525.Az

"Zubrlar bu əraziyə tam uyğunlaşıblar" - Araşdırma


 

"Zubrlar bu əraziyə tam uyğunlaşıblar" - <b style="color:red">Araşdırma </b>

Cənubi Qafqazın ən böyük qorunan ərazisi olan Şahdağ Milli Parkı 2006-cı il dekabrın 8-də Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının ərazisində yaradılıb. 

Keçmiş İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları bazası, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən yaylaqları əhatə etməklə milli parkın ümumi sahəsi ümumilikdə 130508,1 hektardır.

Ən böyük əraziyə malik olan Böyük Qafqazın Şahdağ Milli Parkını əhatə edən hissəsi bioloji müxtəlifliyi, flora və faunanın zənginliyi baxımından Azərbaycan ilə yanaşı, bütün Qafqaz üçün böyük əhəmiyyət kəsb edir.

Şahdağ Milli Parkının İsmayıllı bölməsi isə füsunkar təbiəti, dağ meşəsi, alp çəmənlikləri növ tərkibinə görə çox zəngindir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyir ki, Milli Parkının İsmayıllı bölməsi landşaftı dağ çəmənlikləri, alp çəmənlikləri, qayalıqlar və buzlaqlardan ibarətdir. Çəmənliklərin bitki aləmi dağlıq torf, dağlıq çəmən və dağlıq çöl-çəmən torpaqları ilə formalaşır. 3400-3800 metr arasında alp zonanın açıq assosiasiyaları mövcuddur. Burada çiçəkli bitkidən başqa, həmçinin, mamırlar və şibyələr rast gəlinir. Alp çəmənləri əsasən orta-sıldırımlı yamaclarda və yarım səhra bitkiləri ilə səciyyələnir. 3600 metrdən yuxarı ərazilərdə qayalar və daşlıqlar üstünlük təşkil edir. Burada meşə və dağ ekosistemləri, relikt və endemik bitki, heyvan növləri təbii halda qorunub saxlanılır. 

Dəmirqara, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc 

A.Səmədovanın sözlərinə görə, bölmənin çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc kimi kol bitkiləri yayılıb.

Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur. 

"Qırmızı kitab"a daxil edilən Qonur ayı... 



Rəis müavini vurğulayıb ki, bölmədə "Qırmızı kitab"a daxil edilən heyvan növləri - Qonur ayı, nəcib maral, Avropa cüyürü, Qafqaz köpgəri, vaşaq, bərkud qartal, məzar qartalı, Qafqaz tetrası, Qafqaz uları və s. qorunur. Ərazinin yüksək bioloji müxtəlifliyi onun üç biocoğrafi regionun kəsişmə nöqtəsində yerləşməsindən irəli gəlir. Bu regionda Avropa (qonur ayı, vaşaq, nəcib maral), Mərkəzi Asiya (dağ keçisi, bəbir) və Kiçik Asiya (kaftar, ceyran ) xas olan növlərə rast gəlmək olar. Bu növlərin çoxu nadir və nəsli kəsilmək təhlükəsi altındadır. Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən növ müxtəlifliyinin zənginliyi, endemizmin dərəcəsi və təbii yaşayış yerlərinin meyarı əsasında Qafqaz regionunu 200 Qlobal Ekoregionundan birini təyin edib. Qafqaz regionu bioloji rəngarəngliyinə görə həmçinin, Beynəlxalq Mühafizə Təşkilatı tərəfindən dünyanın 25 qaynar nöqtəsindən biri kimi qəbul olunub. 

Zubr növü Milli Parkın İsmayıllı bölməsində 

A.Səmədovanın dediyinə görə, bioloji növ müxtəlifliyinin rəngarənliyi, yəni fauna və florası, ərazisində fərqli ekosistemlərinin bir-birini əvəz etməsi, əzəmətli dağ zirvələrinin cəlbediciliyindən əlavə, milli parkın İsmayıllı bölməsində ötən ildən ziyarətçilər və təbiətsevərlər üçün daha bir maraq obyekti formalaşıb. Belə ki, növ müxtəlifliyinin mühafizəsi və nadir növlərin reintroduksiyası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2019-cu ilin may ayından vaxtilə Qafqazda mövcud olan və sonuncu fərdi 1927-ci ildə brokonyerlər tərəfindən məhv edilən zubr növünün ölkəmizə gətirilməsidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən bu layihə çərçivəsində 12 baş zubr Avropadan gətirilərək Şahdağ Milli Parkının İsmayıllı bölməsində ilk öncə volyer şəraitində saxlanılıb, adaptasiya müddəti keçdikdən sonra təbiətə buraxılıb. Ötən ildən onların sayında artım müşahidə olunur, 2019-cu ildən bəri 3 bala zubr dünyaya gəlib. İlk zubr balası 2019-cu ilin sonlarında, ən son bala isə bu ilin avqustun 4-ü doğulub. Bala fərdlərin üçü də erkək olmaqla, hər biri sağlamdır: "Zubrlar əsasən şimal ölkələrində yaşayır, soyuğa olduqca davamlıdır. "Şahzubar" adlandırdığımız zubr noyabr ayında doğulanda bəzi insanlar, təbiətsevərlər narahat idilər ki, görəsən, soyuq qışı keçirə biləcəkmi? Şükürlər olsun, bala artıq böyüyüb, bu da onu göstərir ki, bu əraziyə tam uyğunlaşıblar. Saylarının artması artıq milli parkın İsmayıllı bölməsində davamlı zubr populyasiyanın formalaşmasını deməyə imkan verir. Baxmayaraq ki, Milli Parkın ərazisində ayı, canavar və digər yırtıcı heyvanlar var, amma onlar zubrlar üçün real təhlükə sayılmır. Zubrlar park ərazisində olan otlar və ağac yarpaqlarından yem kimi istifadə edirlər. Bundan əlavə, onlara gün ərzində iki dəfə əlavə yem də verilir". 

Təbiət incisi - Qaranohur gölü 

Bütün fəsillərdə öz gözəlliyi ilə seçilən təbiət incilərindən biri Qaranohur gölü də Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində yerləşir. Qaranohur gölünün adının mənası Azərbaycan dilində işlənən qara-rəng və nohur - göl, su tutarı, bataqlıq sözlərinin birləşməsindən meydana gəlib.



A.Səmədova vurğulayıb ki, dağların arasında, sıx meşələrin ortasında yerləşən Qaranohur gölü Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 6 saylı dolayında yerləşir. Gölün dəniz səviyyəsindən hündürlüyü 1530 metr ərazisi 0.8 hektardır. Göl orta dağlıq qurşaqda yerləşdiyindən ətrafı sıx fıstıq ağacları ilə əhatə olunub ki, bu da gölə bir başqa gözəllik verir.  Böyük Qafqaz dağlarından axan Qaranohur çayının hövzəsinə daxildir. Qaranohur gölünün ərazisi tektonik çay-dərə mənşəli olması güman olunur ki, bu səbəbdən göl tektonik göllər qrupuna aiddir. Göl yeraltı sular, bulaq suları və yağış suları ilə qidalanır. Gölün minerallaşması yüksəkdir. Bu gölün suyu kənd təsərrüfatı üçün əlverişli deyildir. Yayda suyun tempuraturu 15 dərəcə olur, qış aylarında gölün səthi buz bağlayır. Suyun tərkibində kükürdün çox olması səbəbindən bu sudan müalicəvi məqsədlər üçün istifadə etmək olar.

Sahildən aralandıqca Qaranohur gölünün ortasında şəffaflıq maksimuma çatır. 1966-cı ildə Lahıca İsmayıllıdan asfalt yol çəkilənə qədər Qaranohur gölü əsas dayanacaq rolu oynayırdı.

Şahdağ Milli Parkı yarandığı vaxtdan Qaranohur gölünə ekoturizm marşrut xətti fəaliyyət göstərir. Marşrut İsmayıllı rayonun Talıstan kəndinin şimal istiqamətində Milli Parkın giriş hissəsindən başlayır, marşrutun uzunluğu 4.5 kilometrdir. 

Dolama şəlaləsi 

Bənzərsiz təbii gözəlliyi ilə göz oxşayan Dolama şəlaləsi də İsmayıllı bölməsinin ərasizindədir.  A.Səmədovanın sözlərinə əsasən, Dolama şəlaləsi Şahdağ Milli Parkını İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 4 saylı dolayında Cülyan çayının sağ sahilində yerləşir. Şəlalənin hündürlüyü 10-15 metrdir, şəlalənin başlanğıcı bulaq sularıdır. Milli Parkın giriş hissəsindən şəlaləyə kimi məsafə 3.5 kilometrdir. Cülyan çayının yatağı boyunca hərəkət etdikcə sıldırımlı qayaları seyr etmək olar.

Bölmə daim turistlərin diqqət mərkəzindədir 

A.Səmədova bildirib ki, Milli parkın İsmayıllı bölməsi öz zəngin bitki və heyvanlar aləmi ilə onu ziyarət edən turislərin diqqət mərkəzindədir: "Qoruqlardan fərqli olaraq milli parklarda turizm fəaliyyətinin həyata keçirilməsi üçün turizm-rekreasiya zonası və burada başlanğıc və bitiş nöqtəsi məlum olan ekoturizm marşrutları mövcuddur. Milli parka səfər edən hər bir qonaq marşrut üzrə hərəkət edərək təbiətdən zövq ala bilər, xüsusi təyin olunan piknik nöqtələrində, dayanacaq yerlərində istirahət edə bilər. Şahdağ Milli Parkında 6 bölməsi üzrə ümumikdə 50 turizm marşrutu mövcuddur, bunlardan 7-si məhz İsmayıllı bölməsində yerləşir. İsmayıllı bölməsi üzrə fəaliyyət göstərən turist marşrutları ərazinin relyefi və marşrutun uzunluğuna görə sadə, orta çətin olmaqla 2 kateqoriyaya bölünür. Milli parkı ziyarət edən turistlər üçün həmçinin, bələdçi xidməti mövcuddur. Əsasən, dağ meşələrini əhatə edən İsmayıllı bölməsinin qapılar ilin bütün fəsillərində həm yerli, həm də xarici qonaqlar üçün açıqdır. Ərazinin giriş qapısı rayonun Buynuz kəndində yerləşir".

S.QARAYEVA

 





12.08.2020    çap et  çap et