525.Az

"Tək özüm olsaydım, nə varıydı ki..." - Vasif Süleymanın şeirləri


 

"Tək özüm olsaydım, nə varıydı ki..." - <b style="color:red">Vasif Süleymanın şeirləri </b>

ÇATINCA

Bir ömrə dəyərdi tək səni sevmək,
Sevərdim imana, dinə çatınca.
Uzaqdan baxanda mələksən mələk,
Misraya dönürsən mənə çatınca.

O dünya varımdır, bu dünya yoxum,
Yanımda nə qardaş, nə bacı, qohum...
Bəlkə harayını eşidər ruhum,
Halımı sorarsan yenə, çatınca.

Birdən sən gəlincə çiçəklər solar,
Barı, son anımda ləngimə, nolar...
Onsuz da mələklər aparmış olar,
Sən gəlib mən adda qəmə çatınca.

YAZMIŞAM

Bu mənəm, bir düşün, sınama yüz yol,
Sən məni gətirdin dinə, yazmışam.
Taledən yoluma çıxdığın günü,
Qismətə yazılan günə yazmışam.

Bu eşqin  vüsalı olamı, bilməm,
Yolsuzmu çıxmışıq yolamı, bilməm.
Sən nəsən, sevgimi, bəlamı, bilməm...
Yazmaram demişəm, yenə yazmışam.

Söznən yaratmışam dövlət, varımı,
Sevdim səndən gələn intizarımı.
Bütün ömür boyu yazdıqlarımı
Elə bilirəm ki, sənə yazmışam.

TƏRƏFİMDƏ

Günəşmi nur salır dörd bir yanıma,
Yox... Yox... Üzün gülür hər tərəfimdə.
Gendən boylanıram Tanrı payına,
Nə olsun dayanıb yer tərəfimdə...

Birimiz divanə, birimiz dəli,
İndi bizim üçün hər şey  təsəlli.
Aşikar olanım ellərə bəlli,
Pünhan nağılımsan sirr tərəfimdə.

Səssiz harayımı indi kim duya,
Budurmu dediyin əlçatmaz röya...
Görürsən, bir yanda bu boyda dünya,
Təkcə sən durubsan bir tərəfimdə.

TƏK ÖZÜM OLSAYDIM, NƏ VARIYDI Kİ...

Bu şirin bəlanın iki canı var,
Tək özüm olsaydım, nə varıydı ki...
"O" adda, "mən" adda bir həyanı var,
Tək özüm olsaydım, nə varıydı ki...

Bir yolun üstündə bu alov, o nəm,
Bəlkə də taleyin qarğışı mənəm.
Yaxşı düşünməyin məni, cəhənnəm,
Tək özüm olsaydım, nə varıydı ki...

Yaşanmaz sevgidir - uludan-ulu,
Nə olsun, həsrətdən düşübdür yolu.
Bir körpə mələk var, ölüm arzulu,
Tək özüm olsaydım, nə varıydı ki...

Ömrü hara çəkə, hara çəkməyə...
Taleyin üstündən qara çəkməyə.
Hazırdı özünü dara çəkməyə,
Tək özüm olsaydım, nə varıydı ki...

Birlikdə çəkirik şirin bəlanı,
Bizsiz yazılanın yoxdur yalanı.
Kimsə ovudammaz mənsiz qalanı,
Tək özüm olsaydım, nə varıydı ki...

QƏDƏR

Hər şey gözəliydi, nə varıydısa,
Köksümə vurduğu yaraya qədər.
Bu ömrün əzəldən bəllidi rəngi,
Qaradan başlayıb qaraya qədər.

Tanrım, bu, sevgidir, rəhm eylə bir az,
Bir addım ataqmı, olmaz ki, olmaz...
Vermisən dərdini, dərmanını yaz,
Qalmarıq tapılan çaraya qədər.

İnsanlar, olanı danımmı, - sordum,
O qədər çəkdim ki, həsrəti yordum.
Ürək deyilənin qəsdinə durdun,
Qalmadı bütövdən-paraya qədər. 

Bir dəli sevgiyə bu dünya darsa...
Haqqı var, köksümü könlümü yarsa,
Allah ümidinə qalsın, nə varsa,
Qoy getsin, gedəcək haraya qədər.

BOYUNCA

Çox şey istəmədim, Tanrı adından,
Tək səni istədim qədər boyunca.
Gecənin zülməti yaxır adamı,
Elə hər açılan səhər boyunca.

Mələksən, imansan, pirsən, bilirsən,
Mənə möcüzəsən, sirsən, bilirsən.
Səni yazdığımı bir sən bilirsən,
Sevinc axtarıram kədər boyunca.

Dondurub ruhumu, donu görünmür,
Dərdin biri üzdə, onu görünmür.
Eşqə aşinayıq sonu görünmür,
Sonsuzluq gəzirəm səfər boyunca.

Bu ömrü bu eşqin yolunda sərəm,
Ağrıdan usanmaz, dərddən küsmərəm.
Göydə quşlara da nəmər verərəm,
Adını gətirən xəbər boyunca.

BU ÖMRÜ

Beş addımdı əvvəliylə axırı,
Görürsənmi bəxti yatan bu ömrü.
Halal etdim, kim götürür, götürsün,
Yaşanmamış başa çatan bu ömrü.

Eh, nə imiş bir sevginin bədəli,
Olan oldu ya ağıllı, ya dəli.
Bir çöpündən yapışıbdı yad əli,
Viran etdi halal butam bu ömrü.

Bəzəyi yox, nə aldan, nə qumaşdan,
Uçub getdi içimdəki təlaşdan.
Dəli sevgim kəsirdisə o başdan,
Uzadaydı bəlam, xatam bu ömrü.

Necə gəlib-getdiyini yaş ansa,
Bel bağladım ya qismətə, ya şansa.
Əməllicə ömürüydü yaşansa,
Bacarmadım əldə tutam bu ömrü.

Qucaq açmaz mənim kimi miskinə,
Yanmadısa, isinərmi tüstünə.
Yıxılmazdı... dağlar çöksə, üstünə,
Necə yıxdın vallah matam, bu ömrü...

YIXIR

Havalı ürəyin istisi, hanı...
Məni gözlədiyim bir muraz yıxır.
Özümüz yıxmışıq bu xanimanı,
Fələk dediyimiz vallah, az yıxır.

Beləmi yaradır insanın ağlı,
Səltənəti uçuq, taxtı dağılı.
Olan ürəyimdir - qolları bağlı,
Olmayan küməmi nə taraz yıxır.

Dili yox, "neyçün"süz, "niyə"siz qalıb,
Bəlkə Yaradana deyəsiz...qalıb.
Bir halal sevgidir, yiyəsiz qalıb,
Məni qürur yıxır, onu naz yıxır.

BİR GÖR NEYNİYİRSƏN...

Zülümmü əlini üstünə çəkmiş,
Bu nə dərd yüküdü... Gözlərin aydın.
Tanrı bu çiçəyə ömür verməmiş,
Əvvəl taleyini düzüb qoşaydın.

Qorxur ki, yerisə, yer çökə birdən,
Bu yandan göylər də uça üstünə.
Tərpədə bilməyir ömrü yerindən,
Açılan qollar yox, qaça üstünə.

Görən, tezmi düşər güzarın bəri,
Bir gör neyniyirsən...
Bir düşün, Allah!
Tez götür üstündən bəd nəzərləri,
Əlinə keçməsin qurd-quşun, Allah!

Yandırır dağları, daşları ahı,
Yarəb, bundan betər pərişanmı var...
Bizə sən yazırsan bəxti, İlahi,
Sənin də işinə qarışanmı var...

Bir gör, neyniyirsən, sıxılır hava,
Sənin ki, fərmanın, əmrin əlində.
Getməyə yeri yox, qalmağa yuva,
Bu çiçək karıxıb ömrün əlində.

SEVGİNİN DİLİNİ DUYANDAN BƏRİ

Elə həsrətin də bəs eylər mənə,
Hələ ki, eşqinlə dinə bilirəm.
O dünya, bu dünya, fərqi nədir ki,
Ölsəm də çatmaram sənə, bilirəm.

Nə vüsal görmüşük, nə kam almışıq,
Yazdığım bir yarpaq şeirdi sənə.
Ölüb getməyimmi ovudar səni,
Qalıb yanmağımmı xeyirdi sənə...

Bu zülmət ömürə nə lazım axşam,
Toranı qovuşur hayandan bəri.
Dünyanın dilini yadırğamışam,
Sevginin dilini duyandan bəri.

 





13.08.2020    çap et  çap et