525.Az

Sosial şəbəkədə yazılanlar - Maraqlı


 

Sosial şəbəkədə yazılanlar - <b style="color:red">Maraqlı </b>

İki nəfəri xilas edən qəhrəmanımız

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov özünün Feysbuk hesabında bir neçə gün öncə baş vermiş bir hadisəni paylaşıb. Bakı Ali Neft Məktəbinin Fiziki tərbiyə və idman kafedrasının baş müəllimi Pyotr Anatolyeviç Kuvşinovun başına gələn həmin hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Rektorun paylaşımını təqdim edirik:

"Avqustun 11-də SOCAR Bakı Ali Neft Məktəbinin Fiziki tərbiyə və idman kafedrasının baş müəllimi, su polosu üzrə idman ustası, 2017-ci il İslam Oyunlarında su polosu üzrə Azərbaycan yığmasının məşqçisi olmuş 63 yaşlı Pyotr Anatolyeviç Kuvşinov qəhrəmanlıq göstərərək iki insanın həyatını xilas edib.

... Xəzər sahilində "Mayak" çimərliyi yaxınlığında ailəsi ilə birgə dincələn Pyotr dənizdən gələn kömək çağırışlarını eşidir. Təcrübəli üzgüçü dərhal vəziyyəti qiymətləndirir və köməyə tələsir. Sahildən boğulanların yerini müəyyənləşdirir - onlar üç nəfər idilər. Güclü külək onları sahildən dənizin daxilinə tərəf uzaqlaşdırırdı. Pyotr həyat yoldaşına onu dənizdə istiqamətləndirməyi tapşıraraq, gecikmədən dənizə baş vurur.

Suda üzərkən o, boğulanları görmürdü - dalğalar hündür idi, həyat yoldaşı sahildən onu istiqamətləndirirdi... O, ilk qurbana yetişir və bir qolu ilə qızı tutaraq, sürətlə sahilə doğru üzür. Qız sağ idi...

Əlbəttə, Pyotr yorulmuşdu, lakin digər qurbanları da xilas etmək üçün o, yenidən dənizə baş vurur. Bu dəfə o, daha uzağa üzməli olur, axı dəniz boğulanları sahildən uzaqlaşdırırdı. Pyotr ikinci qurbana çatır - bu, qızın anası idi. O, arxası üstə uzanmışdı, dalğalar onun üstündən aşır və ağzına su dolurdu. Bir az da geciksəydi, qadın boğulacaqdı. Pyotr qadını qoltuğuna alıb, başını çiyninə qoyaraq, arxası üstə ayaqlarının köməyilə üzməklə sahilə çatır və qadını xilas edir.

Sahilə çatanda Pyotr 3-cü qurbana yaxınlaşan FHN-nin skuterini görür və taqətdən düşür... Təəssüf ki, 3-cü boğulanı - qızın atasını xilas etmək mümkün olmur - o, artıq boğulmuşdu...

Pyotr Kuvşinov Qarabağ müharibəsi veteranıdır, orden və medallarla təltif olunub, bir neçə dəfə yaralanıb və kontuziya alıb, qəlpələrdən biri indiyədək onun bədənində qalıb. 2 il əvvəl ona xərçəng diaqnozu qoyulmuşdu. Bu diaqnoz çoxları üçün ölüm hökmünə bərabərdir. Lakin mübarizə aparmağa alışmış Pyotr ruhdan düşmür və həyat uğrunda mübarizəyə başlayır... O, 12 kimyaterapiya prosedurundan keçir... və nəhayət, 63 yaşında xəstəliyə qalib gəlir. İki il reabilitasiyadan sonra... dənizə dincəlməyə gəlir. O, iki il idi ki, dənizə getmirdi...

Bütün bunlara baxmayaraq, o, başqalarının həyatını xilas etmək üçün öz həyatını riskə atır...

Allah Pyotr Kuvşinova can sağlığı və uzun ömür bəxş etsin. Belə insanlar durduqca insanlıq da yaşayacaq". 

Əhməd Qəşəmoğludan irad

Şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu özünün sosial şəbəkə hesabında mövcud pandemiya şəraitində davranış qaydalarını pozan şəxslərə iradını bildirib. Çoxlarının narazılığına səbəb olan həmin qayda pozuntusuna sosioloqun iradını təqdim edirik:

"Əziz dostlar! İndicə sosial şəbəkələrdə bir hadisə izlədim. Polis avtobusda əvvəl sakit tərzdə bir gəncdən çənəsinə keçirdiyi maskanı normal taxmasını tələb edir. Həmin gəncsə nümayişkəranə tərzdə elan edir ki, taxmayacaq. Polis onu məcbur etməyə çalışdıqca, o, sanki qəhrəmanlıq edirmiş kimi inad edir ki, maskanı taxmayacaq, onun atası da polisdir. Polis güc tədbiq etməyə məcbur olduqda isə gənc haray salar: "Ay camaat, kömək edin!" Kimlərsə ona kömək etməyə cəhd göstərir.

Bu, çox utancverici mənzərədir. Koronavirus təhlükəsi ölkəmizdən hələ sovuşmayıb. Hər belə insan ətrafdakılar üçün təhlükə yaradır. Diqqət etsəniz, görəcəksiniz ki, avtobusda maskasız adam gördükdə ətrafdakılar nə qədər narahat olurlar. Bu adam nəyi özünə qəhrəmanlıq hesab edir? Onu müdafiə edənlər nə qədər səhv etdiklərini anlayırlarmı? Ölkə əhalisi məhdudiyyətlərə əməl etmədikcə bu bəla ölkəmizdən getməyəcək! Sürücülər qeydiyyatdan keçməyən adamları salona buraxmadıqları kimi, maskasız adamları da buraxmamalıdır. Daha gəlib polisə deməməlidirlər ki: "Buraxın onu, gedək".

İctimai qınağın kəskin yüksəldilməsinə böyük ehtiyac var!"

DRON, yoxsa 3 təkərli velosiped?

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz özünün Feysbuk səhifəsində "Azərpoçt" MMC-nin yeni üçtəkərli velosipedlər almasıyla bağlı fikrini bildirib. Osman Gündüzün paylaşımını təqdim edirik:

“Ötən gün media xəbər yayıb ki, "Azərpoçt" tender elan edib və 25 ədəd üçtəkərli velosiped alıb. Hər birinə təxminən 400 manat ödəyib.

Bu xəbəri oxuyanda jurnalistikada geniş yayılan bir deyimi xatırladım: "İtin insanı dişləməsi xəbər deyil, insanın iti dişləməsi xəbərdir".

Düşünürəm ki, "Azərpoçt" dövlət müəssisəsinin bağlamaları çatdırmaq üçün DRON alması, hansısa bir rəqəmsal həll hazırlaması və ya heç olmasa, regionlarda bərbad vəziyyətdə olan ofislərini rəqəmsallaşdırması daha maraqlı xəbər ola bilərdi”.

 





14.08.2020    çap et  çap et