525.Az

Firuzə Məmmədlinin şeirləri


 

Firuzə Məmmədlinin <b style="color:red">şeirləri</b>

FİKİRLƏR

 

Deyən, darısqaldı fikrimin yolu,

Odur ki, dilimdən fışqırıb çıxır.

Ahıl duyğuların əsarətindən

Deyərsən, kəlmə yox, muşduluq çıxır.

 

Başımda tükümdü, dayanır biz-biz,

Beynimdə, zehnimdə oyanır biz-biz.

Qızarır, bozarır, boyanır biz-biz,

Tıxnaşır, tıncıxır, hıçqırıb çıxır.

 

Dil tapammıram barı yaşımla,

Dərd-sər - yarıbayarı yaşımla.

Didişə-didişə qarı yaşımla

Boş söz , xoş söz qışqırıb çıxır.

 

Öldürmür, diriltmir, canım deyildir,

Damarda durası qanım deyildir.

Ay Allah, bu sözlər mənim deyildir,

Niyə gözlərimdən püskürüb çıxır?!

 

Düşdüyü torpaqdan dikəlməsi yox,

Dən kimi cücərib yekəlməsi yox,

Düşməni yendirən bir kəlməsi yox,

Özümü özümdən küsdürüb çıxır.

                                               2013

 

SƏBR ELƏ

 

Doğmalarını tərk edib, bəxt ardınca diyar-diyar düşənlərə

 

Bəhanə yox inciməyə, küsməyə,

Nəkarədir bizlə kəlmə kəsməyə!

Ha deyirəm durub özüm səsləyəm,

Kimsə çəkir ətəyimdən, "səbr elə".

 

Ay Allahım bəxtəvəri, hardasan?

Bir qalanın şax divarı, hardasan?

Hər keçən gün vaxta varır, hardasan?

Tut ömrünün yedəyindən, səbr elə.

 

Sənlik deyil bu od-alov, yana dur,

Əl uzatma, barmaqların yanar, dur.

Balı bizə düşən deyil, kənar dur

Bu dünyanın pətəyindən, səbr elə.

 

Bəxt ardınca gör qədər qoşan var,

İndi ha çox heçə-puça coşanlar!

Üz-üzədi silahlılar-qoşunlar,

Daldalan daş-kəsəyindən, səbr elə.

 

Bu Gün ki var, hər dan üzü çırtlamır,

"Meydanları" meydan özü çırtlamır.

Sirr deyil a... Zaman sözü çırtlamır,

Çəkin söz düzəyindən, səbr elə.

 

Küsüb gedən, bezib gedən, dön geri,

Şər-xatanı göndərənlər göndərir.

Heç bilirsən çəkir öz səngərin

Kəsəyəndən, küsəyəndən, səbr elə!

            2013

YAXŞI

 

Yaddaşımda ki vardı, cəm etdim,

Gündüzləri gecələrə şam etdim.

Vərəqləri qələmimlə şum etdim,

Sözüm bitib-tükənmədi, yaxşı!

 

Çətinliyi dağdan aşan günlərin,

Ümidləri aşıb-daşan günlərin,

Duyğulara süfrə açan günlərin

Varağını bükəmmədim, yaxşı!

 

Mənə doğru şərin dizi qırıldı,

Ömrə-günə düşən izi qırıldı,

Vaxtın mizan-tərəzisi qırıldı,

Çəkdiyimi çəkəmmədi, yaxşı!

 

Səbrin əli ətəyindən uzunmuş,

Vaxt deyilmiş, itirdiyim qızılmış.

Daş-qaş olub taleyimə düzülmüş

Dərdi-sərdən çəkilmədim, yaxşı!

 

biləydim, amansızdı çərx belə,

Tərs damarda Yeri-Göyü çalxalar.

Çox üzlərə astar olur arxalar,

Arxalıdan çəkinmədim, yaxşı!

 

Mağar qurdu taleyimdə bir səda,

Pərt etmədim ürəyimi qırsa da.

Yolsuzluğu yolum üstdə dursa da,

Duruşuna təpinmədim, yaxşı.

            2013

 

OLUB

 

Mənə məktub gəlir şeir adından,

Gəlir dağın, düzün, Yerin adından,

Toyda bəy adından, gəlin adından

Məndən toy şeiri gözləyən olur.

 

Mənsə unutmuşam toyları çoxdan,

İçimdən bir xiffət boylanır çoxdan.

Toyların huyları-küyləri çoxdan

Məndən səs-küyünü gizləyən olub.

 

fərqi o toya vardım-varmadım,

Batası deyil ki, bala barmağım.

Göydən ulduz dərib, Ay qoparmağın

Elə özü toyca söz deyən olur.

Keçirdim bu ömrü toysuz-mağarsız,

Gəlib görünərəm bir hor, çağırsaz.

Mənim əfsanəsiz, mənim nağılsız

Taleyim ömrümü bəzəyən olub.

                                               2013

 

lll

 

Allah, Allah, gör nələri

Mən uda-uda gəlmişəm.

Ümidimi yollarıma

Şam tuta-tuta gəlmişəm.

 

Gah enmişəm, gah qalxmışam,

Düz gözümdən düz baxmışam.

Dünyaya sözlə çaxmışam

Dönüb bir oda gəlmişəm.

 

Adam boyu canım vardı,

Ünvansız ünvanım vardı.

dadım, tamım vardı,

Söz ilə dada gəlmişəm.

 

Görüb Yerdə qərib mənəm,

Qələmin göndərib mənə.

Söz macalı verib mənə

Tanrıdan səda gəlmişəm.

2013

 

KİMİMSƏN MƏNİM

 

Uşaq evində baxışı niskilli bir körpə mənə "ana" dedi

 

Sən mənim qızımsan, dalınca qaçım?

Ardınca su atım, oğlumsan bəlkə?

Durum lap ayağı yalıncaq açım,

Arxamsan, qanadım, qolumsan bəlkə?!

 

Səbəb tapammıram, axır göz yaşım,

Ürəyim dəryadı, boşalır, dolur.

Həsrətim boy verib, - mənlə yanaşı,

Kimimsən, desənə, a qurban olum.

 

Mənə "ana" demə, mən "yol üstdəyəm",

Ölərsəm, təzədən yetim qalarsan.

Sən bu şirinlikdə atasız bala

Yenidən anasız çətin qalarsan.

 

Hələ anlamırsan, yaş o yaş deyil,

Ruhumla yaşaram gövdəndə sənin.

Amma bu təşviş elə boş deyil,

Mən kimə tapşırım "gedəndə" səni?!

 

Möcüzə gəzirəm adında bəlkə,

Sanma bu müjdədən doyub gedərəm.

Ana tək qalarsan yadında, bəlkə

Dünyada bir övlad qoyub gedərəm.

 

Qəzadı, qədərdi, amma deyim,

Dolu gördüyüncə bu, boş dünyadı.

Gah əlimi kəsir, gah da ətəyin,

Bu, ayıq başla da sərxoş dünyadı.

Görürsən səbəbsiz deyil göz yaşım,

Ürəyim dəryadı, boşalır, dolur.

Həsrətim dayanıb mənlə yanaşı,

Kiminsən, desənə, a qurban olum.

            2013

 

BİZİ

 

Gəl kəsib ataq bu mazarat ömrü,

Gah həşərat ömrü, gah da at ömrü.

Bu camaat ömrü, həzərat ömrü

Dartıb, özümüzdən qoparır bizi.

 

gendən baxanıq, öndə gedən,

Eh, kimə gərəkmiş bu gündə gedən?!

Biri o birinin cibində gedən

Bu axın sürüyüb aparır bizi.

 

Ümid lağım atır vaxt darlığında,

Görən nəsə tapıb axtardığında?!

Bir gülün həvəsi yox varlığında,

Bəs hansı üzünən axtarır bizi?

 

Qayğılar birdimi, beşdimi görən?!

Fikrindən bir istək keçdimi görən?!

Kimə nişanlayıb eşqini görən,

Arayır bahardan-bahara bizi?!

                        2013

 

lll

 

Unutdum kimim vardısa,

Bir quruca adı tutdum.

Atdım bütün doğmaları,

Biganəni, yadı tutdum.

 

Halımı duyanı atdım,

Məndə üz qoyanı atdım.

Çölümdə bir ana atdım,

İçimdə fəryadı tutdum.

 

Ömürdü, zamanla dolu,

Söz atında yüyrək olub.

Səsimlə getdiyim yolu

Qulağıma çatıb tutdum.

                                               2013

 

BU SUALDI

 

Daha darıxmıram

zənglərin üçün.

Qulağıma sırğa

sözlərin üçün.

İndi darıxıram

əllərin üçün,

İndi darıxıram

gözlərin üçün.

Daha darıxmıram,

darıxdığımdan

gözüm əllərinə

zillənib qalıb.

Əlimdə əlinin

gülləri qalıb.

O gül butasını

gözümə təpdim.

O gül ləçəkləri

üzümə səpdim.

Hərəsi bir kəlmə

söylədi səndən,

gözümə, əlimə

söylədi səndən...

Daha darıxmıram

əsəblərimdən

dəyanət sazıma,

dözüm sazıma

sim çəkib, ayrılıq

havası çaldım

Hələ soruşursan

darıxırammı?

Daha darıxmıram,

bu sualdı?!

2013

 

lll

 

Üzün gözümə düşür,

Üzün mələk kimidir.

Sirri gözündən daşır, -

Qəlbin ələk kimidir.

 

Dağ var - dünya yaşında,

Dağ var - sinə daşında.

Dağ da var ki, başında

Qar göbələk kimidir.

                                               2013

           

lll

 

Yaddaşa aparan cığır

Özüm baş alıb gedirəm.

Orda bir xatirəm qalıb,

Ona tuş olub gedirəm.

 

Varımı yoxla bölmüşəm,

Dərdin çiynində gəlmişəm.

Diriyəm, yoxsa ölmüşəm? -

Bir bax, quş olub gedirəm.

 

Dolu verir, boş aparır,

Axirətə tuş aparır.

Məni necə? Huş aparır,

Yoxsa huş olub gedirəm?!

Bir bax, quş olub gedirəm.

                                   2013

lll

 

Ələkbər Salahzadənin

ölməz xatirəsinə ehtiramla

 

Gözümün içi dolusu

Göz yaşıma doldu bu qəm.

Geyindi rəngin qarasın,

Üst-başıma qondu bu qəm.

Bir Ələkbər heykəlini

Qələmimlə yondu bu qəm.

2013

 

DÜNYADI BU

 

Ölüsünə yas tutmayan,

Dirisini xas tutmayan,

Vaxt gözündə pas tutmayan

Dünyadı bu.

 

Şeytan deyil, mələk deyil,

Oyun deyil, kələk deyil.

Tanrı deyil, fələk deyil,

Dünyadı bu.

 

Məhrəm olur, cəncəl olur,

Arxa olur, əngəl olur,

Gah mərmi, gah səngər olur,

Dünyadı bu.

 

Qanunları susur daha,

Hər addımı - qüsur daha.

Hardan tutdu, kəsir daha,

Dünyadı bu?..

 

Dünya deyilsə, nədi bəs?

Bir qıfıldı, bir qəfəs.

Dolusuna boşu - əvəz,

Dünyadı bu.

 

Öyəni var, söyəni var,

Yağmalayıb yeyəni var,

Əldən-ələ yüyəni var, -

Dünyadı bu.

                                               2013

 

lll

 

Mən elə bir qəbristanam,

Hər ölən məndə yatmayır.

Fikirlərin kələfində

Düşür kəməndə, yatmayır.

 

Mənlə gəzir, mənlə durur,

Qəmlə yatır, qəmlə durur.

Ölümündən gendə durur,

İnan, bir bəndə yatmayır.

 

Yuxuma vardım, yatacaq,

Ömrünün ardın yatacaq.

Yaddan çıxardım, yatacaq,

Yada düşəndə yatmayır.

2013

 

REDAKSİYADAN: Dəyərli şairəmiz, gözəl publisist, fədakar söz adamı Firuzə Məmmədli bu gün növbəti doğum gününü qeyd edir. Azərbaycan ədəbi-bədii fikrində özünəməxsus yeri olan Firuzə xanımı bu münasibətlə ürəkdən təbrik edir, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. 

 





10.01.2014    çap et  çap et