525.Az

Mətbəx terapiyası - Fidan Malik yazır


 

Mətbəx terapiyası - <b style="color:red">Fidan Malik yazır </b>

"Terapiya" yunan sözü olub, "müalicə", "baxım" deməkdir. Tibdə bir çox terapiya növləri var. Lakin həm də qeyri-ənənəvi tibbi terapiyalar mövcuddur. Məsələn, uşaqlar üçün, hətta böyüklərin belə müraciət etdiyi zooterapiya. Delfin, pişik, it, at və s. bu kimi canlılarla ünsiyyətdən bir çox insan zövq alır, sakitləşir, kimin üçünsə lazımlı olduğunu hiss edir, insanlarla ünsiyyət qurmağı, yenidən güvənməyi öyrənir, məsuliyyəti artır, ruhən müalicə olunur.

Başqa birisi ornitoterapiya - quşların səsilə müalicədir. Quşların səsini dinlədikcə insan təbiətlə harmoniya tapır.

Art (təsviri-tətbiqi sənət)-terapiya balacalara, hətta böyüklərə də daxili potensialını kəşf etməyə, fikrini cəmləməyə kömək edir. Balacalar emosiyalarını "sözsüz, dinməzcə" rənglərlə ifadə edirlər.

Nağıl terapiyası əsasən uşaqlar üçün nəzərdə tutulub və digərlərindən heç də az önəm daşımır. Belə ki, balacalar bu terapiyanın köməyilə ətraf mühiti daha pozitiv şəkildə mənimsəyir. Nağıldakı personajların vasitəsilə fantaziya gücləri, məntiqləri daha aktiv inkişaf edir. Qorxularına qalib gəlməyi öyrənirlər. Sözsüz ki, böyüklər tərəfindən nağıl seçimi düzgün olunduğu təqdirdə. Eynən balacalarımız üçün atdığımız addım izlərimiz kimi.

Bundan başqa, musiqi terapiyası, qum terapiyası, su terapiyası, aromaterapiya, dairə terapiyası, kineziterapiya, yəni hərəkət terapiyası (daha çox qrup halında məşğul olunur ki, bu da özünə qapalı insanların, əsasən də balacaların özgüvəninin artmasına, bu günün ən dəbli sözlərindən olan - sosiallaşmasına, loru dildə desək, qaynayıb-qarışmasına kömək edir).

Bu cür terapiyaları saydıqca saymaq olar. Məsələn, onlardan biri də "mətbəx terapiyası"dır. İlk dəfə bu ifadəni eşidəndə mənə çox doğma gəldi. Məsələ bişirməyi sevmək və ya qurman olmaqla bağlı deyil. "Mətbəx-sadəcə soğan doğranacaq, kartof soyulacaq bir yer deyil. Mətbəx - uşaqlığımızın cənnətini yaşadığımız yerdir. Mətbəx - uşaqlığımızın çox özəl bir laboratoriyasıdır". Bu sözlər, şair, yazıçı, həkim Sənai Dəmirçiyə məxsusdur. Məhz "mətbəx terapiyası" ifadəsini də elə ondan eşitdim.

Əslində, gün ərzində bir çox insandan, hətta heç məşhur olmayan birindən də çox sadə bir söz və ya ifadə eşidirik ki, o da ürəyimizin ta dərinliyinə qədər iz buraxır. Bu sözlərdən və ya sözdən sonra ya həyata daha bərk tutunur, ya da üzülmüş kəndirin son ipliyinin qırılmasına təslim oluruq.

Nə yalan deyim, həkimin yazdıqlarından sonra, xüsusən də bu çətin zamanda mən də "uşaqlığımın cənnəti"nə səyahət etmək istədim.

Mətbəxdən gələn albalı, moruq mürəbbəsinin ətri, darçınlı, almalı şirniyyatın vanilin ətrilə qarışaraq insanın ağlını başından alması, turşaşirin qatıqla ətirli göyərtiləri özündə birləşdirən, "ürək sərinlədən" dovğa, sobada bişən ətirli çörək, təzə dəmli mixəkli, kəklikotulu çay və daha nələr-nələr. Məsələ bu təamlarda deyil. İnsanı qanadlarına alıb aparan əsas məsələ bu təamlarla bağlı xatirələrdədir. İnsanın neçə yaşı olursa olsun, harada olursa olsun burnuna bu qoxulardan biri gəldiyində bir anlıq ayaq saxlamasıdır. Bəzən üzü gülməsi, bəzən kədərlənməsidir.

Bizim biz olmağımıza səbəb olan, bizi həyata hazırlayan bir məkan, evin bir köşkü və ya bir hissəsidir- mətbəx. İnsan olmağın, ailə olmağın, böyüdükdə yaxşı və ya pis valideyn olmağın nümunə yeri, laboratoriyasıdır mətbəx. Həyatda yanmaq, qırılmaq, sevilmək,  ədalətli və ya ədalətsiz cəzalandırılmaq, səbirli olmaq, eşidilmək, dinləməyi öyrənməyin nə olduğunu anladığımız bir yerdir.

Əslində, biz də eynən hazırlanan bir xörək və ya şirniyyat, mürəbbə və ya çörək, çay kimiyik. Bizim biz olmağımız bizə sərf edilən əmək, səbir, önəm, maddiyyat qədərdir. Biz xəmir kimiyik. Xam oluruq, yoğruluruq, bişirilirik. Unumuzdan, urvamızdan, mayamızdan, duzumuzdan, yaxşı yoğrulub yoğrulmamamızdan asılı olaraq ya ətirli çörək kimi ərsəyə gəlir, cana nuş olur, ya da tam bişməyib, xam qalır, köpürdür, narahat olur, narahat edirik. Düzgün dəmlənmiş çay kimi ya yorğunluğu dəf edir, ya da ötürülmüş dəm kimi acı qoxusuyla, dadıyla bütün iştahanı qaçırdırıq. Köpüyü daşan südlə diqqətli olmağı, görəcəyimiz işin qaymağını ziyan etməməyi öyrənirik. Təmizlik öyrənirik. Ziyanvericilərlə əhatə olunmamaq üçün, rahatlığımızı hədər etməmək üçün mətbəximiz kimi, həyatımızı, ruhumuzu təmiz saxlamağı öyrənirik.

Bişirilən təamın soyumasını gözləməklə səbir etməyi öyrənirik. Diz yarasıyla həyətdən qaça-qaça gəldikdə ona məlhəm qoyulmaqla böyüdükdə yaralamamağı öyrənirik. Məlhəm olmağı öyrənirik. Sevdiyimiz şirniyyatı gördükdə, ən xırda bir şeylə sevinc bəxş etməyin mümkün olduğunu öyrənirik.

Mətbəx balaca dünya kimidir. Yanmaq, kəsilmək, qırmaq yeridir. Qırıqları ya toplayıb birlikdə yapışdırmaq, ya da dinlənilmədən cəzalandırılmaq qorxusundan onların birdəfəlik izini itirmək yeridir. Yanaraq acını, ağrını hiss etmək, bişmək, bişərək böyümək, böyüdükcə daha böyük yanıqlardan qorunmaq hissinin aşılandığı bir yerdir. Mətbəx ilk sevginin və ya ilk dostluğun sevincini doğma birilə bölüşmək, sevmək hissinin gözəlliyini dərk etmək yeridir. Mətbəx ən dadlı şirniyyatın son tikəsini sevdiklərinə saxlayan birindən paylaşmağı öyrənmək yeridir.

Bura uğurlarımızın "afərin"lə mükafatlandırıldığı, uğursuzluğumuzda isə ürək-dirək verildiyi, böyüdükcə də dəyər verməyi, dəstək olmağı öyrəndiyimiz bir yerdir.

Bəlkə bu çətin zamanda "uşaqlığımızın cənnəti"nə doğru addımlamaq, orada ailəliklə toplaşmaq, xatırlamaq, yenidən balacalaşmaq, ruhumuzu yenidən "mətbəx terapiyası ilə" bərpa etmək üçün mətbəx ən doğru məkandır . Çünki bura bədənimizin ruhumuz üçün qidalandığı yerdir...

 





14.08.2020    çap et  çap et