna qarşı çıxa bilər, olsun. Mən öz vətənimi bu cür qorumağı bacarıram. Hamı öz vətənini bacardığı səviyyədə qorumalı və uşaqlara vətənin nə olduğunu öyrətməlidir.

- Uşaq qruplarınızda balacalar daha çox hansı mövzulu mahnılara meyl edirdilər? Onların zövqünü necə formalaşdırırdınız?

- Məşğul olduğum uşaqlara nə mahnı təqdim etsəm, cani-dildən sevirlər, oxuyurlar. Ümumiyyətlə, dünyada ən çox təşəkkür edə bilən məxluqlar uşaqlardır. Mən də onlara qarşı vicdanlı olmağa çalışıram. Onlarla işin əsasında sevgi, dostluq durur. Mən onların hər birini özünəməxsus dərəcədə sevə bilirəm. Ən böyük fəxrim şagirdlərimin təkcə musiqidə yox, fərqli sahələrdə də qazandıqları uğurlarıdır. Sevinirəm ki, onların həyata, yaradıcılığa, sənətə addımlarının ilkin təməllərindən biri də mənəm. Ən kövrəldiyim məqam isə odur ki, onlar böyüyəndən sonra da məni axtarıb tapırlar, sevgilərini bildirirlər. Bundan böyük gözəllik yoxdur.

- Uşaq bəstəkarı kimi tanınmağınızın yaradıcılığınıza hansı müsbət və mənfi təsirləri oldu?

- Bu cür tanınmağım ürəyimcədir. Amma bunun başqa tərəfi də odur ki, bundan sui-istifadə edənlər də var. Məsələn, hardansa təklif gələndə, ciddi musiqi yazmaq istəyəndə adım çəkilən kimi bəziləri "o, uşaqlar üçün yazır" deyib, yoluma daş itələyirlər. Onlar anlamırlar ki, uşaq musiqisini yazmağı hər adam bacarmır. Onların çoxu hələ səhnədə olmayanda, mən artıq ciddi musiqilər, şeirlər yazırdım. Bunun özü də maraqlı faktdır ki, onların arasında vaxtilə kömək elədiyim, sənətin sirlərini öyrətdiyim insanlar da az deyil. Bizim silahımız musiqidir. Çalışmışam vətəndaşlıq mövqeyimi hər zaman hər sahədə göstərim. Bu, mənim qəlbimin səsidir.

Şahanə MÜŞFİQ

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





12.08.2020    çap et  çap et