525.Az

Asimmetrik müharibə - Telman Orucov yazır


 

Asimmetrik müharibə - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

(Əvvəli ötən şənbə sayımızda)

Çinlilər Böyük Britaniya ilə Tiryək müharibələrindən dərin şəkildə alçalma hissinə qapıldılar, bu bədbinlik isə on il sonra Yaponiyanın ölkəyə müdaxiləsinə şərait yaratdı. Qalib gəlmək məqsədini güddüyün xalqı başa düşməyi Makiavelli özünün "Hökmdar" əsərindəki xəbərdarlığında göstərmişdi. O, nümunə kimi Fransa kralı XII Luinin Milanı sürətlə işğal edib, sonra itirdiyini göstərir, çünki ona qapılarını açan xalq sonra yadelli krala qarşı çevrildi, parlaq gələcəkləri barədə hiyləgərliyə inanmaqla, əvvəlcə aldadılmışdı, sonra isə ayılıb, düşməni şəhərlərindən qovdu.

Klauzevits, Bismark kimi hərbi xadimlər Rusiyaya hərbi müdaxilənin riskli olduğu, fayda verməyəcəyi barədə xəbərdarlıq etmişdilər. Onlar bunu əsasən, rusların nəhəng məkana sahib olmalarında görürdülər. Napoleonun Rusiyaya hücum avantürası onun üçün bədbəxtliklə nəticələnmişdi. Ruslar öz vətənlərinin müdafiəsinə qalxmış, partizan müharibəsi üsullarından geniş istifadə edib, ispanlar kimi, fransızlara ağır zərbə vurmaqla, onların çox sayda itki vermələrinə nail olmuşdular. 129 il sonra Hitler Napoleonun məğlubiyyətinə məhəl qoymayaraq SSRİ-yə hücum etdi və eyni acı aqibəti yaşamalı oldu.

Ruslar müharibə vaxtı dəyişib, tam başqa adamlara çevrilirlər. Vuruş meydanındakı cəsarətlərinə görə onlar qədim spartalıları yada salırlar. Onlar sərt şaxtaya da dözür, dərin qarda da hərəkət etməyi bacarır və düşməni öz torpaqlarından qovmaq üçün hər cür fədakarlığa gedirlər. Döyüşkən xalq olan ruslarda qəhrəmanlıq nümunələri az qala kütləvi xarakter daşıyır və bunu onlar millətə xas olan adi bir hal hesab edirlər.

Böyük rus şairi F.İ.Tyutçev yazırdı ki, "Rusiyanı ağılla anlamaq mümkün deyildir". Bu sözləri bütünlüklə rusların təbiətinə də aid etmək olar. Onlar ən ağır sınaqlardan da üzüağ çıxmağı bacarmışlar.

Leyden şəhərinin sakinləri ispanlara qarşı mübarizədə özlərinin də həlak olmasına səbəb olan bəndi partladıb, şəhəri suya basdırmışdılarsa, Moskva sakinləri fransız əsgərlərini ac qoymaq üçün öz evini yandıran şəhərin meri Rastopçinin nümunəsindən ilhamlanaraq, taxta binalardan olan şəhəri yanğına məruz qoymuşdular. Napoleon bu xaraba şəhərdə ərzaqsız qalmağın hansı nəticələrə səbəb olacağını anlayıb, Moskvanı tərk etmək və vətənə dönmək qərarına gəlmişdi. Napoleon geri dönəndə də rus xalqının müqavimət qüvvəsini öz üzərində hiss etdi və Fransaya Rusiyaya apardığı 600 minlik ordudan 5 min nəfəri ilə qayıtdı. Napoleon ilk dəfə belə böyük və onun üçün çox alçaldıcı olan məğlubiyyətlə üzləşmişdi.

Təəssüf ki, SSRİ rəhbərliyi də 1979-cü ildə Əfqanıstan ərazisinə müdaxilə edəndə əfqan xalqının xarakterik xüsusiyyətlərini kifayət dərəcədə nəzərə almamışdı. On ildən artıq davam edən Sovet-Əfqan müharibəsi ərzində 15 min sovet əsgəri həyatını itirdi, sovet ailələri övladların cəsədi olan tabutları - "qara lalələri" qarşılaşmalı oldu. Biabırcasına məğlubiyyətə görə Əfqanıstandan 1989-cu ildə sovet qoşunlarının çıxması ilə nəticələnən müharibə "SSRİ Vyetnamı" kimi tanındı. Axı Vyetnamda da fövqəldövlət olan ABŞ ağır məğlubiyyətlə üzləşməli olmuşdu.

Dövləti olmayan xalq kimi puştunlar 40 milyon nəfərdən ibarətdir. Onlardan 14 milyonu Əfqanıstanda, qalanı isə Pakistanda yaşayır. Onlar 1843-cü ildə iki ölkə arasında bölünmüşdülər, həmin vaxt britaniyalılar Durand xəttini müəyyən etmişdilər. 1858-ci ildə Britaniya Hindistanı yaradıldıqdan sonra Britaniya hökuməti mümkün qədər daha çox məkanı özünə götürmək istəyirdi. Britaniya məsələnin ən yaxşı həlli kimi ərazisi genişlənən Rusiya ilə öz Hindistanı arasında "bufer dövlətin" yaradılmasını qərara aldı. Əfqanıstan adlanan bu dövlət strateji mühafizəçi xidməti göstərəcəkdi. Bu barədəki sənədi Britaniya Hindistanının xarici işlər naziri Henri Durand imzalamışdı.

1893-cü ildə Durandla Əfqan əmiri Əbdür Rəhman xan arasında imzalanmış müqavilə təlimat verirdi ki, əmirin özü və onun səltənəti xarici düşmən tərəfindən aqressiv hərəkətə məruz qaldıqda, Britaniya Hindistanı onları himayə edəcəkdir. Bir gün sonra, 12 noyabrda Durand xəttinə dair razılaşma imzalandı və bu sənəd tezliklə münaqişə mənbəyinə çevrildi və bu gün də həmin rolu oynayır. Əfqanıstan öz ərazisinin 50 faizindən artığını itirdi, ölkənin bütün şərq hissəsi bu gün Pakistanın qərb yarısını təşkil edir.

Razılaşma humanitar böhran əmələ gətirdi. Süni sərhəd mədəniyyətləri və tayfaları, xüsusən mərkəzdəki və ölkənin şərqindəki puştunları, cənubda isə belucları böldü. Onun hər iki tərəfində yaşayan adamlar bu sərhədə məhəl qoymurlar. Lakin bəzi hallarda nəhəng problemlər də yaranır.

Nəticə Britaniya üçün xüsusilə faydalı idi, çünki Rusiyanı Britaniya tacının daş-qaşı olan Hindistandan uzaq saxlamaqla, geosiyasi faydaya malik oldu. London və Moskva arasındakı Asiyaya nəzarət üçün döyüşü başlıca olaraq uduzan Əfqanıstan və onun xalqı oldu. Əfqanlar tezliklə həmin razılaşmadan şübhələndilər, sənədin bir səhifəsi xüsusilə uzun idi. O, ingilis dilində yazılmışdı, onu Əfqanıstan tərəfindən imzalayan əmir Əbdür Rəhman xan isə bu dili başa düşmürdü. Durand da israr edirdi ki, ingilis kopiyası dəqiq bir versiyadır.

Nəticədə Əfqan hökumətləri sonrakı müqavilələrdə Durand xəttinin legitimliyini təsdiq etmişdi. Puştunlar, taciklər, xəzərilər, özbəklər və türkmənlər də daxil olmaqla Əfqanıstanda çox sayda etniklər birgə yaşamaqda davam edir. Təkcə puştunlar özlərini digərlərindən fərqli hesab etməklə 60 tayfaya malikdir. Üstəlik, 400 kiçik tayfa həmçinin, özlərini unikal hesab edir.

Görkəmli ingilis kəşfiyyatçısı Tomas Lourens Birinci Dünya müharibəsi ərzində Ərəb qiyamında iştirak etmişdi, o, 1936-cı ildə özünün "Mərdliyin Yeddi Dayağı" kitabını nəşr etdirmişdi. Lourens ərəblər haqqında deyir ki, onlar doqmatik xalqdır, bizim müasir qaratikan tacı timsalı olan şübhəyə nifrət edirlər. Lourensə görə, onlar bizim metafizik çətinliklərimizi, özümüzü təhlil etmə barədəki suallarımızı başa düşmürlər.

Ərəb dünyasında qüvvətli hökmdara itaət etmək ənənəsi vardır, istər bu, ailə başçısı və ailə patriarxı olsun, istər ruhi lider, qüdrətli biznesmen və ya hakim sinfin nümayəndəsi olsun.

Ərəb dünyasını, onunla qısa müddət üçün sıx bağlanmış adamlar tərəfindən başa düşülməsi çətindir, burada az şeyi özlərinə dəyər kimi rəva görürlər. Sosial prinsiplər su torpağa çökən kimi yoxa çıxır və ənənələrin özü də çox vaxt bayağı görünür və ya itirilir. Qərb cəmiyyətindən olan adamlar ərəblər içərisində tolerant olmaqla daim əks prinsiplərə əsaslanan cəmiyyəti başa düşmək üçün mübarizə aparırlar.  

Asimmetrik müharibə

Bəzən hərbi cəhətdən o qədər güclü olmayan dövlət özündən daha güclü olan üzərində üstünlük qazanır, düşmənin zəif cəhətlərindən istifadə etməyi bacarır. Peloponnes müharibəsində (b.e.ə. 431-404-cü illər) 27 il ərzində yalnız iki böyük quru döyüşü getmişdi. Tarixçi Fukidid müharibə barəsindəki traktatında yazır ki, Afinanın və Spartanın hərbi-dəniz qüvvələri arasında asimmetriya mövcud idi, əksər üstünlüklər təəccüb doğuran hücumlar vasitəsilə baş verirdi, yanğın hücumları terrorist hərəkətləri hesabına gedirdi.

Böyük Aleksandr da persiyalılara qarşı bir sıra əsas döyüşlərdə öz uğurunu təkrar etmişdi, lakin o, vaxtının çoxunu Baktriyadakı üsyançılarla keçirmişdi. İndiki Əfqanıstanda o, feodal ağaların başçılıq etdiyi döyüşçü bandalarla vuruşurdu. Onlar öz torpaqlarını mərdliklə qoruyurdular, öz məqsədlərinə can atma strategiyasını öyrənmişdilər. Yerli döyüşçülər əvvəlcə çölə və ya səhraya qaçır, bir neçə saat və ya bir neçə gün sonra haradansa yenidən peyda olurdular.

İspanların fransızlara qarşı müstəqillik uğrunda müharibəsində (1808-1814-cü illər) heç də bərabər olmayan mübarizədə nəzəri cəhətdən zəif olan qalib gələ bilirdi. İspan xalqı fransız işğalçılarına qarşı silaha əl atmışdılar. 200-ə yaxın partizan qrupu hər gün orta hesabla 40 fransız əsgərini öldürürdü. Bu yolla hər il Napoleon qoşunlarının minlərlə əsgəri öldürüldü. Bu, 7 il davam edən müharibədə yarım milyona qədər fransız hərbçisinin həlak olması demək idi. Bu, həmin dövrdə döyüş meydanında öldürülənlərdən çox idi.

T.E.Lourens Birinci Dünya müharibəsi vaxtı Osmanlı imperiyasına qarşı Ərəb qiyamının təcrübəsinə əsaslanaraq, zəifin qüvvətliyə qarşı necə güclü hərəkət etdiyini göstərir. Ərəblər heç vaxt düşmənlə kontakta girmirdi, özünü də düşmən əsgərlərinə hədəf etmirdi, səhvə yol vermədən təbliğatdan istifadə bolluğu yaradırdı, dinamik olmaqla, yaxşı silahlanmışdı, mümkün qədər kiçik birliklər yaradırdı, düşmənin zəif yerini tapıb, onu hədəf götürürdü, fiziki deyil, mənəvi döyüşlərə başlayırdı, gizlənirdi və qaçırdı, güclü partlayışlardan istifadə edirdi, tutula bilməyən bazalara malik olurdu, dostluq edən əhali barədə əmin idi və total səfərbərlik həyata keçirirdi.

Çindəki Vətəndaş müharibəsində Maonun kampaniyası elə bil ki, Lourens məsləhətinin necə uğurlu qaydada tətbiq edilməsi nümunəsidir. Maonun Qızıl Ordusu kiçik və zəif idi, pis silahlanmışdı, həm də nəhəng logistika çətinlikləri ilə üzləşirdi, lakin uzun müddət davam edən müharibədə öz partizan birliklərindən bol istifadə nümunəsi göstərirdi. MaoTsze-dunun bacarıqlı komandanlığı altında onların enerjisi və cəhdləri təmərküzləşirdi və bu Qomindanı, Çin millətçi partiyasını məğlub etməyə qadir oldu. Axırıncılar daha rahat şəraitdə vuruşurdular, bir sıra böyük dövlətlərin göstərdiyi köməyə malik idilər, silah və materiallarla daha yaxşı təchiz olunmşdular və daha bir sıra üstünlüklərə malik idilər. Bütün bunlara baxmayaraq, məğlub olub, Tayvana qaçdılar

Terrorizmin üstünlüyü, özünü bərabərləşdirməkdən ötəri istifadə etdiyi asimmetrik strategiyadır və xüsusi uğuru, hədəf götürdüyü cəmiyyətə ağrı və əzab verməkdir. Silahlı qruplar ekstremist siyasi və dini ideologiyalar vasitəsilə təsir göstərir, onlar qiyam, inqilab qaldırmağa, separatizm, müdaxiləçini qovmaq və ya bölmələr üzrə mübarizə aparmağa xidmət edir. Geniş hərəkətlər sırasında onun bir hissəsi kimi terrorist aktlarını icra etməyə meyl edir. Terroristlər çox vaxt lazım olan oksigeni internetdən çıxarırlar, kiberməkan kiçik haqq ödənilməklə qarşıdurma yerinə çevrilir, terroristləri ləngiməyən, universal məlumatla müəyyən dərəcədə təmin edir. Buna görə ona nəzarət etmək də çox çətindir. Belə qruplar ümumi rəyi terrorizə edir və maliyyələşmək üçün özlərinə fondlar cəlb edirlər. Həm də terroristlər internetdən təbliğat üçün geniş istifadə edirlər. Bunun qarşısını almaq üçün Avropa İttifaqı geniş tədbirlər görür.

"İslam Dövləti" də müəyyən dəstəyə malik idi. 27 oktyabr 2019-cu ildə ABŞ xüsusi təyinatlı hərbi qüvvələri Suriyadakı İdlibdə "İslam dövlətinin" başçısı Əbu Bəkr əl-Bağdadini öldürdü. Onun meydana gəlməsində də məhz ABŞ iştirak etmişdi. Taras Bulba oğlu Andreyə demişdi: "Mən səni yaratmışam, mən səni də öldürəcəyəm". Amerika da özü yaratdığını özü də qətlə yetirdi.

İri və güclü olan opponentdən heç də daim fayda götürmək mümkün olmur. Eyni şey geosiyasətdə də baş verir. Bəzən gözlənilməyən halda münaqişə baş verir, onu "gözləməmək sənəti" adlandırırlar. Makiavellinin "Hökmdar" əsərində yazdığı kimi, "Kim ki dövrün təbiətinə müvafiq olaraq uğurlu qaydada uyğunlaşa bilirsə, uğurlu da olacaqdır. Bu vaxt dövrlərlə münaqişəyə girən buna nail olmayacaqdır".

Böyük Britaniya Cənubi Afrika burları ilə 1899-cu ildə müharibəyə yollananda, London inandırılmışdı ki, asan qələbə əldə edəcəkdir. Çünki ondan əvvəlki ildə Sudandakı Omdurman Dərvişləri üzərində ingilislər dəhşətli nəticələrə səbəb olan bir qələbə çalmışdılar. Britaniya müharibədə texnoloji üstünlüyə malik idi. Dərvişlər isə nizələrlə və gülləsi şişlə (dəmir çubuqla) doldurulan tüfənglərlə silahlanmışdı. Britaniya əsgərlərinin isə avtomat tüfəngləri, pulemyotları və artilleriyası var idi.

Cənubi Afrikada isə yarım milyon nəfərlik Britaniya ordusuna qarşı 50 min nəfərdən az bur vuruşurdu. Afrikalılar şəraitə necə uyğunlaşmağı bilirdilər, öz düşmənlərini açıq döyüşə cəlb etmək əvəzinə, partizan taktikalarından istifadə edirdilər. Britaniya imperiyası, həqiqətən, zəfər çaldı, lakin qələbə çox baha başa gəldi, Pirr qələbəsinə oxşayırdı. Vuruş üç il çəkdi və müharibədə 50 min əsgər həyatını itirdi və Britaniya ona yüz milyonlarla funt-sterlinq pul xərclədi.

B.e.ə. 539-cü ildə 40 min yəhudinin, II Nabuhadnassorun yarım əsr əvvəl həyata keçirdiyi Babilistan əsirliyindən azad edilməsi ən mühüm hadisələrdən biri idi. Persiya çarı Böyük Kir onlara göstəriş verdi ki, Fələstindəki vətənlərinə qayıtsınlar, elan etdi ki, onların bütün dini qaydalarına tolerantlıqla yanaşılacaqdır. Ümumiyyətlə, Böyük Kir bütün xalqların milli və dini hisslərinə hörmətlə yanaşırdı.

(Ardı var)

 





17.08.2020    çap et  çap et