525.Az

Daxilimizdəki qorxu


 

Daxilimizdəki qorxu<b style="color:red"></b>

"İyirminci əsrimiz qorxu çağıdır". Deyəcəksiniz ki, qorxu bir elm deyil, amma bu qorxuda elmin payı var. Alber Kamyu tərəfindən deyilmiş bu sözlərdə böyük həqiqət var.

Bu günlərdə, ölkəmizdə, hətta dünyada COVİD-19 virusu geniş səviyyədə yayılmağa başladığı andan insanlar üçün qorxu dövrü başladı. Hətta tibb elmi bu virus qarşısında aciz qaldı. Bəlkə bu virusun yaranmasında elmin rolu böyük olsa da, onun qarşısını almaq üçün alimlər bir çarə tapa bilmirlər. Düzdür, mən inanıram ki, yaxın zamanda biz bu bəladan qurtulacağıq. Lakin bu periodu hamı eyni şəkildə dəf etməyəcək. Bəzi insanların həyatında bu dövr qorxulu bir an kimi qalacaq. "Qorxu - insanın təbiətində mövcud olan ən çirkin bir hiss və uğursuz həyəcan deməkdir". Həqiqətən də, dövrümüzdə COVİD-19 virusuna yoluxmamaq üçün mübarizə aparan şəxslər içindəki qorxunun onların sağlamlığına hansı şəkildə zərər verdiyini bilmirlər. Bir çox insanlar başa düşməlidirlər ki, onların immun sistemi gündəlik həyatlarında yaşadıqları stressin səviyyəsi ilə əlaqəlidir. Əgər biz immun sisteminin nə olduğunu, daha sonra isə nə üçün stressin immunitetimizə mənfi təsir göstərdiyini araşdırsaq, görərik ki, orqanizmin müdafiə mexanizmi olan bu sistem bizi bakteriyalar, mikroblar və viruslar kimi antigenlərdən qoruyur. İmmun sistemi sanki bir polis kimi, orqanizmə hücum edən zərərvericilərə qarşı effektiv mübarizə aparır və onların sağlamlığımıza zədə yetirməsinə icazə vermir. Əsas stress hormonu olan amansız kortizol, virusla mübarizə aparan hüceyrələrinin sayını azaltmaqla immun sisteminizi zəiflədir. Əgər biz sağlam orqanizmə sahib olmaq istəyiriksə, onda bədənin stressin mənfi təsirlərinə məruz qala bilən bir çox digər sistemləri kimi immun sisteminin də düzgün çalışmasını təmin etməliyik.

Məlumdur ki, insanlar ətrafdakı fiziki təhlükələrdən və ya qəbul etdikləri təhdidlərdən asılı olmayaraq daimi qorxu içində yaşadıqda həssas ola bilərlər. Qorxu - bir fəlakətin baş verməsinə bilavasitə səbəb olmasa da, şübhəsiz, fəlakətdən törənən nəticələrin daha da genişlənməsində və gərginləşməsində həddindən artıq təsirli olur. Ona görə də, bu hissin bizim həyatımızı idarə etməsinə icazə verməyək. Biz hər zaman Azərbaycan xalqı olaraq çox güclü, iradəli, dözümlü olmuşuq. Hər zaman çətinliklərə qalib gəlmişiq. Bir xalq ki, müharibələrdən üzüağ, vicdanı rahat çıxıb, o xalqa heç bir virus qalib gələ bilməz. Sadəcə, bir vətəndaş olaraq, dövlətimiz və həkimlər tərəfindən verilən təlimatları dəqiqliklə yerinə yetirsək, həmçinin, gigiyena qaydalarına riayət etsək, onda özümüzü bu bəladan qorumuş olarıq.

Səidə MƏMMƏDOVA

 





12.08.2020    çap et  çap et