525.Az

"Qanun"un kitab boğçasının yeni töhfələri - Şahanə Müşfiqin yazısı


 

"Qanun"un kitab boğçasının yeni töhfələri - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Mövcud karantin səbəbindən bütün iaşə obyektləri kimi kitab mağazaları da fəaliyyətini dayandırmışdı. Nəşriyyat və kitab mağazalarının rəhbərləri bununla bağlı əlaqədar qurumlara, ictimaiyyətə dəfələrlə müraciət ünvanlamışdılar. Belə müraciət müəlliflərindən biri də "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu idi.

Yumşalmadan sonra nəhayət, kitab mağazaları öz fəaliyyətini davam etdirməyə başladı.

Məhdudiyyətlərin tətbiq olunduğu bu aylar ərzində "Qanun" nəşriyyatı kitab çapı işini dayandırmadı. Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu ötən gün özünün sosial şəbəkə hesabında son üç ayda çap etdikləri ən yeni nəşrlər barədə ətraflı məlumat verdi. Biz də həmin kitabların bir qismini təqdim edirik.  

Şahbaz Xuduoğlu təqdimata "Polad Generalımız" kitabı ilə başladı: "Müxtəlif mövzularda kitablar nəşr eləmişik. Onların arasında təkrar nəşrlər də çoxdur. Məncə, ən yaddaqalan nəşrimiz "Polad Generalımız" kitabıdır. İki min tirajla  çap eləmişik. "Məktəblilər üçün liderlik dərsləri" seriyasından çıxıb. Burada Poladın uşaqlıq çağı, dostları, kursant dövrü, xidmət etdiyi dövr, ailəsi və sair haqqında Poladın portretini yaradan ən müxtəlif xatirələr toplanıb. Poladın xatirəsi qarşısında çox cüzi bir iş olsa da, biz bunu etdik. Bu kitabdan sonra xeyli insanla da görüşdüm və onların da xatirələrini dinlədim. Yəqin ki, ilin sonuna kimi biz onunla bağlı ikinci bir kitab da çap edəcəyik. Bu, daha geniş, daha əhatəli olacaq".

Herbert Corc Uells, "Görünməz adam" - Bu roman insanı görünməz edən bir sıra cihazların ixtiraçısı olmuş ingilis fiziki Qriffinin taleyindən danışır. Özünü görünməz adama çevirən və Kemp adlı alimlə məqsədli əlaqə yaratmağa çalışan Qriffin insanları qorxuya salan terror kampaniyası yaratmağa səy göstərir, lakin Kemp onun bu təklifindən qəti imtina edərək polisə xəbər verir. Ələ keçən Qriffin qəzəblənmiş insanlar tərəfindən amansızcasına döyülərək öldürülür. Kitabı Azərbaycan dilinə  Füzuli Əsgərli tərcümə edib

Corciya Binq, "Molli Mun, Mikki Minus və Bilik Maşını" - Balaca Mollinin macəraları davam edir. Bu dəfə o, öz əkiz qardaşının axtarışındadır. Həmişəki kimi sevimli mopsu Petula və dostu Rokki bu macərada da onu yalnız buraxmırlar. Molli və dostları gələcəyə səyahət edir, qəddar şahzadə Fanqla mübarizə aparırlar. Bəs Molli qardaşını tapacaqmı? Fanqla mübarizədə qalib gələcəkmi? Kitabı Sevil Gültən tərcümə edib.

Brian Tracy, "Satış etmək sənəti" - Bu kitabın məqsədi sizə, istədiyiniz qədər pul qazanmaq üçün maneələri aradan qaldırmağı öyrətməkdir. Bütün uğurlu satıcılar satış etməyi yaxşı bacarırlar. Məhsulu təqdim etməyin, müştərinin ehtiyaclarını öyrənməyin, inam qazanmağın, etirazlarla işləməyin və satışa nail olmağın bir neçə yolunu bilirlər. Müştərinin nə üçün tərəddüd etdiyini və pul ödəyib məhsul almağı nə üçün yubatdığını və bunların öhdəsindən gəlmək üçün təklifi başqa cür etməyin qaydasını bilirlər. Zamanın sınağından keçmiş bu üsullara yiyələndikdən sonra onları daim tətbiq edə bilərsiniz.

Mövlud Süleymanlı, "Dərsdən sonra yazılanlar" - Yaddaşa sığınmaqdan başqa yolumuz yoxdur, biz itirdiklərimizi ancaq orda tapa bilərik. Yer üzü də bizim indimizi - bu günümüzü tanımaq istəmir, neynirsən elə, tanımayacaq da, çünki onun yaddaşında bizim bu günümüz yox, minilliklərimiz yaşayır. "Göz gördüyündən qorxar", bu minilliklər onu hələ də qorxudur, yaddaşını incidir, bizə qarşı olan münasibətləri də bu hisslərin üzərində bərqərardır. Bunu bilməmiz lazımdır. Bu gün O, bizim çaşdığımız anı gözləyir, hələlik ona görə gəl deyir ki, özünə oxşatsın, oxşada bilməsə, qapısının ağzında təhqir etsin, biz də bir ağızdan səs-səsə verək, inandıraq... deyək ki, yoox, biz min il bundan qabaqkı türklər deyilik! Yer üzü bunu, bu səsi məmnuniyyətlə eşitmək istəyir... Bizimsə, dediyim kimi, özümüzə sığınmaqdan, yaddaşımızı tədqiq etməkdən, araşdırmaqdan, öyrənməkdən başqa çarəmiz yoxdur.

Jorji Amadu, "Möcüzələr dükanı" - Bu kitabda həqiqətən, möcüzəli bir aləmə düşürsən. Hər dəqiqə möcüzə. Hər addımda möcüzə... Amadunun bir çox romanlarında olduğu kimi, "Möcüzələr dükanı"nda da ədalətsevər, azadlığa can atan xalqın natamamlıq kompleksi, azad təbiəti burjua mühitinə və burjua dünyagörüşünə qarşı qoyulur. Lakin başqa əsərlərindən fərqli olaraq, yazıçının bu romanında həmin qarşıdurma öz zirvəsinə çatır. Adama elə gəlir ki, böyük sənətkar "Möcüzələr dükanı"nı öz içindəki bəzi mətləbləri aydınlaşdırmaq üçün yazıb.

Səməd Ağaoğlu, "Həyat bir macəradır" - Çağdaş türk ədəbiyyatında ədəbi-siyasi memuar janrının yaradıcılarından və parlaq nümayəndələrindən biri kimi tanınan soydaşımız Səməd Ağaoğlu (1909, Bakı - 1983, İstanbul) "Həyat bir macəra!" adlı xatirələrində İstanbul və Ankarada keçən uşaqlıq, ilk gənclik illərini Türkiyə və türk dünyasında baş verən proseslər fonunda təsvir edir. Kitabda yazıçının vətəni Azərbaycanla, fikri həyatında böyük rol oynamış atası Əhməd Ağaoğlu, ailənin azərbaycanlı qohum və dostları, habelə türk dünyasının görkəmli simaları ilə bağlı müşahidə və mülahizələr yer alıb.



Abbasqulu ağa Bakıxanov, "Gülüstani İrəm"
- M.Əsgərli tərcümə edib. Abbasqulu ağa Bakıxanovun Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixinə həsr etdiyi əsərdir. "Gülüstani-İrəm"ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf edilmir. A.Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salıb və təsviri yolla "Gülüstani-İrəm" əsərini yazıb. Bu əsərdə A.Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim dövrlərdən başlayaraq, 1813-cü il "Gülüstan müqaviləsi"nə qədər təsvir edir. Əsər, əsas etibarilə, müqəddimə, beş fəsil və nəticədən ibarətdir. Abbasqulu ağa Bakıxanov 1841-ci ildə farsca yazdığı bu əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoymuşdur.

Ursula Le Guin, "Dəniz torpaqlarının cadügərləri" - Zülfiyyə Abdullayevanın tərcüməsində təqdim olunan əsər 1968-ci ildən yazmağa başladığı "Dəniz Torpaqları" silsiləsindən olan ilk romanıdır. Əsərin qəhrəmanı anadangəlmə sehrli gücə malik oğlandır. Qəhrəmanın cadugərliyə gedən yolu yeddi yaşından başlayır. Gənc yaşlarından üzübəri dəniz səyahətləri zamanı yolundan çəkilmək bilməyən əjdahalar, habelə üzləşdiyi təhlükəli sınaqlar onun həyatının bir parçasına çevrilir, başına sonsuz macəralar gətirir.

Siyavuş Quliyev, "Xoşbəxt uşaqlar böyüdək: Nə etməli?" - Xoşbəxt uşaqlar böyütmək üçün ailədə nizam-intizam qaydaları necə yaradılmalıdır? Uşaqlarla bağlı çoxsaylı suallara cavab tapmaq istəyirsinizsə, bu kitabı oxuyub və əməl etməyiniz məsləhətdir. Uğurlu və cəmiyyətdə mövqe sahibi olmaq heç də həmişə insana xoşbəxtlik gətirmir. Xoşbəxt insanlar da çox vaxt var-dövlətə, mənsəbə, titullara sahiblənmək istəmirlər. Həm uğurlu, həm də xoşbəxt olmaq istəyirsinizsə, bu kitabı oxuyub və əməl etməyiniz məsləhətdir. Bu kitab həm uğurlu və xoşbəxt uşaq tərbiyə etmək istəyən analar üçün dərs vəsaiti rolu oynaya bilər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Müəllif bu kitabda Dr.Willam Sears, Dr.Marta Sears, Aletha S.Solter, Osho, Özgür Bolat, Naom Aldort, Oytun Erbaş, Anat Boniel və başqalarının əsərlərindən tərcümə edərək mənbə kimi istifadə etmişdir.

Antuan de Sent-Ekzüperi, "Adamların planeti" - Ekzüperinin Böyük Səhra və And dağlarında yaşadığı, orada pilot kimi fəaliyyət göstərdiyi vaxtlarda başına gələn macəralarını, unudulmaz xatirələrini özündə əks etdirən "Adamların planeti" əsəri özünün duyğusallığı baxımından "Balaca şahzadə" əsərindən heç də geri qalmır. Həmçinin, bu əsər Ekzüperinin həm yazıçı, həm pilot, həm də filosofluq qabiliyyətini bir daha aydın şəkildə oxuculara göstərir.

Bettina Lemke, "İKİGAİ" - Öz həyatını mənalandırmağı və onu gündəlik həyatda tapmağı bacaran insan xoşbəxtdir. Gündoğan ölkənin əksər sakinlərinin uzunömürlülüyü və məmnunluğu üçün məsul olan yapon prinsipi İkigai məhz bundan ibarətdir. Yazıçı Bettina Lemke öz kitabında İkigai fəlsəfəsinin təməl prinsiplərindən danışır, bir sıra tapşırıq və təcrübələr təklif edir. Onların köməyi ilə özünüzə bələd ola, ürəyinizi dinləməyi və İkigaiınızı tapmağı öyrənə bilərsiniz.

Müəllifin həssas və ruhlandırıcı rəhbərliyi altında, bir çox nümunələr əsasında və ilhamverici meditativ üsullarla uşaqlığın xoş arzularını xatırlayın, üstün tutduğunuz kitabları, bədii nümunələri təhlil edin, ən cəsarətli xəyallarınıza doğru yol alın. Kitabın əsas hissəsi təcrübədir. Siz hər tapşırığın yerinə yetirilməsi üçün dəqiq təlimatlar, həmçinin, qeydləriniz üçün boş yer alacaqsınız.

John Man, "Monqol imperiyası" - Çingiz Xan tarixin ölməzlərindəndir: özünü ilahi qüvvənin hifz etdiyinə inanan Çingiz, düşmən olan tayfaları birləşdirdi ki, Asiyanın böyük hissəsini tutan imperiya yaratsın. Nəvəsi Kubilay Xanın dövründə mürəkkəb dini ideologiya inkişaf etdi, imperiyanın daha da genişlənməsini təşviq etdi. Kubilay imperiyanın ərazisini iki dəfə artırdı və XIII əsrin sonlarında, dünyanın insan yaşayan ərazisinin beşdəbiri onun və Çingizin "Altun ailə" adlanan qalan üzvlərinin hökmranlığı altında idi. Bu yolda bütün Çini fəth etdi, ona bugünkü sərhədləri verdi və nəhayət, genişlənmək limitini kəşf etdi. İstilaların miqyası baxımından bir nəfərin baxışlarının dünyaya təsiri heç vaxt bu qədər böyük olmamışdı. Bu kitab gənc Çingizin dövründən başlamış yaşlı Kubilayın dövrünə qədər, heç kimin qəbul etmədiyi yeniyetmədən dünyanın ən güclü imperatoruna qədər, Monqol İmperiyası haqqında hekayətdir. Əsəri Kazım Səlimov tərcümə edib.

Ramiz Abutalıbov, "M.Ə.Rəsulzadə və Qafqaz Konfederasiyası" - Zəngin materiallar əsasında müəllif son tarixin parlaq səhifələrindən biri - Qafqaz Konfederasiyası ideyası ətrafında yaranan ideoloji və siyasi mübarizənin dramatik nəticələri, XX əsrin birinci yarısında Azərbaycanın görkəmli siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin bu mübarizədəki rolu və mövqeyi haqqında danışır. Kitabın üz qabığınakı foto Xalq artisti Oqtay Sadıxzadəyə aiddir.

 





13.08.2020    çap et  çap et