525.Az

Mələmə, quzum, mələmə... (hekayə)


 

Mələmə, quzum, mələmə... <b style="color:red">(hekayə)</b>

Teymur BÜNYADOV
akademik 

Yazın oğlan çağı idi. Təbiət oyanmış, bəzənib-düzənmişdi. Qızım Ülkərin beş yaşı tamam olurdu. Adətimiz üzrə onun dünyaya gəlişini həmişə kəndimizdə, dədə-baba yurdunda keçirirdik. Bu da səbəbsiz deyildi. Qəlbinur anası Ülkər xanımın sağlığında icazəsi ilə qızının adını Ülkər qoymuşdu. Qaynanam hər Ülkər deyib çağıranda, elə bil qadının uçmağa qanadı çatmırdı. Dan sökülmüşdü. Səma aydındı. Bəmbəyaz, dümağ buludlar elə bil göyün yeddi qatından asılı qalmışdı. Günəş yatağından baş qaldırıb qızılı haləsini göstərir, zərrin şəfəqlərini aləmə yayırdı.

Arxalı dağlar yenicə yaşıl libasına bürünmüşdü. Fikirli, xəyallı görünürdü. Elə bil, dünyanın dərdi buna qalmışdı. Yamaclarda çəmənliklər yırğalanır, gül-çiçəklər sırğalanırdı. Lalə, nərgiz, tər bənövşə bir-birinə qarışmış, hər yan ətirlənmişdi. Elə bil gül-çiçəkdən hər yan xalı-xalça toxumuşdu. Sanki dörd tərəf Təbriz xalçasının, Çiçi xalçasının naxışlarıydı. Göz yaşıtək dupduru bulaqların zümzüməsi, çayların nəğməsi aydın eşidilirdi.

Bir xeyli aralıda dağın sinəsinə dağılan qoyun sürüsü boyunbağıdan qopub səpələnən muncuqları xatırladırdı. Dağların  yaraşığı çobanın tütəyinin sehirli, qəlbləri ovsunlayan səsi məclis qurmuş, tamaşalı dünya yaratmışdı. Quzular sevinmiş kimi atılıb-düşür, anaları balalarına baxır, nazlanırdılar.

Ülkər hər şeyi unutmuş kimi gül-çiçəkdən çələng hörür, şadlanırdı. Birdən qızın gözü gümüşü rəngli quzunun anasını əmdiyini, acmış kimi quyruğunu buladığını görüb ona yaxınlaşdı. Bir azdan üstümə atılaraq:

- Quzu xoşuma gəlir. Al onu, özümüzlə aparaq. Çox xoşuma gəlir, al da, olar?

Mən qızımı bağrıma basdım:

- Anan qurban, balanı anadan ayırmaq olmaz. Səni məndən alsalar, ölmərəmmi?...

Ülkər inadından dönmədi. Başladı atasına yalvarmağa. Atası onu sakitləşdirərək dedi:

- Sakit ol, həyəcanlanma. İstəyirsən, alarıq.

Dağlar oğlu çoban bizlərə yaxınlaşarkən qara rəngli, saçaqlı yapıncısının qaytanını açdı. Belinə bağladığı xəncər ona bir ayrı görkəm verdi. Çomağına dirsəkləndi.

Qəlbinur çobana yaxınlaşaraq onu dilə tutdu:

- Qardaş, bərəkətli olsun - dedi.

Çoban:

- Çox sağ ol! - söylədi.

Onlar sanki bir an içində doğmalaşdılar.

- Bax görürsən ki, qızım quzundan ayrılmır. İstəyirəm səndən alıb aparam, saxlayam.

Çoban pərişan oldu. Fikirləşdi, xəyallandı. Elə bil, qaşla göz arasında qalmışdı:

- Görürəm, yaxşı adamlara oxşayırsınız. Ancaq heç balanı anadan ayırmağa qıymıram, uşağın da könlünü qıra bilmirəm. İndi ki, belədi, aparın, peşkəşdi. Görünür, sizə qismət imiş. Halal xoşunuz olsun.

Mən məsələnin ciddi olduğunu görüb qızıma yalvardım:

- Mənim balam, heç balanı anadan ayırarlarmı? Səni məndən alsalar ölmərəm? Ülkərə ha de, xeyri ? Atasına, al ki al..

Qəlbinur quzunun haqqını vermək istəyəndə çoban pərt oldu:

- A kişi, siz qonaq gəlmisiz. İstəyirsiz bütün quzuları aparın. Yenə deyirəm, peşkəşdi. Heç o yan- bu yanı yoxdu. Deyəsən şəhər əhlinə oxşayırsınız?

- Şəhərdə yaşasaq da, Güllütaladanıq.

- Orada olmuşam, mənzərəlidi, behiştdi, halal camaatdı, qonaq-qaralıdı. Uğurunuz xeyrli olsun!

Çoban quzunu qucağına aldı, maşına qoydu...

Yolboyu pərişanlıq, peşmançılıq məni didir, parçalayırdı. Maşınımız dolaylarda ilan kimi qıvrılır, mənzilə çata-çatda idi. Qəlbinurdan heç vaxt bu qədər inciməmişdim. Öz-özümə düşünürdüm ki, onu indiyə qədər tanımamışam.

Qaynanam məni qucaqlayıb, qoynuna s

ıxanda özümü saxlaya bilməyib hönkür-hönkür ağladım. Qaynanam:

- Ay oğlumun yaraşığı, ay evimizin gur işığı, oldu sənə? Olmaya bir hadisə baş verib?

Ülkər xanım da mənə qoşuldu. Qəlbinur dinmir, xəyal karvanında dəryada qərq olmuş kimiydi...

Qəlbinur quzunu maşından çıxarıb həyətə buraxdı. Quzu yer tapmırmış kimi özünü o yan, bu yana atır, mələyir, ağlayırdı. Qızım Ülkər ona qoşulub ağlayırdı. Ürək ağrıdan bir mənzərə yaranmışdı. Ülkər xanım quzu acdı deyib, ona qabda süd gətirdi. Quzu qabı təpiklədi, südü tökdü. Quzunu tutub ağzına süd verdilər. İçmədi, qaytardı. Butulkaya süd tökdük. Ağzına əmzik keçirtdik. İçirtmək istədik, içmədi. Mələdi, elə bil üsyan edir, "anamı istəyirəm" deyirdi. Hamı peşman, hamı pərişan...

Axşama doğru qonum-qonşu tökülüb təbrikə gəldilər. Süfrə arxasında badə qaldırıb Ülkər balamızın sağlığına "Ülkər nənəsinə oxşasın" - dedilər, atalı-analı böyüməyini arzuladılar. "Atalı-analı böyüsün" deyəndə, ürəyimdən qara qanlar axdı, varlığım titrədi, silkələndi.

Gecədən xeyli keçmişdi. Yorğanı başıma çəkib anasız quzunu ağlayırdım. Dəhşət məni götürmüşdü. Sabahın açılmasını gözləyirdim. olur-olsun, necə olur-olsun, quzunu anasına çatdırmaq inadındayam. Dağları, daşları gəzəcəm, sürünü tapacam. Ananı balaya qovuşduracam. Yoxsa, ölərəm, yaman günə qalaram. Özümü o ki, var danlayır, "sən ana deyilsən" - deyirdim.

Səhərin gözü açılar-açılmaz dəhşətli nərilti aləmi başına götürdü. Göy gurladı, buludlar göz yaşı tökdü. Yağış yağış, tut ucundan qalx göyə. Sellər, sular dağı, dərəni başına götürdü. Şimşək qızılı xəncəri ilə hər yanı dilimlədi, doğradı. Elə bil zəlzələ qopmuşdu. Yer , göy silkələnirdi. Ürəyimə damdı ki, bu müdhiş hadisə bizə xəbərdarlıq edir, "quzunu qaytarın" deyirdi... Qorxudan Ülkəri bərk-bərk bağrıma basdım. Elə bil dünyanın sonu idi. Bilmirdim göylər bizə xəbərdarlıq edirdi, yoxsa anasız quzunu ağlayırdı.

Qəlbinurun rəngi qaçmış, halı pərişan olmuşdu:

- Hazırlaşın, gedək. Tələsin, yolçu yolda gərək.

Kişi daha da yazıqlaşmış, səsində təlaş duyulurdu:

- Ay Əsmər, ay Əsmər, təbiətin ağladığını görürsən? Bəlkə quzunu ağlayır, bəlkə anasını. Əsmər xanım, ölmüşəm, götürənim yoxdu. Quzunu maşının arxasına qoymuşam. Əsmər, bu dəhşətdi başımıza gəldi? Mənim ağlım çaşmışdı. Bəs sənə olmuşdu? İlkin balan Ülkərini səndən ayırsalar neyləyərsən? Çoban demədimi bu quzu şişəyin ilk doğuşudu. Bəs ana haqqı, Tanrı haqqı harda qaldı? Ana ulu varlıq, İlahi qüvvə deyilmi?

Ağladım:

- Mənim ağlım var ki, nəsə kəsə? Balamın təlaşına, sevincinə qıymadım. Ay atası rəhmətlik, bəs sənə oldu ki, razılıq verdin? Axı sən hacısan, Allah adamısan. Dinə, imana tapınansan.

- Bir qəbahətdi eləmişəm, keç günahımdan. Bəlkə mənim qəbahətim daha böyükdü. Axı, bəxşişi çoban mənə verdi...

Qaynanam arxamızca su atdı, uğurlu yol arzuladı. Qəlbinur maşını iti sürətlə sürdü. Dünənki yerində maşını saxladı. Təbiət niyyətimizi duymuş kimi sakitləşmişdi. Hava mülayim, çəmən-çiçək sevincəkdi. Bulaqlar öz zümzüməsində, mahnısında, şərqisində idi. Sürü yamaca yayılmış, çoban tütəyinin səsi dağları başına götürmüşdü. Qəlbinur çobanı hayladı, əl elədi. Çoban töyşümüş özünü yetirdi.

- Quzunu qaytarmışıq. Maşının arxasından götür. Ananı balaya qovuşdur.

Çoban dumanlandı:

- Allah ölənlərinizə rəhmət eləsin. İnanın, qoyunu yiyəsiz qoyub arxanızca Güllütalaya getməyi qətiləşdirmişdim. Qoyunun ilk doğuşu, ilk balasıdı. Balasını itirən ana gah o qoyunun, gah bu qoyunun balasının üstünə cumur, fəğan qoparırdı. Özünü daşa, qayaya çırpırdı. Bir gördüm qabaq ayağının birindən qan axır. Zorla qarmağa salıb tutdum. Ayağını sarıdım.

Çoban danışdıqca göz yaşlarım sinəmə cığır salırdı. O, quzunu qucağına aldı, sürüyə buraxdı. Ağılasığmaz, xəyalagəlməz mənzərə yarandı. Quzu anasını görcək üstünə şığıdı. Ana balasını görcək bərk mələdi, özünü balasının üstünə saldı. Duz kimi yaladı, oxşadı. Quzu mələr-mələr mələdi. Anasını əmdi. Elə bil, dünya sevindi. Ülkər bu mənzərəni seyr edir, için-için ağlayırdı. Quzudan ayrılmaq istəmirdi. Aləm bir-birinə qarışmışdı. Özümü yetirdim, Ülkəri qucağıma aldım. Öpdüm, oxşadım.

Göy qurşağı bizi kəməndə saldı. Rəng çalarlarında bir tamaşa qurdu. "Ülkər, Ülkər!" - deyib göy qurşağını göstərdim. Qızcığaz fikrindən ayrıldı:

- Ana, lentlərin rənginə bax.

- Gedək, qızım, gedək, çoxlu lent alaq, gələk sənin boynuna salım, quzunun da. Sevinin, oynayın...

 





10.01.2014    çap et  çap et