525.Az

"Qarabağ"a qayıtdığımız kimi Qarabağa da qayıdacağıq! - Yazı


 

"Qarabağ"a qayıtdığımız kimi Qarabağa da qayıdacağıq! - <b style="color:red">Yazı</b>

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu düzgün və uzaqgörən siyasətin nəticəsidir ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, bu sahə də uğurla inkişaf edir, böyüyür və çiçəklənir. Bu gün ölkəmiz istər regionda, istərsə də dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan neft və təbii qaz kimi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Ölkəmizdə neft və qaz ehtiyatları təkcə Xəzər dənizi və Abşeron yarımadası ilə bitmir. Respublikamızın müxtəlif ərazilərində neft yataqları və neft ehtiyatları mövcuddur (Şirvan, Qobustan, Siyəzən rayonu və s.). Lakin əsas neft və qaz ehtiyatları Xəzər dənizi şelfi ilə bağlıdır ki, hazırda qüvvədə olan iri neft-qaz layihələri də məhz burada həyata keçirilir. Bu yataqlardan biri də doğma Qarabağımızın adını daşıyan "Qarabağ" yatağıdır.

Bu ilin avqust ayının 10-da daha bir mühüm əhəmiyyət kəsb edən tədbirin şahidi olduq. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş "Qarabağ" yatağında neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan "Qarabağ" dayaq blokunun dənizə yola salınması zəngin neft sənayemizin şanlı tarixinə əlamətdar hadisə kimi düşdü. Mərasimdə Prezident İlham Əliyevin iştirak etməsi isə hadisənin önəminin nə qədər yüksək olduğunun göstəricisidir.

"Qarabağ" yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir. Bu yataq Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. Həmin dövrdə ərazidə 3 quyu qazılıb. Lakin xarici tərəfdaşlar yatağın səmərəliliyinə inanmayıb və nəticədə müqaviləyə xitam verərək "Qarabağ" yatağını tərk ediblər. Lakin Azərbaycan mütəxəssisləri isə yatağın böyük potensiala malik olması barədə öz fikirlərində israrlı idilər. Və nəhayət, zaman bunu sübuta yetirdi.

Azərbaycanın zəngin karbohidrogen yataqlarından olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarından sonra "Qarabağ" yatağı 60 milyon ton həcmində böyük neft potensialına malik yataqlardan sayılır. Layihəyə əsasən, yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. İlk neft və qaz hasilatı isə 2022-ci ilin sonuna proqnozlaşdırılır.

Onu da vurğulamaq yerinə düşər ki, "Qarabağ" yatağı digər yataqlardan fərqli olaraq müstəqillik tariximizdə ölkəmizdə kəşf edilmiş birinci neft yatağı kimi də böyük önəm daşıyır.

"Qarabağ" layihəsi üzrə hazırlanan dayaq bloku neft-qaz sənayesi tarixində həm ölçülərinə, həm də çəkisinə görə (ümumi çəkisi 16 min ton) Xəzər dənizində inşa edilən ən böyük sualtı konstruksiyadır.

Dayaq bloku "Qarabağ" yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanmışdır. 190 metr hündürlüyündə olan dayaq bloku dənizdə suyun 182 metr dərinliyində qərar tutacaqdır. Dayaq blokunun quraşdırılması "Qarabağ" yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

Bu nəhəng qurğunun istifadəyə verilməsi bir daha dövlət başçımızın gərgin əməyinin bəhrəsi, uğurlu dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Dünyada hökm sürən pandemiya dövrünün yaratmış olduğu ağır iqtisadi çətinliklərə rəğmən, respublikamızda həyata keçirilən bu kimi iri infrastruktur proqramlarının icrasının davamı olaraq bu layihənin də icrası bir daha Azərbaycanın seçdiyi siyasi kursun, iqtisadi siyasətin düzgün və sarsılmaz olduğunu sübuta yetirir.  Bu isə xarici şirkətlərin ölkəmizə, onun neft-qaz sənayesinə diqqət və marağını, eyni zamanda, güvənini artırmış olur. Əminik ki, "Qarabağ" yatağı da digər yataqlar kimi uğurla istismar ediləcək və ölkəmizin inkişafına böyük fayda verəcək.

Yatağın adı isə rəmzi məna kimi hər bir azərbaycanlı üçün doğma və əziz olan Qarabağ adını daşıyır. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş "Qarabağ" yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur. Ümidləri doğruldan yataq doğma yurdumuza Qarabağa da bir vaxt qayıdacağımıza böyük ümid yaradır. Prezident İlham Əliyevin qətiyyətlə və əminliklə bəyan etdiyi kimi, "Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq.Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

 





14.08.2020    çap et  çap et