525.Az

Milli Kitabxana Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş videokonfransda


 

Milli Kitabxana Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş videokonfransda  <b style="color:red"></b>

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq təşkilatı, Qazaxıstanın Azərbaycandakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və Dövlət Pedaqoji Universitetinin görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə birgə nəşr etdikləri "TÜRKSOY kitabxanası" seriyasından professor Elman Quliyevin "Abay Kunanbayev" kitabının təqdimatına həsr olunmuş videokonfrans keçirilib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov açılış nitqi ilə çıxış edib.

İki hissəli videokonfransda Avrasiya Yazarlar Birliyinin sədri Yakup Öməroğlu, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Azərbaycan Pedaqoji Universitetinin professoru Elman Quliyev, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova, Hacı Bayram Vəli Universitetin təmsilçisi Hülya Kasapoğlu Çengel, Yusuf Balasagun Kırğız Milli Universitetinin rektor yardımçısı Sadık Alahan, Azərbaycan Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov, Sivas Cumhuriyət Universiteti Türk Dünyası Çalışmaları Uygulama və Araştırma Mərkəzi başqanı, şair Kənan Çarboğa  iştirak ediblər.

Daha sonra "Salam sənə, qələmqaşlım" videosu konfrans iştirakçılarına nümayiş olunub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, mütərəqqi bəşəriyyət və bütün türk dünyası, türkdilli xalqlar qazax xalqının böyük şairi Abayın yubileyini böyük təntənə ilə qeyd edir. Beynəlxalq mədəniyyət təşkilatı "TÜRKSOY" özünün çoxillik ənənələrinə sadiq qalaraq 2020-ci ili "Abay ili" elan etmişdir və çox təəssüflər olsun ki, bütün dünyanı cənginə alan pandemiya təhlükəsi Abayın yubileyinin geniş şəkildə qeyd olunmasına imkan vermədi və biz çox az tədbirlərlə kifayətlənməli olduq. Böyük Abay Azərbaycanda da daim sevilən şairlərdən olub və onun əsərləri, habelə Qazax ədəbiyyatının böyük klassiki Muxtar Auezovun "Abay" romanı hələ sovet dövründə Azərbaycanda çox böyük tirajla çap olunaraq yayılıb. K.Tahirov çıxışını Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə bitirib: "Abay, onun yaradıcılığı bütün bəşəriyyətə, bütün xalqlara məxsusdur. Təbii ki, bu,  qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var və o, öz xalqını xoşbəxtliyə və firavanlığa aparan düzgün yol göstərmişdir. Bununla yanaşı, o, bütün bəşəriyyətə, eyni zamanda, Azərbaycan xalqına məxsusdur".

Milli Kitabxananın direktor  müavini Ədibə İsmayılova  kitabxananın tərtib etdiyi "Abay Kunanbayev - 175" adlı virtual kitab sərgisini konfrans iştirakçılarına təqdim edib. Virtual sərgidə Abay Kunanbayev haqqında Azərbaycanın görkəmli şəxslərinin fikirləri, Abayın portretləri, müəllifi olduğu əsərlər, haqqında yazılan kitab və məqalələri tam mətnləri ilə öz əksini tapıb.

 





12.08.2020    çap et  çap et