525.Az

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması nəyi dəyişəcək?


 

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması nəyi dəyişəcək? <b style="color:red"></b>

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılması haqqında fərman imzalayıb.

AİH-in nizamnaməsində qeyd olunub ki, İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət qurumlarının, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Xatırlatmaq lazımdır ki, Azərbaycan iqtisadiyyatında dövlət müəssisələrinin xüsusi çəkisi böyükdür. Belə ki, onların məşğulluqda payı təqribən 25 faizdir. 15 ən iri dövlət müəssisəsinin aktivlərinin həcmi ölkənin ÜDM-si ilə müqayisə edilə bilən səviyyədədir. Dövlət səhmdar olaraq bu müəssisələrin müasirləşməsi, texnoloji yenilənməsi, kapitallaşması və maliyyə dayanıqlığını təmin edərək, onların keyfiyyət və səmərəlilik baxımından yeni inkişaf səviyyəsinə keçidi üçün zəmin yardıb.

İnvestisiya Holdinqinin yaradılması ilə dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq olunması, idarəetmə strukturları və konsepsiyalarının təkmilləşdirilməsi, aparıcı özəl müəssisələrə məxsus səmərəlilik, şəffaflıq və hesabatlılıq əsasında fəaliyyətləri təmin ediləcək.

Heç şübhəsiz ki, səmərəliliyin artırılması onların beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə səbəb olacaq.

Dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyi aydın, ölçülə bilən və şəffaf səmərərəlilik göstəriciləri (KPİ) vasitəsilə müəyyən ediləcək. Dövlət İnvestisiya Holdinqi dövlət müəssisələrinin korporativ idarəetmə orqanlarında iştirak etməklə, onların Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verməsini təmin edəcək.

Onların əldə etdiyi mənfəət iqtisadiyyatın inkişafına yönəldiləcək, dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrinə özəl investisiyalar cəlb ediləcək, bu məqsədlə dövlət-özəl tərəfdaşlığının inkişafı stimullaşdırılacaq.

Həmçinin, dövlət müəssisələri və özəl sektor arasında rəqabətin ədalətli və bərabər şərtlərlə aparılması təmin ediləcək.

Dövlət müəssisələrini idarə edən investisiya holdinqləri beynəlxalq təcrübədə geniş yayılıb. Sinqapur (Temasek), Malayziya (Khazanah), Qazaxıstan (Samruk Kazına) və digərləri uğur nümunələri olaraq qəbul edilir.

Mövzu ilə bağlı danışan millət vəkili Hikmət Babaoğlu hesab edir ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması starteji qərardır və milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər: "Ölkəmizdə davamlı struktur və institusional islahatlar həyata keçirilir. Bu islahatlar bütün sektorlarda üfiqi və şaquli vektor üzrə aparılır. Yəni islahatlar yeni tipli idarəetmədən, optimallaşdırmanı həyata keçirmək üçün yeni mobil qurumların yaradılmasından başlamış, cəmiyyətin bütün sosial-iqtisadi sahələri üzrə hər gün bir qədər daha əhatəli və daha köklü forma alır".

Deputatın sözlərinə görə, COVİD-19 pandemiyasının yaratdığı qlobal şərtlər sosial izolyasiya şəraiti içərisində iqtisadiyyatın canlandırılması və postpandemiya iqtisadiyyatının formalaşdırmasını zəruri edir: "Ona görə də milli iqtisadiyyatımızı qorumaq və inkişaf etdirmək üçün yeni və effektiv metodların tapılması, tətbiq edilməsi, yeni iqtisadi alətlərin işə salınması olduqca aktualdır. Başqa tərəfdən, hazırda bütün dünyada sərmayə qıtlığının yarana biləcəyi bir vaxtda milli resursların, xüsusilə dövlət şirkətlərinin iqtisadi potensialının investisiya şəklində milli iqtisadiyyatımızın inkişafı üçün səfərbər edilməsi mühüm addım kimi qiymətləndirilməlidir. Ona görə də, dövlət başçısının sərəncamında qeyd edildiyi kimi, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla, iqtisadi inkişafı sürətləndirmək mümkündür".

Millət vəkilinin sözlərinə görə, əslində, bu, həm də yeni mərhələdə iqtisadiyyatın liberallaşdırılması şərtlərini daha da optimallaşdırmalıdır ki, nəticə etibarilə azad iqtisadi rəqabətə söykənən yeni münasibətlər sistemi formalaşsın.

Ekspert Vüqar Rəhimzadə isə vurğulayıb ki, İnvestisiya Holdinqinin yaradılması idarəetmə sahəsində növbəti yenilikdir: "Belə bir qurumun formalaşması ilə dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq olunması, idarəetmə strukturları və konsepsiyalarının təkmilləşdirilməsi, aparıcı özəl müəssisələrə məxsus səmərəlilik, şəffaflıq və hesabatlılıq əsasında fəaliyyətləri təmin ediləcək. Səmərəliliyin artırılması dövlət müəssisələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə səbəb olacaq. Azərbaycanın dövlət müəssisələri xarici bazarlara çıxdıqca və ya xaricdə fəaliyyətlərini genişləndirdikcə rəqabət qabiliyyətliliyin önəmi daha da artacaq. Qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər bu müəssisələrin ixrac potensiallarının artmasına töhfə verəcək".

PƏRVANƏ

 





12.08.2020    çap et  çap et