525.Az

Böyük Azərbaycan şairi Ruhi Bağdadi yaradıcılığına baxış - Məqalə


 

ŞÖHRƏT SƏLİMBƏYLİNİN "RUHİ BAĞDADİ YARADICILIĞINDA İCTİMAİ MOTİVLƏR" KİTABI HAQQINDA

Böyük Azərbaycan şairi Ruhi Bağdadi yaradıcılığına baxış - <b style="color:red">Məqalə </b>

XVI əsr Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən birisi Ruhi Bağdadidir. Onun əlimizə gəlib çatan şeirləri ("Divan"ı) zəngin yaradıcı istedadını, Bağdad ədəbi mühitində yerini və sənət ənənəsində bağlantılarını aydınlaşdırmaq üçün lazımi qədər material verir.
 
Ümumiyyətlə, XVI əsr Bağdad ədəbi-mədəni mərkəzlərdən biri olmaqla, həm də mühit içərisində mühit baxımından azərbaycanlı şairlərin yüksək sənət nümunələri ilə yeni məzmun kəsb edir. M.Füzuli, Əhdi Bağdadi, Şəmsi Bağdadi, Hüsni Bağdadi, Rindi Bağdadi, Zöhdi Bağdadi, Muradi Bağdadi və başqa sənətkarların yaradıcılığı bunun nümunəsidir.

Azərbaycanın müstəqilliyindən sonra milli-mənəvi mədəniyyətin öyrənilməsinə olan həssaslıq XVI Bağdad ədəbi mühitinə marağı da diqqət önünə gətirmişdir.  

Ədəbiyyatşünas Şöhrət Səlimbəylinin "Ruhi Bağdadinin yaradıcılığında ictimai motivlər" (Bakı: Avropa, 2020) monoqrafiyası bunun göstəricisidir. Əvvəlcə onu qeyd edək ki, Ş.Səlimbəyli XVI əsr Azərbaycan ədəbiyyatı Bağdad ədəbi mühitinin tədqiqatçısıdır və uzun illərdir ki, bu problemin araşdırılması sahəsində gərəkli təhlilləri ilə elmi-nəzəri fikirin diqqətindədir.

Azərbaycan ədəbiyyatı tarixinə fikir verdikdə  bir-birindən maraqlı ədəbi mühitlər olmuşdur ki, onlar ədəbi-bədii düşüncənin inkişafında əvəzsiz xidmətləri ilə nəzər-diqqəti cəlb etmişdir. Məsələn, Şirvanşahlar saray mühiti, Atabəylər saray mühiti, Təbriz ədəbi mühiti, Ərdəbil ədəbi mühiti, Qarabağ ədəbi mühiti və s. göstərmək olar. Bağdad ədəbi mühiti də bura daxildir. Orada yaşayan azərbaycanlı şairlərin fəaliyyəti XV-XVI əsrlərin ümumi dinamikasını aydınlaşdırmaq və ədəbi-mədəni mühitin nələrlə səciyyələndiyini müəyyənləşdirmək baxımından əvəzsizdi. Əhdi Bağdadinin "Gülşəni-şüəra" (1563), Səhi bəyin "Həşt Behişt" (1538), Qınalızadə Həsən Çələbinin "Təzkirətüş şüəra" (1585), Məhməd Riyazinin "Riyazüş-şüəra" (1609) və s. təzkirələrin günümüzə daşıyıb gətirdiyi bilgilər dövr, mühit və ayrı-ayrı sənətkarlar haqqında daha təfərrüatlı informasiyaya yiyələnmək üçün ən əsaslı qaynaqdır. Ruhi Bağdadi haqqında verilən məlumatlar da bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Ədəbiyyatşünas tədqiqatçı Şöhrət Səlimbəyli "Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər" məsələsini bir problem olaraq tədqiqata gətirir. Onu da əlavə edək ki,  Ruhi Bağdadinin yaşayıb yaratdığı illər (1544-1605) ictimai-siyasi proseslərin gərginliyi, qarşıdurmalar, böyük müharibələr və s. ilə səciyyələnir. Onların isə bir problem olaraq ədəbi-mədəni mühitin verdiyi informasiyalar əsasında təhlilə gətirilməsi xüsusi aktuallıq kəsb edir. Çünki tarixçilərin, hökmdarların yanında olan və onların səfərlərini izləyən mirzələrin yazdıqları tarix heç şübhəsiz, bütün tərəfləri ilə axıra qədər reallığı əks etdirmir. Bu, özlüyündə bir istiqamətdə hökmdar səviyyəsində yazdırılan tarix olduğu üçün müəyyən münasibətlərin özünü göstərməsinə də səbəb olur. Ancaq bədii mətnlərin verdiyi informasiya dəqiqliyi, dürüstlüyü etibarilə ən əsaslı olandı. Ş.Səlimbəyli də məhz Ruhi Bağdadinin yaradıcılığından çıxış etməklə, şairin əldə olan külliyatını izləmiş, ayrı-ayrı misra, bənd və bütövlükdə mətn səviyyəsində dediklərini tipoloji aspektdə təhlilə gətirmişdir.

Onu da əlavə edək ki, "XVI yüzillikdə Füzuli və Əhdidən sonra Bağdadda Azərbaycan ədəbi mühitinin yetirdiyi, türkcə əsərlərinin toplusu, əlyazmaları əldə edilən üçüncü böyük sənətkar Ruhi Bağdadidir" (s. 11).

Kitab üçün maraqlı olan cəhətlərdən biri ictimai motivlərin geniş aspektdə işlənməsi məsələsidir. Azərbaycan ədəbi-nəzəri fikrində bu problemin bir şairin yaradıcılığı əsasında monoqrafik araşdırılması olmamışdır.

Ş.Səlimbəyli bu baxımdan ədəbi-nəzəri fikirdə yeni bir ənənənin başlanğıcını qoyur. Düzdür, ayrı-ayrı dövrlər və şəxsiyyətlər ətrafında araşdırmalarda ictimai motivlərin işlənməsi həmişə nəzər diqqəti cəlb etmişdir. Ancaq bu problem ümumi təhlillərin bir hissəsi olaraq həmişə özünə yer almışdır.

Bağdadda hərbçi ailəsində anadan olan şair "biz Hərirzadə Əhmədin şagirdiyiz" deməklə özü haqqında bilgi verir və bu misranın ehtiva etdiyi informasiya dövrünün elmlərini dərindən mənimsədiyini düşünməyə şərait yaradır. Ustadını nurla dolu günəş kimi səciyyələndirən ədib Şeyxi ilə bağlı da şeirlərində maraqlı mülahizələr yürüdür.

Əsl adı Osman olan R.Bağdadi atası kimi süpahi (atlı qoşun) olmuş, Osmanlı ordusunda xidmət etmişdir. "Olmazız cəng etməkdən xali süpahi qismiyiz, yoğrulubdur qan ilə ruzi əzəldən nanımız" deyən şair özü haqqında bu kontekstdə maraqlı məlumatlarda görünür. Ərəb və fars dillərini dərindən bilən sənətkar Osmanlı yürüşlərində fəal iştirak etmiş, siyasi mühitin bütün məram və məqsədinə bələd olmuşdur.

Yüksək istedadı, bacarıq və qabiliyyəti ilə xüsusi hörmət və izzət qazanan sənətkar hərbini başa vurduqdan sonra Şirvanın Çalı kəndi ona bağışlanmışdır. Kənd camaatının ağır vəziyyəti, dolanma çətinliyini görən R.Bağdadi ona veriləcək qazancdan imtina etmişdir. Qitələrində də bu barədə müəyyən məlumatlara rast gəlmək olur. Məsələn, "nə qədər var isə Şirvanda qəza bəxş etmiş, lütf edib hər kəsə Paşayi səadət göstər" və yaxud da Çali kəndinin adını "əcəb olmaz bizə lütf etdi isə, ey Ruhi, Çalıyı Həzrəti-Paşayi səadətmənzər" deməklə  olanlara münasibətini bildirir. Bunlara dövrün ümumi mənzərəsi anlamında həssaslıq göstərən Ş.Səlimbəyli yazır ki, "eyni hadisə ilə Osmanlı dönəmində  Şeyxi (XV), böyük Füzuli və Ruhi Bağdadi qarşılaşmışlar. Türk ədəbiyyatında satiranın şeyxi kimi tanınan Şeyxinin "Xərnamə"si, Füzulinin "Şikayətnamə"si və Ruhinin "Çalı" qitələri arasındakı məzmun yaxınlığını da görmək mümkündür". Bunların meydana gəlməsi heç şübhəsiz siyasi mühitdə baş verənlərlə, yaradıcı şəxslərə olan soyuq münasibətlə bağlı idi. R.Bağdadi də dövlət tərəfindən ona kəsilmiş təqaüdü ala bilməmiş və ayrı-ayrı şeirlərində baş verənlərə etirazını bildirmək məcburiyyətində qalmışdır.

Bağdad valiləri Əli Paşa, Sinan Paşa, Süleyman Paşa haqqında şeirlərində  söhbət açan və Nihavəndin fəthindən danışan ədib, həm də baş verənlərə fəal sənətkar mövqeyi ilə seçilir. "Şeşi akca təqaüd" aldığını söyləyən  ("şeş akçə təqaüdlə ki, məhludir alan") sənətkar bunun "du şeş"ə qaldırılmasını ("zar olmuş ikən nərdi taləbdə du şeş atsam") arzulayır.

Bağdadda yaşayıb yaradan azərbaycanlı şairlərin zəngin yaradıcı istedadı və mühitin zənginləşməsində oynadığı funksional rol nəinki Bağdad səviyyəsində, bütünlükdə Şərq poeziyası baxımından möhtəşəm məzmun kəsb edir. Bunların (təkcə şairlər nəzərdə tutulmur) Bağdada gedib çıxmasının özünün ciddi səbəbləri vardır. Xalq bayatılarımızda, nağıl, rəvayət, nəğmə örnəklərində baş verənlərlə bağlı maraqlı məlumatlar vardır. Məsələn, bayatılarımızdan birində vurğulanır ki, "Kərkükdəki qardaşım, Gəncə deyib haraylar" ifadəsi bütün aspektləri ilə həmin vəziyyəti ortaya qoyur.

Ədəbiyyatşünas Ş.Səlimbəyli də bütünlükdə baş verənlərdən çıxış etməklə R.Bağdadi yaradıcılığını müxtəlif qövsləri ilə tədqiqat faktına çevirir. "Övliya bürcü" kimi təqdim etdiyi ("övliya bürcünə gəldim yenə, çün layiq odur") Bağdadın bir mədəniyyət mərkəzi olmasına diqqəti yönəldir.

Ruhi Bağdadi yaradıcılığı özünə qədərki və özündən sonrakı Bağdad ədəbi mühitindəki bədii düşüncənin dinamik axarını müəyyənləşdirmək üçün də əsaslı mənbələrdən sayılır. Çünki mühitin XV-XVI əsrlərdəki möhtəşəmliyi tarixi ənənənin aparıcılığına və mədəni çevrənin sənət düşüncələrinə bağlanır. Ona görə də tədqiqatçının şairin yaradıcılığına müxtəlif aspektlərdən yanaşması və M.Füzuli, Şeyxi və s. sənətkarlarla müqayisəli təhlili mahiyyətin aydınlaşması məqsədindən qaynaqlanır. Burada diqqəti cəlb edən məsələlərdən birisi şairin Cəlali üsyanlarına münasibəti və siyasi hakimiyyət səviyyəsində  baş verənlərə açıq mövqenin özünə yer almasıdır. Məlum-məşhur müsəddəsində ("Həq sənə qılmış müsəlman rəzmi-bəzmi aləmi") baş verənləri diqqət önünə gətirərək vurğulayır ki, "əzmi-cəzm et kim Cəlali qıldı mülki paymal" söyləyir.

Ş.Səlimbəyli bir məqama diqqət yetirərək yazır: "Siyasi mübarizələrə, müharibələrə baxmayaraq, İstanbul, Herat, Bağdad, Gəncə, Şamaxı, Təbriz və Orta Asiyadakı digər mərkəzlərdə mədəni əlaqələr davam etmişdir. Osmanlı torpaqlarında əsrə damğasını vuran Füzuli, Əhdi, Ruhi, Əhməd Paşa, Necati, Şeyxi, Baqi, Üsuli və Xəyali kimi ustad şairlər yetişmişdir". Bütün bunları diqqət önünə gətirən tədqiqatçı əlavə edir ki, "İraq torpağında  və Bağdadda türkdilli ədəbiyyat da əsasən XVI əsrdə formalaşır".



Şairin Sinan Paşaya (Bağdad valisi), Əli Paşaya (Bağdad valisi), Hasan Paşaya, Osman Paşaya (Dəməşq bəylərbəyisi) və başqalarına ünvanladığı müraciətlər ictimai-siyasi məzmunu ilə nəzər-diqqəti cəlb edir. "Zəmanədə iki kimsəyə fəxr edər əyyam", "Əskilmədə" qəsidələri, "Görmədim", "Bulmadıq" qəzəlləri, "Getdi, heyfa, qalmadı əhli kamalın rəğbəti" müxəmməsi, "Tərkibbənd" əsəri və s. R.Bağdadinin dövr, mühit səviyyəsində baş verənlərə münasibətinin ifadəsidir. Bütün bunların bir problem olaraq geniş müstəvidə təhlilə gətirilməsi çağdaş ədəbi-nəzəri fikrin qarşısında duran ciddi məsələlərdəndir. XV-XVI əsrlər Bağdad ədəbi mühitinin istedadlı tədqiqatçısı Ş.Səlimbəyli də bunların öhdəsindən ləyaqətlə gəlmiş və uğurlu bir tədqiqat əsəri ortaya qoya bilmişdir.

Mahmud ALLAHMANLI
Filologiya elmləri doktoru, professor

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





14.08.2020    çap et  çap et