525.Az

Gəncədəki tarixi abidə onu dövrələyən zibilliklərdən qurtulacaq


 

7-Cİ ƏSRDƏ YAŞAMIŞ REAL TARİXİ ŞƏXS OLAN COMƏRD QƏSSABIN TÜRBƏSİNİN ƏTRAFI MÜVAFİQ MEMARLIQ ÜSLUBUNDA ABADLAŞDIRILACAQ

Gəncədəki tarixi abidə onu dövrələyən zibilliklərdən qurtulacaq<b style="color:red"></b>

Qədim Gəncə on yeddinci əsrin əvvələrinədək şəhərin indiki məkanından  Gəncəçayın axarı boyu  qərb istiqamətindəki bir neçə kilometrlik məsafəyə düşən ərazilərdə yerləşib.

Bu yerlərdə əski Gəncə qalasının, digər müxtəlif tikililərin izlərinə rast gəlmək mümkündür. Qoca tarixin burdakı yadigarlarından biri də Comərd Qəssab məqbərəsidir. Düzənlik yerdə öz tənhalığı ilə diqqəti çəkən bu türbə 7-ci əsrdə yaşamış, Comərd Qəssab adı ilə tanınan gerçək tarixi şəxsiyyətin məzarı üstündə tikilib.

Bəhs etdiyimiz yerlər hazırda Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisi olmasına baxmayaraq, neçə onilliklərdir ki,  istər şəhərdə hansısa inşat işləri aparan qurumlar, istər də  yaxınlıqda yaşayan adi vətəndaşlar  bu əraziləri tikinti və məişət tullantıları ilə "doldurublar".

Bu acınacaqlı halın aradan qaldırılması yönündə nəhayət ki, ümidverici soraqlar gəlir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov, şəhərin baş memar vəzifəsini icra edən Elxan Məmmədov və digərləri  sözügedən əraziyə, eləcə də hazırda "Natəvan-2" qəsəbəsi adı almış yaşayış məntəqəsinin çayətrafı ərazilərinə baxış keçiriblər. Məsələ ilə əlaqədar olaraq ərazidə Gəncəçay məcrasının tikinti tullantılarının daşınması və abadlaşdırılması barədə müvafiq tədbirlər müəyyənləşdirilib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev ərazidə yaşayan sakinlərlə də görüşərək bildirib ki, şəhər rəhbərinin tapşırığına əsasən müəyyənləşən təmizlik-bərpa işləri çərçivəsində sözügedən tarixi abidənin ətrafında köklü abadlıq işləri aparılacaq. O qeyd edib ki, Comərd Qəssab türbəsi memarlıq üslubunda hasarlanması barədə razılaşdırılmış layihənin hazırlanması ilə bağlı şəhərin baş memarına müvafiq tapşırıqlar verilib. Səməd Tomuyev həmçinin, vətəndaşlarımızıa ətraf mühitə qarşı həssas olmağı və ərazinin təmiz saxlanılmasını tövsiyə edib.

Yeri gəlmişkən, Comərd Qəssab türbəsinin qəribə tarixçəsinə də nəzər salaq. Comərd Qəssab dastan və rəvayətlərimizdə bir xalq qəhrəmanı rolu alıb. Əsl adının Əliyar olduğu bildirilən bu qəhrəmanın Gəncəni monqol istilaçılarından müdafiə edən xalq birliklərinə başçılıq etdiyi də söylənilir. Gəncəbasarda xalqın dilində dolaşan digər bir rəvayətə görə isə, qəssab Əliyar o qədər düzgün adam imiş ki, satdığı əti çəkmək üçün tərəziyə ehtiyacı olmazmış.

Amma Comərd Qəssab haqda rəvayətlərin çoxu İslamın buralarda yayılması məsələsilə bağlıdır.  Onun Həzrət Əli, yəni 600- 661-ci illərdə yaşamış 4-cü xəlifə Əli ibn Əbu Talib ilə görüşdüyü, ondan İslamı öyrənərək, qəbul etdiyi və bu ərazilərdə müsəlman olan və bu dini yayan ilk şəxs olduğu haqda söylənilənlər də çox maraqlı məqamlardandır.

Bu haqda mülahizələrini bizimlə bölüşən tarixçi, Gəncə Dövlət Universitetinin müəllimi Yəhya Süleymanov qeyd edir ki, Comərd Qəssabın türbəsini şəhərin qədim ərazisində 1940-cı ildə arxeoloji tədqiqatlar aparan məşhur alimimiz İsaq Cəfərzadə aşkarlayıb. Məzarın üstündə bişmiş kərpic və gəc ilə tikilən türbə 12-ci əsrə aid edilib.

"Qəribədir ki, 7-ci əsrdə yaşamış bu şəxsin ölümündən 300-500 il  sonra, xüsusən Nizami Gəncəvinin dövründə buralarda geniş yayılan "Əxilik" - yəni "qardaşlıq" müsəlman sənətkar təşkilatlarının üzvləri Comərd Qəssabı özlərinə bir ustad hesab ediblər və onun qəbrinə böyük ehtiram göstəriblər. Elə onun məzarı üstündəki türbəni də 12-ci əsrdə  əxilər ucaldıblar", - deyə Y.Süleymanov bildirir.

Qədim Comərd Qəssab türbəsi sovet dövründə, 1960-cı illərin sonlarında burada aparılan sənaye kommunikasiya xətlərinin tikintisi səbəbilə tamamilə uçurulmuşdu. Onun köhnə fotolarda qalan görüntüləri əsasında, 1990-cı illərin axırlarında Gəncənin mərkəzi meydanında  Comərd Qəssab türbəsinin oxşarı tikilmişdi. Türbənin öz tarixi yerində bərpasının zəruri olduğu haqda alimlərimizin təklifləri nəzərə alınaraq, o, 2004-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə  öz yerində bərpa edilib və dövlət tərəfindən qorunan abidələr sırasına salınıb.

Zakir MURADOV
GƏNCƏ

 





17.08.2020    çap et  çap et